gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / AVTONOM FƏALİYYƏT VƏ TƏHLÜKƏSİZLİK PENTAQRAMI

14.01.2012

ADİU, Magistr hazırlığı mərkəzinin direktor müavini, i.e.n. E.M.Hacızadə

Yunan mənşəli istilah olaraq avtonomiya özüm - autos və qanun - nomos sözlərinin sintezindən yaranmış və məxsusi qanunauyğunluq mənasını ifadələndirir. Avtonomiyanın Azərbaycan dilindəki parafrazı muxtariyyət isə ərəb mənbəli muxtar - ixtiyarı olan, müstəqil, azad və sərbəst sinonimləri ehtiva edir. Ensiklopedik interpretasiyada muxtariyyət-avtonomiya - ümumdövlət konstitusiyası çərçivəsində, daxili özünü idarəetmə hüququ kontekstində dövlətin hər hansı bir hissəsinin dövlət-regional məsələlərinin müstəqil həll edilməsini şərtləndirən inzibati-ərazi qurumu kimi anlaşılır.
Unitar dövlət olaraq Azərbaycan Respublikası da inzibati və milli muxtar qurumlara malikdir. Müvafiq təsisatlandırmalar sırasında onun tərkib hissəsi kimi inzibati avtonomluq statusu ilə fərqlənən Naxçıvan Muxtar Respublikasının xüsusi önəmli yeri vardır. Bu spesifiklik isə başlıca olaraq onun coğrafi mövqeyi, anklav ərazi olması və həm də ayrıca bir iqtisadi rayon kimi adekvat sosial-iqtisadi mahiyyətə malikliyindən irəli gəlir.
Muxtariyyət statusunun rəsmiləşmə məqamı 1924-cü ildən başlansa da geoloji, inzibati ərazi və milli areal bölgüsündə Naxçıvanın sərhədlərinin «demarkasiyası» daha uzaq əsrlərə gedib çıxır. Bu bərəkətli diyarla dərin tanışlığı olanlar müvafiq yəqinlikləri daha müfəssəl bilirlər. Lakin bizim tədqiqat mövzusunu tarixi-coğrafi və sivilizasiya oriyentirli araşdırmalar deyil, yeni geosiyasi situasiyada sosial-iqtisadi inkişafın konseptual mahiyyətinə təmaslanan muxtar-regional prioritetlər təşkil edir. Müvafiq məqsədyönlük müasir məqamda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının 11 fevral 2004-cü il tarixli fərmanı ilə reallaşmaya vəsiqə alan «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı»ndan /2004-2008-ci illər/ qaynaqlanır. Lokal özəlliklərə uyğun olaraq mövcud potensialdan rasional istifadədə regionlarda yeni təsərrüfat strukturlarının yaradılması, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, mütərəqqi biznes fəaliyyətinin genişləndirilməsi və məşğulluqun mülayimləşdirilməsi ilə ölkə iqtisadiyyatının dinamik inkişafının davamlı təmin edilməsinin dövlət reqlamentasiya sənədinə çevrilən bu əməli fəaliyyət proqramının təməl prinsiplərini isə ümummilli lider möhtərəm Heydər Əliyev cənabları tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası təşkil edir.
*     *     *
Azərbaycanın dövlət müstəqilliyin bərpa edilməsi Naxçıvan Muxtar Respublikası üçün də yeni strateji aspektli tərəqqi üfiqləri açmışdır. Müasir sosial-iqtisadi qlobal gerçəkliklər vilayətin muxtariyyət statusunun təkmilləşdirilməsini, mərkəz və region münasibətlərinin daha maksimal mümkün inteqrativ paralellər üzərində inkişaf etdirlməsini və ümumilikdə dominant olaraq regionun tam avtonom fəaliyyət zolağına keçməsini şərtləndirmişdir.
