gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / AZӘRBAYCAN İQTİSADİYYATININ FORMALAŞMASI VƏ İNKİŞAFINDA NEFT-QAZ RESURSLARININ ROLU VӘ ӘHӘMİYYӘTİ

02.08.2021

Xülasə

 

Neft-qaz resurslarının multiplikativ effektlərinin iqtisadiyyatların formalaşması, inkişafı və yeni kapitalların yaranmasında rolu və əhəmiyyəti daim yüksək olmuşdur. Həmin reallıq ənənəvi olaraq bol neft-qaz resursalarına malik Azərbaycan Respublikası üçün də eyni dəyər daşımaqdadır. Bu baxımdan da məqalədə Azәrbaycan iqtisadiyyatının formalaşması və inkişafında neft-qaz resurslarının rolu vә әhәmiyyәti tədqiqat predmetinə çevrilmişdir. Aparılan təhlillərlə bir daha əsaslandırılmışdır ki, əvvəllər olduğu kimi yaxın və orta perspektivdə də respublikanın neft-qaz sərvətləri onun iqtisadi və sosial həyatında mühüm əhəmiyyət kəsb edəcək və o öz investisiyalaşdırıcı rolunu uzun müddət qoruyub saxlayacaqdır.

Açar sözlər: Azərbaycan Respublikası, neft, qaz, neft strategiyası, iqtisadi artım

 

 

1.Giriş

Azәrbaycan iqtisadiyyatının formalaşması və inkişafında neft-qaz resurslarının әhәmiyyәti daim yüksək olmuşdur. Məhz neft qaz resursları ölkənin sənaye potensialının erkən təşəkkülündə həlledici rol oynamışdır. Bu təbii sərvətlərin bolluğu və ondan istifadənin genişlənməsi ilə Azərbaycan iqtisadiyyatının aqrar xarakterliyi müəyyən qədər məhdudlaşmış və o sənayeyönümlü oriyentasiyada inkişaf yoluna qədəm qoymuşdur. Bu proses son iki әsrdә mərhələli şəkildə irəliləyiş taparaq yeni milli potensiallar yaratmış, xalqın sosial hәyatında vә mәdәni inkişafında əsas amillərdən birinə çevrilmişdir. Hazırda da bu realıq öz möhtəşəm gücünü itirməmişdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və respublika prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan milli neft strategiyası ilə neft-qaz resurslarının iqtisadiyyatın inkişafında dəyəri daha da artmışdır. Bu resursların reallaşmasından əldə edilən gəlirlər hesabına ölkədə yeni iqtisadi quruculuq işlərinə başlanılmış, proqramlar, konsepsiyalar hazırlanmış, minlərlə layihələr icra edilmiş və ölkə yeni inkişaf yoluna qədəm qoymuşdur.

Neft-qaz resurslarının multiplikativ effekti indi də tükənməmişdir. Ölkədə neft-qaz ehtiyatlarına dair bağlanmış sazişlәrin hәyata keçirilmәsi ilә әlaqәdar әldә olunan gәlirlәrin toplanmasını, sәmәrәli idarәedilmәsini, gәlәcәk nәsillәr üçün saxlanmasını tәmin edәn xüsusi mәqsәdli dövlәt qurumu Azərbaycan Respublikasının Dövlət Neft Fondu - ARDNF tәsis edilmişdir. Bu fond vasitəsi ilə bir sıra inkişaf proqramları davamlı olaraq maliyyələşdirilir və iqtisadi inkişaf təmin edilir. Bütün bunlardan irəli gələrək, məqalədə Azәrbaycan iqtisadiyyatının formalaşmasında olduğu kimi, hazırkı və gələcək inkişafı prosesində də neft-qaz resurslarının әhәmiyyәti və rolu təhlil predmetinə çevrilir.

