gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / BOLONİYA PROSESİ VƏ MAGİSTR HAZIRLIĞI PROBLEMLƏRİ

05.01.2012

ADİU, Magistr Hazırlığı Mərkəzinin
direktor müavini, i.e.d. E.M.Hacızadə

Ali təhsil mühüm sosial institut olaraq cəmiyyət tələblərinin ödənilməsində əsaslı rol oynayır və bununla da ictimai proseslərə, iqtisadiyyatın tərəqqisinə həyati təsir göstərir. Bəşəri sivilizasiyanın inkişaf meyillərinin fövqündə qərarlaşan milli dəyərlərin beynəlxalq açıqlılıq yüksəlişi də özünəməxsusluqla təhsil sistemində tədavül olunur. Ona görə də hər bir milli təhsil sistemi dünya elm və texnikasının hasil etdiyi universal standartlara yetişmək üçün özünün professional hazırlığını, tədris-texniki bazasını və ümumilikdə bütün resurs potensialının genişlənməsinə çalışır. Bununla da, ali təhsilin məzmunu unversallaşır və o, kütləviləşərək müasir informasiya texnologiyaları vasitəsi ilə planetin hər bir güşəsinə davamlı translyasiya olunur. Ali təhsilin Avropa məkanında da təmərküzləşməsi prosesi sürətlənir. Bu proses ötən əsrin sonlarında qlobal təhsil sistemində baş verən inqilabi dəyişikliklərdən qaynaqlanır. Cənubi Amerika gənсlərinin kütləvi surətdə elitar təhsil almaq üçün qlobal elm mərkəzlərindən biri ABŞ-a yollanmaları bu sferada yeni mərhələnin başlanmasına, təhsilin əsaslı olaraq iqtisadiyyatın müqabil sahəsinə çevrilməsinə səbəb olmuşdur. Belə vəziyyətdə qədim universitet təhsili ənənələri ilə məhşur Avropa rəqabət savaşından geri düşməmək üçün potensialını birləşdirmək qərarına gəlmişdir. 1999-сu ildə İtalyanın Boloniya universitetinin 9 əsrlik yubiley təntənəsinə gəlmiş rektorlar universitetlərin avtonomluğu, təhsillə elmin möhkəm bağlılığı və mövсud ənənəvi humanist dəyərlərin qorunması zəminində xartiya imzalamışlar. «Boloniya bəyannaməsi» adlanan və bundan irəli gələrək çox zaman «Boloniya prosesi» kimi ifadələndirilən bu xartiya 6 şərtlilik əsasında - iki pilləli təhsil səviyyəsinə istinad edən vahid Avropa standartlı ali təhsil, 2010-cu ilə qədər diplomların tanınması, təhsilin keyfiyyət meyarlarının işlənməsi və ona nəzarət, yığım formalı kredit sisteminin tətbiqi, proqram eyniliyindən irəli gələrək müəllim və tələbələrin bir ölkənin təhsil müəssisəsindən digərinə keçidini şərtləndirən mobilliyin artırılması və məzunların işlə təminatı kimi prinsipial tələbləri qarşıya qoyur. «Boloniya bəyannaməsi»nin ümumi mahiyyət prinsiplərinin əsasını məzunların biliyinin, akademik dərəcə və ixtisasların bütün kontinental əmək bazarının tələb çağrışlarına adekvatlığı, praktiki istifadə imkanlığı və bu təhsil sisteminə giriş asanlığı təşkil edir.
Azərbaycan da 2005-ci ildən «Boloniya bəyannaməsi»nə qoşulan ölkələr sırasındadır. Bu baxımdan da respublikada prezident İlham Əliyev tərəfindən milli təhsil sferasının bütün pillələrini əhatə edən struktur və institusional islahatlar strategiyası reallaşdırılır, ölkədə müasir qlobal tələblərlə səsləşən yeni, daha milli ruhlu «Təhsil haqqında» qanun hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılır və bu istiqamətdə çoxsaylı Dövlət təhsil proqramları həyata keçirilir. Bu islahatlar prosesində daha önəmli yeri milli təhsil ənənələrini inkişaf etdirməklə «Boloniya bəyannaməsi» üzrə öhdəliklərin yerinə yetirilməsi tutur. Bunun üçün Avropanın norma və standartlarına müvafiq olaraq ali təhsil sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, təhsilin maddi-texniki bazasının, informasiya təminatlılığının gücləndirilməsi, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müəllimlərin peşəkarlığının, mobilliyinin və sosial təminatlığının artırılması kimi vəzifələrin yerinə yetirilməsi gərəklidir. Prosesdə mühüm məsələlərdən biri də ixtisaslı mütəxəssis hazırlığının daha dolğun təmin edilməsi ilə bağlıdır.
