gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / TƏHLÜKƏSİZLİK KONDOMİNİUMU VƏ YENİ MALİYYƏ ARXİTEKTURASI

30.01.2012

 E.M.Hacızadə

Fars körfəzi XX yüz illiyin son 30 ilində qlobal dünyanın siyasi, sosial və hərbi planda ən gərgin regionlarından biri kimi tanınmışdır. Geolstrateji mövqeyi ilə yanaşı planetin ən zəngin neft və qaz yataqlarının buradakı mövcudluğu onun iqtisadi cəlbediciliyini daha da artıraraq böyük dövlətlərin siyasi maraqlarının toqquşduğu məkana çevirmişdir. Bu səbəblərdəndir ki, uzun tarixi bir dövr ərzində burada iri miqyaslı hərbi əməliyyatlar keçirilmiş, dağıdıcı müharibələr aparılmışdır. Nəticədə regionun sürətlə silahlanmasına rəvac verilmiş, proses xarici qüvvələrin müdaxiləsi ilə müşayiət olunmuşdur.
Planetdə istehsal olunan neftin 25%-ni hazırda Fars körfəzi ölkələri təmin edirlər. Gələcəkdə bu pay daha da artacaqdır. Körfəz zonasında nə az, nə çox - kəşf olunmuş dünya neft ehtiyatlarının 2/3-i cəmləşmişdir. Bununla belə, regionda ənənəvi hasilat təbii olaraq son dərəcə rentabelli şəbəkədə təşəkkül tapmışdır. Burada çıxarılan hər barrel neft digər zonalarla müqayisədə 5 və bəzən 10 dəfə ucuz istismar məsrəflidir. Elə bu səbəbdəndir ki, müvafiq istehsal səmərəliliyinə rəğmən son 50 il ərzində dünya iqtisadi sistemi yüksək səviyyədə baha olmayan neft istehlakına köklənmişdir. Ənənələşən sistemin dağılması isə öz növbəsində bütün dünya təsərrüfatının kollapsı - ani çökməsi ilə nəticələnə bilər.
Karbohidrogen ehtiyatlarına olan tələbinin mütəmadi yüksəlişi bölgənin müvafiq fenomeninin əhəmiyyət çevrəsini və təsir gücünü daim genişləndirir. Qlobal iqtisadiyyata bu qədər yüksək dərəcəli təsiretmə imkanına malik region ölkələrinin isə həmən potensial effektindən öz milli mənafeləri üçün dolğun və optimal istifadə etmələrini söyləmək çətindir. İlk baxışda regionun əksər ölkələrində sosial-iqtisadi həyatın universal standartlar səviyyəsinə yetişdiyi görünür. Lakin bəşəri rifahın qət edilmiş müasir tələbli göstəricilər şəbəkəsinə nəzər yetirdikdə buradakı ümumi sosial səviyyənin Qərbdəki analoqlarından bir sıra ölçülərdə müəyyən geriliyinin şahidi olursan. Bu gerilik isə sosial infrastrukturun, nəqliyyat-kommunikasion şəbəkənin, insan kapitalından istifadənin, təhsil və elmin, texnoloji tərəqqinin yetərli inkişaf etməməsi ilə daha çox əlaqələndirilir. Məsələnin köklü və qısa zamanlı həll perspektivi regionun bütün mövcud maddi və mənəvi resurslarının vahid toplumda aktiv dövriyyəyə gətirilməsini şərtləndirir. Bu strategiyada isə başlıca rolu regional inteqrasiyanın təkmilləşməsi və daha da dərinləşməsi faktoru ifa edə bilər.
Məlumdur ki, regionda birgə əməkdaşlıq kontekstində ərəb ölkələrini təmsil edən Fars Körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası /FKƏDƏŞ/ fəaliyyət göstərir. Çox zaman Yaxın Şərqin neft krallarının «dəyirmi masası» adlanan bu quruma körfəzdəki nefti ilə üçüncü, təbii qaz ehtiyatları ilə birinci sırada dayanan, nəhəng ərazili, çoxsaylı insan potensiallı, möhtəşəm hərbi gücə malik İran İslam Respublikası daxil olunmamışdır. Coğrafi və geosiyasi mövqeyinə görə İran regionda Fars körfəzi ilə Mərkəzi Asiya, Qafqaz, Türkiyə, Rusiya və ümumilikdə Avroasiya makroregionunu birləşdirən bir bənd kompozisiyası yaradır. Praqmatizmi ilə seçilən ölkənin nüfuz dairəsi, mühüm siyasi gücə maliklik faktoru ona regiona daha çox təsiretmə imkanı verir. Son illərin beynəlxalq təcrübəsi göstərmişdir ki, regionun başlıca problemləri İranın iştirakı olmadan dolğun həllini tapa bilməz. Buna görə də İranın FKƏDƏŞ-ə qovuşması aspekti yetişən tarixi bir zərurət kimi qiymətləndirilməlidir. Belə olan təqdirdə birgə sahiblik - kondominum təhlükəsizlik əsasda qurulacaq bu birlik, adlanışdan başlayaraq bütün sahələrdə məhsuldar sienerji effekt yaradacaq,  potensialdan daha rasional istifadəni, səmərəli lokal idarəçiliyi gerçəkləşdirərək regional xarici müdaxilələri təcrid edəcəkdir. Yeni institusional təzahür regionda mübahisəli adalarla bağlı problemlərin çözülməsinə də mülayimlik gətirəcək, müştərək obrazlı məqbul çevik fəaliyyət şəbəkəsi yaradacaqdır.
