gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / ELEKTRON HÖKUMƏT: DÖVLƏT VƏ VƏTƏNDAŞLARIN YÜKSƏLƏN IQTİSADI VƏ HAKIMIYYƏT MÜNASIBƏTLƏRİ

30.09.2009

 

Hacızadə Elşən Mahmud oğlu

i.e.d., prof. Azərbaycan Dövlət İqtisad Universiteti

Az 1001, İstiqlaliyyət küçəsi 6

elshan@hajizada.com

 

Xülasə

 

       Məqalə informasiya-kommunikasiya texnologiyaları və «elektron hökumət» infrastrukturu kontekstində dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafının təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Burada geniş aspektdə tədqiqat predmeti ilə bağlı nəzəri və təcrübi araşdırmalar, sahəvi normayaratma problemlərinin təhlili, «elektron hökumət» fenomeninin sosial-iqtisadi inkişafa təsiri, habelə qlobal çağırışlardan irəli gələrək «Elektron Azərbaycan» institusional yaranışının vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin yeni paraqdiqmasının formalaşmasında və milli sahibkarlığın və biznesin inkişafındakı rolu və əhəmiyyəti məsələləri öz əksini tapmışdır. Tədqiqat prosesində metodoloji alət kimi təhlilin amilli, qiymətləndirmə və statistik metodlarından istifadə olunmuşdur. Tədqiqat nəticələrinin milli «elektron hökumət» təsisatlandırmalarının genişləndirilməsi strategiyasının və «Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində istifadə imkanlığı nəzərdə tutulur.

 

Açar sözlər: Azərbaycan iqtisadiyyatı, informasiya-kommunikasiya texnologiyaları, «elektron hökumət», sosial-iqtisadi effektivlik, elektron biznes.

 

 

Hajizadeh Elshan Mahmud oglu

Prof.Dr.,AzerbaijanState Economic University.

Az 1001, str.İstiglaliyyat  6

elshan@hajizadeh.co

 

Electron government: increased economic and

governmental affairs of state and citizens

 

Abstract

 

The article devoted on analyses and evaluation of the development of economic and governmental affairs of state and citizens on context of information-communication and «Electron-government» infrastructure. The problems of theoretical and practical researches, analyses of the branch norm creation problems, influence of the «electron-government» phenomena to the social-economic development, the role and importance of «Еlectron Azerbaijan» institutional creation in the formation of the new paradigm of the economic and government affairs and the development of the national ownership and business of citizens found its reflection in wide range herein. The factor of analyses, valuation and statistic methods used as the methodological instruments in the research process. The usage possibilities are implied in the direction of the broaden strategy of the national «electron-government» institution of the research results and Future of Vision development Conception.

 

Key words: Azerbaijan economy, information-communication technology, “electron-government”, social-economic effectiveness, electron business.

 

JEL Classification Codes: A13, D83, E02, L86

 

 

1.Giriş

Bəşəri sivilizasiyanın ayrı-ayrı inkişaf mərhələlərində mühüm yeni yaranışlar hər zaman köklü epoxial dəyişikliklərlə müşayiət olunmuşdur. Bu baxımdan hazırkı məqamda internetin inkişafı, ondan irəli gələrək cəmiyyətin bütün təbəqələrində geniş informatizasiya proseslərinin gedişi müasir informasiya cəmiyyətinin formalaşmasına təkan vermişdir. Bu proseslər radiotexnikada, mikroprosessorların, hesablama texnikasının inkişafında və bir sıra sosial elm sahələrində informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli artımı ilə baş verən digital (rəqəmsal) inqilabdan qaynaqlanmışdır. Nəticədə texniki vasitə və metodları, yeni biliklərin istehsalı texnologiyaları və müvafiq infrastruktur sistemləri ilə bağlı tam bir sənaye şəbəkəsi - informasiya industriyası formalaşmışdır. Buna rəğmən bir sıra müvafiq tənzimləyici qurumlar təşkilati islahatlar apararaq institusional struktur yenidənqurmasını gerçəkləşdirmişlər.

Bütün dünyada müasir informasiya cəmiyyətinə keçid prosesində biznes strukturları qətiyyətlə müəyyən etmişlər ki, İKT korporativ idarəetməni optimallaşdırmaq, transsaksion xərcləri azaltmaq, müştəri ilə işləmənin keyfiyyətini artırmağa geniş imkanlar açır. Mühüm idarəetmə strukturları və xüsusi dövlət xidmətləri göstərən qurumlar olan dövlət orqanları şəbəkəsində İKT inzibati idarəetmənin səmərəliliyini yüksəldən, ictimai prosesləri tənzimləyən, büdcə vəsaitlərini səmərəli məsrəf edən və dövlət aparatı xərclərini azaldan bir sistem kimi əhəmiyyətini artırır (Hacızadə, 2006: 42-43. 125). İKT həmçinin innovasiyaları genişləndirən, inteqrsaiya proseslərinə yeni dəyər gətirən keyfiyyətliliyi ilə də fərqlənir. Elə buna görədir ki, Moskvada 2011-ci ilin dekabrında MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında rabitə və İKT istiqamətində işbirliyi üzv ölkələrin 2012-ci ildə iqtisadi sahədə əməkdaşlığının əsas prioriteti kimi müəyyənləşdirilmişdir (www.president.az).

