gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / YAŞIL ARTIM KONSEPTLƏRİ VƏ ONUN MULTİPLİKATİV EFFEKTLƏRİ

05.08.2021

XÜLASƏ

 

Mühüm təbii enerji sərvətlərinə malik Azərbaycan Respublikasının yaşıl enerji potensialı da yüksək qiymətləndirilir. Bu sırada işğaldan azad olunmuş ərazilərin yaşıl enerji resursları daha böyük əhəmiyyət kəsb edir. Bundan irəli gələrək, həmin ərazilər yaşıl enerji zonası elan olunmuş və burada nəhəng layihələrə start verilmişdir. Bütün bunlar isə öz növbəsində yaşıl artım koseptlərinin formalaşmasına zəmin olur və genişlənərək multiplikativ effektlərlə müşaiyət olunur. Aktual səciyyə daşıyan məsələ elmi çevrədə də tədqiqatları genişləndirir. Bu baxımdan məqalədə Azərbaycanın artan enerji gücünün yeni reallıqlar çevrəsindən dəyərləndirilməsi, ölkənin təbii resurslarla təminatlılığı, enerji təhlükəziliyi, milli neft strategiyası, yeni enerji siyasəti, yaşıl iqtisadiyyat, milli yaşıl enerji potensialı, yaşıl artım konseptləri və onların multiplikativ effektləri kimi məsələlər tədqiqat obyektinə çevrilmişdir.

Açar sözlər: milli neft strategiyası, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat, yaşıl artım, multiplikativ effektlər.

JEL: F61, F62, L94, Q32, Q35: UOT: 338.24:620.98 (479.24)

 

1.GİRİŞ

Qloballaşan dünyada baş verən meyllər göstərir ki, enerjiyə olan tələbat yüksələn templərlə davam etməkdədir. Bu artım yaxın iki onillik ərzində indiki istehsal və istehlak göstəricilərini orta hesabla daha 25-30% üstələyəcəkdir. Dünyanın hazırkı yancaq-enerji balansına diqqət etdikdə görərik ki, onun əksər hissəsi qazıntı yanacağına əsaslanır və bu çevrədə karbohidrogen təyinatlı resurslar yarıdan çox paya malikdirlər. Bu isə o deməkdir ki, yaşadığımız 2023-cü ildə də təxminən 50 milyard ton qlobal istixana qazı emissiyasının 36 milyardı karbon qazı enerjisi hesabına buraxılacaqdır. Dərinləşən bu miqyaslı ekoloji problemin kəskinliyini azaltmaq, onu aradan qaldırmaq üçün isə ənənəvi enerji mənbələrindən istifadə ilə yanaşı, alternativ olan qeyri-ənənəvi enerji ehtiyatların geniş təsərrüfat dövriyyəsinə cəlb olunmasına səylər artırılmalıdır. Bundan irəli gələrək, ayrı-ayrı dövlətlər tərəfindən yaşıl iqtisadiyyata keçid istiqamətində strategiyalar qurulur, dövlət proqramları hazırlanır, müvafiq institusional layihələr həyata keçirirlər. Bu sırada diqqət həm də daha çox yaşıl enerji konsepsiyasına köklənir. Günəş işığı, külək və ya su kimi təbii resurslardan istehsal olunan yaşıl enerjinin hasilatı zamanı qazıntı yanacağından fərqli olaraq, atmosferə istixana qazlarının emissiyası yönəlmir və bu baxımdan da onun yaranması zamanı ətraf mühitə zərər vurulmur.

Bol enerji resurslarına malik Azərbaycanda da bu qlobal çağırışlardan irəli gələrək yaşıl iqtisadiyyat quruculuğunda mühüm atımlar atılır və bu strategiya dövlətin prioritetləri sırasında mühüm yer alır. Ölkənin artan enerji gücü sayəsində enerji sektorunda aparılan islahatlar dərinləşir, yaşıl iqtisadi sistemin təşəkkülü konseptual xarakter alır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük Qarabağ zəfərindən sonra işğaldan azad edilmiş ərazilərin əksər hissəni təşkil edən Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını Yaşıl Enerji Zonası elan etmişdir. Onun “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi inkişaf prioritetləri təsbit olunmuşdur. Qeyd olunmalıdır ki, bu prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, vurğulanmalıdır ki, həmin prioritetlər üzrə müvafiq vəzifələrin icrası “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə” sənədində və 2022-2026-cı illəri əhatə edən “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı”nda da öz əksini tapmışdır. Hazırda ölkədə bu istiqamətdə miqyaslı olan müxtəlif proqram və layihələr üzrə əməli tədbirlər həyata keçirilməkdədir.

