gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / NEFTQAZÇIXARMADA AMORTİZASİON PROSESİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN YENİ METODOLOJİ ASPEKTLƏRİ

09.02.2012

AMEA İqtisadiyyat İnstitutu i.e.n. E.M.Hacızadə

    Azərbaycanın milli neft industriyasının köhnə yataqlar sektoruna mənsub quruda neftqazçıxarma kompleksində istehsal xərclərinin miniumlaşdırılmasında, məhsulun maya dəyərinin normativ təyinatında amortizasion prosesin optimallaşdırılmasının mühüm rolu vardır. Balans dəyərinin əksər hissəsini əsas istehsal fondları təşkil edən xüsüsi yüksək fondtutumlu təşkilatda hər bir aktivin potensialından dolğun istifadə istehsal səmərəliliyinin artırılmasına xidmət edir. Kompleksdə istehsal artımını təminetmədə fondların renovasiyası, texnoloci yeniləşmə, innovasion nailiyyətlərin tətbiqi öncül mövqedə dayanan səmərəlilik atributlarındandır.
    Əsas funksiyası təkrar istehsalı təmin etməklə aktivlərin bərpasını reallaşdıran amortizasiya prosesi əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və bütün digər təsərrüfat aktivlərinin istehsal məhsulunun xərclərinə hissəvi qatılması metodu olub, onların sonrakı istifadəsi üçün istehlak əvəzlənməsini qaynaqlandırır. Amortizasiya prosesində mühüm cəhət əsas fondların təkrar istehsalını təmin edən pul ehtiyatlarından ibarət sadə təkrar istehsalda aşınmış vasitələrin dəyərinə uyğun yeniləri ilə əvəzlənməsini ifadə edən müvafiq amortizasiya fondunun yaradılması ilə bağlıdır. ETT-nin yüksələn templəri isə amortizasiya prosesində əsas fondların təkrar istehsalının genişlənməsini daha da stimullaşdırır. Amortizasiya strategiyasında əsas xarakterik xüsusiyyət kimi amortizasiya normalarının rasional istismar müddətinə uyğun proporsional bölgüsünün təyinatı çıxış edir. İstismar müddəti texniki şərtlərlə mərkəzi qaydada əsasən aşağıdakı göstəricilər üzrə təyin olunur:
  gözlənilən fiziki aşınma (istismar rejimindən, təbii və xarici mühit təsirlərindən;
  normativ hüquqi və digər məhdudlaşdırmalardan  (icarə müddəti).
Amortizasiya strategiyası ənənəvi olaraq xətti-bərabərölçülü, qeyri-xətti, proporsional və reqressiv metodları əhatə edən təsnifata malikdir. Dünya praktikasında bununla yanaşı həmçinin daha geniş yayılmış amortizasiya metodları: kompensasiyalı, dəyərin silinməsinin bərabərölçülü və sürətli metodu, görülmüş işlərin həcminə proporsional olaraq köhnəlmənin hesablanması metodu, kommulyativ dəyərin qalıq miqdarı ilə silinməsi metodu və azalan qalıq metodları da geniş intişar tapmışdır. [1,2,4] Yeni iqtisadi sistemə keçid respublikamızda əsas fondların amortizasiyasında daha mütərəqqi metod və formalardan istifadəyə təkan vermişdir. Ölkədə 1998-ci ildən amortizasiya hesablanmasının açıq metodunun tətbiqinə başlanılmışdır. Bu metodika artıq təkmilləşmə prosesi keçərək ölkənin vergi məcəlləsində geniş məzmunda təsbitini tapmışdır. Yeni metodika sürətli amortizasiya ayırmalarına və digər taktiki seçim formalarına imkanlar açır. Ənənəvi metodlardan fərqli olaraq yeni amortizasiya formaları məhsulun maya dəyərinə, mənfəətə, maliyyə dayanıqlılığına təsir edərək liberal təzahürdə əks olunur.