 

2.Neftdən erkən təsərrüfat həyatında istifadə: tarixi rakurs və retrospektiv təhlil

Hәlә qәdim zamanlardan Azәrbaycan xalqının tәsәrrüfat vә sosial hәyatında karbohidrogen resurslarından istifadә mühüm rol oynamışdır. Burada min illәr davam edәn hasilat yalnız dünya iqtisadiyyatına deyil, hәm dә bütövlükdә neft tәsәrrüfatı salnamәsinә misilsiz töhfәlәr vermişdir. Belә ki, neft tarixi ilә bağlı elә bir yaranış tapmaq çәtindir ki, orada Azәrbaycanın adına rast gәlinmәsin. Azәrbaycanın “odlar yurdu” mәnasını daşıyan adlanışı da, heç şübhәsiz ki, bu coğrafiyada yerin tәkindәn özbaşına çıxan tәbii yanar qazların vә enerji effektli mövcud neftli әrazilәrin genişliyindәn qaynaqlanmışdır. Bu ərazilərdə min illlər ərzində neftin çıxarılması və təsərrüfatda işlənməsi davam etsə də, ondan daha geniş istifadə orta əsrlərə təsadüf etmişdir. Çoxsaylı әlyazmalarda XVI әsrdә Bakı-Abşeron әrazisindә 500-dәn çox quyunun mövcudluğunu tәsdiqlәyәn, hasil olunan neftin, karvanlardan savayı, hәtta gәmilәrlә daşınmasını diqqәtә gәtirәn mәlumatlar vardır. Bakının Balaxanı kәndindәki mәdәnlәrdә aşkarlanan köhnә neft quyusu әtrafındakı daş kitabәdә onun dәrinliyinin 64 metr olduğu vә 1594-cü ildә usta Allahyar Mәhәmmәdnur oğlu tәrәfindәn inşa edildiyi göstәrilir. Bu isә o demәk idi ki, artıq hәmin zamanlarda neft quyusunun qazılması sәnәtkarlıq sәviyyәsinә yüksәlmiş, neftin istehlakı isә intensiv xarakter almışdı. Bu zamanlarda neft tikintidә vә həmçinin də fiskal mexanizm kimi xәzinәdarlıqda tәtbiqini tapmışdır. XIV әsrdә inşa edilәn Bakı Cümә mәscidinin minarәsinin divarlarında әks olunan yazılar bu mövcudluğa aydınlığı ilә görüntü verir [3, 11, s. 57, s. 78.].

XVII әsrdәn başlayaraq neft artıq özünün әhәmiyyәtini vә şöhrәtini daha da möhkәmlәndirir. O, xarici ticarәt әlaqәlәrinin genişlәnmәsindә mühüm әmtәәyә çevrilir. Tәbii ki, hәmin zamanlarda neftin qlobal vә regional çevrәdә topdansatış bazarı da, alternativlәri olmadan Bakıda yerlәşmişdi. Bu bazar öncә region ölkәlәrinin neftә yaranmış tәlәblәrini ödәmәkdә idi. Sonradan neft maraq dairәsini genişlәndirәrәk, Hind-Çindәn Avropanın Atlantik okean sәrhәdlәrinә qәdәr ticarәt zonasını әhatә etdi [26].

XIX əsrin əvvəllərində Azərbaycanı işğal edən ruslar neft sərvətləri də daxil olmaqla onun resurslarının mənimsənilməsi iqstiqamətində bir sıra çalışmalar yerinə yetirdi. İlk әvvәl rus kapitalına vә yerli tacirlәrin әmlakına istinad edәn feodal әnәnәlәrinә müvafiq kәnd tәsәrrüfatı, balıqçılıq, sәnәtkarlıq vә ticarәt sәrmayә obyekti seçildi. Sonradan neftin baş verən ilk sənaye inqilabının əsas generasiya mənbəyinə çevrilişi başlanan fəaliyyət istiqamətinin bu sərvətdən geniş faydalanmağa yönəlməsi ilə nəticələndi [12]. Kənd təsərrüfatına tətbiq edilməyən məhdudiyyətlər neft biznesində intişar tapdı. Torpaqlar әksәrәn millilәşdirildi, neftli әrazilәr hasilatçılara 4 illik müddәtdә icarәyә verildi. Sonradan tәtbiq edilәn bu iltizam sistemi artan neft tәlәbatını ödәmәkdә başlıca iqtisadi maneәyә çevrildi vә imperiya xәzinәsinә kapital axını üçün müvәffәq sayılmadı. Sәbәb ondan ibarәtdir ki, qısamüddәtli kirayәçilik qazma vә hasilat işindә sәrmayә qoyuluşuna, texniki tәkmillәşmәyә әngәllәr törәdirdi. Şәrhi verilәn bu tarixi hadisәlәr vurğulandığı kimi XIX yüzilliyin ilk onilliklәrinin bitmәsi әrәfәsindә Avroatlantik mәkanda sivilizasiyanın industrial simasının tәşәkkül tapma zamanlarına tәsadüf etmişdir. Sənaye inqilabı 1846-cı ildә Azərbaycanda dünyanın ilk mexaniki üsulla neft quyusunun qazılmasına rəvac verdi. Bununla yanaşı, hasilatda dәrinlik nasoslarının tәtbiqinə başlanıldı. 1859-cu ildә Bakıda ilk neftayırma zavodu tikildi, 1871-ci ildә isə ilk dәfә yatağın sәnaye üsulu ilә işlәnmәsinә (Balaxanı-Sabunçu-Ramanı) başlanıldı. 1878-ci ildә Balaxanı yatağı ilә Bakı neftayırma zavodu arasında 12 km uzunluqda ilk neft kәmәri inşa olundu [9, 11, s 79, 26].

