gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / DÜNYA İQTİSADİ UKLADININ DƏYİŞKƏNLİK MOTVASİYASI: NANOTEXNOLOGİYALAR VƏ AZƏRBAYCAN PRİORİTETLƏRİ

15.12.2011

AMEA İqtisadiyyat İnstitutu
i.e.d., prof. E.Hacızadə


Müasir dünya və bütövlükdə qlobal iqtisadiyyat nano-bum mərhələsinə qədəm qoymaqdadır. Bu reallıq nanotexnologiyaların və nano-elmin inkişafında yaranan sürət templəri ilə bağlıdılr. Nanotexnologiyalar innovasiya nailiyyəti olaraq dünya iqtisadi ukladının dəyişkənliyində əks olunur. Dünyanın inkişaf ssenarisinin müasir görüntüləri belədir ki, nanotexnologiyalar tezliklə öz təsiri ilə iqtisadiyyatın bütün sektorlarında mahiyyət transformasiyası yaradacaq, həyat keyfiyyətini və ətraf mühitin funksionallığını yaxşılaşdıraraq, dünyanın yeni inkişaf mərhələsində əhəmiyyətli dərəcədə rəqabətqabiliyyətliliyi və ölkələrin, regionların geosiyası mövqelərini təyin edəcəkdir. Statistika göstərir ki, son dövrlərdə nanotədqiqatlar istiqamətində, nanoməhsullar və nanoxidmətlər bazarında liderlik uğrunda mübarizə geniş miqyas almaqdadır. Bu da öz növbəsində, sahədəki investisiya aktivliyinin artması ilə müşayiət olunur. Buradakı fenomeni qabardan mühüm cəhət isə ondan ibarətdir ki, korporasiyaların nanotədqiqatlara yönəlmiş xərcləri nanotexnologiyaların büdcə investisiyalarından daha sürətli artıma məruz qalır. Bir sıra aparıcı dövlərtlər nano inqilabın yaxında olduğunu nəzərə alaraq, iqtisadiyyatların nanotexnoloji əsaslarda inkişaf edəcəyi çağırışlarına adekvat iqtisadi stilin nano relslərə salınması uğrunda fəallıqla iş aparmaqdadırlar. Dünyanın 50-dən çox ölkəsi nanotexnologiyaların inkişafı, nanoiqtisadiyyat quruculuğu istiqamətində artıq müvafiq dövlət proqramları işləyib hazırlamışlar. Bu proqramlar nanotexnologiyalar sahəsində sektorial innovasiya sistemlərinin balanslaşdırılmış və adaptasiya olunmuş milli strategiyasının formalaşmasına yönəlmiş fəaliyyət olmaqla, həmçinin üstün nanotədqiqatların dəstəklənməsi, iqtisadiyyatın real sektorunda elmi-tədqiqat və sınaq konstruktor işlərinin kommersiyalaşmasının sürətləndirilməsinin məqsədini ifadə edir. Özünün sıçrayışlı sosial-iqtisadi inkişaf templəri ilə regionun liderinə çevrilmiş Azərbaycan Respublikasında da nanotexnologiyalara əsaslanan iqtisadiyyat quruculuğu üçün kifayət qədər resurs və potensial mövcuddur. Bu gün ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə neft kapitalının insan kapitalına yönəlməsi strategiyası həyata keçirilir. Hesab edilir ki, bu strategiyanın reallaşması respublikada nanotexnoloji iqtisadiyyat motivasiyası əsasında daha dərin təcəssümünü tapacaqdır. Bu həyati aktuallıqdan irəli gələrək, mövcud tədqiqat işinin məqsədini nanotexnologiyaların mahiyyətinin təhlili əsasında onların dünya iqtisadi ukladının dəyişməsinə təsirinı elmi cəhətdən bir daha yəqinləşdirmək, müvafiq istiqamətlı milli proqramların rolu və əhəmiyyətini qiymətləndirmək, nano sferada Azərbaycanın rəqabətqabiliyyətliliyinə zəmin olan potensialları müəyyənləşdirməklə mümkün fəaliyyət prioritetlərini ayırmaq təşkil edir.
