gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / İQTİSADİYYAT, İQTİSAD ELMİ, İQTIİSADÇILAR VƏ “NOBEL İQTİSADİYYATI”

10.01.2022

Xülasə

 

Məqalədə iqtisadiyyatla bağlı bütün çevrəni əhatə edən mahiyyət məsələlərindən və müəllifin monoqrafik tədqiqatı olan “Nobel iqtisadiyyatı”nın elmi şərhindən bəhs olunur. Burada geniş tədqiqat əsasında ayrı-ayrılıqda həyatımızda iqtisadiyyatın, iqtisadçıların və iqtisad elminin yeri və əhəmiyyəti, iqtisadçı alimlərin svilizasiyanın inkişafındalkı rolu dəyərləndirilir, “İqtisadiyyat üzrə Nobel mükafatı” nominasiyasının yaranışına aparan yolun zəruriliyi göstərilir. Nəticə olaraq, yeni bir elmi anlayış kimi “Nobel iqtisadiyyatı”nın döriyyəyə girişi əsaslandırılır.

Açar sözlər: iqtisadiyyat, iqtisad elmi, iqtisadçılar və “Nobel iqtisadiyyatı”.

JEL: A1, A2, A11, B1, B2, B3: UOT: 33:330

 

Giriş

İqtisadiyyat tutumlu və çoxşaxəli bir anlayışdır. İqtisadi lügətlərdə, ensiklopediyalarda onun məzmununun bir çox oxşar və fərqli şərhlərinə rast gəlinə bilər Bəziləri üçün iqtisadiyyat insanların iqtisadi fəaliyyəti və bəziləri üçün ev və ya milli iqtisadiyyatdır. O, həm də maliyyə vəziyyəti kimi də anlaşılır.

İqtisadiyyat bir sistem olaraq geniş struktur məzmun daşıyır. Buraya iqtisadiyyatın özü, iqtisadçıların missiyası, iqtisad elmi və sonrası olan digər komponentlər də əlavə edilir. İqtisadiyyat və iqtisad elmi sürəkli və zəngin bir tarixə malikdir. İnsanlar daim onların rifah səviyyələrinə birbaşa və ya dolayısı ilə təsir edən proseslərə biganə olmamışlar. Bu baxımdan məqalənin kompozisiyasını iqtisadiyyatla bağlı bütün çevrəni əhatə edən mahiyyət məsələləri və habelə müəllifin monoqrafik tədqiqatı olan “Nobel iqtisadiyyatı”nın elmi şərhi ehtiva edir. Nobel iqtisadiyyatı da sosial-iqtisadi həyata töhfələr vermiş, nobelçi iqtisadçıların yaradıcılıqları əsasında yeni konsepsiyalar və nəzəri təkmilləşdirmələr, həmçinin ekonometrik modelləşmələr iqtisad elminin inkişafına təkan vermiş, onu daha da zənginləşdirmişdir.

Burada geniş tədqiqat əsasında ayrı-ayrılıqda həyatımızda iqtisadiyyatın, iqtisadçıların və iqtisad elminin yeri və əhəmiyyəti, iqtisadçı alımlərin svilizasiyanın inkişafındakı rolu dəyərləndirilir, “İqtisadiyyat üzrə Nobel mükafatı” nominasiyasının yaranışına aparan yolun zəruriliyi göstərilir. Nəticə olaraq, yeni bir elmi anlayış kimi “Nobel iqtisadiyyatı”nın döriyyəyə girişi əsaslandırılır.

 

İqtisadiyyat istehsal və xidmətlərin məcmusu kimi

İqtisadiyyat həm ayrıca bir fərdin, həm də dövlətin və şirkətin ehtiyaclarını ödəmək üçün zəruri olan müxtəlif əmtəə və xidmətlərin istehsalı, paylanması və istehlakı problemlərini həll edən bir ölkənin həyat dəstək sistemidir. Reallıq belədir ki, bəşəriyyət yalnız istehsal proseslərinin davamlı bərpası və təkrarlanması sayəsində mövcud ola və inkişaf edə bilər. Buna görə iqtisadiyyat hər bir cəmiyyətin təməlində dayanır [3].

Oxşarlıqları olan iqtisadiyyatı təsərrüfatçılıqdan ayıran məzmunlar da mövcuddur. İqtisadiyyat hər bir insanın və bütövlükdə cəmiyyətin güzəranını təmin edən edən mürəkkəb və hərtərəfli bir orqanizmdir. Təsərrüfat bir və ya bir neçə mülkiyyətçinin ehtiyac və tələblərini ödəmək üçün istifadə etdiyi istehsal vasitələri kompleksidir. Onun iki əsas - natural təsərrüfatçılıq və əmtəə təsərrüfatı forması vardır.

