gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / MİLLİ NEFT-QAZ SEKTORUNDA SOSİAL İNFRASTRUKTURUN TƏKMİLLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ

09.02.2012

ADİU, i.e.n. E.M.Hacızadə

XIX əsrin son onilliklərində sənayeləşən neft hasilatı Azərbaycanın iqtisadiyyatını geniş miqyasda hərəkətə gətirmiş, paytaxt Bakını bütöv bir makroregionun industrial, ticarət və maliyyə mərkəzinə çevirmişdir. Artan neft-qaz hasilatı bu məkanda güclü sənaye strukturları ilə yanaşı, həm də müqabil sosial infrastrukturun da formalaşmasını qaynaqlandırmışdır. İndi meqapolisə çevrilmiş şəhərdə əksər kommunikasiya şəbəkəsi, su, qaz kəmərləri, istilik, elektrik xətləri, avtomobil yolları, sahəsi milyon kvadrat metrdən çox hesablanan mənzil fondu, mədəniyyət ocaqları, ticarət-məişət obyektləri neft-qaz sənaye kompleksinin sosial fəaliyyət sferasına daxildir. Analoji sosial effekt Bakı urbanizasiya zonasından kənarda respublika ərazisinin digər neftli-qazlı regionlarında təşəkkül tapan şəhər və qəsəbələrə də aiddir. Lakin 130 illik davamlı intensiv istismar nəticəsində köhnə yataqları əhatə edən kompleksdə hasilat resessiyaya uğramış, istehsalın təchizatı çətinləşmiş və məntiqi olaraq sosial infrastrukturun stimullaşması da məhdudlaşmışdır. Yaranmış reallıqdan çıxış edərək 2003-cü ilin yanvarında respublika prezidenti H.Ə.Əliyev cənabları ARDNŞ-də struktur modernizasiyasını nəzərdə tutan müvafiq fərman imzalamışdır. Bu fərmandan irəli gələrək köhnə dəniz və quru yataqlarını əhatə edən neft-qaz sektoru tarixi «Azneft» adı altında vahid kompleksdə birləşmişdir. Struktur dəyişiklikləri sosial infrastrukturdan da yan keçməmişdir. Belə ki, sosial və xidmət sferasının iri həcmli qurumları «Xəzərdənizneftsosialtikinti» Tresti və Avtonəqliyyat Kontoru özəlləşdirməyə açıq elan edilmişdir. Bundan öncə isə «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq respublika prezidentinin «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında» 2001-ci il mart sərəncamına əsasən ARDNŞ-in neftin hasilatı və emalı ilə bilavasitə məşğul olmayan 68 müəssisəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Verilən qərarlar milli neft-qaz kompleksini xeyli miqdarda sosial infrastruktur seqmentlərindən və müvafiq subsidiyalardan azad etmişdir. Lakin bununla belə, kompleks tamlıqla sosial infrastruktur problemləri yükündən qurtulmamışdır. Növbəti mərhələlərdə mənzil fondunun, periferik kommunikasiya sisteminin və təsərrüfat subyektlərinə məxsus digər sosial infrastruktur obyektlərinin özəlləşdirməyə və bələdiyyə mülkiyyətinə verilməsi də qaçılmaz olacaqdır.

