gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / ELM-ENSİKLOPEDİK UNİVERSİALLIQ MÜMUNƏSİ: “BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA”

31.12.2009

i.e.d., prof. E.Hacızadə

 

 

    Təbiətin və cəmiyyətin müxtəlif sahələrini əhatə edən ensiklopediyaların meydana gəlməsinin çoxəsrlik tarixi olsa da, “ensiklopediya” termini beş yüz il əvvəl ingilis linqvisti Tomas Eliot tərəfindən “bütün məlum əşya və elmləri izah edən kitab” anlamında ictimai dövriyyəyə buraxılmışdır. Sözlərin mənası və təyinatı barədə minimum informasiya təqdim edən lüğətlərdən fərqli olaraq, ensiklopediyalar oxucuya daha geniş və əhatəli biliklər vermək missiyasını yerinə yetirir. Bəzən ensiklopediyalar lüğət formasında strukturlaşdırılmış elmi məlumat-sorğu kitabı adlandırılsalar da, onlar arasında mahiyyət daha çeşidli və dərindir. Belə ki, ensiklopediyalar insan biliklərinin bütün istiqamətləri üzrə təfərrüfatları bir araya gətirən ayrıca bir bilik sahəsi kimi formalaşmışlar.

Azərbaycanda da ensiklopediya mədə­niyyətinin öz tarixi vardır. Bu mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilmiş "Azərbaycan Sovet Ensiklopediyası" ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. Böyük elmi potensialın cəlb edilməsi ilə hazırlanan bu on cildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrildi. Elmi-informativ zənginliyi, məzmun mükəmməlliyi baxımından bu sanballı nəşr indi də öz möhtəşəmliyini saxlamışdır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə cavab verən yeni ensiklopediyanın yaradılması zərurəti meydana çıxdı. Prezindent İlham Əliyev dövlət əhəmiyyətli bu mü­hüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında”, həmçinin, “Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalamışdır. Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycançılıq ideologiyası təməl prinsipi kimi önə çəkilmiş, onun respublikamızın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifələri müəyyənləşdirilmişdir. Cənab İlham Əliyevin baş redaktorluğu ilə nəşr olunan Azərbaycan Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilmişdir.

Ensiklopediya mədəniyyətinin inkişafı onun müxtəlif sahələr üzrə yeni motivasiyalarda şaxələndirilməsi imkanlarını xeyli dərəcədə genişləndirmişdir. Bu baxımdan ölkəmizdə də sahəvi ensiklopediyaların hazırlanmasına və nəşrinə ehtiyac və zərurət yaranmışdır. Xüsusən, ictimai elmlər arasında özünəməxsusluğu ilə seçilən və daim inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu istiqamətdə ayrıca predmetik təyinatlı ensiklopediyanın yaradılması məsələsini də aktuallaşdırmışdır. Bu artan aktuallığı sovet sisteminə xas ideoloji məhdudiyyət və qadağaların aradan qaldırılması, qloballaşan dünyanın yeni çağırışları ilə yanaşı, həm də Azərbaycanda keçid dövrünün başa çatması, milli iqtisadiyyatın modern əsaslarda davamlı inkişafının sürətləndirilməsi və respublikanın dünya birliyi ölkələri sırasında rolunun və yerinin daha da möhkəmləndirilməsi reallıqları obyektiv zərurətə çevirmişdir. Zamanın bu tələblərinə cavab olaraq akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə respublikada ilk dəfə irihəcmli fundamental “Böyük İqtisadi Ensiklopediya” hazırlanmış və nəşr edilərək oxucuların müzakirəsinə verilmişdir. Müstəqil Azərbaycan dövlətinin ilk iqtisadiyyat ensiklopediyasının nəşrinin məhz bu gün meydana çıxması ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur kəlamının əyani gerçəkliyini bir daha təcəssüm etdirmişdir.