   İnzibati-ərazi qurumlarda sosial-iqtisadi proseslərin tənzimlənməsi daim mürəkkəb məsələlər sırasında olmuşdur. Müasir industrial sistemin təşəkkülü və irəliləyişi müstəvisində də qlobal inkişaf ssenarisinə, sosial tərəqqi templərinə uyğun bitkin palitralı yerli resurslar bazasına maliklik və siyasi-iqtisadi potensiallıq faktorları yer almışdır. Öz ətalətliliyini qoruyub saxlayan müvafiq mürəkkəblik konfiqurasiyasında formalaşan yeni konyunktur məqam, məhdud resurslar çeşidində, ərazi bölgülərinin sosial-iqtisadi proseslərlə, mütərəqqi biznes-texnologiyalarla, regional menecment alətləri ilə idarə olunmasına əlavə stimullar gətirmişdir. Bu reallıqdan çıxış edərək ilk baxışda ərazi kompleksinin parametrləri, təbii ehtiyatların keyfiyyət və kəmiyyət çeşidinin, müvafiq insan resurslarının yetərli olmaması faktoru Naxçıvan Muxtar Respublikasının geniş diapazonlu avtonom-iqtisadi fəaliyyətinin inkişafına məhdudiyyətli görüntü gətirir. Lakin beynəlxalq təcrübənin analoqlarına nəzər yetirdikdə Yer planetinin oxşar qurumlarında davamlı sosial-iqtisadi tərəqqini reallaşdıran paradiqmaların mövcudluğunun şahidi olarıq. Görünən gerçəklik isə əsaslı olaraq bir neçə təməl üzərində qurulmuşdur. Buraya artan yetkin maddi-mənəvi istehlak tələblərinin reallaşdırılması əzmi, iqtisadi fəallıq, dövləti qayğı və yetərli dərəcədə də milli güc və enerji toplumunun mövcudluğu faktorları daxildir. Buna görə də resurslar məhdudluğu Naxçıvan Muxtar Respublikasında dа dayanıqlı inkişafı üçün heç də ön və son amil sayıla bilməz. Vilayətin regional inkişafının dayanıqlılığını təmin etmək üçün, həm daxili və həm də xarici olan iqtisadi qanaq elementləri yetərlidir. Ona görə də Naxçıvan Muxtar Respublikasının dövlət qayğısı və insan kapitalına, iqtisadi aktiv əhalinin gücünə, əlverişli inteqrasiya imkanlı mühit varlığına arxalanaraq analoji rifahları təşəkkül etmək real mümkünatlıdır.
   Sosial-iqtisadi situasiyanın hərtərəfli təhlili əsas verir ki, vilayətdə mövcud başlıca problemlər identifikasiya olunaraq regional inkişafı məhdudlaşdıran amillər müəyyən edilsin və yerli sosial-iqtisadi baza əsasında müvafiq tərəqqi strategiyası işlənib reallaşdırılsın. Yerli sosial-iqtisadi bazanı şərtləndirən başlıca komponentlər isə maliyyə, mülkiyyət, ekoloji resurslar və yerli bazar infrastrukturunda əhatə olunaraq strateji planlılıq əsasında 30-50 illik müddətləri hədəf seçməlidir. Bu strategiyanın işlənməsində müqəddəm şərtlər kimi ərazi qurumunun, təbii və iqtisadi potensialın, resurslar bazasının, regional və inteqrir bazarın müvafiq marketoloji tədqiqatlar və inventarizasiya prosesləri çevrəsində bir daha müfəssəl qiymətləndirilməsi ehtiyaclıdır. Simmetrik informasiya təminatlılığı əsasında isə maliyyə vəziyyəti, büdcə prosesi, investisiya maraqları dairəsi, iqtisadi çətinliklər spektri, sosial-demoqrafik situasiya, əhalinin həyat səviyyəsi və rifah problemləri, sosial infrastruktur mobilliyi təhlil və araşdırılmalar predmetinə çevrilməlidir. Mərkəzi dövləti dəstək, yerli qurumlar və sahibkarlar kapitalına istinad edərək yeni biznes texnologiyalarının tətbiqi regionda geniş iqtisadi səmərəliliyə potensial zəmin yarada bilər. Bütün bunlarla yanaşı vilayətin tam dayanıqlı avtonom fəaliyyətini əks etdirən müqabil təhlükəsizlik şəbəkəsi yaradılmalıdır. Nəzərə çəkilən müvafiq təhlükəsizlik şəbəkəsi isə Naxçıvan Muxtar Respublikasının özünün bütün maddi və mənəvi dəyər komponentlərində əhatə olunaraq fikrimizcə, pentaqram vəhdətdə aşağıdakı əsas beş təhlükəsizlik vektorunu əks etdirməlidir:
    milli təhlükəsizlik;
    iqtisadi təhlükəsizlik;
    ərzaq təhlükəsizliyi;
    energetik təhlükəsizlik;
    nəqliyyat-kommunikasion təhlükəsizlik.