Respublikamızda İKT sahəsində geniş fəaliyyətlərə ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilən (Azərbaycan Respublikası Prezidentinin 17.02.2003 tarixli 1146 №-li sərəncamı) Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) ilə təkan verilmişdir. Milli Strategiyanın əsas məqsədi İKT-dən geniş istifadə olunmaqla ölkənin demokratik inkişafına təkan vermək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Prezident İlham Əliyevin İKT istiqamətində imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkədə informasiya cəmiyyətinə keçid yeni mərhələyə qədəm qoymuşdur. Cənab prezidentin «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illər üçün Dövlət Proqramı»nın (Elektron Azərbaycan)» təsdiq edilməsi haqqında (Azərbaycan Respublikası Prezidentinin 21.10.2005 tarixli 1055 №-li və 11.09.2010 tarixli 1056 №-li sərəncamları) sərəncamlarıyla isə ölkədə İKT sahəsində mühüm və əhəmiyyətli bir infrastruktur formalaşdırılmışdır. Hazırda müvafiq proqramlar çərçivəsində dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artıran, əhaliyə və özəl qurumlara keyfiyyətli informasiya xidmətləri göstərən «Elektron hökumət»in tam fəaliyyətləndirilməsi istiqamətində işlər davam etdirilir. Bunun üçün isə konkret olaraq (Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2012-ci il tarixli 2187 №-li Sərəncamı) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Geniş aspektdə bu agentliyin təsisatının məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsini, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsini, vətəndaş məmnunluğunun təmin olunmasını, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsini, elektron xidmətlərə keçidin sürətləndirilməsini ehtiva edir (www.president.az, www.e-qanun.az).

Çağdaş zamanda «Elektron hökumət» dünya hökumətlərinin fəaliyyətini gücləndirərək onun səmərəliliyini artıran müasir mexanizmlərdən biri kimi çıxış etməkdədir. Bu istiqamətdəki inkişaf meyilləri həyatımızın bütün sahələrinə nüfuz edir. «Elektron hökumət» yeni institusional sistem olaraq «hökumət-vətəndaş», «hökumət-hökumət», «hökumət-biznes» əlaqələrinin yaradılmasına təkan verir. Onun sosial effektivliyi, biznes mühütinin inkişafına təsiri və özünün çoxfunksional bir İKT məhsulu olması həm də bu sferada tədqiqatlara geniş meydan açır. Bundan irəli gələrək, məqalədə «Elektron hökumət»in funksional təyinatının, dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafının təhlili və qiymətləndirilməsi, həmçinin müvafiq səhədəki iqtisadi və sosial effektivlik məsələləri tədqiqat predmetinə çevrilir.

 

2.«İnformasiya-kommunikasiya texnologiyaları və «Elektron hökumət» fenomeni

«İnformasiya-kommunikasiya texnologiyaları» ifadəsinin hər üç struktur sözü latın mənşəlidir. «İnformasiya» - (latınca - informatio - məlumat vermə, ifadəetmə, aydınlaşdırma) - təqdimat formasından asılı olmayaraq hər hansı bir şey haqqında məlumatı ifadələndirir. «Kommunikasiya» - (latınca - communicate - rabitə) məlumat və rabitə vasitəsi kimi şərh edilir. «Texnologiya» - (latınca - techne - sənət, ustalıq, bacarıq və logos - söz, təlim, oyrənmə) maddənin enerjiyə çevrilməsi, informasiyanın hazırlanması, ötürülməsi, materialın emalı, hazır məhsulun yığılması, keyfiyyətə nəzarət, idarəetmə və s. bu kimi təyinatlara malikdir. Ümümilkdə ifadədə isə «İnformasiya-Kommunikasiya Texnologiyaları» - informasiyaların təsbit olunmasını, onun emalını və mübadiləsini təmin edən texnologiyalar məcmusu kimi anlaşılır (Козырев, 2000: 34-35, www.itu.int). İKT olaraq həmçinin mikroprosessorlar və hesablama texnikası bazasında aparat-proqram avadanlıqlar, qurğular və elektron informasiyanın yaradılması, yığılması, saxlanması, ötürülməsi sisteminin müasir vasitələri də nəzərdə tutulur. Buraya kompüterlər, proqram təminatları, şəbəkə infrastrukturu, elektron rabitə vasitələri və s. daxildir. Bu baxımdan İKT həm də iqtisadi və sosial məzmun kəsb etməkdədir (Потемкин, 2000: 34, 234-238) Xüsüsi olaraq qeyd edilməlidir ki, 2002-ci ilin 20 dekabr tarixində BMT Baş Assambleyasının 57/295 saylı «İnkişaf naminə informasiya kommunikasiya texnologiyalarının istifadə olunması» qətnaməsində məhz bu məsələlər önə çəkilərək İKT-nin sosial-iqtisadi həyatın bütün bölmələrində təsirindən bəhs edilir (www.un.org).