*     *     *
Atomistik materializmin banisi qədim yunan filosofu Demokritin (b.e.ə. 470-370-ci illər) almanı iki yerə, alınan hissənin yenidən təkrar bölməsi və bu bölgünün artıq bölünməz olan nəhayətli həddə qədər aparılması mülahizələri məlumdur. Nəticədə alınan son bölüm o qədər kiçik olacaq ki, bu zaman hissəcikdə alma xassəsi özü belə itəcəkdir. Bu ən kiçik hissəni Demokrit «atom» - bölünməz adlandırdı. Atom ölçülərinə rəğmən belə texnoloji imkan yaransaydı Demokrit 90-cı addımında məqsədinə çata bilərdi. Lakin məlumdur ki, o zaman və indi də bölünməz sayılan atomu nəinki adi gözlə, optik mikroskop altında belə görmək mümkün deyil. İnsan tükündən milyon dəfə kiçik olan bu zərrəciklərin görünüşünə elektron mikroskopların ixtirası ilə XX əsrdə müyəssər olunmuşdur. Nano miqyasda isə on hidrogen atomu bir nano ölçü verir. «Nano» (yunanca - nános - cırtdan) ölçü özü isə metrin millyardda bir hissəsinə bərabərdir. Əslində isə əksər atomlar 0,1-0,2 nanometr parametrlərində olurlar.
XX əsr boyunca bütün texnologiyalar metrik (metr) və mikrometrik (metrin milyonda bir hissəsi) ölçülərdə yaradılmışdır. İndi isə mikrometrin onda bir hissəsi ölçülü texnoloji mərhələyə qədəm qoyulur. Bu sərhəd elektronun dalğavarı təbiətinin nümayiş olunduğu kvant qanunlarının hakim kəsildiyi ərazidən başlanğıc alır. Belə olan halda bizim gözləntilərimiz nədən ibarət olacaqdır? Əvvəla, bu məkanda klassik texnologiyalar işləmir. İkincisi, bəşəriyyət canlı və cansız təbiət arasında sərhədlərin yoxa çıxdığı «istehsal» sahəsinə daxil olur.
Müasir elmi interpretasiyada «nanotexnologiya» texnikanın, fundamental və tətbiqi elmin nəzəri əsasları və praktiki tədqiqat metodları olan sahəsi kimi xarakterizə olunur. O, fövqəlkiçik obyektlər səviyyəsində mikro aləmin qavranılmasında müasir nailiyyətlərdən istifadə edilən konkret üsullar olaraq, bəşərin praktiki maraqlarının xidmətində dayanır. Nanotexnologiyalar 0,1-100 nanometr arası (atom ölçülərində bənövşəyi işıq dalğalarına qədər) ölçülərdə obyektləri manipulyasiya edən elm kimi də təyinat alır.
Nanotexnologiyalar haqqında mülahizə yürüdərkən o da qeyd edilməlidir ki, nanoustalıq əslində daha dərin tarixi köklərə malikdir. Tədqiqatlar göstərir ki, nanotexnologiyalardan istifadə bizim eradan əvvəl 3-cü əsrə gedib çıxır. Qədim hind sənətkarları hələ o zamanlar elmə bəlli olmayan üsullarla çox möhkəm poladlar hazırlamışlar. Tarixdə «Dəməşq poladı»nın möcüzəli xassəsi haqqında xeyli məlumatlar vardır. Bu poladdan XVI əsrdə hazırlanmış xəncərlər çox asanlıqla düşmənin qılıncını kəsərmiş. Elektron mikroskopun köməyi ilə aparılan müayinələr göstərmişdir ki, Dəməşq qılıncı özündə yüksək möhkəmliyi təmin edən çoxtəbəqəli karbon nanoborucuqlar saxlayır. Tarixi mənbələrdə məşhur Misir kraliçası Kleopatranın (b.e.ə. 69-30-cu illər) kosmetik menyusuna molekulları bir neçə nanometr ölçüyə malik zeytun, digər bitki və heyvani yağların daxil oiduğu göstərilir. Əlbəttə, elm bunları aşkarlasa da, onların çox uzaq zamanlarda necə yaradılmasının təfərrüatları qəti verə bilməmişdir.