XIX әsrin ikinci yarısında Rusiya iqtisadiyyatında artıq yüksәk inkişaf templәri sürәt alırdı. Statistik mәlumatlara әsasәn, 1860-1900-cu illәr әrzindә burada sәnaye mallarının istehsalı 7 dәfә artmışdır. Analoji artım müvafiq olaraq Almaniyada 5, İngiltәrәdә isә 2 dәfәdәn bir qәdәr çox olmuşdur. Canlanma vә tәrәqqi ölkә iqtisadiyyatının digәr sahәlәrindә dә özünü biruzә vermişdir. Elә bu çağlarda Rusiya imperatorluğuna qatılmış ucqar Bakı regionunda neft fontanları yeni gerçәkliklәr vә sarsıntılar yaratmaqda idi. Neft kapitallaşaraq yeni maraqlar vә tәlәblәr doğurmuşdu. Getdikcә strateji әhәmiyyәt kәsb edәn neftә tәlәbin durmadan artması Rusiyada bu sahәdә әsaslı islahatların aparılmasını gündәmә gәtirdi. Rusiya hökumәti neft sәnayesindә sәrmayә axınını güclәndirәn, dirçәlişi tәmin edәn ardıcıl iqtisadi siyasi kurs qәbul etdi. Əsas strateji xәtt kimi neft mәdәnlәrinin özәllәşdirilmәsi müәyyәn olundu. 1872-ci ildә bu işdә mәhdudlaşdırıcı amilә çevrilmiş iltizam sisteminin lәğvi ilә nәticәlәndi. Hәmin ilin son günündә keçirilәn hәrraclarda neftli torpaq sahәlәri özәl әllәrә verildi vә neft işinә güclü investisiya axını, xüsusәn dә, xarici kapitalın cәlb edilmәsi prosesi başlandı [18, 18, 26].

Belә bir fakt maraq doğurmaya bilmәz ki, 1872-ci ildә Rusiyada hasil olunan 27 min ton neftin 26 min tonunu Bakı, qalan hissәsini isә Qroznı vә Krasnodar yataqları vermişdi. Çar hökümәti dağ-mәdәn sәnayesindә tәhkimçi әmәyinin tәtbiqini qadağan etdikdәn sonra XIX әsrin 70-90-cı illәrindә Bakıda neft hasilatında ciddi yüksәlişlәr әldә olundu vә Bakıda neft bumu dairәsini daha da genişlәndirdi. İnkişaf o qәdәr sürәtlә gedirdi ki, artıq 1879-cu ildә Abşeronda әl ilә quyu qazılması tәtbiq olunmurdu. Yeni iqtisadi imkanlar Azәrbaycanda quyuların sayının 1872-1901-ci illәrdә 1740-a çatmasına, orta quyu dәrinliyinin yüzmetrlәri aşan silsilәyә, hasilatın 62,3 mindәn 10,7 milyon tona qәdәr yüksәlmәsinә tәkan vermişdir. Bu zaman kәşfiyyat-axtarış, işlәmә vә hasilat sferasında artıq spesifik şirkәtlәr - “H.Z.Tağıyev”, “Nobel qardaşları” və sair tәşәkkül tapmış, ilk dәfә olaraq azәrbaycanlı sahibkarlar kapital dünyasında avtoritet zirvәyә yüksәlәrәk xaricdә böyük daşınmaz әmlaka, dünya banklarında yetәrli hesablara malik olan neftxudalara - iri neft boslarına çevrilmişlәr.