Aktual səciyyə daşıyan bütün bu sadalananlar həm də elmi sahənin mühüm tədqiqatları sırasında yer alır. Bu baxımdan məqalədə Azərbaycanın artan enerji gücünün yeni reallıqlar çevrəsindən dəyərləndirilməsi, ölkənin təbii resurslar potensialı, enerji təhlükəziliyi, milli neft strategiyası, yeni enerji siyasəti, yaşıl iqtisadiyyat, milli yaşıl enerji potensialı, yaşıl artım konseptləri və onun multiplikativ effektləri kimi prioritet məsələləri əks etdirən reallıqlar tədqiqat obyektinə çevrilmişdir.

 

2.RESURSLAR POTENSİALI VƏ ENERJİ TƏHLÜKƏZİLİYİ

Dünyanın hər yerində enerji potensialının artırılması və enerji təhlükəsizliyi tədbirləri daha biçimli və daha mütəşəkkil xarakter alır. Energetik tələblər həm ilkin resurslar çevrəsində və həm də elektrik enerjisi ilə təminatlılıq baxımdan qlobal artış göstərir. Elә bütün bunlara görә dә, müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilә tәchizatı vә enerji effektivliliyi hәr bir dövlәtin inkişaf sәviyyәsinin mühüm indikator göstәricilәri sırasında yer alır. Proqnozlara görә, əhali sayı 8 milyardı ötmüş və enerjidaşıyıcılara tәlәbatı 9 milyard ton neftә ekvivalentə çatmış dünyamızda enerjiyə olan ehtiyac yaxın 20 ildə daha 30% artacaqdır [11, 12]. Bu çevrədə yaşıl enerji strategiyası dominantlıq əldə etsə də, yenə də enerji tələbatının 90%-i mәdәn qazıntı ehtiyatlarının, o cümlәdәn 2/3 hissәsi neft vә qaz hesabına qarşılanacaqdır [11]. Bu həm də ona əsas yaradır ki, yaxın 40-50 ildə neftlә bağlı kataklizmlәr baş vermәyәcәk və neft erası bitmәyәcәkdir.

Enerji tәhlükәsizliyi (energy security) xüsusi önәm daşıyaraq özünün sosial-siyasi, dәrin strateji әhәmiyyәtliliyi ilә fərqlənən mühüm tәmәllәrә әsaslanır. İqtisadi mahiyyәt kәsb etdiyindәn, enerji tәhlükәsizliyi ölçülә bilәndir. Enerji tәhlükәsizliyinin әsas göstәricisi kimi ölkәnin enerji resursları ilә tәminatlılığı çıxış edir. Ölkәnin enerji resursları ilә tәminatlılığı hәmin ölkәdә enerji istehsalı hәcmlәrinin istehlak hәcmlәrinә nisbәtini әks etdirәn müvafiq әmsal vasitәsi ilә hesablanır. Enerji resursları ilә tәminatlılıq әmsalı vahiddәn yüksәkdirsә, ölkәnin enerji tәhlükәsizliyi bәrqәrar edilmiş hesab olunur. Vahiddәn kiçik konfiqurasiyalar disbalanslılıq vәziyyәtindәn xәbәr verir. Lakin bu tәyinatlar da ideal hesab edilmәmәlidir. Çünki enerji tәhlükәsizliyini yalnız istehsal vә istehlak həcmləri ilə bağlamaq da düzgün olmaz. Güclü, davamlı, tәminatlı iqtisadiyyatın enerji istehsalı ilә yanaşı, digәr yanacaq-enerji resurslarına da geniş tәlәbi vardır. Bu tәlәblәr isә hәr yerdә yüksәk olsa da, çox az ölkәlәrdә daxili tәbii resurslar tәklifi ilә uzlaşır. Reallıq belәdir ki, yanacaq-enerji resurslarının mövcudluğu vә istisnasına baxmayaraq hәr bir ölkә özünün enerji tәhlükәsizliyinin tәminatı, iqtisadiyyatının yaşaması üçün müvafiq enerji strategiyasını işlәmәli vә onu ardıcıl reallaşdırmalıdır. Enerji strategiyası təbiətə neqativ təsir göstərmədən resurslardan tullantılarsız olaraq maksimum istifadədə zəminində istehlak və istehsala əsaslanan dairəvi iqtisadiyyat quruculuğu həyata keçirən ölkələrdə dövləti prioritetlərin önündə çıxış edir. Enerji strategiyası (energy strategy) zәruri enerji resursları vә mümkün müvafiq potensial imkanlar müqabilindә enerji siyasәtinin konkretlәşmәsi vә onun reallaşmasına nailolmanın işçi sәnәdi fopmatında tәşkili metodlarının vә dәqiq tәyinatlı fәaliyyәt mexanizmlәrinin mәcmusudur [1, s 585, 8, 254-258]. Struktur kompozisiyada strategiya plan, idarәetmә sәnәdlәri, qrafiklәr, büdcә vә digәr bu kimi zәruri elementlәri özündә birlәşdirәn modernlәşdirmә vә köklü yenidәnqurmanın fәaliyyәt proqramını әks etdirir. Bütün bunlar bir daha onu göstərir ki, qlobal və ayrı-ayrı ölkələr sferasında enerji resursları ilə təminatlılıq və enerji təhlükəziliyi problemi dövlətin ən öncül stratejiləri sırasındadır. Azərbaycan da bu reallıqlardan kənar deyildir.