Nanotexnologiyalar müstəvisini atom, molekul, bakteriya və hüceyrəvi orqanellər əhatə edir. Bu elmin mənimsənilməsi Amerika alimlərinin lazerdə yalnız karbon atomlarından ibarət miniatür hissəciklərin kəşfi ilə başlanılmışdır. Belə ki, məlum olmuşdur ki, karbon atomları müəyyən şəraitdə bir-biri ilə birləşərək nanohissəciklər - nanoborucuq və kürəciklər (füllerenlər) əmələ gətirir ki, onlar da çox qeyri-adi xassələrə malik olurlar. Müasir texnoloji naliyyətlər nanohissəciklərin alınması üçün müxtəlif üsulları birləşdirir. Buraya biokimyəvi, fotokimyəvi, radiasiya-kimyəvi, elektropartlayış, mikroemulsiyon, detonasiya, lazer kondsensasiyası, vakuum buxarlanması və s. daxildir. Hazırda praktiki olaraq alimlər bütün kimyəvi elementlərdən nanostrukturların alınmasılna nail olmuşlar.
Nanotexnologiyaları Elmi-Texniki Tərəqqinin lokomotivi adlandırırlar. Bu istiqamətdə əlçatmaz bir sürət mövcuddur. Hər il nanotexnologiyalar sahəsində tədqiqatlar vüsətlənir, artır və genişlənir. Məlumatlara görə, son 10 ildə bu istiqamətdə elmi məqalələrin nəşri 30 dəfə artmışdır. Burada birincilik yenə də ABŞ-a məxsusdur. Yaponiya, Çin, Almaniya bu sıranı davam etdirirlər. İsrail texnoloji institutunun alimləri isə dövlətlərinin 60 illiyi ilə əlaqədar tam bir nanokitab - Bibliya yaratmışlar.
Nanotexnologiyalar müasir həyatımızda muhüm iqtisadi komponentə çevrilmişdir. Onlar iqtisadiyyatın bütün sektorlarında təşəbbüsləri tamlıqla ələ almaq əzmindədirlər. Yeni - nanomüstəviyə keçid bütövlükdə istehsal intellektalizasiyasının təminatı ilə müşayiət olunur. Nanotexnologiyalar ənənəvi iqtisadi münasibətləri dəyişdirir və gerçək olaraq iqtisadiyyatın müasir ukladını təbəddülatlara uğradır. Bu istiqamətdə aparılan tədqiqatlar texnoloji prosesin inkişafına mühüm köməklik göstərir. Digər tərəfdən, nanotexnologiyalar sferasında reallaşan tədqiqatlar fərqli kommersiya effektivliyi sayəsində çox tezliklə öz xərclərini ödəyir, praktiki həyatda əhəmiyyətli güclü sosial və iqtisadi effekt yaradır.
*     *     *
Bütün ölkələr elmi tədqiqatların kommersiallaşması, onların dünya bazarına çıxışının təminatı məqsədi ilə bu və ya digər ölçüdə insan kapitalının formalaşmasına, elmi potensialın inkişafına sektorial innovasiya sistemlərində institusional boşluqların aradan qaldırılmasına resurslar ayırırlar. Bu ayırmalar içərsində son zamanlar nanotexnologiyaların da yerinin genişləndiyi müşahidə olunur. Sahəyə ən çox resurs yönəldənlər sırasında ABŞ lider mövqedə dayanır. Onun nanotexnologiyaların inkişafı istiqamətindəki proqram təyinatlı fəaliyyəti bir sıra ölkələrdə də analoji addımların atılmasına rəvac vermişdir.