«Elektron hökumət» (ingiliscə - e-Government) qlobal sferada əsrlərin qovşağında formalaşmağa başlamışdır (Голобуцкий, Шевчук. 2007: 23-24). Mahiyyətcə o, yaşadığımız informasiya cəmiyyətinin əsas elementlərindən biri olaraq konstitusiyalı dövlətin inkişafının yeni mərhələsini ifadə edir. Sadələşdirilmiş təqdimatda «Elektron hökumət»i hökumət orqanları ilə vətəndaşların qarşılıqlı münasibətlərində yeni informasiya texnologiyalarından istifadə etməyə imkan verən müvafiq kommunikativ infrastrukturun yaradılması kimi də səciyyələndirmək olar. Burada texniki tərəflə yanaşı prinsipial cəhət üstün olaraq huquqi-siyasi aspektlidir.

«Elektron hökumət»i maksimal yığcam təyinatda «dövlət xidmətlərinin təqdimatının avtomatlaşdırılması prosesi» kimi də xarakterizə etmək olar (Иванова. 2009: 42).

Dünya Bankı tərəfindən «elektron hökumət» «informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə hökumətin səmərəliliyi, qənaətciliyi və şəffaflığı artıran və onun üzərində ictimai nəzarət imkanları verən vasitə» kimi anlaşılır (www.worldbank.org).

İnformasiya texnologiyaları bazarında tədqiqat və konsaltinq kompaniyası olaraq ixtisaslaşmış «Gartner Group» «elektron hökumət»i «xidmətlərin təqdimatının fasiləsiz optimallaşdırması, ictimaiyyətin dövlət idarəetməsi və daxili proseslərdə iştirak səviyyəsinin artırılması məqsədi ilə texniki vasitələr, internet və müasir kütləvi informasiya vasitələri imkanlarından istifadə əsasında dövlət orqanlarının daxili və xarici münasibətlərinin dəyişdirilməsi» kimi müəyyən edir (http://www.gartner.com/technology/home.jsp).

Müasir dövrdə İKT-nin inkişafı kargüzarlığın normariv bazasını genişləndirməklə və real elektron sənədlərin hüquqi əsasını artırmaqla sənəd dövriyyəsində ənənəvi kağız daşıyıcılarından istifadəni xeyli məhdudlaşdırmışdır. Elektron imzanın tətbiqi ilə isə elektron idarəetmə sistemi daha da təkmilləşdirilmış, onun nəzarət mexanizminin sadələşməsi və mükəmməlləşməsinə yeni imkanlar yaradılmışdır.

«Elektron hökumət»in məqsədi bir neçə iqtiqamətlərdə əhatə olunur. Buraya əhaliyə İnternet şəbəkəsində inteqrir formada xidmətlərin təqdimatı, informasiya bərabərsizliyinin aradan qaldırılması, bütün həyatı boyu insanlara öyrənmək, oxumaq imkanlarının açılması, iqtisadiyyatın inkişafına yardımçı olması, zaman maneələrini təcrid edən müqabil idraklı qanunların işlənməsi, daha çox vətəndaşın iştirakınına təminat verən idarəetmə formalarının yaradılmsı və s. daxildir. Vətəndaşlara və biznesə hökumət xidmətlərinin təqdimatının optimallaşdırılması, seçicilərin ölkəyə rəhbərlik və idarəetmə proseslərində iştirak səviyyəsinin yüksəldilməsi, vətəndaşların özünəxidmət imkanlarının dəstəklənməsi və genişləndirilməsi, onların ixtisasının və texnoloji məlumatlandırılmasının artımı, coğrafi yerləşmə amilinin mülayimləşdirilməsi kimi mühüm komponentlər də «elektron hökumət»in məqsədini ehtiva edir. Bu məqsədləri gerçəkləşdirmək üçün informasiya cəmiyyəti qanunvericilik qarşısında vətəndaşların identifikasiyası və onların şəxsiyyətinin təsdiqi, konfidensiallıq və göstəricilərin mühafizəsi, elektron kommersiyada vergiqoyma, kiber-məkanda hüqaqü münasibətlər, kiber-cinayətkarlıq və kiber-terrorizm kimi yeni çoxsaylı problemlər qoyur (Голобуцкий, Шевчук. 2007: 120-124). Bundan irəli gələrək, dövlət bütün növ elektron əməliyyatlara etibar etmək, iqtisadi inkişaf və informasiya konfidensiallığının təminatı arasında zəruri tarazlığı saxlamaqla yeni çevik qanunvericilik formalaşdırmalıdır.

 

3.Dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibtlərinin təkmilləşməsi aspektəri

«Elektron hökumət»i ənənəvi hökumətin analoqu və ya əlavəsi kimi dəyərləndirməməli. Belə ki, o, İKT-dən fəal istifadə etməklə bu sferada dövlət xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə yeni qarşılıqlı münasibətlər sistemini təyin edir. Bu inkişaf dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin təkmilləşməsində əks olunur.