 

3.MİLLİ NEFT STRATEGİYASI VƏ YENİ ENERGETİK SİYASƏT

Dövlәt müstәqilliyinin bәrpasından sonra, Azərbaycan özünəməxsus inkişaf modeli formalaşdıraraq, çox qısa zaman kәsiyindә böyük tərəqqi yolu keçmiş, mühüm strateji hədəflərə nail olmuşdur. Azәrbaycan modeli adlanan bu inkişaf strategiyası tәbii sәrvәtlәrdәn, iqtisadi potensialdan, insan kapitalından sәmәrәli istifadә etmәklә dövlәt proqramları ilә liberal bazar tәlәblәrinә uyğun iqtisadiyyatın şaxәlәndirilmәsi, infrastrukturun modernlәşmәsi, innovasiyaların və rəqəmsallaşmanın geniş tәtbiqi әsasında davamlı sosial irəliləyişləri və rifahı tәmin edәn sistem təyinatları özündə birləşdirir [9, 10]. Qlobal çevrәdәn baxdıqda beynәlxalq alәmin quru әrazisinin 0,06%-ni, bәşәri sayının 0,13%-ni tәmsil edәn Azәrbaycan hazırda dünyanın 40 әn rәqabәtqabiliyyәtli iqtisadiyyata malik ölkәlәr sırasına daxil olmuşdur. Üç qitә arasında әn mühüm bazarlar yaxınlığında qәrar tutan әlverişli geostrateji mövqeyi, zәngin tәbii sәrvәtlәri, mühüm tranzit məkan imkanları, qlobal karbohidrogen ehtiyatları balansında 2%-ә qәdәrlik payı, iqtisadi fәal әhali sayı, insan kapitalı, tarixiliyi vә perspektivliliyi onu beynәlxalq siyasәtin uzunmüddәtli oyunçusuna çevirmişdir [1, s. 47-54, 13]. Heç şübhəsiz ki, bu model quruculuğunun təməlində Azərbaycanın yenidən müstəqilliyinə qovuşması amili ilə yanaşı, onun milli təbii sərvətləri, bol neft-qaz resursları da şərtli olmuşdur. Bunu diqqətə alan Azərbaycan xalqı özünün ümummilli lideri Heydәr Əliyevin simasında ölkənin neft strategiyasını irəli sürmüşdür. Bu strategiyanın əsası isə 1994-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkətləri arasında imzalanmış Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağlarının birgə işlənməsi barədə “Əsrin müqaviləsi” ilə qoyulmuşdur. Həmin strategiya Azәrbaycan Prezidenti cәnab İlham Əliyevin yaradıcı әzmi, әmәli fәaliyyәti ilə yeni mərhələyə qədəm qoymuşdur [9]. Belə ki, ötən 30 ilə yaxın vaxt ərzində neft-qaz sektoruna 100 milyard ABŞ dollarından çox (ölkə iqtisadiyyatına yatırılan investisiyaların 40%-nə qədər) investisiyalar yatırılmışdır. “Əsrin müqaviləsi” sayəsində Azərbaycan 40-a yaxın Hasilatın Pay Bölgüsü sazişləri imzalamışdır.