Tәsәrrüfat forması baxımından iqtisadiyyat, әsasәn, dövlәt (government sector) vә özәl (private sector) sektorlara bölünür. Mәhsul növlüyü istehsalı kontekstindә isә çoxsaylı variantlar müxtәlifliyinә baxmayaraq bu bölgüdә üçhәdli klassik sektorial model (ingiliscә - three-sector hypothesis - üç sektor haqqında hipoteza) әsas götürülür. Birinci sektor (primary sector) xammalın hasilatı vә onu yarımfabrikatlara çevirәn emal sahәlәrini әhatә edir. Buraya aqrar-sәnaye, hasilat vә tәbii xammalın ilkin emalı (daş kömür, neft-qaz, metal filizlәri vә s.) sahәlәri daxildir. İkinci sektora (secondary sector) hazır mәhsul istehsal edәn - emal sәnayesi vә tikinti müәssisәlәri aiddir. Bu sektor ümumәn ölkә iqtisadiyyatının mühüm hissәsini tәşkil etdiyindәn onu hәm dә istehsal sektoru adlandırırlar. Mәhz burada ÜDM-in gәlir vә daxilolmalar artımının әsas hissәsi formalaşır ki, bu da nәticә etibarı ilә hәyat keyfiyyәtini yüksәldәn proqramların hәyata keçirilmәsinә tәkan verir. Digәr bir tәsnifatda birinci vә ikinci sektorlar birlikdә maddi nemәtlәr yaradan vә onu istehsalçıya çatdıran insan fәaliyyәti növlәrinin mәcmusu kimi çıxış edәn maddi istehsal sektoru adlandırılır. Üçüncü sektor (tertiary sector) xidmәt sferası müәssisәlәrini әhatә edir. Buraya nәqliyyat, rabitә, ticarәt, sәhiyyә, turizm vә s. aid olunur. Hazırda inkişaf etmiş ölkәlәrdә üçüncü sektorun ÜDM-dәki payının әhәmiyyәtli artımı onu “servis iqtisadiyyatı” adlanan ayrıca bir iqtisadiyyat sahәsinә çevrilmәsinә gәtirib çıxarmışdır. Üçüncü sektor anlayışı fәrqli bir müstәvidә daha çox sosial funksiyalar yerinә yetirәn qeyri-hökumәt tәşkilatları sektoru kimi dә anlaşılır.

İqtisadiyyatın çoxsaylı sektorial bölgüsündә real vә maliyyә tәsnifatlandırmasının da әhәmiyyәti böyükdür. Real sektor bilavasitә material istehsalını, әmtәә vә xidmәtlәri әhatә edir. Mәhz bu sektorda yüksәk mәnfәәt yaranır vә әsas budcә daxilolmaları tәmin edilir. Maliyyә sektoru isә maliyyә-kredit qruplarını birlәşdirir.

Real sektor (real sector) maliyyә xidmәtlәri istisna olmaqla bütün maddi vә qeyri-maddi istehsal sahәlәri mәcmusunu әhatә edir. Bu klassik tәyinat iqtisad elmindә hәlә dә dәyişilmәmiş qalmaqdadır. Lakin onun әleyhdarları da çoxdur. Real sektorun sahәvi komplekslәrә bölünmәsindә praktiki müstәvidәki yanaşmalar da müxtәlifdir. Ümumilikdә buraya - yanacaq-enerji kompleksi, aqrar-sәnaye kompleksi, meşә sәnayesi kompleksi, nәqliyyat kompleksi, tikinti, ticarәt vә iştimai iaşә, rabitә vә telekommunikasiya, kimya, metallurgiya, yüngül sәnaye vә digәrlәri aid edilir. Statistik metodoloji tәsnifatda real sektoru sәnaye, kәnd tәsәrrüfat, tikinti, ticarәt, nәqliyyat vә rabitә әhatә edir. Real sektorda yüksәk mәnfәәt yaranır vә o әsas budcә daxilolmalarını tәmin edir.

Maliyyә sektoru (financial sector), üstün olaraq, uzunmüddәtli vә qısamüddәtli kreditlәşmә vә borcalma ilә bağlı olan iqtisadiyyat sferasıdır. Maliyyә sektoruna banklar, müxtәlif kredit tәşkilatları, sığorta kompaniyaları, pensiya fondları vә müxtәlif maliyyә, menecer vә konsultantları daxildir.

İqtisadi düşüncәnin sistemlәşdirilmәsindә bir sıra digәr metodoloji yaranışlar da çıxış edirlәr. Belә ki, müasir iqtisadi әdәbiyyatda dördüncü sektor vә beşinci sektor anlayışlarına da rast gәlinir ki, bunlar da üçüncü sektorun sistem altı kimi çıxış edirlәr. Dördüncü sektora (quaternary sector) da informasiya-kommunikasiya texnologiyaları sferasında ixtisaslaşan, hәmçinin, qlobal marketinq, bank, maliyyә, bir sıra elm sahәlәri, konsaltinq vә tәhsil xidmәtlәri göstәrәn müәssisәlәr aid edilir. Bu sektoru hәm dә çox zaman informasiya sektoru adlandırırlar. İnformasiya sektoru müasir vә gәlәcәk iqtisadi inkişafın әsasında dayanır. Beşinci sektor (quinary sector) isә sәhiyyә, mәdәniyyәt vә elmi tәdqiqatlar sahәsindәki ixtisaslaşmaları әhatә edir [2, 3, s. 445-446].