Təcrübü reallıqlar «elektron hökumət»in tətbiqinin üç mərhələ üzrə formalaşdığını təsdiq edir:

Birinci (aşkarlıq) mərhələdə İKT vasitələri genişlənərək vətəndaşların, müəssisə və təşkilatların hakimiyyət orqanlarının informasiyalarına girişini asan və çevik edir. Bu mərhələ həmin orqanların öz veb saytlarının açılması və orada təqdimat informasiyalarının, sahəvi normativ-hüquqi aktların, zəruri sənədlərin formalarının, statistik və iqtisadi göstəricilərin yerləşdirilməsi ilə təmin olunur.

Əməliyyatların emalının real vaxt ərzində reallaşdırıldığı (оnlayn-tranzaksiya) ikinci mərhələdə dövlət xidmətləri (ərizələrin təqdimatı və icazələrin alınması, torpaq sahələrinin, daşınmaz əmlakın, vergi bəyannamələrinin qeydiyyatı və s.) onlayn rejimdə təqdim edilir. Bu mərhələdə dövlət xidmətlərinin elektron formada (e-services) göstərilməsi bürokratik və əməktutumlu proseslər optimallaşdırılır və korrupsiya miqyaslarını kiçildir.

Üçüncü (iştirak) mərhələdə ictimaiyyətin dövlət idarəetməsində iştirakı, dövlət siyasətinin bütün hakimiyyət həlqələrində formalaşması, vətəndaşların və şirkətlərin qarşılıqlı münasibətləri interaktiv sistemdə təmin edilir. Bu mərhələdə normativ və qanunvericilik aktları veb-forumlarda müzakirə olunur.

«Elektron hökumət» modelində qarşılıqlı münasibətlər əsasən üç sferaya ayrılır (Иванова. 2009: 113-115):

1.G2С - dövlət və vətəndaşlar arasında (Government-to-Citizen);

2.G2B - dövlət və biznes arasında (Government-to-Business);

3.G2G - dövlət hakimiyyətinin ayrı-ayrı qolları arasında (Government-to-Government);

Buraya dördüncü sfera olaraq G2E - dövlət və dövlət qulluqçuları arasında (Government-to-Employees) münasibətlər də qatılır.

Bu qarşılıqlı münasibərtləri matrisa formasında aşağıdakı kimi təqdim etmək olar:

Şəkil 1

«Elektron hökumət»də virtual qarşılıqlı münasibətlər matrisası

 

İştirakçılar

Vətəndaşlar

Hökumət

Biznes

Dövlət qulluqçuları

Vətəndaşlar (С)

C2C

C2G

C2B

C2E

Hökumət (G)

G2C

G2G

G2B

G2E

Biznes (В)

B2C

B2G

B2B

B2E

Dövlət qulluqçuları (E)

E2C

E2G

E2B

E2E

 

Mənbə: Голобуцкий А., Шевчук О. (2007) Электронное правительство. М.: Знание,

materialları əsasında müəllif tərəfindən işlənmışdir.

 

Özəl qurumların dövlət orqanları ilə internet vasitəsi ilə qarşılıqlı əlaqəliyi onların rəqabətqabiliyyətini artırır, müxtəlif rəsmi prosedurların sadələşdirilməsinə imkanlar yaradır, kargüzarlıq işlərinin kəmiyyətini azaldır. İnternet vasitəsi ilə elektron formada sənədlərin dövriyyəsi vergilərin ödənişi, statistik hesabatların təqdimatı şirkətlərin qanunvericiliyə əməl etməsini asanlaşdırır və fəaliyyət səmərəliliyinin yüksəldilməsində əhəmiyyətini artırır. Bununla belə, dövlət xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə yeni qarşılıqlı münasibətlər sistemini təkmil formaya salmaq üçün həmin xidmətlərin təqdimat sayı optimal həddə gətirilməli və onların keyfiyyətliliyi artırılmalıdır. Avropa İttifaqı 265 xidmətin elektronlaşması və əhali tərəfindən istifadəsini standart olaraq önə çıxarır (www.europa.eu.int). Belə optimallq vətəndaş və biznes aktivliyini artıran iqtisadi və sosial inkişafı davamlı edən şərt kimi irəli sürülür. Bu isə bir daha onu göstərir ki, müasir mərhələdə dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin yeni paradiqmasının tam formalaşması üçün daha optimal sayda xidmətin elektronlaşdırılması vacibdir.