Neft-qaz resursları ölkә iqtisadiyyatının şaxәlәndirilmәsindә, qeyri-neft sektorunun inkişafında әvәzsiz kapital qaynağı olmuş, onun davamlı reallaşması nәticәsindә әldә edilən gәlirlәr sosial effektlər yaradaraq hәr bir vәtәndaşın rifahının yüksәlişinə öz tәsirini göstərmişdir. Bunun nəticəsidir ki, “Əsrin müqaviləsi” yekunlaşmadan, 2017-ci ilin sentyabrında “Azәri”, “Çıraq” vә “Günәşli” yataqlarının 2049-cu ilin sonuna qədər birgə işlənməsinə dair yeni saziş imzalanmışdır. Bundan başqa, Azərbaycan “OPEC plus” formatının əsas təşəbbüsçüsü olaraq, bu platformada da əhəmiyyətini nümayiş etdirir [12].

Azərbaycan artıq 30 ilə yaxındır ki, “Azәri Layt” markalı yüksәk dәyәrli milli neft məhsulu ilə dünya bazarlarına çıxarılır. Bu ixrac Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəməri əsas olmaqla bir neçə marşrut üzrə həyata keçirilir. Ölkәnin ixrac və tranzit potensialını neft amili prizmasından dәyәrlәndirәrkәn burada çeşidli neft mәsullarının rolu və әhәmiyyәti də vurğulanmalıdır. Bu mәhsullar sırasına avtomobil benzini, dizel vә reaktiv mühәrrik yanacağı, neft koksu, soba mazutu, nafta, sürtkü yağları, maye qaz vә s. daxil edilir.

Azərbaycan artan təbii qaz potensialı ilə də makroregional aktor çevrilmişdir. Onun təşəbüsçüsü və əsas investoru olduğu Trans Anadolu Boru Kəməri - TANAP və Trans-Adriatik Boru Kəməri - TAP boru kəmərlərini də özündə birləşdirən nəhəng infrastruktur layihəsi Cənub Qaz Dəhlizi reallığa çevrilmişdir. Dəhliz vasitəsi ilə həmçinin Azərbaycan qazı ilə yanaşı, Türkmənistan və İraq qazının daşınması da gözlənilir. Gələcəkdə İran və Misirin də bu kəmərə qoşulacağı istisna olunmur. Tutumu 3 milyard m3 olan yeni açılmış Bolqarıstan-Yunanıstan İnterkonnektoru da gələcəkdə Azərbaycan qazının digər Balkan ölkələrinə, o cümlədən Rumıniya bazarına çıxışına, gəcəkdə isə Serbiyaya yönəldilməsinə zəmin yaradacaqdır [9]. Belə vəziyyət mahiyyət etibarilə əslində müəyyən qədər əvvəllər mövcud olmuş Nabucco layihəsini təcəssüm etdirir. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcəkdir. Digər tərəfdən bununla yanaşı, Qara dəniz və Aralıq dənizi sahili ərazilərindən keçəcək tranzit xətlərinin Cənub Qaz Dəhlizi ilə inteqrasiyası da reallaşa bilər. Bütün bunlar isə bir daha onu göstərir ki, artıq yaxın bir neçə ildən sonra bu boru xətti Cənub, Cənub-Şərqi Avropa və daha geniş ərazinin enerji xəritəsini dəyişdirəcəkdir. Bunlar isə Azərbaycanın yeni enerji siyasətinin əsas elementlərindən birini təşkil edir.