Çox böyük zəhmətin nəticəsi olan “Böyük İqtisadi Ensiklopediya”nı vərəqləyib dünya iqtisadiyyatının tarixi, bu günkü iqtisadi həyatın müxtəlif sahələrində istifadə olunan terminlərin mahiyyəti, görkəmli iqtisadçıların fəaliyyəti barədə yazıları oxuduqca ensiklopediyanın ideya müəllifinə, baş redaktoruna və onunla birlikdə çalışanlara qibtə etməyə bilmirsən. Burada böyük Nizaminin sözlərini xatırlamaq yerinə düşərdi:

Hər kəs öz sənətindən yapışsa əgər,

Dünyada nə əksə, onu da biçər.

Ölkəmizin elmiictimai həyatında mühüm hadisə kimi dəyərləndirilən “Böyük İqtisadi Ensiklopediya”nın hazırlanması işinə respublikamızın ən nüfuzlu alim və mütəxəssisləri cəlb edilmişdir. Onların fəal yaradıcı əməyi ilə ensiklopediyada iqtisadi termin və anlayışların, nəzəriyyə və baxışların mükəmməl izahları verilmiş, iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti yüksək peşəkarlıqla açıqlanmış, müasir gerçəkliklər fonunda dünya iqtisad elminin nailiyyətləri hərtərəfli işıqlandırılmışdır. Elmi-redaksiya heyətinin üzvləri kimi demək istərdik ki, ensiklopediyaya daxil edilən hər bir termin və anlayışın məzmunu onların dəfələrlə müzakirəsi, ekspertiza edilməsi ilə bir daha aydınlaşdırılmış, məqalələrin əksəriyyəti müvafiq iqtisadi strukturlarda baxılmış, ayrı-ayrı mənbələrdən yaradıcı heyətin ünvanına göndərilən dəyərli tövsiyə və təkliflər nəzərə alınmışdır.

Beş cilddən ibarət, 10 minə yaxın termin, iqtisadi anlayış və məqaləni özündə ehtiva edən “Böyük İqtisadi Ensiklopediya” çoxsaylı nəzəri, faktoroloji material əsasında ictimai həyatdan gələn sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər verir. Burada makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment, maliyyə, audit, mühasibatlıq, pulkredit, qiymətli kağızlar bazarı, rəqabət, inhisar, innovasiyalar, nanoiqtisadiyyat və digər bu kimi çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada açıqlanır, iqtisadiyyatın bütün səviyyələri üzrə, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında mühüm məlumatlar əksini tapır. Ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyat lüğətlərindən, statistik külliyyatlardan,  beynəlxalq iqtisadi, maliyyəbank, əmək təşkilatlarının internet resurslarından çox səmərəliliklə istifadə olunmuşdur.

Azərbaycanın müasir iqtisadi-hüquqi, sosial-siyasi sisteminin müxtəlif aspektlərinin geniş işıqlandırılması ensiklopediyanın mühüm fərqləndirici cəhətlərindən biridir. Burada müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artmasına, dunya iqtisadiyyatına inteqrasiyasına xidmət edən inkişaf strategiyası, azad bazar münasibətlərinin genişlənməsinin və milli maraqlara cavab verən yeni iqtisadi siste­min formalaşmasının elmi-metodoloji əsasları və mahiyyəti barədə konkret fakt və dəlillərə istinad edən məqalələr əksini tapmışdır.

Ensiklopediyada ölkənin sosial-iqtisadi inkişafını kompleks şəkildə təfərrüatlandıran milli təbii sərvətləri, sənaye və innovasiya potensialı, sahə və müəssisələrin investisiya imkanları, sosial və istehsal infrastrukturu, dövlət və hökumət strukturları, xarici iqtisadi əlaqələr coğ­rafiyası, beynəlxalq təşkilatlarda təmsilçilik, milli iqtisadi nailiyyətləri haqqında tutumlu məlumatların elmi-analitik, statistik və qrafik tərtibatda verilməsi ensiklopedik innovasiya kimi qiymətləndirilməlidir.