Beləliklə, «Elektron hökumət» yalnız daha çox effektivli və daha az məsrəfli inzibatçılığı təmin etmir, o həm də ictimaiyyətlə hökumət arasında münasibətlərin köklü dəyişməsini stimullaşdırır. Nəticə etibarı ilə bu fenomen ölkədə demokratiklləşməni təkmilləşdirir və hakimiyyətin xalq qarşısında məsuliyyətini artırır. «Elektron hökumət»in ölkədə tətbiqi cəmiyyət və hakimyyət arasında konstruktiv elektron dialoqa rəğmən münasibətləri harmonikləşdirərək narazılıqları azaldır və siyasi qarşıdurmanı mülayimləşdirir. Bununla da, internet vasitəsi ilə dövlətin cəmiyyətin bütün struktur və institutlarına (ictumai qruplar və təşkilatlar, fəal vıətəndaşlar, biznes, təhsil və elmi-tədqiqat institutları və s.) qarşılıqlı təsirinə əsaslanan yeni idarəetmə paradiqması formalaşır.

«Elektron hökumət»in hərtərəfli inkişafı istiqamətində bir sıra maneələrin açılması da vacibdir. Belə ki, ilk əvvəl çalışılmalıdır ki, elektron xidmətlər ənənəvi «kağız» prosedurlarda olduğu kimi genişliklə yerini taparaq qəbul edilsin. Xidmətlərin onlayn rejimdə təqdimatı öncəsi onların kəsərli təhlükəsizlik və konfidensiallıq elementləri ilə mühafizəsi də bu sırada zəruri hesab olunur. Digər bir problem bu sferada hüquqi normaların və standartların qəti müəyyən edilməsi ilə bağlıdır. Təcrübə göstərir ki, İKT-nin yüksək inkişaf templəri onların tətbiqi sferasındakı normayaratma prosesini daim üstələyir. Büdcə normativləri də «elektron hökumət» üzrə təşəbbüsləri məhdudlaşdırır (Иванова. 2009: 219-220). Bundan irəli gələrək də bir sıra iqtisadi inkişaf etmiş ölkələrdə müvafiq fondlar təsis edilir. Bu reallıq isə onu əsaslandırır ki, iqtisadi obyektivlik baxımından İKT sahəsinə yönələn xərclərə gələcək mənfəəti və maliyyələşmıəni təmin edən invesitiyalar kimi baxılmalıdır.

İKT inkişaf etdikcə isə «bir qapı» prinsipinə əsaslanan «elektron hökumət»in funksionallığı daha da genişlənəcək və ənənəvi veb-servisləri üstələyən, istifadəçilərin özləri tərəfindən inkişaf etdirilən və yaxşılaşdırılan internetin və softun yeni «Web 2.0» nəsli daha geniş sferada reallaşacaqdır. Bu texnoloji nailiyyətlər siyasi kommunikasiyanın da imkanlarını genişləndirəcək, hökumətlə vətəndaşlar və biznes arasında inteqrasiyanın daha mütərəqqi formalarının yaranmasına təkan verəcəkdir.

 

3.«Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyası və təkmilləşən milli İKT infrastrukturu

Ötən iki onillik müddət ərzində ölkəmizdə dövlət quruculuğu istiqamətində çox mühüm keyfiyyət dəyişiklikləri baş vermiş, dövlət aparatının institusional sistemi inkişaf etmiş və daha da təkmilləşmişdir. Bu dövr ərzində iqtisadiyyatımız 20 dəfə artmışdır. Hazırda isə Azərbaycan ictimai həyatın bütün istiqamətləri əhatə olunan innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması və bu perspektivdə güclü sosial irəliləyişləri sürətləndirən inkişafın yeni mərhələsinə qədəm qoyur. İnkişafın bu mərhələsi yaxın on ildə ÜDM-in daha iki dəfə artırılması ilə müşayiət olunacaqdır. Bu yüksəlişi hərtərəfli təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq «Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyası hazırlanmaqdadır (www.president.az, www.e-qanun.az). Hesab olunur ki, bu konsepsiyada İKT sektoru mühüm tutum əldə edəcəkdir. Bu qənaəti ölkə prezidentinin «neft faktorunu insan kapitalına çevirək» tezisi və bundan irəli gələrək informasiya texnologiyalarının respublikada prioritet sahə elan olunması strategiyası bir daha əsaslandırır.

Hazırda informasiya texnologiyalarının qlobal sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Müasir zamanda İKT sektoru mültiplikativ effektivliyi ilə daha çox fərqlənərək dünya ÜDM-ində mühüm pay yüksəlişləri əldə edir. Buradakı sürət hər beş ildə iki dəfə artan yüksəliş templəri ilə ölçülür (www.mincom.gov.az, Рекитар, Демидова, 2001: 57, Костельс Мануель, 2000: 78-79).