   Milli təhlükəsizlik konsepsiyası siyasi doktrina olaraq dövlətin şəxsiyyət, ictimai və dövlət təhlükəsizliyini xarici təcavüzlərdən, terrorizmdən müdafiə edən kompleks tədbirlər sistemidir. İnsanların konstitusiya haqlarının və azadlıqlarının qorunması, onların fiziki, mənəvi, intellektual inkişafının təmin edilməsi, şəxsiyyət, hüquqi, sosial təminatlar, demokratik möhkəmlik kimi faktorlar, həmçinin ictimai asayişin, qanunçuluğun mühafizəsi, konstitutsion düzüm və suverenliyin bərqərar olunması, xarici əməkdaşlığın inkişafı dövləti maraqları ifadə edir.
   Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu diqqətə gətirərək milli təhlükəsizlik seqmentlərinin nüvəsi mərkəzi dövlətin funksional öhdəliklərinə istinad olunmalıdır. Bununla belə sadalanan seqmentlərin müştərək və lokal düzümdə reallaşması üçün yetərli mənbələr vardır və onların gerçəkləşməsi də məhz bu konstitusion çevrədən qaynaqlanmalıdır. Bunun üçün vilayətin militarizasiyası optimal həddə gətirilməli, idarəetmə sisteminin maddi və professional kadr təchizatı tam miqyaslı komplektləşdirilməlidir.
   İqtisadi sistemin dinamik, balanslaşdırılmış və effektiv inkişafını təmin edərək sosial problemləri mülayimləşdirən, əhalinin həyat səviyyəsinin yaxşılaşmasını stimullaşdıran iqtisadi təhlükəsizlik aspektində daha çox yerli resurslar fəal dövriyyəyə çıxarılmalıdır. Regionun iqtisadi təhlükəsizliyinin təminatı ilə bağlı bir sıra tədbirlərin görülməsi də vacib sayılandır. Bu tədbirlər strukturuna aşağıdakıları aid etmək olar:
    regionun iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsinin metodoloji yanaşmasının təyinatı;
    iqtisadi təhlükəsizlik hüdudlarını müəyyən edən, detallaşdıran indikatorların tapılması;
    böhranlar mənbəyini ayırd etməklə ərazinin iqtisadi təhlükəsizlik səviyyəsinin diaqnostikası;
    inteqrasion və sinergetik effektlərin təyini;
    iqtisadi təhlükəsizliyin proqramının işlənməsi.
Naxçıvan Muxtar Respublikasında iqtisadi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi yeni industrial siyasətin formalaşması, regional iqtisadi islahatların təkmilləşməsi və dərinləşdirilməsi taktikası ilə bağlanır. «Texnoparklar» və «Biznes İnkubatorları» şəbəkəsinin geniş tətbiqi, müasir elmtutumlu istehsal sahələrinin, sənaye komplekslərinin yaradılması, turizmin inkişafı iqtisadi təhlükəsizliyin növbəti bir qarantına çevriləcəkdir. İqtisadi təhlükəsizlik sferasında regionun balanslaşdırılmış və proporsional inkişafının təminatı, onun strukturunun optimallaşdırılması, müəssisələrin rəqabətqabiliyyətinin yerli və inteqrasiya olunan miqyasda yüksəldilməsi, münbit investisiya iqliminin formalaşdırılması, iqtisadiyyatın mümkün beynəlmiləlləşdirilməsi, məşğulluğun təminatı, sosial infrastrukturun inkişaf etdirilməsi də bu strategiyada gərəkli sayılmalıdır. Əlverişli investisiya mühiti yaradaraq mərkəzdə və ölkə dişarında yaşayan regiondan çıxmış milli sahibkarların kapitalının axın istiqamətini vilayətə daha çevik yönəltməklə yeni iqtisadi və sosial bazar infrastrukturu formalaşdırılmalıdır. Bununla belə Azərbaycan, İran və Türkiyə sərhədlərinin Naxçıvan qovşağında sərhəd ticarət zonası, muxtariyyətin mərkəzində isə offşorluğun müqabil nümunələri əsasında Azad İqtisadi Zona yaratmaq missiyasının gerçəkləşməsi də regional iqtisadi təhlükəsizliyi təminatlılığını artıracaqdır.