Neftqazçıxarmada amortizasiya strategiyasının özünəməxsus cəhətləri vardır. Əsas kapitalın amortizasiyasının elastikliyi, investision münasibətlər, yüksək fondtutumluluq və digər bu kimi çeşid müxtəlifliyi onu başqa sahələrdə tətbiq edilən amortizasiya prosesindən daha çox fərqləndirən cəhətlərdəndir. İnkişaf etmiş bazar ölkələrində bütün sahələrdə olduğu kimi, neft industriyasında da amortizasiya həm mühasibat və həm də maliyyə hesabatlarında bütün aktivlərə müvafiq qəbul olunmuş şkala üzrə aşınma nəzərə alınaraq hesablanır. ABŞ-dan fərqli Fransanın neft sənayesində amortizasiya dövriyyəsində nəzərdə tutulan güzəştlər onu daha əlverişli edir. Burada aşınma adı altında bütün elementlər bir maddədə birləşərək vergi yükünün azalmasına xidmət göstərir.[3,6,7]
Respublikamızda sürətli amortizasiya təşkilatın uçot siyasəti əsasında müəyyən olunur. Lakin vurğulanmalıdır ki, yeni amortizasiya qaydaları heç də bazar prinsiplərini dolğun əhatə etmir. Burada universal qaydalara yetişmədə bir sıra seqmentlərin diapazonunun genişləndirilməsi ehtiyacı gündəlikdə durur. Eyni zamanda amortizasiya ilə bağlı qanunvericilik neft-qaz industriyasının sahəvi özəlliklərini də bütövlükdə yedəyinə almamışdır. Neftqazçıxarmada amortizasiya prosesində mühüm məsələlərdən biri kapitalın dəyərinin ödənilməsi, əsas fondların amortizasiyası və istehsal xərclərində onların optimal əks etdirilməsi problemidir. Bu prosesdə digər bir cəhət də milli iqtisadiyyatımızda, o cümləndən neftqazçıxarmada da amortizasiya sisteminin yalnız əsas vəsaitləri və qeyri-maddi aktivləri əhatə etməsi ilə bağlıdır. Bu məqam isə aktivləri konservativ həyata kökləyir. Fikrimizcə, amortizasiya ilə bağlı qanunvericiliyin müasir durumu milli neft sənayemizin, xüsusən də köhnə istismar sahələrinin davamlı inkişafı üçün yetərli sayıla bilməz. Köhnə yataqlarda qurğuların, avadanlıqların son dərəcə fiziki və mənəvi aşınması, o cümlədən pozulmuş renavasiya prosesini tarazlı həddə gətirmək üçün sahə ilə bağlı amortizasiya tsiklini həyata keçirən əlahiddə müvafiq normativ-aktlar işlənib hazırlanmalıdır.
Cəmiyyətin məhsuldar qüvvələrinin maddi və milli sərvətin çox dəyərli hissəsini təşkil edən əsas fondlar ümumi təkrar istehsal prosesinin həlledici şərti və əmək məhsuldarlığını, istehsalın səmərəliliyini, iqtisadi qüdrəti artıran mühüm amil kimi çıxış edir. Neft-qaz sənayesində əsas  istehsal fondları yeraltı və yerüstü olmaqla iki qrupa ayrılır və onların inkişafı iki metodda, natural həcmin genişlənməsi və köhnə əmək vəsaitlərinin yeniləri ilə əvəzlənməsi, modernləşmədə əksini tapır. Əsas fondlar istehsal sferasından başlayaraq tədavül sferasında aşınaraq istehsal formasından əmtəə formasına, tədavül sferasından amortizasiya ayırmalarının yaratdığı fonda daxil olmaqla əmtəə fondundan pul fonduna və nəhayət, növbəti çevrədə amortizasiya fondundan yeni əsas fondlara çevrilməklə üç fazada dövriyyə edir. Əsas fondlar üç əlamətdar göstərici, artım - il ərzində daxil olan əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə olan əsas vəsaitlərin dəyərinə nisbəti, yeniləşmə - il ərzində daxil olan əsas vəsaitlərin dəyərinin ilin sonunda əsas vəsaitlərin dəyərinə nisbəti və çıxışda - il ərzində istismardan çıxan əsas vəsaitlərin dəyərinin ilin əvvəlində əsas vəsaitlərin dəyərinə nisbətində ehtiva olunur. Bu göstəricilərin təhlil və tətbiqi yüksək fondtutumu ilə fərqlənən neftqazçıxarmada olduqca əhəmiyyət daşıyır. Əsas fondların çeşidi baxımından da xüsusi fərqlərə malik neftqazçıxarma sektorunda renavasiya prosesi indiki keçid dövründə həm fiziki, həm də mənəvi aşınmanı əhatə etməklə çox ləng gedir.
Aşağıdakı cədvəldə QNQÇİB-də 1995-2001-ci illərdə müvafiq göstəriciləri şərtləndirən rəqəmlər verilmişdir.
   