Nanotexnologiyalar sahəsində ABŞ milli təşəbbüs strategiyası (National Nanotechnology Initiative - NNI) 2000-ci ilin yanvarında bəyan edilmişdir. Dünya bazarına daxil olacaq prioritet nanotədqiqatları dəstəkləyən bu strategiyanın əsas məqsədi dünya səviyyəsində elmi işləmələrin, texnologiyaların transfertinin sürətləndirilməsi, təhsil resurslarının, kadr hazırlığı və tədqiqat infrastrukturunun inkişafını stimullaşdırmaq təşkil edir. Ölkənin 11 federal nazirlik və agentliyi NNI çərçivəsində elmi-tədqiqat və sınaq konstruktor işlərini maliyyələşdirirlər. ABŞ-ın elm və texnoloji siyasət qərargahının məlumatlarında deyilir ki, nisbi göstəricilər, xüsusən də nanotexnologiyalara yönələn büdcə təsisatları paritet istehlak qabiliyyəti indeksi kontekstində adambaşına düşən həcminə görə ölkə Yaponiya, Cənubi Koreya və Tayvan kimi dövlətlərdən geri düşmüşdür. Nanotexnologiyalar sahəsində ABŞ-ın potensial rəqibləri Avropa Birliyi və Yaponiya hesab olunur. Avropa Birliyində nanotexnologiyalar Avropa komissiyyası büdcəsindən və eyni zamanda ayrı-ayrı birlik ölkələrinin milli büdcələrindən maliyyələşdirilir. Bu məkanda şərtsiz liderlər kimi Almaniya, Fransa və Böyük Britaniya çıxış edirlər.
Nanotexnologiyaları üzrə milli proqramlar böyük iqtisadi məzmun, sosial əhəmiyyət və elmi mahiyyət kəsb edir. Onların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada infrastrukturun inkişafı ayrıca blokda verilir. Bir çox ölkələr milli proqramları koordinasiya edən nanotexnologiyaların inkişafı üzrə sahələrarası mərkəzlər yaradırlar. Nanotexnologiyalar üzrə milli proqramlarda insan kapitalının formalaşdırılması prioritet olaraq önə çəkilir. Təcrübə göstərir ki, sektorial pay fərqinə baxmayaraq, nanotexnologiyalar üzrə milli proqramlar özəl sektorla partnyorluq əsasında təşkil olunur. Bu layihələrin dərhal kommersiyalaşdırılması imkanlığı və real sektorun tələb meyli ilə bağlanır. ABŞ və Yaponiyada analoji proqramlar üstün olaraq özəl sektordan başlanğıc alır və qaynaqlanır. Çində isə bu sahədə hökumət strukturları irəlidə gedirlər. Bu və ya digər ölkələrdə həmçinin, prosesə qeyri-hökumət təşkilatları da daxil edilmişlər.
Nanotexnologiyaların inkişafı ilə bağlı əksər ölkələrdə siyasət subyektləri arasında dialoqu təmin etmək üçün, eyni zamanda prioritetləri formalaşdırmaq məqsədi ilə kombinasiya edilmiş Forsayt  (Forsayt-proses və Forsayt-nəticə) texnologiyalarından istifadə edilir. Nanotexnologiyalar üzrə milli proqramların daha bir fərqləndirici xüsusiyyəti onunla bağlıdır ki, nanoməhsullar və nanoxidmətlərdən istifadənin nəticələri insan sağlamlığına və ekologiyaya təsiri bu proqamlarda əlahiddə tədqiqat vəzifəsi kimi qarşıya qoyulur. Nəhayət, müvafiq milli proqramlarda beynəlxalq əməkdaşlıq istiqaməti mühüm tərkib hissələrindən biri kimi çıxış edir.
Şübhəsiz ki, nanotexnologiyalar üzrə hər bir milli proqram özünəməxsus xüsusiyyətləri ilə də fərqlənir. Belə ki, ABŞ və Çində nanotexnologiyaların inkişafına müdafiə təhlükəsizliyinin təminatçısı kimi baxılır və bununla da ondan ikili təyinatda istifadə edilir. Avropa komissiyası isə üzvləri üçün vahid nanoməkan formalaşdırmaq konsepsiyasını irəli sürmüşdür. Latın Amerikası ölkələri nanotexnologiyalar sahəsində öz milli proqramlarını ABŞ-ın korporativ sektoru ilə partnyorluqda işləməkdədirlər. Sakit-Okean regionu ölklərində daha çox nanoelektronika texnologiyalarının yaradılması və inkişafı ilə bağlı fəaliyyətlər üstünlük təşkil edir.