İqtisadiyyatı formaca da bazar, planlı, ənənəvi, qarışıq olmaqla fərqləndirilir. İqtisadiyyata böyük çevrədə sosiallaşma xasdır. İqtisadiyyatın sosial xarakter alması istinasız olaraq insan faktoru ilə bağlıdır. Sosiallaşan iqtisadiyyat paradiqması da direktiv və proqnoz sintezini ehtiva edən təyin olunmuş məqsədli quruluş və genetik elmi əsaslandırma diapazonunda pərvəriş tapır, perspektiv təyinatlı olaraq retrospektiv köklərdən qaynaqlanır [2, s. 405-406]. İqtisadiyyatın sosiallaşması prosesi dönməzdir. O, qloballaşaraq daha geniş tətbiq sferasına daxil olmaqdadır.

 

İqtisad elmi və iqtisadçılar

İqtisadiyyat əmtəə və xidmətlərin istehsalı, satışı, bölüşdürülməsi, mübadiləsi və istehlakı proseslərində təsərrüfat subyektləri arasındakı münasibətləri və onların idarəedilməsini, habelə məhdud resurslar çevrəsində insanların artan ehtiyaclarının ödənilməsini araşdıran bir elmdir. İqtisad elmi çoxşaxəli və çoxsahəvidir. Nəzəri aspektdə bu elmlə iqtisadi nəzəriyyə məşğul olur. İqtisadi nəzəriyyə resursların məhdudluğu şəraitində insanların tələbatının maksimum ödənilməsinin seçim problemini öyrənən ictimai elm kimi şərhini tapır. Burada Nobel mükafatı laureatı, amerikan iqtisadçısı Henri Bekker (1930) iqtisadi nəzəriyyə ilə bağlı məşhür fikri qeyd olunmalıdır: “Mən təmailə əminəm ki, iqtisadi nəzəriyyə bir elmi fənn olaraq digər ictimai elmlərdən daha çox predmeti ilə deyil, özünün yanaşma tərzi ilə fərqlənir. Digər bir tanınmış amerikan iqtisadçısı Con Qelbreyt (1908-2006) isə qeyd edir ki, “İqtisadi məsələlərdə əksəriyyət düz deyil [2, s. 494].

İqtisad elmi obyektiv iqtisadi qanunları, mikro, makro, mezo və qlobal səviyyədə təsərrüfat həyatımızı tədqiq edərək, iqtisadi münasibətlərin elmi şərhini verir, iqtisadi-maliyyə böhranlarını izah edir, sıxıntılardan çıxışın yollarını göstərir, səmərəli irəliləyişin, davamlı inkişafın strukturunu əsaslandırır.

Müasir iqtisadi nəzəriyyəyə bir sıra elmi məktəbləri və istiqamətləri aid etmək olar: monetarizm, yeni institusional iqtisadi nəzəriyyə, yeni keynsçilik, neyro iqtisadiyyat, yeni siyasi iqtisad, Avstriya məktəbi, iqtisadiyyat və hüquq.

İqtisadi nəzəriyyənin 8 iqtisadi məktəbi vardır [2, 3, 11]:

1. Merkantilizm (İnkişaf tarixi XVI-XVII əsrlər, Nümayəndələr - Tomas Man Antuan de Monkretyen);

2. Fiziokratlar (İnkişaf tarixi - XVII əsr, Nümayəndələr - Fransua Kene və Ann Robert Türgo);

3. Klassik siyasi iqtisadiyyat (İnkişaf tarixi - XVIII əsrin sonu - XIX əsrin birinci yarısı, Nümayəndələr - Adam Smit);

4. Marksizm (İnkişaf tarixi - XIX əsrin ikinci yarısı və XX əsr, Nümayəndələr - Karl Marks);

5. Neoklasik iqtisadi nəzəriyyə (İnkişaf tarixi - XIX əsrin sonu - XXI əsrin əvvəli, Nümayəndələr - Alfred Marşal);

6. Keynesianlıq (İnkişaf tarixi - XX əsr - XXI əsrin əvvəli, Nümayəndələr - Con Keynis);

7. İnstitusionalizm (İnkişaf tarixi - XX əsr - XXI əsrin əvvəli, Nümayəndələr - Jon Helbret);

8. Monetarizm (İnkişaf tarixi - XX əsr - XXI əsrin əvvəli, Nümayəndələr - Milton Fridman).

İqtisadi hadisələr və proseslər arasında sabit, əhəmiyyətli, daim təkrarlanan səbəb-nəticə rabitəliyi iqtisadi qanunlarla xarakterikdir. Əsas spesifik iqtisadi qanunlara “Tələb və təklif qanunu”, “Ümumi makroiqtisadi tarazlıq qanunu”, “Özəl iqtisadi tarazlıq qanunu”, “Rəqabət qanunu”, “Dəyər qanunu”, “Pul dövriyyəsi qanunu”,  “Yığım qanunu” və s. aid edilir.

Demək olar ki, bütün sahələrin iqtisadiyyatı vardır.

İqtisad elmlərinin predmetini istehsal münasibətlərinin və əməyin və ictimai təşkilatın qanunauyğunluqlarının öyrənilməsi, iqtisadi qanunların fəaliyyətinin təhlili və ictimai istehsalın idarə edilməsi problemləri təşkil edir. İqtisad elminin predmetinin kökləri bir tərəfdən fəlsəfədən, digər tərəfdən aktual problemlər və çətinliklər barədə mübahisələrdən qaynaqlanır.