    Quruda neftqazçıxarma kompleksində 1995-2001-ci illərdə əsas fondların hərəkətini təyin edən faktiki göstəricilər
    (milyon manatla)
 

İllər

Daxil olmuş

ƏF-lərin dəyəri

İlin əvvəlinə ƏF-lərın dəyəri

İlin sonuna ƏF-lərın dəyəri

istismardan çıxan ƏF-lərın dəyəri

1995

41776,5

199123,7

232182,6

8717,6

1997

242142,0

2993979,0

2775984,0

460137,0

1999

209818,0

2775984,0

2385637,0

889084,0

2001

444260,6

3064903,0

2649394,8

109325,5


   
   
    Yuxarıda qeyd olunun göstəricilər üzrə kompleksdə tərəfimizdən hesablanan artım, yeniləşmə və çıxış əmsallarının müvafiq illər üzrə faktiki görüntüsü aşağıdakı cədvəldə ifadəsini tapır.
   
   
    Quruda neftqazçıxarma kompleksində 1995-2001-ci illərdə əsas fondların faktiki artım, yeniləşmə və çıxış əmsalları

 

İllər

Artım

Yeniləş

Çıxış

1995

0,02

0,18

0,04

1997

0,08

0,09

0,15

1999

0,08

0,09

0,32

2001

0,15

0,17

0,04


   
    Alınan faktiki nəticələri cədvəldən seyr etdikdə aydın görünür ki, əsas fondları kompleksdə xarakterizə edən əmsal göstəricilər olduqca kiçikdir. Bu isə o deməkdir ki, əsas fondların passivliyi fonunda birbaşa zəruri istehsal fasiləsizliyi ilə əlaqədar hətta işləklərinin belə yeniləşməsi ləng templidir. Bununla belə, göstəricilərdə cüzü dinamizmin olması da nəzərə çarpır. Dayanıqlı maliyyə şəraiti və normal amortizasiya strategiyasında bu göstəricilərin kompleksdə bir neçə dəfə yüksəldilməsi imkanları mövcuddur.
    Əsas fondların spesifik təhlilində onların yararlılıq, növbəlilik, avadanlıqlarla yüklənmə, dəzgah parkından intensiv istifadə və digər göstərici və əmsallar da tətbiqini tapır. Bu göstəricilər müvafiq maşın və avadanlıqların ayrıca səmərəlilik aspektini ifadə edir və daha çox müəssisə səviyyəsində təhlildən keçir. Fondlardan istifadənin təhlilində ümumi dəyər, nisbi və natural göstəricilərdən də istifadə olunur. Burada daha çox geniş istifadə arealına malik fondtutumu və fondverimi göstəricilərinin təhlili də səmərəli fəaliyyətin təyinatında əhəmiyyətlidir. Fondverimi fəaliyyətdə olan fondlar səviyyəsinin təhlili üçün tətbiq edilir. Neftqazçıxarmada fondverimi il ərzində hasil edilən neft və qazın dəyərinin əsas fondların orta illik dəyərinə nisbəti ilə müəyyən olunur. Fondtutumu isə fondveriminin əksi olmaqla əsas fondların dəyərinin həcminin nəzərdə tutulan məhsul buraxılışına müvafiqliyini təyin edir. Bu baxımdan fondtutumu yeni yataqların açılışı və perspektiv ehtiyatların mənimsənilməsi üçün istifadə olunur. Aşağıdakı qistoqramda quruda neftqazçıxarma kompleksində 1995-2001-ci illərdə fondverimi və fondtumunu faktiki xarakterizə edən göstəricilər verilmişdir.
   