Azərbaycanda artıq 10 ildən çoxdur mütəxəssis hazırlığının çoxpilləli sisteminə keçid edilmişdir. Hazırda respublikada bakalavr hazırlığı pilləsində mühüm nailiyyətlər əldə olunmuşdur. Konkret anlamda Azərbaycanın təhsil sistemində bakalavr hazırlığı mərhələsi büsbütün reallaşmış və ümumən təşəkkül tapmışdır. Lakin bunu əsaslı dərəcədə magistr hazırlığı sferasına aid etmək bir qədər çətindir. Burada səbəblər spektri geniş və çeşidlidir. İlk əvvəl isə respublikanın əmək bazarında bakalavrla magistr arasında fərq meyarının qəti müəyyən edilməməsidir. Bu fəqliliyin aydınlaşdırılması ölkədə müzakirəsi keçirilən yeni «Təhsil haqqında» qanunda bir qədər konkretləşdirilmişdir. Burada bakalavr müvafiq təhsil proqramı əsasında ali təhsilin birinci pilləsini - bakalavriatı bitirmiş şəxslərə verilən peşə-ixtisas dərəcəsi, magistr isə müvafiq magistr proqramı əsasında dissertasiya işinin müdafiəsi ilə müşayiət olunan, ali təhsilin ikinci pilləsini bitirmiş şəxslərə verilən elmi-ixtisas dərəcəsi kimi təsbitini tapır. Göründüyü kimi yeni qanunvericilikdə bakalavr ilə magistr peşə-ixtisas və elmi-ixtisas dərəcəsi kontekstində fərqləndirilir.
Bakalavr diplomu keçmiş Sovet təhsil sistemində mövcud olmuş ali təhsil diplomundan təhsil illəri yükünə görə aşağı görünsə də, o hazırkı məqamda ali təhsil bitkinliyini tam dolğun əks etdirir. Bu diplom, sahibinə peşəkar fəaliyyətlə məşğul olmaq səlahiyyəti verir. Elmi-ixtisas dərəcəsi statuslu magistr diplomu isə bilik və hazırlığın dərinləşmiş səviyyəsi baxımından daha üstündür. Onun üstünlüyünü elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı səciyyələndirilir. Bəzi sahibkarlar əməyin ixtisaslılığı və keyfiyyət fərqini əsaslandırmadan yalnız magistr diplomuna malik olanların işə qəbuluna təşəbbüs edirlər. Yaxud da müəssisə və təşkilatlarda magistr diplomlu mütəxəssislə bakalavr diplomlu mütəxəssisin əmək haqqı arasında fərq qoyulmur. Halbuki, bütün bunlar müəssisə və təşkilatın ştat cədvəlində iqtisadi qanunlara, xüsusən də «Əmək-dəyər» qanununa uyğun olaraq təsbitini tapmalıdır. Bu məntiqi reallıq ölkə qanunvericiliyi ilə də bir daha möhkəmləndirilməlidir. Bundan irəli gələrək isə əmək bazarı tələbli və standartlı olaraq bakalavr və magistr sistemində formalaşdırılmalıdır. Belə olduğu halda hər iki sferada mütəxəssis hazırlığı da rəqabətlilik zəminidə inkişaf edəcək və dünya təsrübəsinə əsaslanaraq onların müasir optimal say nisbəti də 80:20 konfiqurasiyasını aşmayacaqdır.
Magistr hazırlığı pilləsində mövcud problemlərdən biri də dərsliklər, tədris proqramları və digər dərs vəsaitləri, habelə texniki-təminat və daha çoxsaylı yüksək elmi dərəcəli professor-müəllim heyətinə maliklik məhdudluğu ilə bağlıdır. Bu səbədəndir ki, bəzi ali təhsil müəssisələri yüksək peşəkarlığa cavab verən magistr hazırlığını dolğun təmin edə bilmirlər. Ona görə də, magistraturalar elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılmalıdır.
Təhsil sistemində böyük uğurların əldə edildiyi AvroAtlantik məkanın təcrübəsi göstərir ki, magistr hazırlığı özünəməxsus geniş normativ-hüquqi bazaya, təhsil standartlarına malik olmalı və burada əlahiddə qəbul qaydaları və üstün tədris sistemi tətbiq edilməlidir. Magistraturada təhsil daha sərt girişli və yüksək attestasiyalı olmalıdır. Digər tərəfdən bakalavriata verilən ordudan çağırış möhlətinin magistrantlara da şamil edilməsi vacibdir. Bu meyil həm də, magistraturada təhsil almanın nüfuzuna və reytinqinə təsir göstərən amildir. Bununla belə, respublikanın magistr hazırlığı pilləsində də inkişaf edən milli təhsil ənənələrinə uyğun təhsil metodikası da tətbiq olunmalıdır. Burada heç də tamlıqla «Boloniya bəyannaməsi»nin şərtləri ilə hərəkət edilməməlidir. Qeyd olunmalıdır ki, «Boloniya bəyannaməsi» YUNESKO və BMT-nin dəstəyi əsasında işlənmişdir və bu sistemə keçid üçün hec də sərt tələblər qoymur. O, ənənəvi strukturların, sistem diversifikasiyasının qorunmasını bəyan edir və milli təhsil müəssisələrinin bu müstəviyə ardıcıl olaraq bütün 6 şərtliliyin ranjir düzümündə birbaşa keçidinı təkid etmir.