Yeni sosial-iqtisadi, elmi-texniki inkişaf təzahüründə Naxçıvan Muxtar Respublikası yalnız periferik qayğılarla deyil, həm də mühüm dövləti sifarişlərin yerinə yetirilməsinə səfərbər olunan müvafiq istehsal və servis zonasına da çevrilə bilər. Buna qətiyyətli nail olmaq üçün isə təhlil və elmi şərhi verilmiş texnoloji qaynaqlar vəhdətində milli regional inkişaf strategiyasının tam miqyaslı formalaşması və yüksək əzmkarlıqla reallaşması gerçək həllini tapmalıdır.
Ərzaq təhlükəsizliyi problemi iqtisadi təhlükəsizliyin tərkib hissəsi olsa da Naxçıvan Muxtar Respublikasının geostrateji fərqlilik xüsusiyyətləri burada ayrıca bir konsepsiyanın işləməsini səciyyələndirir. Regionun torpaq ehtiyatlarından səmərəli istifadədə bu problemi ilk müddətlərdə çeşidlilik zəminində olmasa da kalorilik parametrində həllinə nail olmaq imkanlıdır. Bunun üçün vilayətdə yeni irriqasiya sistemləri yaradılmalı və müvafiq meliorasiya tədbirləri görülməli, Araz, Arpa və Həkəri kimi çayların hidropotensialından səmərəli istifadə olunmalı, yeni suvarma sistemləri və anbarları inşa edilməlidir. Torpaqların su təminatı isə öz növbəsində əkinçilik, tərəvəzçilik, üzümçülük və yeni çeşidli kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirər, heyvandarlığın yem bazasının möhkəmləndirilməsini və hətta aqroturizmin inkişafını belə təmin etmiş olar.
Ərzaq təhlükəsizliyinin Naxçıvan Muxtar Respublikasında tam təminat problemi mütləq qaydada həllini tapmalıdır. Bununla belə vilayətin blokada, daim müharibə vəziyyətində olması şəraitini nəzərə alaraq 3-6 aylıq konturlarda ərzaq ehtiyatı fondları yaradılması zəruridir.
Təqdim etdiyimiz təhlükəsizlik pentaqramının ilk üç vektoru ümumi səciyyəlidir və bu sferada tədbirlər fəaliyyəti və müvafiq strukturlar müəyyən toplumda regionda mövcuddur. Lakin yeni gerçəkliklər təhlükəsizliyin kamil obrazını daha iki - energetik və nəqliyyat-kommunikasion vektorlarının da orbitə qoşulmasını qaçılmaz edir. Məhz bu vektorlar konfiqurasiyasında regionun təhlükəsizlik pentaqramını dolğunlaşaraq mobil obraz yaradır.
Energetik təhlükəsizliyin təminatında qeyri-ənənəvi mənbələrdən, külək və termal sular enerjisindən istifadə etmək imkanları mövcuddur. Fikrimizcə perspektivdə burada istilik-nüvə elektrik stansiyasının tikilməsi məsələsi də nəzərdən keçirilə bilər. Bizi heç də Atom Elektrik Stansiyasının ekoloji fəsadlılıq problemi qorxutmamalıdır. Artıq dünya elmində bu sahədə müvəffəq keçid əldə olunmuşdur. Planetin inkişaf imperativləri perspektiv enerji təminatında praktiki olaraq tükənməyən nüvə-istilik stansiyalarından istifadəni məqsəd və hədəf seçmişdir. Elmi, xammal-material və inşaat probemləri üçün isə inteqrasion cəbhədən təminatlar alına bilər. Lakin bütün bunların parktiki çətin olmasına baxmayaraq, yenə də Naxçıvan Muxtar Respublikasının yaxın 30-50 il müddətində energetik təhcizatını daha ümidli alternativlərdə təminatı üçün şərait və şərtləri mövcuddur. Bu perspektivliyin fövqündə isə Xəzərin karbohidrogen ehtiyatları dayanır.