Müasir bazar iqtisadiyyatı təsərrüfatçılıqda heç də istehsal strukturu ilə müvafiq sosial infrastrukturun avtonom fəaliyyətini təşfiq etmir. Əkisinə, yüksək renta zonalarında fəaliyyət göstərən yetərli istehsal-maliyyə potensiallı kompaniyalar həm kollektiv üzvləri üçün və həm də istehsalın yerləşdiyi regionun və onu əhatə edən icmanın ümumsosial qayğılarını çəkməyə, müvafiq ehtiyaclarını ödəməyə borcludurlar. Praktikada bu gerçəklik tam dolğunluğu ilə əksini tapmışdır. Bunun bariz nümunəsi isə vurğulandığı kimi, neftin şəhəryaratma və infrastruktursalma amilinə rəğmən, milli neft-qaz kompleksində təzahür etməsidir. Sovet plan sisteminin tələbləri əsasında yaradılan müvafiq sosial infrastruktur yeni iqtisadi reallıqlar fonunda simasını dəyişmiş və onun ənənəvi potensialı təbəllüdatlara uğramışdır. İndi bütün postsovet məkanında neft-qaz kompleksi ilə bağlı sosial infrastrukturlar mülkiyyət dəyişikliklərinə məruz qalır. Hətta istehsal templərinin artım sürəti ilə Rusiyanın bütün neft komaniyalarını arxada qoyan nəhəng «ЮКАС» bütünlüklə uzun illər balansında saxladığı Nefteyuqansk şəhərini bələdiyyəyə təslim etmişdir. Tamlıqla şəhərin sosial qayğılarından azad olmasalar da şirkətdə bunu «yer və göy fərqi» kimi qiymətləndirirlər. Şəhərin simasını isə bələdiyyə vergiləri hesabına radikal dəyişdirmək mümkün olmuşdur. Bu müqayisənin şərhi onunla izah edilir ki, hazırkı məqamda «ödəməmələr sindromundan» sıxıntılar keçirən neft-qaz kompleksinin istehsalı normal inkişaf etdirməyə belə müvafiq maliyyə  resursları və dövriyyə vəsaitləri yoxdur. Şəhər təsərrüfatı isə davamlı olaraq problemlərinin həllini kompleksin dayanıqlı inkişaf zolağına keçid perspektivi ilə bağlamamalıdır.

Aparılan təhlil göstərir ki, milli neft-qaz kompleksində sosial infrastruktur problemlərinin həlli ssenarisi aşağıdakı iki mühüm institusional aspektlə bağlıdır:
I.    Bələdiyyə institutunun tam formalaşması.
II.    Neft-qaz kompleksində bazar münasibətlərinin dərinləşməsi.
Yeni yaranışlar milli neft-qaz kompleksini sosial qayğılardan tamamilə təcrid etməyəcəkdir. Kompleksin bazar orientasiyalı struktur modernizasiyası sosial innovasiyaları stimullaşdıracaq və daha çox istehsaldaxili sosial mühitin inkişafında əks olunacaqdır. Sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, istehsal mədəniyyətinin, erqonomik şəraitin yüksəldilməsi, məşğulluğun optimallaşdırılması, əmək haqlarının artırılması perspektivi ilə zənnimizcə, kompleksdə strateji planda aşağıdakıları ifadə etməlidir:
    dolğun sosial infrastuktur inventarizasiyasının və analizinin aparılması;
    mənzil-kommunal təsərrüfatının bələdiyyə mülkiyyətinə verilməsi;
    sosial təyinatlı təsərrüfat obyektlərinin, lüzumsuz və perspektivsiz iş yerlərinin ixtisarı və məşğulluğun istehsal həcminə uyğunlaşdırılması;
    potensial gücü tam ifadə edən müvafiq sosial inkişaf proqramının hazırlanması və müvafiq tələbli mümkün sosial infrastrukturun modernizasiyası;
    fərdi mükafatlandırma və sosial orientasiyalı stimullaşdırma fondunun təsisi;
Xidmət strukturlarının tam miqyaslı bazar prinsiplərinə uyğun fəaliyyət zonasına keçid perspektivi isə kompleksdə ümumi islahatlar trayektoriyasında əsaslı dönüşlərdən biri kimi, sahənin dinamik inkişafına yardımçı olacaqdır.


65Milli neft-qaz sektorunda sosial infrastrukturun təkmilləşdirilməsi problemləri. Müasir mərhələdə Azərbaycanda demoqrafik inkişafın, məşqğulluq və işsizliyin sosial-iqtisadi problemləri. Elmi-praktiki konfrans. АMEА-nın İqtisadiyyat İnstitutu, Əmək və Əhalinin müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi. Bakı. 2003. 0,1 ç.v.