Burada bir reallığı da nəzərə almaq gərəkdir. Belə ki, ötən ilin sonunda Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanmışdır. Ondan əvvəl isə Avropa Komissiyasının sədri xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmış və bu istiqamətdə artıq əməli işlərə başlanılmışdır. Həmin Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını 2 dəfə artırılmasını hədəf götürmüşdür. Belə vəziyyət TAP, və TANAP qaz kəmərlərinin 2 dəfə genişləndirilməsi məsələsini gündəmə gətirmişdir [11]. Bütün bunlar Azərbaycanın artan enerji potensialından xəbər verir.

Statistik tədqiqatlar göstərir ki, Azərbaycan Avropa İttifaqı bazarına 2021-ci ildə 8,2 milyard m3, 2022-ci ildə 11,3 m3 təbii qaz ixrac etmiş və bu dinamika 2023-cü ildə 12 milyard m3 həcmdə hədəflənir. Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan artıq hazırda birbaşa müqavilələr əsasında Avropanın 3 ölkəsinə - Rumuniya, Bolqarıstan və Yunanıstana davamlı olaraq qaz ixrac edir. Ümümikdə isə Azərbaycandan ixrac ediləcək təbii qazın həcmi cari ildə daha 15-20% də artaraq 24 milyard m3 təşkil edəcəkdir [12].

Azərbaycanın Avropa qaz bazarında tumumlu və davamlı tədarükçüyə çevrilməsində Türkiyə ilə sıx bağlılığı əlavə dəyər qatacaqdır. Bu ilk növbədə Türkiyədə aşkarlanan iri qaz yataqları və Rusiya təbii qazının Avropaya tədarükü üçün Türkiyədə habın yaradılması layihəsinin işə düşməsi ilə bağlı olacaqdır [9]. Beləliklə, bol neft-qaz ehtiyatları vә bununla bağlı beynәlxalq əməkdaşlıq perspektivləri göstәrir ki, neft üzrә yaxın 15-20 il, tәbii qaz üzrә isә 50-70 il әrzindә Azәrbaycanda ixrac potensialının əsas hissәsini mәhz bu mәhsullar tutacaqdır.

Azәrbaycan tәbii enerji sәrvәtlәrindәn sәmәrәli istifadә edәrәk özünün elektroenergetika sahәsindәki tәhlükәsizliyini də tәmin etmişdir. Bunun nәticәsidir ki, son 20 il әrzindә ölkәnin elektrik enerjisi sistemi dә daha da güclәndirilәrәk 7 min MVt-a yüksәldilmişdir. Hazırda Azәrbaycanda elektrik enerjisi istehsalı orta hesabla illik 29 milyard kVts tәşkil edir. Bunun 93,3%-ә qәdәri istilik elektrik stansiyalarında, 5,5%-lik hissәsi su elektrik stansiyalarında və 1,2%-i isə digər bərpa olunan mənbələr hesabına istehsal olunur. Bu sıraya 2011-ci ildәn başlayaraq, hazırda gücü 100 MVt-ı aşan bərpa olunan enerji sistemi dә qoşulmuşdur. Hazırda Azərbaycanın enerji sistemi 33-ü su, 26-sı istilik və 17-si regenerativ (bərpa olunan enerji mənbəli) olmaqla, 76 elektrik stansiyasını, müxtəlif təyinatlı 34 minə yaxın yarımstansiya və 1,9 milyon kilometr uzunluğunda elektrik verilişi xətlərini əhatə edir [11, 12]. Azәrbaycan, həm də Ermәnistan istisna olmaqla, elektrik enerjisinin bütün region dövlәtlәrinә ötürülmәsi üzrә tәminatlı infrastruktur imkanlarına malikdir. Artıq bir neçә ildir ki, Türkiyә, Rusiya, İran vә Gürcüstanla elektrik enerjisi mübadilәsi aparılır. Azərbaycan ötən 2022-ci ildə Avropaya Gürcüstan və Türkiyə vasitəsi ilə 3 milyard kVts-a yaxın elektrik enerjisi ixrac etmişdir. Ölkədə elektrik enerjisin ixrac potensiali 5 milyard kVts hesablanır. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər sualtı kabelin çəkilişi layihəsi icra olunacağı təqdirdə bu potensialın daha da artırılması hədəflənir.