İqtisad elmlərinin obyekti cəmiyyət və onun daxili prosesləri əhatə edir. Buraya bazar prosesləri, sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə, investisiyalar, qiymətli kağızlar, xidmət sektoru, sahibkarlıq, idarəetmə, marketinq, ekoloji təşəbbüslər, qeyri-kommersiya fəaliyyəti, dövlət orqanları ilə qarşılıqlı əlaqə və sair daxil edilir [11, 13].

İqtisad elmlərinin funksiya və vəzifələri sırasında cəmiyyətin iqtisadi sisteminin obyektiv qanunauyğunluqlarının idrak edilməsi, iqtisadi həyatın hadisə və proseslərinin statistik emalı və nəzəri sistemləşdirilməsi və həyati əhəmiyyətli malların təkrar istehsalı sahəsində praktiki tövsiyələrin işlənib hazırlanması yer alır

Digər elm sahələrindən fərqli olaraq, iqtisadiyyat heç vaxt öz nəticələrində əbədi təkrarlanan dəqiqlik səviyyəsini iddia edə bilməz. Belə ki, kontekstuallaşdırma istənilən iqtisadi nəzəriyyənin tətbiqindən həmişə üstündür.

İqtisadçılar göstəricilərin, hadisələrin təhlil və qiymətləndirməsini aparaq sivilizasiyanı imkanlı edirlər. Onların foksunda və obyektivində, habelə lüğətlərində istehsal, ticarət, sərvətlərin bölgüsü, əmək, məşğulluq, işsizlik, yoxsulluq, infilyasiya, bərabərsizlik, əmtəə-pul, renta, məfəət, zərər, vergilər, sığorta, büdcə, borclar, faizlər, maliyyələr, qiymətlər, tariflər, sahibkarlıq və bank işi, statistika və mühasibatlıq, idarəetmə sair bu kimi on minllərlə terminlər dayanır [13].

İqtisadçı öz sferasında elmlə məşğul olduqda onun fəaliyyət istiqaməti köklü dəyişikliklərə məruz qala bilir. Digər alimlər kimi iqtisadçının əsas aləti nəzəriyyə və müşahidədir. Lakin təbiət elmlərinin nümayəndələrindən fərqli olaraq onlar hədəfə doğru irəliləməyi çətinləşdirən maneələrlə daha çox qarşılaşırlar [11].

Vurğulanmalıdır ki, iqtisadçılar daim iki rol ifa edirlər: elm adamları kimi ətrafımızdakı dünyanı izah edən nəzəriyyələr hazırlayır və təsdiqini axtarır, siyasətçilər kimi isə nəzəri konsepsiyaları rəhbər tutaraq dünyanı yaxşılığa doğru dəyişməyə çalışırlar [13].

İqtisaçıların laboratoriyaları fərqlidirlər. Təəssüf ki, iqtisadiyyatda yeni konsepsiyanı təsdiq edən və ya təkzib edən eksperiment aparmaq demək olar ki, mümkün deyil. Cazibə qüvvəsini öyrənən, nəzəriyyələrini sınaqdan keçirən fiziklər hətta bütün laboratoriya şüşə qablarını və digər mövcud materialları cəzasızlıqla məhv edə bilərlər. Bunun əksinə olaraq, inflyasiyanı öyrənən iqtisadçılara sadəcə lazımi məlumatları toplamaq üçün milli pul siyasəti ilə təcrübə keçirməyə icazə verilmir. Həyatın təkamülünü öyrənən astronomlar və ya bioloqlar kimi iqtisadçılar adətən dünyanın özünün onlara təqdim etmək üçün seçdiyi məlumatlarla məşğul olurlar.

İqtisadiyyat təkcə qrafiklər və diaqramlar yaratmaq və onları şərh etməkdən ibarət deyil. O, insanların rasional davranışına və seçimlərinə aiddir. Onların hərəkətlərini proqnozlaşdırmaq vacib olsa da, bu proqnozlar baş tutmasa nə edəcəyini bilmək də eyni dərəcədə vacibdir.

 

Nobel iqtisadiyyatına istiqamətlənən yol

Alfred Nobelin 1895-ci ildə şəxsən hazırladığı siyahıda “İqtisadiyyat nominasiyası” daxil edilməmişdi. Bir sıra mənbələrdə Nobellər ailəsinin bu təsisatın əleyhinə olduğu göstərilir. Bu zamandan təxminən 70 il sonra, 1968-ci ildə İsveç Bankı özünün 300 illik yubileyində “Nobel pentoqramında” yer almayan iqtisadiyyat istiqaməti üzrə, konkret olaraq iqtisad elmləri sahəsində nailiyyətlərinə görə yeni nominasiyada müvafiq mükafatın təsis olunması təklifi ilə çıxış etdi və bir il sonra isə İsveç Kral Akademiyası bununla razılaşdı [4, s. 70]. Səbəb həm də o idi ki, müasir dünyamızda iqtisadiyyat və onu tədqiq edən iqtisadçılar mühüm rol oynayırlar.

