gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / MİLLİ ENERGETİK STRATEGİYA VƏ ONUN FORMALAŞMASI ASPEKTLƏRİ

09.02.2012

UOT 338.45:622.276                                  ADİU, i.e.n.E.M.Hacızadə

Tarixdə ilk dəfə olaraq Azərbaycanın neft-qaz sərvətlərinin xalqa tam məxsusluğu təmin edilmişdir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə «Əsrin müqaviləsi» ilə başlanan, respublika prezidenti H.Ə.Əliyev cənablarının rəhbərliyi ilə uğurlu neft strategiyası həyata keçirilir. Ötən illər ərzində neft strategiyasının reallaşması istiqamətində olduqca möhtəşəm və dəyərli işlər görülmüş, konkret olaraq dünyanın iqtisadi inkişaf etmiş ölkələrinin, transmilli neft korporasiyalarının milli neft sektoruna çoxmilyardlı investisiya qoyuluşları təmin edilmiş, neft-qaz kompleksinin infrastrukturu yenidən qurulmuş, Xəzər neftinin ilkin partiyalarla xarici bazarlara çıxışı gerçəkləşmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına start verilmiş, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi kommersiya reallaşması mərhələsinə daxil olmuşdur. Bununla belə, struktur islahatları çərçivəsində energetik kompleksi koordinasiya edən Yanacaq Energetika Nazirliyi yaradılmış, ARDNŞ-in strukturu yeni mobil düzümdə formalaşdırılmış, investisiya təminatlı müvafiq «Neft fondu» təsis edilmişdir. Qarşıda isə sanbalı daha da artacaq işlərin görülməsi perspektivi dayanır.
Təbii energetik sərvətlərin geoloji nağdlılığı çağdaş zamanda mühüm strateji əhəmiyyət daşıyaraq əsas siyasi güc, iqtisadi qüdrət elementlərindən biri sayılır. Bu reallıqdan qaynaqlanaraq müasir dünyada iqtisadiyyatın enerji təchizatı və enerji effektliyi dövlətin iqtisadi inkişaf səviyyəsinin mühüm indikator göstəricisinə çevrilmişdir. Azərbaycan Respublikası da perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının izafi bol regionları sırasındadır. Təkcə respublikaya mənsub Xəzər şelfində karbohidrogen ehtiyatlarının kommulyativ həcmi mütəxəssis tədqiqatlarına görə 3-4 və hətta proqnoztik baxımdan 5-7 milyard ton hesablanır. Buraya quru ərazilərdə aşkarlanmış və perspektiv potensial ehtiyatların 1 milyard ton şərti yanacağa ekvivalent miqdarı da əlavə olunduqda ümumi toplumda orta hesabla adambaşına 1000 ton həcmində karbohidrogen resursları düşür. Müqayisədə bu göstərici Azərbaycana planetin 10 ən qüdrətli aparıcı neft-qaz potensiallı ölkələri sırasında yer verir. Bununla belə, respublikada neft-qaz resurslarından başqa digər təbii enerji mənbələri də yetərli və perspektivlik baxımından ümidlidir. Günəşli, küləkli ərazi ayrıca energetik mənbə kimi ölkədə alternativ enerji ehtiyatları yaratmağa geniş imkanlar açır. Çayların hidroenergetik ehtiyatlarından rasional istifadə etməklə bu potensialı bir qədər də artırmaq mümkündür. Təbii ehtiyatların yetərli həcmi respublikanın daxili ehtiyaclarını tam XXI əsr boyunca dolğun təchizatına əsas yaradaraq, həm də eksport potensialı kimi davamlı iqtisadi inkişafın təmin olunmasında əvəzsiz kapital, möhtəşəm investisiya bazası rolunda çıxış edir. Kifayətedici energetik potensiallılığı ilə yanaşı, geosiyasi aspekt, əlverişli coğrafi ərazi və yetərli insani resurslar konfiqurasiyasında respublikamız daha fərqli mövqedə durur. Böyük dövriyyədə strateji önəm daşıyan bütün bu reallıqlar dövləti iqtisadi missiyanın üzvi tərkib hissəsi kimi yaxın onilliklər üçün ölkədə energetik strategiyanın formalaşdırılmasını şərtləndirir. Energetik strategiyanın məramında optimal energetik siyasət aparmaqla yanaşı, həm də səmərəli və rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğuna nailolma, Azərbaycanın dünya birliyi ölkələri sırasında daha layiqli yer tutmasını təmin etmək məqsədi dayanır. Bu strategiyanın konseptual əsasları və fundamental özəkləri isə ölkə prezidentinin gerçəkləşdirdiyi iqtisadi siyasət və neft strategiyasından qaynaqlanır.