 

4.YAŞIL ARTIM KONSEPTLƏRİ VƏ MUTİPKATİP EFFEKTLƏR

Azərbaycan yaşıl energetikadan istifadəni daim genişləndirir. Onun bərpaolunan enerji potensialı quruda külək, günəş, hidro və bio enerjisi sintezində 27 min MVt həcmində hesablanır. Buraya Xəzər dənizinin Azərbaycan sektorundakı 157 min MVt-a yaxın həcmdə külək enerjisini əlavə etdikdə isə ümumilikdə yaşıl enerji potensialının 184 min MVt-a yaxın həcmində olduğunu görərik. Hazırda ölkədə yaşıl enerji sahəsində üç iri layihə rellaşmaqdadır. Bu layıhələrlə inşa olunacaq günəş və külək elektrik stansiyalarında 700 MVt-dən çox yaşıl enerji istehsal ediləcəkdir. Bununla yanaşı, daha 22 min MVt-a qədər yeni günəş və külək elektrik stansiyalarının tikintisi də nəzərdə tutulur [12].

Qeyd olunmalıdır ki, həyata keçirilən “yaşıl enerji” siyasətində Xəzər dənizinin enerji potensialından istifadə mühüm yer tutur. Perspektivdə bu potensial ölkədən genişliklə miqyaslı elektrik enerjisinin ixracını təmin edəcək və həmçinin burada “yaşıl hidrogen” istehsalı ilə milli iqtisadiyyat əlavə dəyər əldə edəcəkdir. Bu baxımdan ölkədə yaşıl enerji komponentlərindən biri olan maye hidrogen üzrə ixrac planları işlənməkdədir.

Ölkənin enerji istehsalı strukturunda yaşıl enerjinin payının durmadan artması energetika balansına daha biçimli yanaşmanı və bu istiqamətdə inkişafın müvafiq yeni strateji xəttinin təyin olunmasını tələb etmişdir. Bu baxımdan Azərbaycanın regionlarında yaşıl enerjinin potensialının balanslaşdırılması və ondan istifadənin genişləndirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Xüsusilə vurğulanmalıdır ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olumuş ərazilərdə yetərli yaşıl enerji potensialından istifadə də həllini tapmışdır. Belə ki, ölkənin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konseptual sənədində prioritetlərdən biri - “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”, digəri biri isə “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” strategiyalarını əhatə edir [9]. Bundan irəli gələrək, qeyd olunmalıdır ki, ilkin qiymətləndirmələrə görə, işğaldan azad olunmuş ərazilərdə 7200 MVt günəş, 2000 MVt, külək 457 MVt hidro və 100 MVt bio enerjisi olmaqla ümümi toplumda 10000 MVt-a yaxın potensial vardır. Artıq buradakı çayların enerjisindən istifadəyə başlanılmışdır. İşləyən, tikilən və layihələndirilən kiçik su elektrik stansiyalarının sayı 29, enerji potensialı isə 325 MVt-a bərabərdir [12]. Bununla belə, regionun enerji potensialını konsolidə etmək və buradan xaricə ixracı gerçəkləşdirmək, habelə Azərbaycanın eksklavı Naxçıvan Muxtar Respublikasına ötürmək üçün müvafiq infrastruktur qurulmaqdadır. Bu strateji xətt həm də, Azərbaycanın artan elektroenergetika potensialından irəli gələrək Avropaya, xüsusən də yaşıl enerji kontekstində enerji körpüsünün salınmasına zəmin yaratmışdır. Onu həmçinin Avropa İttifaqı ilə aparılan enerji dialoqu da əsaslı etmişdir [9]. Belə ki, bu enerji dialoqu yalnız təbii qazı deyil, eyni zamanda yaşıl enerji və yaşıl hidrogen də ehtiva edir.