Elm adamları XX əsrin ən nüfuzlu iqtisadçılarından olan Con Meynard Keynsi yaxşı tanıyırlar. Bu məşhur ingilis alimi iqtisadi artım və işsizliklə mübarizənin orijinal nəzəriyyəsini irəli sürmüşdür. Ona daha böyük məşhurluğu isə ABŞ tarixinin ən dərin iqtisadi böhranlarından biri olan “Böyük Depressiya”dan çıxışın yollarını göstərməsi olmuşdur. Belə ki, 1929-cu ildə ABŞ-da qlobal iqtisadi bərabərsizlik, sənaye bumu və spekulyativ investisiyalardan doğan böyük bir fəlakət yaşandı. Elə bu zaman da bu qızdırmalı mühitdən, qızğın vəziyyətdən yeni bir iqtisadi nəzəriyyə, Keynsçilik (keynesianizm) doğuldu [4]. Yeni nəzəriyyə hökumətin iqtisadiyyata müdaxiləsini və böhranlar zamanı iqtisadiyyatı stimullaşdırmaq siyasətini təklif edirdi. Keynsçiliyin fövqündə istehlak və investisiyaların artırılması, işsizliyin azaldılması və sosial proqramlara dövlət xərclərinin yüksəldilməsi kimi başlıca prinsiplər dayanırdı.

Vurğulanmalıdır ki, C.Keynsin “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” və “Əmək, faiz və pul nəzəriyyəsi” əsərləri müasir makroiqtisadi konsepsiyaların əsasını təşkil etmiş və indi də bir çox ölkələrin iqtisadi siyasətini müəyyən edən nəzəriyyə kimi çıxış edir [1, 4].

Onun yaratdığı alternativ makroiqtisadiyyat modeli faiz və pulun ümumi nəzəriyyəsinin əsaslarını sarsıtdı, ümumilikdə klassik makroiqtisadiyyatın postulatlarını təkzib edərək, müasir məcmu xərclər nəzəriyyəsinin yaranmasını şərtləndirdi.

Haqlı olaraq qeyd edilir ki, ABŞ-ın Böyük Depressiyadan xilaskarı o zamanlar ölkə prezidenti vəzifəsində çalışmış Franklin Ruzveltlə yanaşı, həm də iqtisadçı Con Meynard Keyns olmuşdur. Belə ki, onun fəlakətli hadisə ilə bağlı F.Ruzveltə yazdığı məktublarında “Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi” əsərinin müddəalarından irəli gələn praktiki tövsiyələr əsas yer tuturdu [13].

C.Keyns 1946-cı ildə - iqtisadiyyat üzrə Nobel nominasiyasının təsisatından 22 il öncə vəfat etmişdir. Lakin onun nəzəriyyəsi aktuallığını saxlayaraq, davamlı yaranışlara rəvac verir. Bu isə öz növbəsində iqtisad elmində postkeyns adlı yeni bir dövrün gerçəkləşdiyini şərtləndirir. Bu gün də keynesianizm həm də bir çox ölkələrdə tətbiq edilən olduqca aktual bir nəzəriyyə olaraq qalır. Dövlətlər böhranlar zamanı iqtisadiyyatı stimullaşdırmaq və kiçik müəssisələri dəstəkləmək və sosial bərabərsizliyi azaltmaq üçün C.Keyns metodlarından fəal şəkildə istifadə edirlər.

Elə buna görə də, müəllifin “Nobel iqtisadiyyatı” adlı monoqrafik tədqiqatda da əsas məqsəd “İqtisadiyyat üzrə Nobel mükafatı laureatları” simasında postkeyns dövrünün iqtisad elmində yeni məxsusi bir mərhələ təşkil etməsini əsaslandırmaq olmuşdur. Bu baxımdan da reallaşdırılan tədqiqat işləməsi iqtisad elminin nəzəri məzmununun həmin Nobel mükafatı laureatları tərəfindən təkmilləşdirilən, onun yeni axın və istiqamətlərini formalaşdıran fəaliyyət mərhələsinin “Nobel iqtisadiyyatı” adlandırılmasını şərtli etmişdir. Bundan başqa, monoqrafik tədqiqatda “İqtisadiyyat üzrə Nobel mükafatı laureatları” ifadəsi, ilk dəfə lakonik olaraq, “Nobelçi iqtisadçılar” termini ilə əvəzləndirilməsi məqsədəuyğun hesab olunmuşdur. Hansı ki, bu nobelçilər iqtisad elminin postkeynisçi və neokeynisçi yeni istiqamətlərinin açılmasını, onun metodoloji bazasının genişləndirilməsi və təkmilləşdirilməsini, habelə iqtisadi praktikanın köklü dəyişməsini təmin etmişlər [4].