Energetik strategiyanın formalaşması istiqamətində həm dövlət orqanları və həm də tədqiqatçı alimlər tərəfindən müvafiq ideyalar irəli sürülməkdədir. Hələ on il öncə, akademik A.X.Mirzəcanzadə elmi təhlil və araşdırmalarla ölkənin neft-qaz potensialından səmərəli istifadədə müvafiq strategiyanın işlənməsinin zəruri olduğunu vurğulamışdır. Alimin tədqiqatlarında bu strategiyanın mühüm istiqamətləri və konturları səlis və aydın təqdim olunmuşdur.[1] Energetik strategiya ilə bağlı iqtisadi aspektlər müəllifin tədqiqatlarında da geniş əksini tapmışdır.[3,4,5]
Energetik strategiya yeni institusional yaranış deyildir. Planetin iqtisadiyyatı energetik libas aldığı zamanlarda anoloji strategiyalar silsiləvi olaraq müxtəlif ölkələrdə intişar tapmış, mütəmadi təbəllüdatlara uğramışdır. Bir qədər fərqli adlanışda Sovetlər İttifaqında da energetik strategiya daim işlənmiş, gerçəkləşmiş və yeniləşdirilmişdir. Hər bir ölkə enerji resurslarının mövcudluq diapazonunun fərqinə varmadan özünün energetik təhlükəsizliyini təmin etmək məqsədi ilə məxsusi energetik strategiya formalaşdırmağa və gerçəkləşdirməyə məhkumdur. Energetik strategiyanın optimal forması bizimlə müəyyən təzahür paralelləri olan Rusiyada 1992-ci ildən başlayaraq geniş tətbiq olunur. Lakin növbəti mərhələdə yeni reallıqlar bu strategiyanın korrektə olunmasını diktə etmişdir. Artıq burada məzmun və mahiyyətcə daha kamil formatda 2020-ci ilə qədərki, dövrü əhatə edən yeni energetik strategiya işlənmiş və Dövlət Dumasının müzakirəsindən keçərək Nazirlər Kabinetində təsdiqini tapmışdır. Energetik strategiyanın reallaşdırılmasına ölkənin akademik, sahəvi institutları, o cümlədən YEK-lə bağlı mütəxəssislər cəlb olunmuş, Yanacaq Energetika Nazirliyinin yanında əlahiddə «Energetik Strategiya» adlanan elmi-tədqiqat institutu təsis edilmişdir. Bununla yanaşı, daim dəyişən iqtisadi və energetik situasiyanın təhlili və bu əsnada səmərəli tənzimləmə mexanizmlərini tətbiq etmək məqsədi ilə energetik strategiyanı reallaşdıran monitorinq sistemi də yaradılmışdır. [7,8]
Energetik müstəqilliyi və energetik təhlükəsizliyi təmin etmək, davamlı qorumaq ölkəmiz üçün daim dominant aktual vəzifə olaraq qalacaqdır. Bu aktuallıq YEK-in ölkə iqtisadiyyatının həyatqabiliyyətli bütün sahələrinin enerji təminatlığı və konsolidasiyasındakı rolu, habelə yeni geosiyası situasiya, ölkəyə xarici faktorların təsir genişliyinin artması, dünya enerji bazarlarının qloballaşması ilə daha sıx bağlılıqda ifadəsini tapır. Digər tərəfdən, 130 ildən çox intensiv olaraq neft-qaz hasilatını təmin edən ölkənin əzəli energetik infrastukturunun modifikasiyası, ekoloji fonun yaxşılaşdırılması, sosial rifahın yüksəlişi aspektləri də bu kontekstdə əhəmiyyət daşıyır. Energetik strategiya dayanıqlı enerji bazarının yaradılmasında dövlət təsirini və normal inkişaf məcralı iqtisadi münasibətlərin formalaşmasında antiinhisar, qiymət, vergi, gömrük siyasəti və üstün monitoroloji nəzarəti reallaşdıran, mütərəqqi institusional təsisatların yaranış məramını ifadə edir. Bu strategiya sahəvi normativ-hüquqi bazanın təkmilləşməsi, energetik sektorda standartlaşma və lisenziyalaşmada optimal dövlət tənzimlənməsini hədəf seçir.