    Quruda neftqazçıxarma kompleksində 1995-2001-cu illərdə fondverimi və fondtumu göstəriciləri
   

 

 

İllər

Fondverimi

Fondtutumu

1995

1,407

0,71

1997

1,880

0,53

1999

2,523

0,40

2001

2.687

0,38


   
    Müşahidələr göstərir ki, istehsalat kompleksində əsas fondların səmərəli istifadəsini səciyyələndirən təhlil prosesi elmi-tədqiqat məzmunlu işlərdə əksini tapmada istisna olmaqla geniş vüsətli deyildir. Məhz belə passivlik əsas fondların istifadəolunmanın səmərəsizliyini artıtan məqamlardandır.
    Keçid mərhələsində əsas fondların səhmləşmə və özəlləşməyə hazırlıqla bağlı mürəkkəb və çətin məsələlərindən biri də onların dəyərinin yenidən qiymətləndirilməsidir. Məlumdur ki, yüksələn inflyasiya templəri dövləti amortizasiyanın indeksləşməsi metodunun tətbiqinə rəvac verir. Bu da amortizasiya ayırmalarının əsas fondların yenidən qiymətləndirilməsi ilə onların təkrar istehsalı arasında məbləğ fərqinin həcminin yüksəldilməsinə xidmət edir. Qeyd olunmalıdır ki, Sovetlər İttifaqı zamanı quru ərazilərində istismarı həyata keçirən kompleks - Quruda Neftqazçıxarma İstehsalat Birliyinin sələfi «Azneft» İstehsalat Birliyində 1925, 1960, 1972-ci illərdə yenidən qiymətləndirmə prosesləri keçirilmişdir. Bundan başqa, 1990-cı illərin əvvəllərində tüğyan edən hiperinflyasiya və milli valyutanın dövriyyəyə buraxılışı 1992 və 1996-cı illərdə əsas fondların yenidən qiymətləndirilməsinə səbəb olmuşdur. Normativ-hüquqi bazanın qeyri-təkmilliyi, müəyyən təcrübə kasadlığı şəraitində sonuncu dəfə aparılan yenidənqiymətləndirmələrin isə mükəmməllik və keyfiyyət aspekti mübahisəlidir. Bazar iqtisadiyyatı şəraitində bütün nemətlərə aid olduğu kimi əmək vəsaitinin də qiyməti tələb və təklifin təsiri ilə təyin edilir. Təcrübədə yenidən qiymətləndirmə iki metodla,  ekspert və qiymət indeksi sistemi ilə müəyyən edilir.[5,6] Ekspert metodu əvvəlcə hazırlanmış metodika əsasında yaradılan səlahiyyətli komissiyanın təqdimatı ilə reallaşır. İndeks metodu obyektin balans dəyərinin qiymət indeksinə vurulması ilə hesablanır. Lakin bütün respublikada olduğu kimi, quruda neftqazçıxarma kompleksində də yenidənqiymətləndirmə indeks metodu əsasında aparılmış və mütləq gerçəkliyi ifadə etməmişdir. Yəni bir sıra əsas fondlar həqiqi likvidliyindən az, digərləri isə öz müasir analoqlarının bazar qiymətlərindən də çox dəyərləndirilmişdir. Lakin proses çoxdan başa çatmışdır.  Onun nəticələri isə hasil edilən neftin istehsal xərclərində tutumlu olaraq əksini tapmış və məhsulun maya dəyərini bir qədər də artırmışdır. Bununla yanaşı keçid mərhələsinin dərinləşməyən hüquqi təminatları yeni əsas fondların alınmasında subyektiv maraqları ifadə edən yüksək qiymətin tətbiqinə imkan vermişdir.
    Qiymətləndirmə özü olduqca mürəkkəb və çətin prosesdir. Ölkədə bu sahənin inkişafı üçün hələ çox işlər görülməlidir. Xüsusən qiymətləndirmənin normativ-hüquqi bazası yaradılmalı, müstəqil qiymətləndiricilər institutu formalaşdırılmalıdır. Bazar iqtisadiyyatının prinsipial tələbləri əsas fondların mütəmadi yenidən qiymətləndirilməsini, onun daim dəyişən real bazar qiymətinin müəyyənləşdirilməsini şərtləndirir. Qabaqcıl bazar ölkələrinin təcrübəsi göstərir ki, inflyasiya həddinin 10%-lik çərçivədən çıxması yenidənqiymətləndirməni labüd edir. Yaxın gələcəkdə kompleksdə səhmləşmə aparılacağı təqdirdə burada əsas kapitalın yenidən qiymətləndirilməsi zərurətə çevriləcək və proses daha çox ekspert hesablamalarına köklənəcəkdir.
    Sovetlər İttifaqı zamanı «Azneft» İstehsalat Birliyində əsas fondların yeniləşməsi sabitləşmə fondu və müəyyən məqamlarda özünü maliyyələşdirmə, özünü təminat dövründə isə xüsusi fondlar yaratmaqla həllini tapırdı. Müasir mərhələdə də fondyaratma sistemi mövcud olsa da, simvolik xarakter daşıyır. Səngiməyən ödəməmələr prosesi belə fondların maliyyələşməsini mümkünsüz edir. Bu səbəblərdən də analoji fondlar üzrə banklarda xüsusi hesablar açılmır və amortizasiya kapitalından səmərəli istifadə edilməsi məhdudlaşır. Belə olan şəraitdə əsas fondların yeniləşməsi strateji planlaşdırmaya, maliyyə planına istinadən deyil, konyunktur vəziyyətlə taktiki həllini tapır. İqtisadi çətinliklər maliyyə resurslarının məhdudluğu ilə əlaqədar çox zaman yerlərdə amortizasiya kapitalı təşkilatın cari ehtiyaclarına xərclənməsinə səfərbər edilir. Belə olan təqdirdə istehsalın amortizasiya hesabına investisiyalaşması prosesi pozulur. Əgər amortizasiya fondunun tam təyinatlı formalaşdırılması strategiyasına yenidən keçid baş verərsə, onun səmərəli və təyinatlı istifadəsi reallaşar, planlaşdırılan kapital qoyuluşlarının maliyyələşməsinə mənfəət və borc kapitalının cəlb edilməsi azalardı.
   