Bingöldən başlayıb Naxçıvanda ərsəyə yetən Araz Xəzərə qovuşduğu kimi, Xəzərin bol neft və qazı da Bingöl yamaclarını aşaraq Naxçıvan ərazisinə yetişə bilər. Bunun üçün isə Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərlərini Türkiyə ərazisidən əllahiddə qol ilə Naxçıvan Muxtar Respublikasına gətirmək lazımdır. İllik həcmdə 1-2 milyon ton neft və eyni kəmiyyətdə də milyard kub metr qaz Naxçıvanı təmamilə yeni industrial bir məkana çevirə bilər, onun energetik təhlükəsizliyini tam təmin etmiş olar.
Hesab olunur ki, belə layihənin investisiya təminatını Azərbaycan öz üzərinə götürməlidir. Bu fikir ondan irəli gəlir ki, beynəlxalq investorlar ilk baxışda sırf lokal səciyyə daşıyan belə layihələrin reallaşmasında fəallıq nümayiş etdirməyəcəklər. Xəzərin karohidrogen resurslarının Ceyhan və Ərzurum kəmərləri ilə Naxçıvana dönüşü labüd həyati bir tələbdir və bu tələb çox qısa bir zamanda reallaşmaya məhkumdur. Bununla belə Naxçıvanda energetik və yanacaq xammalının 6 aylıq ehtiyat fondu yaradılmalı və müvafiq terminal inşa edilməlidir.
Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini şərtləndirən pentaqramın son vektoru nəqliyyat-kommunikasion təhlükəsizlik aspekti ilə qapanır. Bu vektor isə indiki blokadanın və gələcək oxşar kataklizmlərin mülayimləşdirilməsi və təcridi problemlərini həll edir.
Ermənistanın Azərbaycana məlum təcavüzü nəticəsində mərkəzi Naxçıvanla birləşdirən quru nəqliyyat kommunikasiyaları bağlanılmışdır. Sərnişin daşınmalar əsasən hava nəqliyyatının, yük daşınmaları isə avtomobil nəqliyyatının üzərinə düşmüş, dəmir yolu xətti regional və tranzit daşımalardan kənarda qalmışdır. Vilayətin dəmir yolu problemi Qarabağ probleminin çözülməsinin spekulyasiya predmetinə çevrilmişdir. Belə hal isə hələ də uzunmüddətli danışıqların mövzusu olacaqdır. Bunun üçün də Naxçıvan Muxtar Respublikasının dəmir yolu probleminin həllinin alternativ variantları araşdırılmalıdır. Belə ki, bu planda Astara-Tehran dəmir yolu xəttinin çəkilişini sürətləndirmək vacibdir. Layihə həyata keçdikdən sonra həmən dəmir yolu Naxçıvan-Culfa xətti ilə təbii olaraq birləşəcəkdir. Digər tərəfdən, Azərbaycan Gürcüstandan Türkiyəyə gedəcək dəmir yolu xəttinin çəkilişində də xüsüsi maraq nümayiş etdirməlidir. Bu dəmir yolunun məxsusi bir qolunu da Sədərək keçidindən Naxçıvan ərazisinə gətirmək olar. Bununla belə Gürcüstan və İran ərazisindən də keçən avtomobil yollarının genişləndirilməsi və bu xətlərdən intensiv istifadə üçün şəraitin yaradılması Naxçıvan Muxtar Respublikasının nəqliyyat kommunikasiya problemini və təhlükəsizliyini tam təmin edəcək, nəticədə böyük bir iqtisadi rayon alternativ və ümidli nəqliyyat sisteminə malik olacaqdır.
Naxçıvan Muxtar Respublikasının dayanıqlı avtonom fəaliyyəti üçün təqdim olunan pentaqram çərçivəsindən kənarda digər təhlükəsizlik sosial, ekoloji, informasiya indikatorları da yaradılmalıdır. Lakin aparılan tədqiqatların nəticəsi olaraq bəyan edilir ki, vilayətin tam davamlı avtonom fəaliyyətini ilk olaraq məhz milli, iqtisadi, ərzaq, energetik və nəqliyyat-kommunikasion təhlükəsizlik şəbəkəsi təmin edəcəkdir.


110.Аvtonom fəaliyyət və təhlükəsizlik pentaqramı. «Milli iqtisadi inkişafin Azərbaycan modeli» mövzüsunda beynəlxalq konfransin plenar iclasının materialları. IV kitab. (Bakı, 12-13 may, 2006) Bakı: «İqtisad Universiteti nəşriyyatı, 2007.-282 səh. 0,4 ç.v.