Monoqrafiyada həmçinin Nobellər nəslinin şəcərəsi, onların Azərbaycandakı fəaliyyəti yeni araşdırmalar çevrəsində təqdim olunmuş, Bakı neftinin və neftçilərinin əməyinin Nobel mükafatı fondunun formalaşmasının əsas qaynaq elementi kimi çıxış etməsi faktı bir daha əsaslandırılmışdır. Bundan başqa, burada məqalə mövzusu ilə bağlı bu sferada kuryoz və odioz hadisələr işıqlandırılmış, nobelçi iqtisadçıların həyat yolu təhlil olunmuş, onların elmi kəşfləri və tədqiqat motivasiyası ilə iqtisad elminin tərəqqisini və modernləşdirilməsini, bilik iqtisadiyyatına keçidi sürətləndirən xidmətləri əlahiddə sistemləşdirilərək geniş elmi təqdimatda verilmişdir [4].

Reallıq belədir ki, iqtisad elminin ən yeni tarixi inkişaf mərhələsində elə ilk mükafatçı norvei iqtisadçısı Raqnar Friş tərəfindən elmi dövriyyəyə yeni anlayışlar - “makroiqtisadiyyat” və “mikroiqtisadiyyat” terminləri çıxarılmış, o, həmçinin həmkarı holland iqtisadçısı Yan Tinbergenle birlikdə müasir ekonometrikanın qurucularından biri olmuşdur [4, 13]. Bununla da iqtisad elminin riyazi işləmələr, modelləşdirmələr, statistik tədqiqatlar, müasir metodologiyalar və təhlil seqmentləri ilə möhkəmlənməsi dövrü başlanılmış, yeni iqtisadi fikir və məktəblər formalaşmışdır.

İqtisadiyyat üzrə ikinci Nobel mükafatı iqtisadi nəzəriyyəni elmi təhlil etmək qabiliyyətinə görə amerikan iqtisadçısı Paul Samuelsona verilmişdir. Onun iqtisadi nəzəriyyəyə verdiyi əsas töhfələrdən biri gəliri artırmaq və xərcləri minimuma endirmək istəyən iqtisadi şəxsin - insanın davranışını öyrənən Neoklassik iqtisadiyyatla məcmu tələbin (iqtisadiyyatda ümumi xərclər) iqtisadi fəallığa və inflyasiyaya geniş təsirini səciyyələndirən С.Keyns iqtisadi məktəblərinin sintezi konsepsiyası olmuşdur. Bu isə müasir iqtisadi nəzəriyyə ideyası idi. P.Samuelson bestseller halına gələn və dünyanın bir çox nəsil tələbələri tərəfindən istifadə olunan klassik “İqtisadiyyat” dərsliyinin müəllifidir [6, 7, 11].

Amerikan iqtisadçısı Milton Fridmanın simasında növbəti iqtisad məktəbinin - monetarizmin əsası qoyulmuşdur. O, dövlətin iqtisadiyyata müdaxiləsinin effektli olduğunu inkar etmiş və onun əvəzinə sərbəst bazarın və pul sabitliyinin üstünlüyünü diqqətə çəkmişdir. Əsərləri ümumi iqtisadi nəzəriyyəyə təsir göstərmiş və habelə dünyanın müxtəlif ölkələrində islahatlara əhəmiyyətli nüfuz etmişdir [12].

Digər bir nobelçi avstriya iqtisadçısı Fridrix Hajek də dövlətin iqtisadiyyata müdaxiləsinin sərt tənqidçilərindən olmuş, fərdi azadlığın vacibliyini vurğulayaraq bazar sistemi və azad rəqabətin rolunu təsvir edən əsas ideya və konsepsiyalar irəli sürmüş, həttə pulların özəlləşdirilməsini təklif etmişdir [4, 6, 13].

Bu sırada yeni nəzəriyyələr və məktəblər müəllifləri Vasiliy Leontyev, Ceyms Bükenen, Ronald Kouz, Con Neş və digərlərinin adları da çəkilməlidir [4, 6, 8, 10, 14].

Elmi-analitik və statistik tədqiqatlar göstərmişdir ki, nobelçi iqtisadçıların mühüm hissəsi ekonometriya, statistika və riyazi modelləşdirmə sahəsinin inkişafındakı töhfələri ilə fərqlənmişlər. Onlar sırasında ixtisasca ekonometrikaçı olanlar digərlərini bir qədər üstələyir. Həmin alimlər tərəfindən vurğulandığı kimi, əsaslı olaraq, daha çox iqtisadi inkişaf, iqtisadi artım, iqtisadi rifah, tarazlıq, oyunlar, resursların optimal bölgüsü və digər bu kimi nəzəriyyələrə yeni işləmələr əlavə edilmişdir. Onlar makroiqtisadiyyat, mikroiqtisadiyyat, giriş və çıxış məlumatlarının təhlili, informasiya iqtisadiyyatı, maliyyə və kredit, vergitutma məsələləri, iqtisadi psixologiya, iqtisadi fikir tarixi, insan kapitalı kimi iqtisad elminin ayrı-ayrı sahələrində elmə və təcrübəyə dəyərli yaradıcı töhfələr vermişlər. Bundan başqa, nobelçi iqtisadçıların tədqiqatlarında bir sıra digər mövcud nəzəriyyə və konsepsiyalar da təkmiləşdirilmiş və yeniləri işlənmişdir [4, 10].