Göstərilən milli prioritetlər baxımından qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi kimi məsələlər də mühüm əhəmiyyət daşıyır [2]. Bu çevrədə təsbit olunan strateji dövrdə iqlim dəyişikliklərinə təsiri azaldan yüksək keyfiyyətli ekoloji mühit yaratmaqla yaşıl enerji məkanının effektiv reallaşdırılmasına nail olunmalıdır. Həmçinin bütün sferalarda “yaşıl” texnologiyaların tətbiqi vüsətlənməli, xüsusən də ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişləndirilməli və yaşıl iqtisadiyyata rəqəmsallaşmanın, süni intellekt resurslarının və “Sənaye-4” nailiyyətlərinin tətbiqi ilə daha əhatəli keçid təmin olunmalıdır [4]. Yaşıl iqtisadiyyatla bağlı fikirilərimizi ümumiləşdirdikdə görərik ki, o təbii aktivlərə təsir etməyən bir iqtisadiyyatdır. Onun özəyində isə yaşıl energetika konsepsiyası dominantlıq edir. Bir insanın həyat keyfiyyətinin artması təbii kapitalın artması ilə yanaşıdır. Bu isə “Yaşıl artım” adlandırılan iqtisadi fenomendir. Belə ki, “Yaşıl artım” (Green growth - green economic growth) təbii kapitalın təhlükəsizliyini təmin edən investisiyalar və innovasiyalar vasitəsilə iqtisadi artımın və inkişafın stimullaşdırılmasına yönəlmiş model quruluşdur [5, s 111-114, 6]. Yaşıl artım siyasətinin tərəfdarları iddia edirlər ki, yaxşı reallaşdırılan yaşıl siyasət bərpa olunan energetika, ekoloji təmiz kənd təsərrüfatı və ya davamlı meşə təsərrüfatı kimi sektorlarda məşğulluğu təmin etməyə imkan yarada bilər. Bu gerçəklik isə onun mültipkativ effektivliyindən xəbər verir Vurğulanmalıdır ki, multikatip effekt özündə sərmayə qoyuluşunun məşğulluğun, habelə əmtəə və xidmətlərin istehsalında daha böyük artıma gətirib çıxarması konsepsiyasını ehtiva edir [3, 7]. O, milli iqtisadiyyata investisiya qoyuluşları və əmək qabiliyyətli əhali arasında məşğulluq səviyyəsinin yüksəldilməsi, mallara məcmu təklifin, habelə əmtəə və xidmətlərə məcmu tələbin artması ilə müşaiyət olunur. Multiplikator effekti o zaman özünü göstərir ki, bəzi göstəricilərin artımı digər göstəricilərdə kəskin müsbət sıçrayışa gətirib çıxarır. Bu baxımdan yaşıl artım və onun konseptlərindən istifadə, həm də multiplikativ effektlilik baxımından Azərbaycan Respublikası üçün də xüsusi önəm daşıyır. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan inkluziv ssenaridə insanları, qrup və təşkilatları cəmiyyətin bütün qatlarının inteqrasiyasında birləşdirən yeni milli dairəvi iqtisadiyyat modelini reallaşdırmaqda qərarlıdır.

 

NƏTİCƏ

Azərbaycanın artan enerji gücü və yaşıl iqtisadiyyat strategiyasının səciyyələndirilməsi istiqamətində aparılan tədqiqat və təhlillər əsaslandırır ki, ölkədə dərin islahatları hədəf götürən enerji siyasəti daim təkmilləşir. Bununla belə, tədqiqat nəticələri həm də göstərir ki, enerji sektorunda inkişafın başlıca prioritetlərinə nail olmaq üçün bu sahədə bir sıra strateji məsələlər də daha dolğun həllini tapmalıdır. Bundan başqa, Azərbaycan yeni qlobal çağırışlardan irəli gələrək, yaşıl iqtisadiyyat quruculuğunda, yaşıl energetika sahəsində müvafiq transformasiyaları reallaşdırmalı, multiplikativ effektlər gətirən yaşıl artım konseptlərini inkişaf etdirməli, özünün enerji tәhlükәsizliyini daha da möhkəmləndirməlidir.

Bütün bunlar isə aparılan tədqiqat və təhlillər əsasında aşağıdakı nəticələri əsaslandırır:

• milli enerji təhlükəsizliyinin davamlı möhkəmləndirilməsi, artan enerji gücü əsasında mümkün bütün enerji növlərinin, xüsusən də təbii qaz və elektrik enerjisinin ixrac və tranzit potensialının genişləndirilməsi istiqamətində strateji planların hazırlanması;

• ekoloji effektivlik və emissiyalı iqtisadiyyat prinsiplərinə uyğun olaraq, dekarbonizasiya istiqamətində fəaliyyətlərin artırılması, elektromobillərdən istifadənin genişləndirilməsi və artan əhali tələbatına uyğun yaşıl enerji əsaslı daha modern optimal enerji infrastrukturunun qurulması;