    Aparılan təhlil bir daha yəqinlik gətirir ki, kompleksdə istehsal xərclərinin optimallaşdırılmasında aktivlərdən səmərəli istifadədə amortizasiya strategiyasının əhəmiyyəti yüksəkdir. Sahəvi kontekstdə özünəməxsus cəhətləri ilə fərqlənən amortizasiya strategiyası istehsal artımının təmin edilməsində, maya dəyəri və qiymət təyinatında ön mövqedə çıxış edən iqtisadi kateqoriyalar sırasındadır. Kompleksdə bütün aktivləri ehtiva edən real amortizasiya fondunun yaradılması, dünya iqtisadi arenasında təcrübələndirilən qabaqcıl amortizasiya metodlarından istifadə daha elastik və sürətli amortizasiya siyasətinin aparılmasına yardımçı olacaq, renovasiya prosesinə impuls verərək innovasion nailiyyətlərdən istifadənin şəbəkəsini genişləndirəcəkdir.

Ədəbiyyat

1.Баканов М.И., Шеремет А.О. Теория экономического анализа, М: Финансы и Статистика, 1999. 2.Егоров В.И., Победоносцева Н.Н., Павлинич Э.А., Сырамятников Е.С. «Экономика нефтегазодобывающей промышленности, М: Недра, 1984.
3.Чечин Н.А. Методы анализа эффективности использования основных фондов и производственных мощностей предприятий нефтегазо-добывающего комплекса, Самара: СГЭА, 1999.
4.Щуко Л.П. Амортизация имущество организации, Санкт-Петербург: «Герда», 1999.
5.Экономика предприятия.n под редакцией проф. Н.А.Сафронова, М: Юристъ, 1999.
6.Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı-Elm, 2002.
7.Hacızadə E.M., Paşayev T.Ə. Neft-qaz sənayesində yeni bazar mexanizmlərinin formalaşdırılması istiqamətləri, Bakı-Elm, 2000.

Xülasə

Məqalə quruda neftqazçıxarma kompleksində iqtisadi səmərəliliyin artırılmasında amortizasion prosesin təkmilləşdirilməsinin yeni metodoloji aspektlərinin tədqiqinə həsr olunmuşdur. Tədqiqat işində konkret olaraq amortizasion prosesin optimallaşdırılmasında yeni strategiyanın işlənməsi, mütərəqqi iqtisadi metodlardan istifadənin genişləndirilməsi əsaslandırılmış və praktiki tətbiq üçün müvafiq tövsiyələr verilmişdir.


48.Neftqazçıxarmada amortizasion prosesin təkmilləşdirilməsinin yeni metodoloji aspektləri. Аzərbayсanın iqtisadiyyatı yüksəliş yolunda. АMEА-nın İqtisadiyyat İnstitutu. /məqalələr toplusu/ II (XI) Bakı-2002. 0,5 ç.v.