Regional təhlükəsizliyin yeni sisteminin effektivliyinin təminatında burada Avropa Birliyində olduğu qaydada beynəlxalq iqtisadi inteqrasiyanın bütün beş həlqəsinin - azad ticarət zonası, ümumi bazar, iqtisadi, gömrük və valyuta ittifaqlarının formalaşdırılması gərəklidir. Hesab olunur ki, regional təhlükəsizlik kondominiumu hərbi potensialın vahid müdafiə alyansda mobilləşməsini də gerçəkləşdirəcəkdir. Lakin burada iqtisadi-maliyyə, elmi-texniki tərəqqini təmin edən institutların qurulması prosesləri ön sırada dayanmalıdır. Mühüm şərtlilik isə bölgənin neft potensialından əldə olunan gəlirlərdən daha səmərəli istifadədə İslam İnkişaf Bankının valyutası, dinar çevrəsində vahid regional monetar ittifaqın yaradılması ilə bağlanılır. Vurğulanmalıdır ki, Avropa Birliyi inteqrasiyanın son mərhələsinə qədəm qoyaraq avro adlanan valyutasını artıq dövriyyəyə çıxartmışdır. Cənub Şərqi Asiya ölkələri: başlıca olaraq Çin, Yaponiya və Cənubi Koreya «ittifaqı»nda da vahid valyuta «yapro»nun buraxılış ideyası qətiləşməkdədir. Yaranan gerçəklik isə körfəz dinarının dövriyyəyə çıxışı məsələsini daha da aktual edir. Region neftinə yeni qiymət reytinqi gətirən müvafiq monitar ittifaq bütünlükdə «dollar-avro» inhisarında olan qlobal maliyyə arxitekturasını köklü təbəllüdatlara uğradacaq, dünya iqtisadi sistemində oliqopolizasiyaya geniş meydan açacaqdır. Müvafiq strategiyanın təməl daşını körfəz neftinin gəlirləri əsaslandırsa da, toplum yeni təsisatlarla, maliyyə alətləri və iqtisadi mexanizmlərlə möhkəmləndirilməlidir. Burada regional qeyri-neft sektorunun inkişaf etdirilməsi, qabaqcıl texnologiyalara bağlanan yeni sənaye-innovasiya siyasətinin formalaşdırılması, sofitizasiyanın tərəqqisi zərurətləri üstün mövqelidir. Vahid gömrük rüsumları tətbiq etmək, maliyyə sistemində, fiskal və əmək qanunvericiliyində fərqlilikləri aradan qaldırmaqla İslam dəyərlərinə əsaslanaraq müştərək sahibkarlıq prinsiplərinə istinad olunan faizsiz banklar şəbəkəsi də genişləndirilməlidir. Yeni institusional sistem kamilliyə yetişdikdə şübhə yoxdur ki, bölgənin mühüm təşkilatları Qərb banklarında yerləşdirdikləri avuarları dinara çevirərək vətən iqtisadiyyatına sərmayə edəcək və beləliklə hökmlü və güclü yeni bir qlobal maliyyə məkanı formalaşdıracaqlar.
İslama sosialist sisteminin eqalitarizmi yaddır, fərdin işküzar uğuru isə salamlanır və mükafatlandırılır. İslam maliyyəsi və onun konfesial bank sistemi məhz bu cəhəti ilə fərqlənir. İqtisadi sferada ədalət prinsiplərini uca tutan İslam gözlənilməz risklə davam verən asimmetrik informasiyaya qadağa qoyur. Bununla belə, o riski mühakimə etmir.
Nəzərdən keçirilən strategiya heç də, Qərbin liberal modelli iqtisadi sisteminə qarşı qoyulmur. Məlum faktdır ki, yaşantısının bir neçə əsrlik tarixi ərzində liberal iqtisadiyyat dəfələrlə qlobal böhranlarla üzləşmiş, bir sıra məmləkətlərdə heç dayanıqlı tətbiqə vəsiqə belə qazanmamış, əslində isə onun potensialı tükənmə mərhələsinə daxil olmuşdur.
Yeni reallıqlar daha təkmil və mükəmməl model istəyindədir. Bu gün «üçüncü yol» adlanan dünya iqtisadi-siyasi sisteminin rekonstruksiyasında sosial-demokratiyanı əvəzləyən yeni təməl quruculuğuna keçiddə İslam modeli mühüm alternativ kimi çıxış etmədədir. Bununla bel,ə İslam iqtisadi-maliyyə modelinə bəşəri tərəqqinin həyat tələbli yaranışlarının istisnasını deyil, onlardan səmərəli istifadədə ən optimal etik normalarını birləşdirən, sivilizasiyaları dialoq və konsensusa yetişdirən sistem kimi baxılmalıdır.
Təqdim olunan regional təhlükəsizlik kondominiumunun yaranışı və onun işlək vəziyyətə gətirilməsinin təminatında Fars körfəzi bölgəsində sabitliyin və sülhün qorunması üçün ən yaxşı perspektivlər açılacaqdır. Regionda təşəkkül tapacaq yeni maliyyə arxitekturası isə qlobal dünyanın birqütblülük aspektini şaxələndirəcək, bəşəri sivilizasiyanın irəliləyişinə yeni stimullar qatacaqdır.

92.Cumdominium safety and new financial architecture. /Təhlükəsizlik kondominiumu və yeni maliyyə arxitekturası/ The 15th International Conference on the Persian Gulf: «Persian Gulf: Regional Sesurity & Cooperation in the Process of Changing World Politics». Tehran, March 1-2, 2005. Institute for political and International Studies. [Fars körfəzi: XV beynəlxalq konfrans. Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutu. Tehran-2005] 0,2 ç.v.