Bir gerçəklikdir ki, Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlar nəticəsində ölkə iqtisadiyyatında daha geniş möhtəşəmlik əldə olunmuşdur. Milli neft strategiyasının multiplikativ effektləri iqtisadi artımda yeni  özək təşkil edəcək qeyri-neft sektorunun formalaşmasına rəvac vermiş, neft-qaz sərvətlərinin insan kapitalına çevrilməsi mərhələsinə qədəm qoyulmuşdur. Bu transformasiyanın mühüm elementi olaraq informasiya-kommunikasiya texnologiyaları çıxış etməkdədir. Ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində sistemli fəaliyyət aparılır. Bütün bunlardan irəli gələrək ensiklopediyada müasir dünyada informasiya cəmiyyətinə keçid prosesinin özəllikləri, informasiya-kommunikasiya texnologiyarı sektorunun iqtisadi inkişafdakı rolu xüsusi qeyd olunur. Bu sahədə Azərbaycandakı sürətli inkişaf ön plana çəkilir, onun yeni institusional yaranışlardakı əhəmiyyətini genişliklə əks etdirən yazılar məqalələr, müvafiq indekslər və reytinq cədvəlləri verilir.

Ensiklopediya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür yaradır. Oxucuda bir daha belə bir qənaət möhkəmlənir ki, müstəqil dövlətimiz qarşıya qoyulmuş məqsəd və vəzifələrin dəqiq müəyyənləşdirildiyi, xalqın keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək bu model əsasında uğurla inkişaf edir. Burada müstəqil Azərbaycan dövlətinin 20 ildə keçdiyi inkişaf yolu iqtisadi təhlil instrumentarilərindən səmərəli istifadə edilməklə çox dəqiq qiymətini almışdır. Bu qiymətləndirmədə, həmçinin, elmi aspektdən hazırda Azərbaycanda ictimai həyatın bütün istiqamətlərini əhatə edən innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması və ölkəmizin yaxın on ildə ÜDM-in iki dəfə artırılması ilə müşayiət olunacaq güclü sosial irəliləyişləri sürətləndirən inkişafın yeni mərhələsinə qədəm qoymasına da geniş yer verilmişdir. Ensiklopediyanın ana xəttini təşkil edən bütün bu elmi-təhlili potensial isə, öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq «Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində mühüm baza rolunda çıxış etmək imkanı yaradır.

Ensiklopediyada cəmiyyətdə iqtisadi mədəniyyətin yuksəldilməsi, iqtisadi təhsilin təkmilləşdirilməsi, bazar strukturları və infrastrukturları haqqında ensiklopedik məlumatlarla yanaşı, Azərbaycan elminə dəyərli töhfələr vermiş görkəmli iqtisadçı alimlər, milli iqtisadiyyatımızın tarixi inkişafında mühüm xidmətləri olan sahibkarlar və iş adamları haqqında məqalələr böyük maraqla oxunur. Yeri gəl­mişkən qeyd edək ki, Azərbaycanda müasir iqtisad elmi məktəbinin yaradıcılarından biri olan akademik Ziyad Səmədzadə bu ensiklopediyada haqqında söz açılan iqtisadçı alimlərin əksəriyyətini şəxsən tanıyır ki, bu amilin də, heç şübhəsiz, həmin görkəmli şəxsiyyətlər barədə məqalələrin informasiya dolğunluğunun təmin edilməsində mühüm əhəmiyyəti olmuşdur.

Ensiklopediyanın xarakterik cəhətlərindən danışarkən onu da qeyd etmək lazımdır ki, nəşrdə kontinental iqtisadi fikir tarixləri ilə bağlı yazılar da diqqəti cəlb edir. Bu bir faktdır ki, Şərqin yaradıcı iqtisadi fikir tarixi daim öncül mövqedə dayanaraq bütövlükdə bəşəri sivilizasiyanın inkişafına mühüm təsir göstərmişdir. Lakin ötən əsrdə böyük bir məkanda sovet sistemi bu fikir tarixinin təbliğ olunmasına məhdudiyyətlər qoymuşdu. Bu baxımdan da dövrün iqtisadi ədəbiyyatlarında Şərqin iqtisadi fikir tarixini əks etdirən materiallar o qədər də geniş  əksini  tapmırdı.  “Böyük  İqtisadi Ensiklopediya” bu şərəfli vəzifəni də ləyaqətlə yerinə yetirmişdir. Onun səhi­fələrində Şərqin iqtisadi təlimlər tarixi, iqtisadi məktəbləri, həmçinin, Şərq ölkələrinin özünün iqtisadi tarixi ilə bağlı elmi-ensiklopedik məqalələr yer almış, İslam iqtisadiyyatının görkəmli nümayəndələri və mütəfəkkirləri barədə geniş biblioqrafik yazılar verilmişdir.