• yaşıl enerji potensialı və multiplikativ effektdə yaşıl artım konseptlərini konsolidə etməklə inkluziv ssenaridə yeni milli dairəvi iqtisadiyyat modelinin formalaşdırılması;

• işğaldan azad edilmiş ərazilərdə enerji ehtiyatlarının konsolidasiyası əsasında müasir texnologiyalar tətbiq edilməklə regionun davamlı inkişaf edən yaşıl enerji zonasına çevrilməsi və ən müasir standartlara cavab verən innovativ enerji sisteminin qurulması;

• enerji sektorunda yaşıl texnologiyalardan istifadənin və rəqəmsallaşmanın daha da artırılması, süni intellekt resurslarının və “Sənaye-4” nailiyyətlərinin tətbiqinin genişliklə təminatı.

Dünyada gedən proseslər Azərbaycanın hədəf bazarı seçdiyi regionda təmiz enerjiyə tələbatın orta və uzunmüddətli dövrdə qat-qat artacağını göstərir. Lakin tələbatla yanaşı, təklifin də artacağını göz önünə almaq lazımdır.

 

 

ƏDƏBİYYAT

1.Hacızade, E.M. Dunya iqtisadiyyatı ve Azerbaycan: / – E.M.Hacızade. – Bakı: “Letterpess”, – 2018. – 912 s.

2.Ceferov, T.Q. Energetika - varlıqla, yoxlugun astanasında: / T.Q.Ceferov. – Bakı: “Serq-Qerb”, – 2015. – 136 s.

3.Allan, Bentley and Jonas Meckling. Creative Learning and Policy Ideas: The Global Rise of Green Growth. Forthcoming in Perspectives on Politics: [Electronic resource] / URL: https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3765002

4.Scott Cato, Molly (2009). Green Economics: An Introduction to Theory, Policy and Practice. USA, Earthscan publishes in association with the International Institute. p 224.

5. Geyts, B.Гейтс, Б. Kak nam izbezhat klimaticheskoy katastrofy. Resheniya, kotoryye u nas yest. Prorıvı, kotoryye nam nuzhny: / – B.Geyts. – Moskva: Mann, İvanov i Ferber (MİF)”, – 2021. – 336 c.

6. Germanovich, V. Alternativnyye istochniki energii i energosberezheniye. Prakticheskiye konstruktsii po ispolzovaniyu energii vetra, solntsa, vody, zemli, biomassy: / – V. Germanovich, A.Turilin – Sankt-Peterburg: Nauka i Texnika, – 2014. – 320 c.

7. Dzhekson, Tim. Protsvetaniye bez rosta: osnovy ekonomiki zavtrashnego: / – Tim Dzhekson. – Moskva: AST-Press, – 2013. – 304 c.

8. Zerkalov, D.V. Energeticheskaya bezopasnost : / – D.V. Zerkalov. – Kiyev: Osnova, – 2012. – 920 c.

9.Azerbaycan Respublikası Prezidentinin resmi saytı: [Elektron resurs] / – Bakı: URL: https://www.president.az

10.Professor Elsen Hacızadenin saytı: [Elektron resurs] / – Bakı: URL: https://www.hajizada.com

11.Beynelxalq Enerji Agentliyinin resmi saytı: [Elektron resurs] / URL: https://www.iea.org

12.Azerbaycan Respublikası Energetika Nazirliyi: [Elektron resurs] / – Bakı: URL: https://www.minenergy.gov.az

 

232.Yaşıl artım konseptləri və onun multiplikativ effektləri. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yaşıl energetika: yeni konseptual baxış və multiplikativ effektlər” mövzusunda Dördüncü Beynəlxalq Elmi-Praktik virtual konfransın materialları. Azərbaycan Dövlət İqtisad Universitetinin Enerji İqtisadiyyatı Mərkəzi, Gürcüstanın “Təhsilə Dəstək və İnvestisiya Fondu” (Education Support & Investment Fund), Estoniyanın “Beynəlxalq Elmi-Tədqiqat və Tədris Mərkəzi” (MTÜ International Research, Education & Training Center) Bakı-Tbilisi-Tallin 28-29 aprel 2023-cü il. ENECO Jurnalı. Bakı: № 2 (14) 2023. 0,7 ç.v. s. 25-33.