gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / QEYRİ-NEFT SƏNAYEsİ YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ

18.11.2011

i.e.d., prof. E.M.Hacızadə

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, Səyyaf İsmayılovun «Azərbaycanın qeyri-neft sənayesinin inkişafında yeni mərhələ» (Bakı. Elm, 2011) adlı elmi-tədqiqat əsəri çapdan çıxmışdır.

Uzun illər sənaye, o cümlədən qeyri-neft sənaye siyasəti və operativ idarəetmə sahəsində çalışan müəllif kitabın giriş hissəsində qeyri-neft sənaye sahələrinin iqtisadiyyatda mühüm rolu və əhəmiyyətini, 2003-cü ildən ölkədə qeyri-neft sənayesində yeni inkişaf mərhələsinin başlandığını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə ifadə etmişdir: «Biz öz gələcəyimizi yalnız neft sənayesi ilə bağlamamalıyıq, bu sahədə işlər müvəffəqiyyətlə irəliləyir və Azərbaycana böyük valyuta ehtiyatları gətirir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, iqtisadiyyatın bütün sahələri, ilk növbədə qeyri-neft sənayesi inkişaf etsin. Yalnız bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik».

Kitabın «Azərbaycanın qeyri-neft sənayesinin prioritet sahələri və onların inkişaf xüsusiyyətləri» adlanan ilk hissəsində bu sahədəki statistik materiallar və respublikada sənayeləşmə üzrə əldə edilən uğurlar geniş təhlil edilmişdir. Burada göstərilir ki, Azərbaycan dövlət müstəqilliyinin 20 ili ərzində sənaye istehsalında böyük irəliləyişlərə nail olmuşdur. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sürətli sənayeləşmə siyasəti nəticəsində 2003-2011-ci illərdə istehsal 2,7 dəfə artmış, ÜDM-in strukturunda sənaye məhsulunun payı 38,3 faizdən 53,9 faizə yüksəlmişdir. Bu dövrdə sənayenin mühüm qolu olan qeyri-neft sənayesində istehsalın həcmi isə 1,5 dəfə artmışdır. Həmin dövrdə qeyri-neft sənaye sahələri üzrə çoxmilyardlı investisiya qoyuluşları həyata keçirilmiş, 1900-dən artıq istehsal təyinatlı obyekt tikilib istifadəyə verilmişdir. Sahə üzrə məhsulların istehsalında əldə edilmiş kəmiyyət və keyfiyyət artımı bir sıra məhsulların xarici ticarət dövriyyəsində də əks olunmuş, ölkənin ixrac potensialını daha da möhkəmləndirmişdir. Bütün bunlar, həmçinin, qeyri-neft sənayesinin şaxələndirilməsi, innovasiya xarakterli texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi sayəsində baş vermişdir.

Qeyri-neft sənaye sahələri əmək və elm tutumludur. Buradakı inkişaf kütləvi iş yerlərinin yaradılmasına, yerli təbii və torpaq resurslarından geniş istifadə edilməsinə, regionların tərəqqisinə daha geniş imkanlar açır, əhalinin mədəni və intellektual səviyyəsinin artırılması üçün əlverişli şərait yaradır. Nəticədə, daxili bazarın tələbatı ödənilir, ixrac potensialı artırılır, beləliklə də, cəmiyyətin çox böyük bir hissəsi daha təminatlı həyat tərzinə qovuşur.

Tədqiqatın bu bölümündə qeyri-neft sənayesinin prioritet istiqamətləri kimi maşınqayırma və metal emalı, metallurgiya, kimya, toxuculuq və tikiş sənayesi, ağacdan, dəridən məmulatlar və ayaqqabı istehsalı, tikinti materiallarının istehsalı sahələrindəki müəssisələrin fəaliyyəti də tədqiq edilmiş, onların spesifik xüsusiyyətləri və davamlı inkişaf üçün perspektiv hədəfləri göstərilmişdir.