İKT sahəsində Azərbaycanda da sürətli inkişaf müşahidə olunur. Müasir mərhələdə İKT sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Hazırda respublikada informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bunun nəticəsidir ki, son 5 ildə İKT sektorunda əlavə dəyər 2,1 dəfə artmış və Azərbaycan müvafiq səhəvi göstəricilərə görə bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. İKT-nin inkişaf indeksləri üzrə qlobal mənzərəyə baxdıqda görərik ki, Azərbaycan 2008-2010-cu illər arasında ən sürətlə inkişaf edən 10 ölkədən biri olmuş, «İKT-nin inkişafı indeksi» üzrə 154 ölkə arasında 74-cü yerdə, «Texnoloji hazırlıq indeksi» üzrə isə 2010-cu ildə 70 ölkə sırasında qərar tutmuşdur (www.itu.int, www.weforum.org). 2012-ci il Dünya İqtisadi Forumunun hesabatına əsasən «Gələcək üçün dövlətə İKT-nin vaciblik indeksi» üzrə 142 ölkə arasında 14-cü, «Şəbəkə hazırlığı indeksi»nə görə 61-ci yeri, «Qlobal rəqabətqabiliyyətlilik indeksi»nə görə 55-ci, «İnnovasiyaların tətbiqi üzrə reytinq»də 52-ci yeri tutur (www.weforum.org).

Statistika göstərir ki, 2011-ci ildə ölkədə İKT sektorunda fəaliyyət göstərmiş müəssisələr tərəfindən 1,236 milyard manat məhsul istehsal olunmuş 0,742 miyard manatlıq əlavə dəyər yaradılmışdır. 2020-ci ildə respublikanın İKT sahəsindən 9,3 milyard manat gəlir əldə edəcəyi gözlənilir. İstehsal sahəsinin hazırkı (2011-ci il) İKT strukturunda 9,54%-lik payı 2020-ci ildə 25%-ə yüksələcək, onun ÜDM-dəki hazırkı 2,5% tutumu isə 2020-ci ildə 10%-i aşacaqdır. İKT sahəsinə yönələn investisiyaların $7,2 milyad təşkil edəcəkdir. Ümumiyyətlə, 2020-ci ilədək İKT sektorunun 5 dəfə artması gözlənilir (www.azstat.org, www.mincom.gov.az).

Azərbaycanda İKT-nin davamlı inkişaf etdirilməsi üçün bir sıra vəzifələrin həlli vacib hesab olunur. Burada ilk növbədə telekommunikasiya, xüsusən də genişzolaqlı internet inkişaf etdirilməli, sahəvi infrastruktur təkmilləşdirilməli, İKT-nin özünün iqtisadiyyatın digər sektorlarda rolu və əhəmiyyətinin artırılması istiqamətdə adekvat layihələr həyata keçirilməlidir. İKT sektorunda ixrac yönümlü istehsal da stimullaşdırılmalı, burada xüsusi vergi və gömrük siyasəti həyata keçirilməli, konkret olaraq vergi güzəştləri tətbiq olunmalı, gömrük rüsumları optimallaşdırılmalıdır. Rentabelliliyi və reinvestisiya imkanlığı ilə fərqlənən fiberoptik infrastrukturun inkişafı da diqqətdən yayınmamalıdır. Bu gün ölkə ərazisinin 75%-ni əhatə edən fiberoptik kanallar şəbəkəsi tam maksimal həddə genişləndirilməlidir. Burada İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondu (İTİDF) ilə yanışı ölkədə fəaliyyət göstərən digər dövlət investisiya qurumlarının (ARDNF, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan İnvestisiya Şırkəti və s.) imkanlarından genişliklə istifadə olunmalı, İKT sahəsi üzrə sahibkarlığa dəstək gücləndirilməli, innovativ layihələr həyata keçirən startap kompaniyaların (Start-up) maliyyələşdirilməsinə, onlara vençur investisiyaların yönəldilməsinə üstünlüklər verilməlidir.

Statistik tədqiqatlar göstərir ki, İKT-nin 10% inkişafı iqtisadiyyatın 1% inkişafına təkan verir. Azərbaycanda isə bu sahədəki inkişaf templəri daha uğurlu hesab edilir. Belə ki, ölkə üzrə buradakı inkişaf sürəti müqabil ümumdünya göstəricilərini 2-3 dəfə qabaqlayır (www.itu.int). Lakin bu nəticələrlə kifayətlənməməli, informasiya cəmiyyətinin artan tələblərindən irəli gələrək dövlət informasiya sistemlərinin inkişafı, İKT məhsulları üzrə yerli istehsal və ixrac potensialının gücləndirilməsi, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsi, normativ hüquqi, texniki və texnoloji baza təkmilləşdırilməli və sahəvi kadr hazırlığı daim diqqət mərkəzində saxlanılmalıdır.

 

4.«Elektron Azərbaycan»

Azərbaycanda «elektron hökumət» layihəsi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) çərçivəsində həyata keçirilir (Azərbaycan Respublikası Prezidentinin 11.08.2010 tarixli 1056 №-li sərəncamı). Tutumluluğu və uzaq hədəfliliyi ilə fərqlənən həmin Dövlət proqramı mütləq əksəriyyətlə respublika üzrə bütün dövlət qurumlarını əhatə edir.