Artıq XIX әsrin 80-ci illәrindә neftə olan eһtiyac daһa da artmış, 1873-cü ildә fəaliyyət göstərən daxili və xarici şirkətlərin sayı 1913-cü ildә 12-dən 182-yə yüksəlmişdir. Bu dövrlәr hәm dә Bakı neftinin istismarı saһәsindә әlverişli şәrait yaranışı ilә də fәrqlәnmişdir. Belә ki, burada һәr qazılan quyu fontanla nәticәlәnirdi. İşçi qüvvәsi dә olduqca ucuz idi. Mövcud iqtisadi әlverişli müһit bir çox xarici şirkәtlәrin vә saһibkarların sürətlə varlanmasına səbəb olumuşdur [4].

Xüsusi ilə vurğulamaq lazımdır ki, neft sәnayesi vә onunla әlaqәdәr sahәlәrin inkişafı Bakının özünün güclü inkişafına sәbәb olmuşdur. XIX vә XX әsrlәrin qovşağında Bakı Avropanın neft industriyasının mәrkәzi şәhәrinә çevrilmişdi. Əhalinin artım sürәtinә görә Bakı o dövrdә dünya şәhәrlәri içәrisindә birinci yeri tuturdu. Bolşeviklәrin rәhbәri Vladimir Leninin “Neftin demәk olar ki, hamısı Bakı quberniyasında hasil edilir, buna görә dә Bakı şәhәri әhәmiyyәtsiz bir şәhәr ikәn dönüb Rusiyada 112 min әhalisi olan birinci dәrәcәli sәnaye mәrkәzinә çevrilmişdir” söylәmәsi sürәtli yüksәlişi tәsdiq edәn yetәrli ifadәdir [3, 11, 14].

Neft vә qaz hasilatının artmasına iqtisadi münasibәtlәrin tәkmillәşmәsi dә böyük tәsir etmişdi. Artıq bu illәrdә neft sәnayesinin infrastrukturunun tam formalaşması reallaşmaqda idi. Bu zaman Bakıda çoxsaylı cәmiyyәtlәr, ittifaqlar, sindikatlar, müxtәlif zavodlar meydana gәlmişdi. Neft Bakını “Böyük İpәk yolu”nun tranzit mәkanlığı statusundan çıxararaq onun avtonom logistik imkanlarını qaynaqlandırmışdı. Neft sәnayesinin sürәtli inkişafı neft vә ondan alınan mәhsulları istehlak yerlәrinә çatdırmaq üçün dәniz nәqliyyatını inkişaf etdirmәk zәrurәti yaratmışdı vә Bakının neft daşınmasında әhәmiyyәti artmışdı. Belә ki, 1859-cu ildә Bakı limanının inşası dәniz nәqliyyatında, xüsusәn, neftdaşımada yeni perspektivlәr açmışdı [9, s. 25].

XIX әsrin sonunda Azәrbaycanın neft potensialı daha da genişlәndi. Bakıdan Rusiyadakı әsas istehlakçılar - Moskva, Sankt-Peterburqla yanaşı, Hindistan, Türkiyә, Misir, Çin, Yaponiya vә hәtta daha uzaqlara - Avstraliyaya da ixrac mәhsulları göndәrilmәyә başlandı. Artıq 1894-cü ildә Azәrbaycanda çıxarılan neftin miqdarı ABŞ-dakı sәviyyәyә bәrabәr idi. 1901-ci ildә isә hasilatın hәcminә görә Bakı Neft Rayonu liderliyi әlә alaraq dünyada birinci yerә çıxmışdı. Hәmin ildә dünyada 20 milyon tondan bir qәdәr çox neft çıxarılmışdır ki, bunun da yarıdan çoxu Azәrbaycanda, Abşeron yarımadasında hasil edilmişdir [2, 20].