“Böyük İqtisadi Ensiklopediya”nın unukallığı bir də onunla bağlıdır ki, bu sanballı nəşr formalaşmış mövcud iqtisadi vəziyyətə istinadən çox düşünülmüş, biçimli bir sxemdə qurulmuşdur. Bu da çox böyük əməktutumlu nəşrdə minlərlə səhifəni  özündə  birləşdirən nəhəng informasiya təbəqəsinin ümümiləşdirici vahidliyini və bütövlüyünü təmin edir. Yazılara nəzər yetirdikdə, burada çoxlu emosiya mövcudluğu nəzərə çarpır. Onu da qeyd edək ki, yaradıcı heyətin gərgin və səriştəli əməyi ilə hər bir istilah və anlayış mümkün qədər ixtisaslı səviyyədə təqdim olunmuşdur.

Çoxsaylı iqtisadi məsələlərə novator yanaşma sistemi ilə seçilən ensiklopediyanın özəlliklərindən danışarkən onu da qeyd etmək lazımdır ki, burada bir sıra beynəlxalq terminlərin Azərbaycan dilində qarşılığı da verilmişdir. Nəşrdəki 1200-dən çox cədvəl, sxem, qrafik, 1800-dən çox şəkil vizual informasiya mənbəyi olaraq, mətnlərin daha yaxşı mənimsənilməsinə xidmət edir. O özünün canlı dili, adekvat üslubu ilə oxucunu iqtisadi həyatın bütün sferalarında istifadə etmək üçün zəruri informasiya ilə təchiz edir.

Bu ensiklopedik külliyyat elmi-analitik çoxaspektliliyi, metodikliyi, leksik formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə modern elmi sənət nümunəsi sayıla bilər. Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə bağlı istənilən suala təcili cavab tapmaq mümkündür. Bütün bunlar “Böyük İqtisadi Ensiklopediya”nın çox uzunömürlü olacağına əminlik yaradır.

Məlumdur ki, Azərbaycanda müasir iqtisadi nəzəriyyənin təcrübə, real həyat ilə daha sıx uzlaşmaması problematik məsələlərdəndir. Bununla əlaqədar olaraq konkret məqsədlərə xidmət edən iqtisadi biliklərin geniş toplumuna ehtiyac duyulur. Bu mənada “Böyük İqtisadi Ensiklopediya” istifadəçilər üçün çox geniş informasiya mənbəyi, həm də maraqlı müsahib və opponentdir. İnamla deyə bilərik ki, o, iqtisadi sferada rasional və kompetensiyalı qərarların qəbul edilməsinə kömək göstərəcəkdir.

Onu da qeyd edək ki, bir neçə sətirlik terminlərdən tutmuş iri həcmli məqalələrədək hər bir yazı maraqla oxunur. İlk baxışda adi, quru rəqəmlərdən ibarət olan sxem və cədvəllərdə saysız-hesabsız faktlar, insanı düşündürən proseslər, ölkələrin problemləri, əhalinin yaşayış səviyyəsi, ayrı-ayrı ölkələrdə demoqrafik göstəricilər və s. problemlər elə incəliklə, elə dolğun müqayisə olunmuşdur ki, bunlar iqtisadçı qədər tarixçiyə, ədəbiyyatçıya, müəllimə, həkimə, mühəndisə, tələbəyə, kəndliyə, bir sözlə, hamıya maraqlıdır. Bax, elə buna görə də böyük əminliklə qeyd etməiyik ki, Z.Səmədzadənin ideya müəllifi və baş redaktor kimi rəhbərliyi ilə çapdan çıxmış “Böyük İqtisadi Ensiklopediya” hamının stolüstü kitabına çevriləcəkdir.