«Elektron hökumət»in özəl qaynaqları «Informasiya əldə etmək haqqında» qanunda da öz əksini tapıb. Həmin Qanuna əsasən, dövlət qurumları sahibi olduqları ictimai məlumatları açıqlamaq üçün ən qısa zamanda özlərinin internet resurslarını yaratmalıydılar. Bu çox mühüm bir vəzifədir. Tələblər bələdir ki, heç bir dövlət qurumu «elektron hökumət» infrastrukturundan kənarda qalmamalı, dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin yeni inkişaf mərhələsinin fəal iştirakçıları olaraq çıxış etməlidirlər. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) isə bu fəaliyyətlərə texniki-texnoloji tənzim verən mühüm orqan kimi bu infrastrukturun təkmilliyini daim nazərətdə saxlamalı və inkişaf etdirməlidir. Bunlardan irəli gələrək, RİTN tərəfindən həyata keçirilən «Elektron hökumət dövlət informasiya sistemi» layihəsi çərçivəsində dövlət orqanlarının məlumat bazaları və informasiya sistemlərinin inteqrasiyası, vətəndaşların müraciətlərinin dövlət orqanlarına çatdırılması, həmçinin, elektron xidmətlərin «bir pəncərə» prinsipi əsasında təşkili və istifadəsi ilə bağlı «elektron hökumət» şlüzü və «elektron hökumət» portalı (sayt - http://e-gov.az) yaradılmışdır. Bu infrastrukturlar dövlət orqanlarının informasiya sistemləri arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı dövlət orqanları tərəfindən aparılan informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsini təmin edir. Hazırda 30-dan çox dövlət qurumu «Elektron hökumət» şlüzünə qoşulmuşdur (www.mincom.gov.az).

Bütün bu işlərin daha rasional təminatını, konkret olaraq vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərinin yeni üslubda, daha keyfiyyətli və müasir innovasiyalar tətbiq edilməklə göstərilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılacaqdır. Agentlik dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı olaraq çıxış edəcəkdir. Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə isə «ASAN xidmət» (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi - ingiliscə Azerbaijan Service and Assessment Network) mərkəzlərinin yaradılması nəzərdə tutulur. «Bir qapı» prinsipli ASAN xidmət konsepsiyası müxtəlif dövlət qurumlarının göstərdikləri xidmətlərin bir mərkəzdə cəmlənməsini ehtiva edir. Burada yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda istifadə etmək mümkün olacaqdır. Bu isə məsrəflərin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığa və şəxsi rahatlığa imkan verəcək, dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafını təmin edəcəkdir (www.president.az).

Bu və ya digər pozitivləri rəhbər tutaraq belə qənaətə gəlinə bilər ki, ölkədə «elektron hökumət» infrastrukturunun müasir vəziyyəti qənaətbəxş hesab ediləndir. Bunu BMT hesabatlarında «Elektron hökumət inkişafı indeksi» üzrə Azərbaycanın 192 ölkə arasında 96-ci yerdə qərarlaşması da bir daha əsaslı edir (www.unpan.org).

Yaxın perspektivdə «elektron hökumət» sferasında daha ciddi dəyişikliklərin olacağı yəqin edilir. Belə ki, hazırda (2012-ci il) dövlət xidmətlərinin elektron formada təqdimatı 30%, vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının 80% təşkil edir. Bu göstəricilərin 2020-ci ildə 100%-ə çatdırılması məqsəd olaraq qarşıda durur. Həmçinin, 2020-ci ildə elektron xidmətlərdən istifadə edən vətəndaşların xüsusi çəkisinin də indiki 20%-dən 80%-ə qaldırılması da əsas strateji hədəflər sırasındadır (www.mincom.gov.az).

«Elektron hökumət»in tam reallaşdırılması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsində ən mühüm mexanizm olaraq çıxış edəcəkdir. Buna görə də, bu infrastrukturun genişlınməsinə hökumət zəruri resursları ayırmalı və təkmilləşməsi istiqamətində davamlı məsrəflər etməlidir. Proqnozlara görə 2020-ci ildə dövlətin İKT xərcləri kosmik sənayenin, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı və elektron hökumət və kibercinayətkarlıqla mübarizə xərcləri hər bir sahə üzrə bərabər olmaqla $3 milyard təşkil edəcəkdir. Bu xərclər perspektivi nəzərdə tutulan regional iqtisadi zonaların yaradılması üzrə isə $500 milyon, rəqəmsal televiziyanın inkışafı üzrə isə $100 milyonu ötəcəkdir (www.mincom.gov.az). Nəticədə dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafı yeni templərlə irəliləyərək biznes mühütinin yaxşılaşdırılmasında da təsirli olacaq və bu proseslər öz növbəsində makroiqtisadi effektivliyin yüksəlməsi ilə müşayiət olunacaqdır.

 

4.Nəticə

Dövlət cəmiyyətin informasiya erasına keçidində ən başlıca liderdir. Onun sıradakı imkanları bənzərsizdir. Bu gerçəkliyin təmin edilməsində isə ən güclü mexanizm «elektron hökumət» infrastrukturudur. «Elektron hökumət»ə keçid İnternetdən başlayır. Belə yaranış isə offlayn (ingiliscə - off-line «şəbəkədən açılma») rejimindən fərqli olaraq, bundan üstün onlayn (ingiliscə - on-line - «şəbəkəyə bağlanma») rejimində, yəni vətəndaşların istədiyi zamanda, forma və məkanda dövlət tərəfindən tədqim edilən xidmət və məlumatlarını almasına imkanlı edir.