Magistr hazırlığı pilləsində fərqləndirilməsi vacib olan məsələlərdən biri də Biznes İdarəçiliyi Magistrlığı (BİM) - MBA (Master of Business Administration) ilə əlaqəlidir. BİM akroniumunda son söz magistr olsa da, arada geniş mahiyyət fərqliliyi mövcuddur. Belə ki, burada birinci olaraq göstərmək lazımdır ki, magistr biliyin bütün sahələri üzrə ixtisaslaşmanı əhatə edir, BİM isə idarəetmə elmində üstünlüyü göstərir. İkinci fərqləndirici cəhət isə kontingentlə bağlıdır. Magistraturaya qəbul üçün yalnız bakalavr diplomu kifayət edirsə, BİM üçün bundan başqa rəhbər işdə çalışmaq, biznes sferasında nailiyyətlər əldə etmək və müvafiq əmək stajina malik olmaq gərəklidir. Hazırkı reallıqlar bunu tam əks etdirməsə də, yeni təhsil qanunvericiliyində bu fəaliyyət beynəlxalq təcrübəyə uyğunlaşdırılmış əsasda təsbitini tapmalıdır.
Magistratura ilə bağlı fərqləndirmə tələb edən problemlərdən biri də yeni təhsil qanunvericiliyində onun mövcud aspirantura və yaxud da müzakirəsi keçirilən yeni təhsil qanununa görə doktraturanın birinci pilləsi ilə birləşdirilməsi təşəbbüsləridir. Bu prinsip əsassız və məntiqsiz olduğu üçün burada da aydınlaşdırmalara ehtiyac vardır. Belə ki, aspirantura tamlıqla elmi, tədqiqatçı və pedaqoji mütəxəssislər hazırlığını hədəf tutursa, magistratura daha çox təcrübədə qazanılan nailiyyətlərin reallaşdırılmasından irəli gələrək tətbiqi xarakter daşıyır. Burada təlim sistemində də fərqlər mövcuddur. Aspiranturada təhsil alana mahiyyətcə təzə heç nə öyrədilmir. O, elmi rəhbərin başçılığı ilə namizədlik, müzakirəsi keçirilən yeni təhsil qanununa görə isə doktorluğun birinci pilləsi üzrə dissertasiya işi yerinə yetirir və müstəqil olaraq elmi yaradıcılıqla məşğul olur. Əlbəttə o, dissertasiya yazmaqla yanaşı, həm də müvafiq imtahanlara da hazırlaşır, lazımı məsləhətlər alır. Lakin, burada o daha çox öz gücunə arxalanır. Magistratura isə mühazirələri, seminarları və aralıq imtahanları olan əsl tədris prosesidir. Digər tərəfdən, müəyyən referativ xarakterli olan magistr dissertasiyasını keyfiyyət və sanbalı, attestasiya akademikliyi və nüfuzu ilə üstün olan namizədlik dissertasiyasını (yeni təhsil qanunda doktorluğun birinci pilləsi) eyniləşdirmək də olmaz. Bu sferada qlobal təcrübəyə əsaslanan bir məqam da yaddan çıxarılmamalıdır. Belə ki, ən yaxşı halda üç magistrdən biri doktoranturaya qəbul olunur və hər doktorant da müvəffəq doktora çevrilmir.
Milli təhsil sferasının inkişafı üzrə aparılan araşdırmalar bir daha onu göstərir ki, «Boloniya prosesi»nin tam hüquqlu iştirakçısına transformasiya olunmaq üçün respublikada magistr hazırlığının mövcud problemləri təcrid edən əlahiddə normativ-hüqüqi bazanın yaradılması mühüm təyinatlı və qəti ehtiyaclıdır.

123.Boloniya prosesi və magistr hazırlığı problemləri. Ümummili lider Heydər Əliyevin anadan olmasının 85 illik yubiliyinnə həsr edilmiş Boloniya prosesi kontekstində Magistr hazırlığı mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları. Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı. 2008. 0.3 ç.v.