Azərbaycanın ilk iqtisadi bestseller kimi ensiklopediya kitab aləmində özünəməxsus yer tutacaqdır. Tam məsuliyyətlə bildirmək olar ki, ölkədə və onun hüdudlarından kənarda sayılıb-seçilən iqtisadçı alimlər arasında özünəməxsus yeri və sanbalı olan akademik Ziyad Səmədzadə öz adına layiq bir işi öhdəsinə götürmüş və onu layiqincə də yerinə yetirməklə, Azərbaycan elminə, xüsusilə də, iqtisad elminə böyük töhfə vermişdir.

Bir məqamı xüsusi ilə qeyd etmək lazımdır ki, “Böyük İqtisadi Ensiklopediya” zamanla ayaqlaşan bir iqtisadi külliyyat olmaqla MDB məkanında da milli dildə işıq üzü görmüş bu tipli ilk irihəcmli nəşrdir. Güman edilir ki “Böyük İqtisadi Ensiklopediya” ölkədə digər sahəvi ensiklopediyaların yaranması işinə də güclü təkan verəcəkdir. Həmçinin vurğulamaq gərəkdir ki, ensiklopediyada Azərbaycanın iqtisadi qüdrətinin və perspektiv inkişafının son dərəcə güclü elmi tərənnümdə verilməsinə istinadən, onun müvafiq hissələrini bir araya gətirərək xarici dillərə çevirmək və ayrıca kitab kimi nəşr etdirmək də əhəmiyyətli olacaqdır.

Azərbaycan iqtisad elmi böyük tarixə malikdir. Bu böyük inkişaf tarixi ərzində milli iqtisad elminin töhfələri və uğurları çox olmuşdur. Bu gün bu uğurlara “Böyük İqtisadi Ensiklopediya” da öz sanbalı ilə qatılır. Hesab edirik ki, ensiklopediya bəşəri elmin ən mühüm istiqamətlərindən biri sayılan iqtisad elminin respublikamızda səmərəli tədrisinə, onun real həyatla əlaqəsinin möhkəmlənməsinə, milli iqtisadi təfəkkürün inkişafına layiqli xidmət göstərəcəkdir. Heç şübhəsiz ki, artıq geniş elmi-ictimai əks-səda və maraq doğurmuş “Böyük İqtisadi Ensiklopediya” hamının rəğbətini qazanacaq, yalnız tələbələrin, magistrlərin, doktorantların, müəllim və mütəxəssislərin, sahibkar və investorların deyil, ümumən, kütləvi oxucu auditoriyasının tələbatını dolğun təmin edəcəkdir.

Qətiyyətlə qeyd etmək lazımdır ki, minlərlə müxtəlif mövzularda elmi məlu­mat və bilgiləri özündə birləşdirərək külliyyat halında geniş oxucu kütləsinin istifadəsinə verən bu mötəbər nəşr üzərində işin uğurla başa çatdırılmasında məhz onun ideya müəllifi və baş redaktoru olan akademik Ziyad Səmədzadə şəxsiyyəti dayanmışdır.

Bu çətin və mürəkkəb intellektual əmək tələb edən nəşrin işıq üzü görməsi münasibətilə görkəmli akademiki və onunla çiyin-çiyinə çalışıb “Böyük İqtisadi Ensiklopediya”nı ərsəyə gətirən bütün yaradıcı heyəti, Azərbaycanın elmi ictimaiyyətini təbrik edirik. Böyük alim, akademik Ziyad Səmədzadəyə yeni elmi axtarışlar və yaradıcılıq uğurları, həyat sevincləri arzulayır və ona dərin təşəkkürlərimizi bildiririk. 

 

169.Elm-ensiklopedik universiallıq nümunəsi: “Böyük İqtisadi Ensiklopediya” (məqalə-resenziya) Azərbaycanın vergi jurnalı. (A.A.Nadirovla müştərək) Bakı: № 5, 2012, 0,8 ç.v.