XIX әsrin әsrin axırlarında neft sәnayesinin güclü inkişafı vaxtı Avropa vә Rusiyada sәnaye böһranı baş verdi. Baş verәn böһran nәticәsindә neft bazarının imkanları mәһdudlaşdı. Bu da müәyyәn qәdәr һasilatın azalmasına sәbәb oldu. Yüksәk mәnfәәt götürmәk ehtirası neft yataqlarının vәhşicәsinә istismarı ilә nәticәlәndi. 1904-cü ildә İngiltәrәnin ağ neft tәlәbatının 71,1%-ni Bakı reallaşdırırdı. 1881-ci ildә Bakıda 9,2 milyon, 1900-cu ildә isә 87,9 milyon manatlıq mәhsul istehsal olunmuşdu ki, bu da bütün Qafqaz sәnaye mәhsulu dәyәrinin 30%-dən çoxunu tәşkil edirdi. Lakin bütün bu keyfiyyәtlәr qeyd olunan 1900-1903-cü illәr dünya iqtisadi böhranı ilә dәyişikliklәrә uğradı. Böhranın ilk çağlarında Azәrbaycan nefti bir neçә il әvvәl әldә etdiyi dünya neft hasilat birinciliyini yenidәn ABŞ-a verdi. Bu proses әksәr parametrlәrdә düz 75 il ABŞ-ın dünya neft industriyasında ön cәbhәdә duruşu mәrhәlәsi ilә müşayiәt olundu. O da qaçılmaz faktdır ki, XIX әsrin ortalarından II Dünya Müharibәsinin bitmәsinә qәdәr dünya neft sәnayesi ABŞ vә Bakı nefti әsasında ikimәrkәzli qütbdә inkişaf etmişdir [1, 6].

XIX әsrin əvvələrində artıq Bakı quberniyasında adambaşına sәnaye mәһsulunun hәcmi Tbilisi ilә müqayisәdә 30 dәfә, İrәvan quberniyasına nisbәtәn isә 217 dәfә yüksәkdə idi. Bakının һәr 10 min sakinindәn 530 nәfәr, Tiflisdә 60 nәfәr, İrәvanda isә cәmi 5 nәfәr iri sәnayedә işlәyirdi. Bakını daxil etmәdәn belә, 1908-ci ildә Azәrbaycanda 2450 fabrik-zavod müәssisәsindә 22943 fәһlә çalışırdı. Tbilisi ilә birgә bütün Gürcüstanda isә 5304 fabrik-zavod müәssisәsi var idi vә onlarda 17556 fәһlә işlәyirdi. Hәmin illәrdә Bakıda bank kapitalı ilә neft kapitalının qovuşması prosesi gedirdi vә 1913-cü ildә şәhәrdә 15 iri bank fәaliyyәt göstәrirdi [4, s. 36, 6, 26].

1910-1914-cü illәrdә Azәrbaycanın neft yataqlarını bölgüsü uğrunda ingilis, fransız vә alman inһisarçıları arasında mübarizә daһa da kәskinlәşirdi. İngilis şirkәti “Oyl” “Nobel qardaşları” şirkәtinin çoxlu sәһmlәrini alaraq onun payını bu bölgüdә azaltmağa cәһd edirdi. I Dünya Müһaribәsi әrәfәsindә Bakıda 112,6 milyonluq xarici sәһmdar kapitalının 48,2%-i ingilislәrin, 42,9%-i fransızların, 8,9%-i almanların әlindә olmuşdur. O illәrin statistikası göstәrir ki, 1912-ci ildә Zaqafqaziya fabrik-sәnaye mәhsulunun 68,5%-i, 1915-ci ildә isә 88,6%-i tәkcә Bakının payına düşmüşdür. Elә bu sәbәlәrlә dә o zaman çar Rusiyasının baş naziri Sergey Vitte (1849-1915) öncә maliyyә naziri olandan ölkә büdcәsini neft hesabına doldurmağa başlamışdı [11, s. 82].