Nanotexnologiyalar üzrə milli proqram təyinatları MDB məkanında da yer almaqdadır. Bu və ya digər formada belə elmi istiqamətlər Ukrayna, Qazaxıstan, Belarus və Qırğızıstanda nəzərəçarpacaq dərəcədə özünü nümayiş etdirməkdədir. Şübhəsiz ki, burada liderlik Rusiya Federasiyasına aiddir. Ölkədə artıq «Rosnano» adlanan dövlət korporasiyası təsis edilmiş və nanotexnologiyaların inkişafı üzrə milli proqram qəbul olunmuşdur.
*     *     *
Tədqiqatlar göstərir ki, nanotexnologiyaların iqtisadiyyatda tətbiq sahəsi hər il yeni artım templərini genişləndirir. Araşdırmalara görə yaxın perspektivdə iqtisadiyyatın bir çox sahələrində nanotexnologiyalar bir sıra yeni iqtisadi effektləri yaradacaqlar. Fəaliyyət səmərəliliyi nəticəsində maşınqayırma sahəsində bu xüsusi örtük və emulsiyanın köməyi ilə kəsici və emaledici alətlərin resurs imkanlarını genişləndirəcək, mühərrik və avtomobil sənayesində nanomaterialların tətbiqi ilə səthin daha hamar vəziyyətə gətirilməsi sahəsində avtonəqliyyatın istismar müddətini artıracaq və həmçinin yanacaqdan istifadəni üç dəfəyədək azaldacaqdır. Energetika sahəsində isə nanomateriallardan istifadə yanacaq və konstruksiya elementlərinin təkmilləşməsi ilə müşayiət olunmaqla alternativ enerji sektorunun inkişafına təkan verəcək, günəş batareyalarının effektivliyini bir neçə dəfə artıracaqdır. Nanotexnologiyalar yüksəkmərtəbəli binalarda inşaat prosesinin asanlaşmasına da yardımçı olacaqlar. Hekkon kərtənkələsinin düz divarda hərəkət etməsi mexanizminə əsaslanan xüsusi nanogeyim dəstləri göydələnlərdə insanların texniki təhlükəsizliyinin tam qarantına çevriləcəkdir. Nanomateriallar həmçinin nüvə reaktorlarının fəaliyyət səmərəliliyini də yüksəldəcək və ətraf mühitin qorunmasına yeni texniki imkanlar gətirəcəkdir. Nanotexnologiyalara əsaslanan nanopreparatlar kənd təsərrüfatında da əhəmiyyətini nümayiş etdrəcəklər. Onların köməyi ilə əlverişsiz iqlim vəziyyətlərində məhsulvermə və ümumi məhsuldarlığın artması gerçəkləşəcəkdir. Nanotexnologiyalardan istifadədə daha çox qazanan sahələrdən biri də səhiyyə olacaqdır. Burada nanotexnologiyalar yeni dərmanlar istehsalını sürətləndirəcək, dərman vasitələrinin xəstəlik mənbəyinə yetişməsinin forma və üsulunda xarüqəl çevrilişlərə gətirəcəkdir. Nanokosmetika bir sıra təbii insani qüsurları tezliklə təcrid edəcəkdir. Geniş perspektivlik özünü daha çox tibb texnikası sahəsində göstərəcəkdir. Nanotexnologiyaların yeni tərəqqisi bir çox mürəkkəb məsələlərin də həllinə yardımçı olacaqdır. Onların areal genişliyi kompüter texnologiyasında, hərbdə çox mütərəqqi olan köklü dəyişiklikləri təmin edəcəkdir. Mikromühərriklər, mikrorobotlar, mikronasoslar, mikrooptika, yüksəkhəssaslı sensorlar istehsalı adi reallığa çevrilərək bəşəri sivilizasiyanın geniş xidmətində dayanacaqdır. Perspektivə hesablanan tədqiqatlar göstərir ki, bəşəri sivilizasiyanın inkişafına daha yüksək faydanı nanorobotların yaranışı gətirəcəkdir. Vahid və onluq nanometr ölçüsündə olan bu robotlar ayrı-ayrı atomları manipulyasiya etmək, onların yerini dəyişməklə yeni predmet və materialların istehsalına zəmin olacaqlar. Nanorobotlar həmçinin insan orqanizmində də bioloji molekulların öyrənilməsinə xidmət göstərəcək, bir çox xəstəliklərin aradan qaldırılmasına, insan uzunömürlülüyünə səbəb olacaq və bununla da, sosial və iqtisadi həyata paradiqmal yeni elmi-texniki dəyərlər verəcəklər.