«Sənaye sahələrinin əsas elementi olan istehsal müəssisəsinin inkişaf etdirilməsi strategiyası» adlanan ikinci hissədə istehsal müəssisəsinin əsas göstəricilərinin ətraflı təhlili aparılmış və bazar münasibətləri şəraitində onların inkişaf etdirilməsi üçün praktiki modelin işlənməsinin vacibliyi əsaslandırılmışdır. Göstərilmişdir ki, ölkə iqtisadiyyatının üstünlüyü və əhalinin maddi rifahı məhz mikroiqtisadi pillədə - istehsalat müəssisəsində yaradılır. Bazar iqtisadiyyatı şəraitində isə klassik idarəetmə metodları istehsalat müəssisəsinin işini düzgün istiqamətə yönəltməyə imkan vermir. Aparılan geniş təhlil işləri və xarici təcrübənin öyrənilməsi nəticəsində tövsiyə edilir ki, bazar iqtisadiyyatı şəraitində istehsalat müəssisəsinin səmərəli fəaliyyəti, bazar tələblərinə uyğun inkişaf etdirilməsi və rəqabətə dözümlü olması məsələləri «strateji planlaşdırma» adı almış iqtisadi yanaşma metodologiyası və praktikası əsasında həll edilə bilər.

Kitabın «Strateji planlaşdırmanın qeyri-stabil bazar iqtisadiyyat şəraitində səmərəli tətbiqi mexanizmləri» adlanan üçüncü hissəsində strateji planlaşdırma sisteminin səmərəli tətbiqi mexanizmləri kimi müəssisənin perspektivliyi göstəriciləri, rəqabətqabiliyyətinin yüksəldilməsi, diversifikasiya imkanları təhlil edilmiş və onların yaxşılaşdırılması yolları göstərilmişdir.

«Ölkənin qeyri-neft sənaye sahələrində son illər həyata keçirilən uğurlu layihələr» adlanan sonuncu hissədə strateji planlaşdırma prinsipləri əsasında respublikada son illər həyata keçirilən elektroenergetika təyinatlı rəqabətqabiliyyətli maşın və avadanlıqların texnopark konsepsiyasına əsaslanan istehsalının təşkili, neft-mədən maşınqayırma və qara metallurgiya sənayesi müəssisələrinin modernləşdirilməsi, kənd təsərrüfatı texnikasının və avtomobillərin yığımı istehsalının və müasir texniki xidmətin təşkili layihələri üzrə tədqiqatların nəticələri öz əksini tapmışdır.

Qeyd olunmalıdır ki, qeyri-neft sənayesi sahəsindəki istehsal müəssisələrinin inkişaf etdirilməsi yolları müəllifin müntəzəm tədqiq etdiyi əsas mövzularındadır. Belə ki, bundan əvvəl S.İsmayılovun «Keçid iqtisadiyyatı şəraitində sənaye müəssisəsinin yenidən təşkili və inkişafı» (Реформирование и развитие промышленных предприятий в условиях переходной экономики». Баку, «Элм», 2006) monoqrafiyası rus dilində çapdan çıxmışdır. Monoqrafiyanın adından da göründüyü kimi, burada bazar iqtisadiyyatına keçid dövründə planlı iqtisadiyyatın tələb və təkliflərinə uyğun olaraq respublikamızda uzun müddət fəaliyyət göstərmiş qeyri-neft sənayesi müəssisələrinin problemləri ətraflı təhlil edilmiş və vəziyyətdən çıxış yolları elmi və praktiki cəhətdən əsaslandırılmışdır. Müəllifin yeni kitabı isə artıq bazar iqtisadiyyatının tələbləri çərçivəsində fəaliyyət göstərən müəssisələrin qarşısında duran məsələlərə həsr olunmuşdur.

Hesab edirik ki, bu kitablar qeyri-neft sənaye istehsalı sahələrində çalışanlar, elmi işçilər, iqtisadçılar, ali məktəb tələbələri, həmçinin, geniş oxucu kütləsi üçün faydalı olacaqdır.

Hörmətli Səyyaf müəllimi «Azərbaycanın qeyri-neft sənayesinin inkişafında yeni mərhələ» monoqrafiyasının çapdan çıxması münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

161.Qeyri-neft sənayesi yeni inkişaf mərhələsində (məqalə-resenziya) Azərbaycanın vergi jurnalı. Bakı: № 1, 2012, 0,2 ç.v.