Respublikada energetik strategiyanın nəzəri işlənməsindən öncə onun energetik potensialını dəyərləndirmək ehtiyaclıdır. Azərbaycanın ərazisinin 70%-i neft-qaz resursları ilə perspektivlidir. Məhz buna görə də, ölkə iqtisadiyyatının əsasını neft-qaz sənayesi təşkil edir. İndiyədək respublikamızda 71 neft-qaz yatağı aşkarlanmış və onların 54-də istismar davam edir. «Əsrin müqaviləsi» də daxil olmaqla respublikaya mənsub Xəzər şelfini və quru əraziləri əhatə edən 21 beynəlxalq neft kontraktı bağlanmışdır. Bu kontraktların əhatə etdiyi zonada hasilat yaxın 10-12 il ərzində apogeyə yüksələcəkdir. Onilliyin sonunda təkcə «Azəri-Günəşli» və «Çıraq» platformasından gündə 1 milyon barrel, ildə isə 56-57 milyard ton neft hasil ediləcək və gəlir toplumunda bu miqyas hər il 9 milyard dollara ekvivalent olacaqdır.[6] Ölkənin kəşf olunmuş və perspektiv təbii qaz potensialı da 1-2 trilyon m3 civarında hesablanır. Lakin təbii qaza olan daxili istehlak tələbləri müasir vaxtda 50% miqdarında təmin olunur. Belə ki, hazırda Bakı, Sumqayıt və 48 inzibati regional əraziyə qaz verilir. Rayonlara verilən qazın miqdarı çox kiçik həcmdədir və illik olaraq 200-250 milyon m3 təşkil edir. Bakı şəhərinə gündəlik olaraq 9,3-9,7 m3 həcmində verilən təbii qazın miqdarı da kifayətedici deyildir. Vurğulanmalıdır ki, «Şahdəniz» layihəsi sankiyalaşdırıldıqdan 4-5 il sonra Azərbaycan nəinki daxili ehtiyaclarını dolğun təmin edəcək və hətta Avropa bazarına fəal təbii qaz ixrac edən dövlətlərdən birinə çevriləcəkdir.
Energetik struktur həm də neft və qaz emalında istehsal güclərinin yerləşməsinin optimallaşdırılması, təbii qazın, xam neft və neft məhsullarının səmərəli nəqlini və itkilərin daha da məhdudlaşmasını tələb edir. Neft emalı sahəsində istehsal gücü nisbi yetərli sayılsa da, perspektivdə təbii qazın utilləşməsi aspektində müvafiq emal müəssisələrinin inşası problemi qarşıya çıxacaqdır. Bununla belə, mövcud neft-qaz emalı zavodlarının istehsal səmərəliliyini artırmaq üçün onların texnoloji yeniləşməyə ehtiyac vardır. Nəql sistemində isə vəziyyət daha çox aydınlığa doğru irəliləyir. Böyük ixrac kəmərlərinin istismarı reallaşacağı təqdirdə neft-qaz istehsalı ilə bağlı infrastruktur məntiqi həddə yüksələcəkdir.
Azərbaycanda hazırda ümumi gücü 5 min meqovatt olan 6 istilik /İES/ və 5 su elektrik stansiyaları /SES/ fəaliyyət göstərir və hər il 4 min meqovatt elektrik enerjisi istehsal edilir. Müqayisə üçün qeyd olunmalıdır ki, Gürcüstan və Ermənistanın elektrik enerji gücü birlikdə 1,7 min meqovattdır. Bütün bunlara baxmayaraq, respublika elektrik enerjisi ilə tam təmin olunmur və ayrı-ayrı hallarda, o cümlədən, Naxçıvan Muxtar Respublikası üçün xaricdən elektrik enerjisi idxal olunur. Statistik məlumatlara görə, 2002-ci ildə ARDNŞ tərəfindən 25,8 milyon dollar həcmində Rusiyadan 992 milyon kilovatt/saat elektrik enerjisi alınmışdır. Enerji istehsalının artımını təmin etmək üçün dövlət müvafiq tədbirlər görməkdədir. Son vaxtlar Azərbaycanın elektrik stansiyalarının yenidən qurulmasında 600 milyon dollar kreditdən istifadə edilmişdir. Qaz və enerji ödənişləri üzrə vəziyyət qənaətbəxş hesab olunmur. Hər iki istiqamətdə müvafiq yığım 50% təşkil edir. Təkcə elektrik enerjisindən istifadəyə görə ödəməmələr 2002-ci ildə 230 milyon dollara bərabər olmuşdur. Bununla belə, bütün karbohidrogen resurslarına hasilatdan satışa qədər müasir universal standartlardan və müvafiq normativdən yüksək olan itkilər xarakterikdir. Azərbaycanda elektrik enerjisi itkiləri standartları 7-9%, Sovetlər İttifaqı zamanlarında Qafqaz regionu ölkələri üzrə 13% həddində təsbit olunmuşdu. Hazırda isə bu itkilər faktiki olaraq 20%-dən də çoxdur.