XX әsrin ilk illәrindә iqtisadi gәrginliklәrlә dә müşayiәt olunan siyasi hadisәlәrin Azәrbaycanın neft sәnayesindә әksi 1918-ci ildә apogeyә çataraq 1921-ci ilә qәdәr davam etmişdir. Əsasәn, Azәrbaycan Xalq Cumhuriyyәti dövrünü әhәtә edәn bu tarixi mәrhәlә dünyәvi hadisәlәrin mühüm tәrkib hissәsi kimi, siyasi çaxnaşmalar, iqtisadi tәzadlarla müşayiәt olunmuşdur. Hәmin qısa zaman әrzindә ölkә rәhbәrliyi iqtisadiyyatda, o cümlәdәn, neft hasilatında mühüm irәlilәyişlәri tam tәmin etmәyә müvәffәq olmamışdır. Bu dövr әrzindә vәtәnsevәr insanların tәnәzzülә uğramış neft sәnayesini dirçәltmәyә yönәlmiş cәhdlәri dә sәmәrә vermәmiş vә milli sahibkarlar bolşevizm tәzyiqlәrindәn çәkinәrәk müәyyәn dәrәcәdә öz konsessiyalarından vaz keçmәk mәcburiyyәtindә qalmışlar. Nәhayәt, rus-bolşevik qoşunlarının Bakını işğal edәrәk, Azәrbaycanın müstәqil dövlәtçiliyini süquta uğratması respublikanın hәm siyasi, hәm iqtisadi hәyatında yeni, uzun bir mәrhәlәnin әsasını qoymuşdur [16, 24, 26].

Sәnayelәşmә erasından başlayaraq bolşevik istilalarını әhatә edәn tarixi dövr әrzindә Azәrbaycanda neft hasilatının hәcmini mümkün dәqiqliklә ifadә etmәk çәtindir. Bu tarixi dövr ilk mexaniki üsullu quyunun qazılmasından ADR-in süqutuna qәdәr 73 illik bir zamanı әhatә edir. Bu tarixin ilk 25 ili, yәni neft statistikasının nisbәtәn mükәmmәllәşdiyi 1872-ci ilә qәdәrki dövrü әrzindә hasilatın dәqiqlәşmәsi müәyyәn hesablamalar tәlәb edir. Bir sıra tarixi mәnbәlәrdә hasilatla bağlı göstәricilәri tәhlil etdikdә bu dövrü әhatә edәn hasilat hәcminin 200-250 min ton arası tәrәddüd etdiyini yәqinlәşdirmәk olar. Lakin 1872-1920-ci illәr tarixi götürüldükdә hәmin dövr әrzindә Rusiyada hasil olunmuş 282,6 milyon ton neftin 84,0%-nin Azәrbaycanda çıxarıldığını müәyyәn etmiş olarıq. Bu hesablama Cәdvәl 1-in mәlumatlarına әsaslanır:

 

Cədvəl 1

Azərbaycanda 1872-1920-ci illərdə neft hasilatı [26]

 

İllər

Hasilat

(min ton)

İllər

Hasilat

(min ton)

İllər

Hasilat

(min ton)

1872

26

1902

10504

1918

3435

1880

343

1910

8232

1919

3739

1900

9866

1913

7669

1920

2915

1901

10979

1917

6646

Cəmi

237 358

 

Rusiyada “Oktyabr çevrilişi” baş verdikdәn vә Azәrbaycanda sovet hakimiyyәti qurulduqdan sonra respublikanın neft vә qaz sәnayesində də yeni mәrhәlәnin başlanğıcı oldu. Azәrbaycan İnqilab Komitәsi 1920-ci ilin 24 mayında neft sәnayesini millilәşdirmәk barәdә dekret qәbul etdi. Sovet hakimiyyәtinin ilk dövrlәrindә geoloji-kәşfiyyat vә axtarış işlәri geniş vüsәt aldı, yeni neft yataqları kәşf edildi, yeni “neftçi” şәhәr vә qәsәbәlәri salındı, neft sәnayesi zavodlarının vә yardımçı istehsal sahәlәrinin geniş infrastrukturu yaradıldı. Bunun nәticәsi idi ki, 1940-cı ildә SSRİ-dә neft hasilatının ¾ hissәsi Azәrbaycanın payına düşürdü. II Dünya Müharibәsindә - 1941-ci ildә Azәrbaycanda quruda zirvә nailiyyәt - 23451 min ton neft hasil edildi. Ümumilikdә isә II Dünya Müharibәsindә Azәrbaycan neftinin hasilat hәcmi 75 milyon tona bәrabәr olmuşdur. Bu o zaman SSRİ-dә çıxarılan neftin 73,4%-ni tәşkil edirdi [2, 6, 15, 23].