«Elektron hökumət» dövlətin vəzifələrini icra etmək üçün yaradılmış çox unikal bir infastrukturdur. Bu infrastrukturun işlənməsi ictimai portallar arasına texniki inteqrasiya və onun mükəmməlliyindən keçir. Bu şəbəkədəki müxtəlif iştirakçılar öz aralarında eksklyuziv müqavilələr bağlamırlar. Burada hər bir hərəkət açıq, texniki tələblər standartlarına uyğun biznes qaydalara müvafiq qurulur. Yeni texnologiyaların sürətli təkamülü rəqəmsal qeyri-bərabərsizliyi (ingiliccə - digital divide - rəqəmsal maneə) mülayimləşdirir, renovasiyanı qaynaqlandırır və eyniliklə də hüquqi müstəvidə də «rəqəmsal dünyaya» adaptasiyaya təkan verir.

«Elektron hökumət»ə keçid dövlət orqanlarına islahatlar aparmağa, iqtisadi irəliləyişləri davamlı etməyə, rəqabətqabiliyyətliyi artırmağa geniş imkanlar açır. Aparılan təhlili əsaslandırmalar bir daha göstərir ki, Azərbaycanda da elektron sistemə keçidə milli iqtisadi inkişafın mühüm strateji amili kimi yanaşılır. Burada hərtərəfli dəstək qazanan İKT sisteminin və qurulmaqda olan «elektron hökumət» infrastrukturunun dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafının yeni paraqdiqmasının formalaşmasındakı, milli sahibkarlığın və biznesin inkişafındakı rolu və əhəmiyyəti daim güclənir.

«Elektron sistemə keçid qaçılmaz bir reallıqdır. Bu, labüddür və biz bunu etməliyik. Dünya iqtisadiyyatının inkişafı bu istiqamətdə gedir, eyni zamanda, bu, bizə həm şəffaflıq gətirəcəkdir, həm çox məsələlər daha da dəqiq təşkil ediləcək və xoşagəlməz hallara qarşı mübarizə daha da güclü olacaqdır» (www.president.az). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dediyi bu sözlər həqiqətən də bir daha onu göstərir ki, Azərbaycanda «elektron hökumət» quruculuğu prosesi dövlət siyasətinin mühüm prioritetidir və ölkədə vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin, genişliklə iqtisadi inkişafın mühüm vektorları sırasındadır.

 

Ədəbiyyat siyahısı

1.Hacızadə E.M. (2006) Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 509 s.

2.Голобуцкий А., Шевчук О. (2007) Электронное правительство. М.: Знание, 433 c.

3.Государство и отрасли инфраструктуры в современной рыночной экономике (Отв. ред.: Я.А. Рекитар, Л.С. Демидова) (2001) М.: Наука, 310 с.

5.Козырев А.А., Юдин А.П. (2000) Информационные технологии в экономике, Санкт-Петербург, Издательство Михайлово, 64 с.

5.Костельс Мануель. (2000) Информационная эпоха. Экономика, общество и культура, М.: ГУ ВШЭ, 608 с.

6.Потемкин А.П. (2000) Виртуальная экономика, М.: ИНФРА-М, 384 c.

7.Электронные правительства: потенциал и практическое использование / под ред. Ивановой Г.Р. (2009) М.: Знание, 329 c.

8.www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

9.www.mincom.gov.az - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı.

10.www.un.org - Birləşmiş Millətlər Təşkilatı.

11.www.worldbank.org. - Dünya Bankı.

12.www.gartner.com - İnformasiya texnologiyaları üzrə konsaltinq kompaniyası.

13.www.europa.eu.int - EU - Avropa İttifaqı

14.www.itu.int - Beynəlxalq Kommunikasiya İttifaqı.

15.www.weforum.org - Beynəlxalq İqtisadi Forum (Davos Forumu).

16.www.unpan.org - BMT-nin Dövlət Administrasiya Şəbəkəsi.

17.www.e-qanun.az - Azərbaycan Respublikasının qanunvericilik aktları.

18.www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

 

 

174.Elektron hökumət: dövlət və vətəndaşlarin yüksələn iqtisadi və hakimiyyət münasibətləri. Avrasiya Sosial Elmlər Forumu: «Dünya İqtisadiyyatının İnkişaf Paradiqması: Bazar və Sonrası». Azərbaycan Dövlət İqtisad Universiteti, Türkiyə Hacettepe Üniversitesi, Qırğıstan-Türkiyə Manas Universiteti, Ahmet Yesevi Universiteti. Məruzələr kitabı. II cild. Bakı: 2013. 0,8 ç.v.

Bu məqaləni http://www.asbf12.hacettepe.edu.tr/ ünvandan da izləyə bilərsiniz.