Milli energetik strategiyanın formalaşması daxili potensialın təhlili ilə yanaşı qlobal aləmdə gedən proseslərin, dünya energetik balansın inkişaf meylinin və bəşəri energetik istehlakın yüksəliş templərinin nəzərə alınmasını da şərtləndirir. Dünya iqtisadiyyatında mineral-xammal sektoru sənaye istehsalı və energetikasının əsas bazasını təşkil edir. Xammal istehsalı və istehlakının dəyişkənliyi beynəlxalq ticarətdə sosial-iqtisadi duruma sirayət etməklə yanaşı, həm də qlobal kontekstdə dünya resurslar arsenalına təsir göstərir. Son dövrlərin statistikasına görə, planetar miqyasda hər il 13-14 milyard ton təbii ehtiyat üzvi yanacağa çevrilir. Energetik istehlakda neft-qaz resursları əhəmiyyətli pillədə dayanır. Neft-qaz resurslarının aparıcı mövqeyi onların axtarış-kəşfiyyat, hasilat-istismar dinamikasına da təsir edir. Texnoloji nailiyyətlər neftvermə əmsalını dünya üzrə orta çəkidə 40%-ə yaxınlaşdırmışdır. Əvvəllər texniki əlçatmaz, rentabelsiz hesab edilən rayonlarda, dənizin dərin qatlarında neft-qaz ehtiyatlarının mənimsənilməsi reallığa çevrilir, resursların arealı daim coğrafi, statistik dəyişikliklərə məruz qalır. Dünya YEK-nin investision tələbləri müasir zamanda 1 trilyon dollar civarında hesablanır. Beynəlxalq Maliyyə bazarında isə YEK-ə istiqamətləndirici müvafiq resurslar əhəmiyyətli dərəcədə azdır. Ona görə də bir çox ölkələrdə iqtisadiyyata milli banklarda əhali depozitləri və qiymətli kağızları cəlb olunur. Nəzərə alınmalıdır ki, neft-qaz sənayesində investision aktivlik dünya neft qiymətlərinin səviyyəsindən asılıdır.
Dünya iqtisadi artımı hər il daha çox enerji resurslarının mənimsənilməsi ilə təmin olunur və yeni-yeni energetik potensiallı ərazilər istehlak mənbəyinə çevrilir. Neft və qazın istehlakı mütəmadi artır və bu resursların müasir sivilizasiyada təbiətlə cəmiyyət arasındakı tarazlığın saxlanılmasında həyati əhəmiyyətinin misilsiz olduğu danılmaz faktdır. Onların səmərəli istifadəsi qədər də yerləşməsi və əzəli ənənəvi ərazilərdə tükənməsi faktoru da narahatedicidir. Akademik A.X.Mirzəcanzadə resursların tükənməsi amilinin təzadlı aspektinə rəğmən qeyd edir ki, «Resursların tükənməsi praktiki vahid proses kimi, daim və məqsədyönlü olaraq təbiət və cəmiyyət sisteminin tarazlığının saxlanılmasına təkan verir. Lakin burada paradoksal qanunauyğunluq baş verir: resursların ehtiyat azlığı nə qədərdirsə, o qədər də bu əsnada formalaşan böhran dərin və risklidir. Və əksinə, təbii ehtiyatlarla təminat nə qədər yüksəkdirsə, o qədər də onların tükənməsi intensiv və davamlıdır».[2, s. 506-507]
Dünyada tanınmış və tanınmamış irili-xırdalı 200-dən çox ölkə mövcuddur ki, bu sırada müxtəlif iqtisadi göstəricilərdə Azərbaycan xeyli üstün keyfiyyətlərə malikdir. Dünya neft ehtiyatlarının 141 milyard ton, təbii qaz ehtiyatlarının 155 trilyon m3 ehtimal olunduğu məqamda Azərbaycanın müvafiq potensial imkanlarının 6-7 milyard ton karbohidrogen resursuna ekvivalentliyini nəzərə alsaq görərik ki, respublikanın payı dünya neft-qaz resurslarında 4-5%-ə bərabərdir. Planetin energetik xəritəsində bu görüntü heç də kiçik sayılmamalıdır. Bu resursların milli mənafelərə uyğun daha dolğun istifadəsi isə elmi fundamental əsaslandırılmış energetik strategiya ilə təmin olunacaqdır.