*     *     *
Nanotexnologiyalar milli iqtisadiyyatların rəqabətqabiliyyətliliyinin artırılması, sosial və ekoloji problemlərin həlli sferasında yeni imkanlar açırlar. Bunun üçün isə ilk növbədə, elmi potensialın zənginləşdirilməsi, təhsil sisteminin təkmilləşdirilməsi və adekvat olan insan kapitalının formalaşdırılması gərəkliyi ortaya çıxır. Azərbaycan Respublikası nanotexnologiyaların inkişaf etdirilməsi üçün zəruri olan bu üç təməl imkanlara malikdir. Ölkənin maliyyə gücü müsaidə edir ki, çox tezliklə respublikada nanotexnoloji industriya formalaşdırılsın. Bunun üçün isə öncə nanotexnologiyalar üzrə dövlət proqramının qəbul edilməsi vacib sayılır. Eyni zamanda, respublika nanoməkanını koordinasiya edəcək müvafiq mərkəzin də yaradılması ehtiyaclıdır. Belə bir nanoməkanı isə aidiyyəti olan nazirliklərin və özəl sektorun maliyyə dəstəyi, Milli Elmlər Akademiyasının, sahə institutlarının və universitetlərin elmi potensialı və qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə tənzimlənməsi daha səmərəli olacaqdır.
Son bazar məhsulunda tədqiqat və işləmələrin payı nəzərəçarpacaq dərəcədə artım meyillidir. İndustrial cəmiyyətdə bu pay 15%, postindustrial cəmiyyətdə isə 60%-dən aşağı olmur. Göründüyü kimi, müasir iqtisadiyyatda məhsulun əlavə dəyərini yalnız klassik istehsal faktorları təyin etmir. Elmə yönələn nailiyyələr kapitallaşaraq yeni iqtisadi dəyərə və sosial rifaha çevrilir. Bunlar isə birmənalı olaraq insan kapitalı hesabına ərsəyə yetir. Ona görə də, yaşadığımız əsrdə milli təhlükəsizliyin təminatının əsas şərtləri sırasında insan kapitalı dolğun yer alır. Azərbaycan Respublikası da insan resurslarının onun kapital dəyərinin üstün olduğu məkanlardan biri kimi özünün elmi potensialını artırmaq, müqabil nanotexnoloji məkan formalaşdırmaqla həm milli və həm də qlobal elmyönümlü iqtisadiyyatın irəliləyişinə təkan vermiş olar. Bu bir qlobal çağırışdır. Nanotexnoloji silsilədə dünya iqtisadi ukladının dəyişkənlik motivasiyası özümüzdən asılı olmayaraq bizləri də geniş çeşidli nanoməhsulların istehlakçısı edəcəkdir. Bu məhsullar içərsində tezliklə milli məhsulun da olması gərəkli və mühümdür.

Ədəbiyyat siyahısı

1. Кобаяси Н. Введение в нанотехнологию. М.: БИНОМ, 2005, 134 с.
2. Пул Ч., Оуэнс Ф. Нанотехнологии. М.: Техносфера, 2004, 328 с.
3. Неволин В. Зондовые нанотехнологии в электронике. М.: Техносфера, 2005, 152 с.
4. Шевченко В.Я. Белая книга по нанотехнологиям. M.: URSS 2008, 344 с.
5. Singer P. Nanotechnology. - Semiconductor International, January 2007, p. 36-40.


147.Dünya iqtisadi ukladının dəyişkənlik motivasiyasi: nanotexnologiyalar və Azərbaycan prioritetləri. «İnnovasiyalı inkişafının sosial-iqtisadi problemləri» mövzusunda beynəlxalq elm-praktiki konfrans. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu. Bakı: 2010. 0.6 ç.v.