Nobelçi iqtisadçılar arasında əlçatmaz informasiyalara girişi olan, rəhbər və inzibati vəzifə daşıyanlar da az olmamışdır. Belə ki, Y.Tinbergen BMT-nin Planlaşdırma Komitəsinə rəhbərlik etmiş, Q.Mürdal bu qurumun Avropa üzrə iqtisadi komissiyasının icraçı katibi, B.Ulin İsveçin Ticarət naziri, F.Modilyani ABŞ Federal Ehtiyatlar Sisteminin İdarəetmə Şurasının üzvü, D.Nort ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun direktoru, P.Samuelson ABŞ prezidentləri C.Kennedi və L.Consonun, M.Fridman ABŞ prezidenti R.Niksonun və L.Kleyn ABŞ prezidenti C.Karterin məsləhətçiləri olmuşlar. Bundan başqa, V.Leontyev ABŞ prezidenti F.Ruzveltin hökümətində məsləhətçi, C.Tobin ABŞ prezidenti C.Kennedinin administrasiyasında İqtisadiyyat Komitəsinin sədri, C.Akerlof ABŞ prezidenti R.Niksonun yanında iqtisadi məsləhətçilər komitəsinin əməkdaşı və ABŞ prezidenti B.Klinton adminsitrasiyasında isə həmin komitənin rəhbəri vəzifələrində işləmişlər. C.Stiqlis də həmçinin ABŞ prezidenti B.Klintonun iqtisadi məsləhətçilər komitəsinə rəhbərlik etmiş, P.Kruqman ABŞ prezidenti Ronald Reyqan administrasiyasının iqtisadçı məsləhətçilər şurasının əməkdaşı kimi çalışmış, U.Nordhos ABŞ prezidenti C.Karterin iqtisadi məsələlər üzrə məsləhətçilər qrupunda işləmişdir [4, 5, 6, 14].

Nobelçi iqtisadçıların sayı ötən 50 il ərzində 91-ə yüksəlmiş və həmin alimlər iqtisadi inkişaf, iqtisadi artım, iqtisadi rifah, optimal mexanizmlər, resursların optimal bölgüsü, ticarət, müqavilə, razılaşdırma, tarazlıq, siqnallar, sənaye konflikti, “sənaye təşkilatı”, “ictimai seçim”, “portfel seçimi”, “oyunlar” və digər bu kimi nəzəriyyələr üzrə fundamental tədqiqatlar apararaq yeni işləmələr həyata keçirmişlər. Onlar iqtisadi fikir tarixi, dünya iqtisadiyyatı, konstitusiya iqtisadiyyatı, informasiya iqtisadiyyatı, ailə iqtisadiyyatı, kənd təsərrüfatı iqtisadiyyatı, maliyyə və kredit, investisiyalar, sosial sığorta və digər istiqamətlərdə mühüm yeniləşmələri təmin etmiş, giriş və çıxış məlumatlarının təhlili, insan kapitalı, iqtisadi psixologiya kimi iqtisad elmində yeni tədqiqat sahələri yaratmış, qlobal yoxsulluq, iqlim dəyişiklikləri, antikorrupsiya ilə bağlı uğurlu konsepsiyalar işləmişlər [4. 9].

Nobelçi iqtisadçılar fərqli ölkələrdən olsalar da, əsərlərini ingilis dilində yazmış və ya onları ingilis dilinə tərcümə etdirmişlər. Başqa nominasiyalar üçün səciyyəvi olan bu məsələ iqtisadiyyat sahəsində daha kəskin dayanmışdır. Digər tərəfdən, o da qeyd edilməlidir ki, mükafat alanların əksəriyyəti inkişaf etmiş ölkələrin nümayəndələri, əsasən, demokrat və liberal iqtisadçılar olmuşlar. Onlar dünyadakı mövcud iqtisadi problemlərin həlli istiqamətində praktiki əhəmiyyətli nəzəriyyələr işləmiş, ümidverici pozitiv yanaşmaları olan təkliflər irəli sürmüşlər. Onlar çalışdıqları universitetləri şöhrətləndirməklə iqtisad elmləri sahəsindəki nəzəriyyələr üzrə bilikvermə və dərslikyaratma sahəsini də inhisara almışlar.

 

Nəticə

Aparılan tədqiqatlar bir daha onu göstərir ki, əmtəə və xidmətlərin istehsalı, satışı, bölüşdürülməsi və istehlakını əhatə edən iqtisadiyyat biznesi, dövlət və cəmiyyət qanunlarına tabe edir. O bir elm olmaqla digər elm sahəlirini də öz orbitinə daxil edir.

İqtisadiyyat təsərrüfatçılqla nə qədər sıx bağlılıqda olsa da onların ayıran bir sıra məqamları da müəyyət etmək mümkündür. Belə ki, təsərrüfat iqtisadiyyatın nəzarəti altında olaraq bütün həyatı təmin edən sistemdir. Onun strukturuna rifah istehsalına kömək edən qeyri-maddi substansiyalar, vasitə və predmetlər daxildir. Təsərrüfat sistemi sənaye, heyvandarlıq, nəqliyyat, səhiyyə, təhsil və digər sahələri özündə ehtiva edir. İqtisadiyyatın isə mövcud sahələrinə görə sektorial bölgüsü vardır. İqtisadiyyat və təsərrüfat arasındakı fərqin daha konkretliyi odur ki, təsərrüfat cəmiyyət tərəfindən yaradılan müəyyən bir təşkilatı quruluş kimi qəbul olunur və iqtisadiyyat isə ən çox idarəetmə və nəzarət rolu ilə çıxış edir. İqtisadiyyat insanla birlikdə yaranır, insan naminə insanla birlikdə mövcud olur.