Müharibәdәn sonrakı illәrdә keçmiş SSRİ mәkanında - Volqaboyunda, Uralda, Sibirdә nәhәng neft vә qaz yataqlarının kәşfi, respublikada neftә olan tәlәbatı azaltdı, Azәrbaycanı xüsusi diqqәt sferasından çıxartdı. Xәzәr dәnizindә kәşf edilәn perspektivli neft-qaz yataqları hasilat balansını dәnizin xeyrinә dәyişәrәk, quruda neftqazçıxarma sәnayesinin problemlәrini daha da dәrinlәşdirdi. 1950-1960-cı illәrdә dәnizdә sürәtlә artan hasilat 1964-cü ildәn quru sahәlәrindәki hasilatı arxada qoydu. 1950-ci illәrdә Şirvan şәhәrindә vә Siyәzәndә neft yataqlarının kәşfi quruda hasilatın müәyyәn müddәt enmәsinin qarşısının alınmasına səbəb oldu. 1970-ci ildә dәniz akvatoriyasında geoloji-kәşfiyyat, qazma, istismar işlәrinin aparılmasını hәyata keçirәn “Xәzәrdәnizneft” İstehsalat Birliyi yaradıldı. Bu işlәrin davamı olaraq 1970-1980-ci illәrdә Azәrbaycana 75 növdә vә 400-dәn çox ağır yükqaldıran kran gәmisi, boruçәkәn, seysmik vә digәr növ gәmilәr gәtirildi vә nәticәdә, 1975-ci ildә neft vә qazın ümumi hasilatı şәrti yanacaq ekvivalentindә 27,1 milyon tona yüksәldi. 1980-ci illәrdә respublikaya gәtirilәn üzәn qazma qurğularının sayı 11-ә çatdırıldı, Bakıda nәhәng Dәrin Özüllәr Zavodu (indiki Heydәr Əliyev adına Bakı Dәrin Özüllәr Zavodu) inşa olundu. Bütün bunlar isә öz növbәsindә dәnizin daha dәrin sahәlәrindә neft vә qazla zәngin olan Azәri, Çıraq, Günәşli vә s. kimi yataqların kәşfinә zәmin yaratdı [6, 26].

Azәrbaycanın yanacaq sәnayesinin tarixindәn bәhs edәrkәn ayrıca onun qaz sәnayesinin inkişaf tarixinә diqqәt yetirmәk lazımdır. Azәrbaycanın әrazisindә min illәr öncә qazın çıxması hadisәsi müşahidә olunmuşdur. Atәşpәrәstlәrin qәdim mәskәnlәrindәn birinin dә Azәrbaycan әrazisi olduğu artıq tarixi faktlarla sübut olunmuşdur vә şübhә doğurmur. Orta әsrlәrdә Azәrbaycana gәlәn hindistanlı tacirlәr Suraxanıda tәbii qaz çıxan yanar әrazidә atәşpәrәstlik mәbәdi yaratmışlar ki, bu mәbәd sonradan digәr atәşpәrәst zәvvarların müqәddәs ziyarәt yerinә çevrilmişdir. Abşeronda Bibiheybәt әrazisindә XIX әsrin axırı - XX әsrin әvvәllәrindә uzun illәr dәniz sәthindә tәbii qazın çıxması ilә әlaqәdar alışma, yanma hadisәsi müşahidә olunmuşdur. Abşeronda Mәhәmmәdli kәndinin әrazisindә daim yanmaqda davam edәn mәhşur “Yanar dağ” sәthi mövcuddur. Əvvәlki dövrlәrdә bu yanacaq, enerji mәnbәyinin әhәmiyyәti dәrk edilmәsә dә, artıq XIX әsrin ortalarından tәbii qazdan sәnayedә, mәişәtdә istifadә olunmasına başlanmışdır. 1859-cu ildә Suraxanıda kiçik olmayan zavodda buxar әldә etmәk üçün tәbii qazdan yanacaq kimi istifadә olunmuşdur. 1902-ci ildә Suraxanıda qazılan quyu qaz fontanı yaratmış, sutkalıq debiti 57 min m3 olan bu quyu ilk qaz nәqletmә sisteminin yaranmasına sәbәb olmuşdur. 1920-1921-ci illәrdә hasilatın artması ilә әlaqәdar Azәrbaycanda 34 milyon m3 qaz hasil edilmişdi. 1931-ci ildә artıq yaşayış massivlәrinin 90-95%-i Bakı şәhәrindә qaz ilә qızdırılırdı. Qaz sәnayesinin sürәtli inkişafı ilә әlaqәdar artıq 1950-60-cı illәrdә respublikanın, әsasәn, sәnaye, kommunal tәsәrrüfatı, elektrik stansiyaları bu enerji növündәn istifadә sisteminә keçmiş vә bu, iqtisadiyyatın bütün digәr sahәlәrinin inkişafına öz tәsirini göstәrmişdir. 1969-cu ildә quruda rekord miqdarda - 12,9 milyard m3 qaz hasil olunmuşdur [11, s. 85., 26].