Milli energetik gücün dəyərləndirilməsi və qlobal proseslər reallığından çıxış edərək iqtisadiyyatın energetik strategiya kontekstində proqnozlaşdırılan inkişaf səviyyəsinin təmin olunmasında YEK-də enerji resurslarının mümkün artımına nail olmaq və bu resurslardan istifadənin effektivliyini yüksəltmək kimi mühüm məsələnin həlli vacib sayılmalıdır. Məhz ÜDM-in artım templərinin təmin edilməsi iqtisadiyyatın enerji effektivliyinin köklü yüksəlişi ilə bağlı olacaqdır. Enerji effektivliyinin artırılması isə fikrimizcə, energetik strategiya aspektində aşağıdakı prioritetləri nəzərdə tutmalıdır:
Energetik təhlükəsizliyi təmin edən tədbirlər bloku
    uzunmüddətli çevrədə optimal yanacaq-enerji balansı formalaşdırmaq;
    yüksək texnoloji istehsal artımı və xidmət sferasının payının yüksəlişi ilə iqtisadiyyatın struktur yenidənqurmasını təmin etmək;
    enerji qənaətciliyinin təşkilati, texnoloji tədbirlərini, iqtisadiyyatın bütün sahələrində energetik resurslarından rasional istifadəni və enerji qoruyucu inkişaf zolağına keçidi reallaşdırmaq;
    ümidli və perspektivli mineral-xammal bazası və milli ehtiyat energetik resurslar terminalı yaratmaq;
    yanacaq-energetik resurslar balansının statusunu artırmaq və onların istehlakının operativ statistik hesablandırılmasını tətbiq etmək;
    Neft Fondunun resurslarını aktiv olaraq təkrar istehsala və yeni çevik rentabelli yaranışlara yönəltəməklə ehtiyatlar varisliyini təmin etmək;
    postneft konsepsiyasi işləmək;
Struktur və istehsal  modernizasiyası kontekstində
    YEK-in funksionallığının artımında xammal, istehsal və maliyyə potensialından rasional istifadəni təmin etmək məqsədli struktur yenidənqurması aparmaq;
    geoloji kəşfiyyat və axtarış işlərini genişləndirmək, innovasion fəaliyyəti, elmi-texniki nailiyyətləri daha aktiv maliyyələşdirmək, azdebetli və ehtiyatları tükənmiş sahələrdə elmi-texniki işlənmələrin tətbiqini sürətləndirmək və yeni perspektivli yataqları istismara vermək;
    neft emalı məhsullarının assortimentini artırmaq və onların keyfiyyətini universal standartlara uyğunlaşdırmaq;
    artan təbii qaz perspektivinə uyğun olaraq qazsaxlama anbarlarının gücünü maksimal davamlı istehlakı təmin edən səviyyəyə qaldırmaq;
    təbii qaz xammallı kimya sənayesi yaratmaq;
    daxili neft-qaz nəql sistemini və elektrik enerji şəbəkəsi infrastrukturunun modifikasiyasına nail olmaq;
    elektrikləşmə və qazlaşmanın maksimal inkişafına nail olmaq, təbii və sıxılmış qazın istehlakını genişləndirmək;
    elektrik enerjisi istehsalında və sənayedə təbii qaz xammallı industriyaya keçidi təmin etmək;
    YEK-in ətraf mühitə neqativ təsirini məhdudlaşdırmaq, regionlarda qeyri-ənənəvi enerji mənbələri aşkarlamaq, günəş, külək və geotermal enerji qurğuları, kompleksləri və yeni İES-lər inşa etmək;
    batareya və akkumulyatorların istehsalını təmin etmək və onlardan istifadənin genişləndirilməsinə nail olmaq;
İnstitusional aspektdə
    YEK-də bazar münasibətlərinin inkişafını və əlverişli bazar şəraitini təmin edən təkmil normativ-hüquqi baza formalaşdırmaq;
    YEK-də antiinhisar siyasəti ilə bağlı proqram və layihələr işləmək;
    müasir bazar iqtisadiyyatının tələblərinə uyğun oqopolik inhisarı təmin edən ARDNŞ-in bazası əsasında iki Şaquli İnteqrasiya olunan sirkətlər təsis etmək;
    xarici kapitaldan istifadənin normativ hüquqi bazasını təkmilləşdirmək;
    köhnə neft yataqlarında konsessiya və lisenziyalaşdırma formalarının tətbiqi üzrə proqramlar hazırlamaq və reallaşdırmaq;
    energetik sektoru və neft-qaz industriyasının bütün silsilədə normativ-hüquqi aktlarını unifikasiya edən müvafiq məcəllələr hazırlamaq;
    energetik profilli elmi-tədqiqat institutlarının elmi məhsuldarlığını artırmaq və elmi effektivli konsolidasiyasına nail olmaq məqsədli vahid «Neft İnstitutu» yaratmaq;
    Dövlət Enerji Müfəttişliyi, Neft Bankı, Neft Birjası və energetik kompleksin digər mühüm infrastruktur seqmentlərini əhatə edən müvafiq mobil təsisatlar yaratmaq.