İqtisadiyyatın idarəedilməsi iqtisadçılar tərəfindən tənzim edilir. Onlar göstəriciləri, məlumatları təhlil edir, qiymətləndirir, perspektiv planlar qurur, modellər hazırlayır, iqtisadi prosesləri proqnozlaşdıraraq optimal qərarlar qəbul etmə seçimini əsaslandırır, iqtisadi məsələlərdə müxtəlif təşkilatlara və hökumət strukturlarına məsləhətlər verir, fəaliyyətləri ilə qalxınmaya töhfə verirlər. Bütün bunlar irəliləyişlərə, inkişafa, iqtisadi rifaha zəmin yaradır və iqtisad elmləri sahəsində nailiyyətlərin rəqabətinə gətirir

İqtisadiyyat elmi bir çoxsayli məktəb və istiqamətlərdən ibarətdir. Onun bölmələri sırasında iqtisad elminin metodologiyası, mikroiqtisadiyyat, makroiqtisadiyyat, beynəlxalq iqtisadiyyat, ekonometriya, oyunlar nəzəriyyəsi yer alır. Əsas vəzifəsi iqtisadi həyatda baş verən hadisələrin həqiqətlilik modellərinin köməyi ilə izahını vermək və onu real iqtisadiyyatda əks etdirməkdən ibarətdir.

Artıq yarım əsrdən çoxdur ki, iqtisad elminin öndərlərin də Nobel mükafatı nominasiyasında yerləri vardır. Bu mövzu ilə bağlı müəllif apardığı tədiqatlar yeni ümumiləşdirmələrə zəmin yaranmışdır. Belə ki, iqtisadiyyat üzrə Nobel mükafatının təsis edilməsi və onun laureatlarının ötən 50 il ərzindəki yaradıcı fəaliyyətləri, ümumilikdə, iqtisad elmində yeni bir mərhələnin formalaşdırılması üçün zəmin olmuşdur. Müəllifin apardığı monoqrafik tədqiqatda predmetli təhlil və konseptual əsaslandırmalarla postkeyns dövrünün tədqiqatçılarının nailiyyətlərinin, Nobel mükafatı laureatlarının iqtisad elminin nəzəriyyələrinin məzmununu təkmilləşdirdiyi, onun yeni axın və istiqamətlərinin formalaşdırdığı fəaliyyət nəticələri ilə uzlaşdırılan mərhələsinin “Nobel iqtisadiyyatı” adlandırılması şərtləndirilmişdir. Bundan başqa, tədqiqat işində “İqtisadiyyat üzrə Nobel mükafatı laureatları” ifadəsi, ilk dəfə lakonik olaraq, “nobelçi iqtisadçılar” termini ilə əvəzləndirilməsi məqsədəuyğun hesab edilmişdir.

 

 

Ədəbİyyat

1.Keynz С.M. Məşğulluq mənfəət və pulun ümumi məruzəsi, Bakı: Qanun, 2001, 380 s.

2.Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat, Bakı: Elm, 2006, 509 s.

3.Hacızadə E.M. Dünya iqtisadiyyatı və Azərbaycan. Bakı: “Letterpess”, 2018, 912 s.

4.Hacızadə E.M. Nobel iqtisadiyyatı. Monoqrafiya. Bakı: Elm, 2020, 368 s.

5.Avner Offer, Gabriel Söderberg. The Nobel Factor: The Prize in Economics, Social Democracy, and the Market Turn. 340 p.

6.Bergengren, Erik. Alfred Nobel: The Man and His Work, Thomas Nelson, 1962, 222 p.

7.Блауг M. 100 великих экономистов до Кейнса. СПб.: Экономическая школа. 2005, 352 с.

8.Коуз Р. Природы фирмы. М.: 1995, 346 с.

9.Лауреаты Нобелевской премии по экономике: Автобиографии, лекции, комментарии. / Под ред. В.В.Окрепилова. в трех томах. 1997-2009, СПб.: “Наука”, 2010.

10.Леонтьев В. “Межотраслевая экономика”. М.: Экономика. 1997, 477 c.

11.Самуеэлсон П., Нордхаус В. Экономика. 19-е изд., СПб.: Альфа-Книга, 2018, 1325 c.

12.Фридмен М. Количественная теория денег.  М.: Эльф-пресс, 1996, 131 с.

13.www. hajizada.com - professor Elşən Hacızadənin saytı.

14.http://www.gallery.economicus.ru - iqtisadçılar qalereyası.

 

237. Azərbaycanda yaşil enerji və onun inkişaf perspektivləri. ENECO Jurnalı. Bakı: № 4 (16) 2023. s. 04-12. 0,9 ç.v.