İqtisadi sferada tədbirlər bloku
    energetik strategiyanın iqtisadi aspektlərinin xronoloji təhlilini reallaşdırmaq, YEK-də aparılan iqtisadi islahatların dərinləşməsi və təkmilləşməsi sahəsində elmi-tədqiqatları gücləndirmək;
    dünya energetik kompleksinin və neft-qaz industriyasının müasir qlobal problemlərinin öyrənilməsində monitoroloji informatik baza və göstəricilər bankı yaratmaq;
    dünya neft, fond, maliyyə bazarlarında qiymət meyillərinin və bundan doğan kataklizmlərin respublika iqtisadiyyatına təsir effektini mülayimləşdirən alternativ təyinatlı profilaktik tədbirlər sistemi formalaşdırmaq və energetik sektorun inkişaf ssenarisinin iqtisadi proqnozlarını işləmək;
    əlverişli investision mühit formalaşdırmaq, vergi və qiymət siyasətini təkmilləşdirmək, milli sahibkarları energetik sektora aktiv cəlb etmək, maliyyə desteplizasiyası və  ödəməmələri təcrid edən qəti real iqtisadi tədbirlər görmək;
    iqtisadi inkişafı hərtərəfli stimullaşdıran enerjidaşıyıcılarının daxili qiymətlərinin optimallaşmasına nail olmaq, xərclər balansında enerji komponentinin xususi çəkisini minimumlaşdırmaq;
    YEK-in iqtisadiyyatı və neft biznesinin inkişafı ilə bağlı qrant xarakterli layihə işləmələrini genişləndirmək;
YEK-də beynəlxalq fəaliyyət və energetik diplomatiya
    inteqrasion əlaqələri genişləndirmək, dünya ölkələri ilə milli mənafelərə, faydalı qarşılıqlı əməkdaşlığa söykənən münasibətlər yaratmaq; /prioritet kimi Türkiyə ilə əməkdaşlığa üstünlük vermək/;
    ARDNŞ-in ölkə xaricində perspektivli yataqların istismarında iştirakını təmin etmək;
    MDB məkanında dayanıqlı səmərəli əməkdaşlığın mexanizmlərini işləmək;
    energetik resursların rasional ixracatını təmin etmək;
    energetik diskriminasiyasını təcrid edən antidempinq siyasəti reallaşdırmaq;
    Ümumdunya Ticarət Təşkilatı, NATO və Avropa Birliyinə daxilolmanı sürətləndirmək.
Aparılan təhlil əsasında milli energetik strategiyanın nəzəri konturlarının təqdim olunan aspektlər bloku heç də tamlıqla bütün müvafiq strateji tədbirlər qammasını əhatə etmir. Praktiki tətbiq sferasında bu prioritetlərin daha fundamental elmi əsaslandırmaya və yeni siyasi-iqtisadi situasiyaya müvafiq fərqli və alternativ düzümdə formalaşması daha məntiqi həllini tapacaqdır.

ƏDƏBİYYAT SİYAHISI

1.Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана. Баку-1994, с.100.
2.Мирзаджанзаде А.Х.  О пути в XXI век. Баку-ИПП «ОСКАР»-2001, с.570.
3.Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı-Elm-2000, s.257.
4.Hacızadə E.M. Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər. Bakı-Elm-2001, s.186
5.Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı-Elm-2002, s.472.

6.http://www. Ilham-Aliev.com.

7.http://www. energystrategy.ru/cournal.htm.

8.http://www.intertek.ru.


58.Milli energetik strategiya və onun formalaşması aspektləri. Neft Təsərrüfatı. Bakı. №7. 2003. 0,8 ç.v.