 

3.Milli neft strategiyası - Yeni epoxial mərhələ

Bir geçәklikdir ki, Azәrbaycanda dövlәt müstәqilliyi bәrpa edildikdәn sonra keçid dövrünün tәlәblәrinә әn davamlı sahә kimi mәhz neft-qaz sektoru fәrqlәnmişdir. Bu, hәm dә ondan irәli gәlmişdir ki, bütün tarix әrzindә ilk dәfә olaraq neft-qaz sәrvәtlәrinin xalqa mәxsusluğu tәmin olunmuş vә neft-qaz sәnayesini milli dövlәt mәnafelәri baxımından inkişaf etdirilmәsi üçün real әlverişli şәrait yaranmışdır. Bununla yanaşı, yeni geosiyasi situasiya Azәrbaycanın Xәzәr sektorunda XX әsrin son onilliklәrindә aşkarlanmış nәhәng karbohidrogen yataqlarının beynәlxalq әmәkdaşlıq çәrçivәsindә aktiv işlәnmәsinә dә әsaslı zәmin olmuşdur. Bütün bu gerçәkliklәr fonunda ümummilli lider Heydәr Əliyevin rәhbәrliyi altında ölkәnin milli neft strategiyası formalaşdırılmışdır. Praktiki müstәvidә “Əsrin müqavilәsi”indәn start götürәn milli neft strategiyası multiplikativ effektdә Prezident İlham Əliyevin әzmkar fәaliyyәti ilә aparılan miqyaslı islahatlarla daha tәkmil mәcraya yönәlmiş, çoxsaylı beynәlxalq neft kontraktının bağlanışı ilә respublikaya nәhәng investisiya axınının gәtirilmәsini, transmilli neft-qaz ixrac boru kәmәrlәrinin inşasını, yeni yanacaq-enerji infrastrukturu quruculuğunun, sosial-iqtisadi inkişafa әlavә stimullar verәn milli neft fondunun yaradılmasını tәmin etmişdir. İndi bu sәrvәtlәrdәn daha sәmәrәli istifadә ümumi milli inkişaf strategiyasının әn mühüm prioritetlәrindәn birini tәşkil edir [7, 17, 22, 25].

 

Azәrbaycan Respublikasının Prezidenti Heydәr Əliyev “Yeni Əsr vә üçüncü minillik münasibәtilә Azәrbaycan xalqına müraciәt”indә demişdir: “Azәrbaycan xalqının da azadlıq vә müstәqillik uğrunda mübarizәsindә öz tәbii sәrvәtlәrinin sahibi olmaq arzusu әsas mәqsәdlәrdәn biri idi. Bu gün iftixar hissi ilә deyә bilәrik ki, Azәrbaycan xalqı uzun illәr boyu ürәyindә gәzdirdiyi arzusuna çatmışdır vә öz tәbii sәrvәtlәrinin, o cümlәdәn neftinin tam sahibidir vә ondan necә istifadә olunmasını sәrbәst surәtdә müәyyәn edir. Müstәqil Azәrbaycanın neft strategiyasını ardıcıl hәyata keçirәrәk biz böyük uğurlara nail olmuşuq. Gәlәcәkdә isә bu uğurlar daha da artacaqdır” [25, 26].

Azәrbaycan әrazisinin 2/3 hissәsi neft vә qaz yataqları ilә zәngindir. Ən çox neft vә qaz yataqları Abşeron yarımadasında, Xәzәr dәnizinin şelf zonasında, Bakı vә Abşeron arxipelaqlarında yerlәşir. Bundan başqa, cәnub-şәrqi Şirvan, Mәrkәzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyәzәn zonası da neftlә zәngindir. Hazırda ölkә әrazisindә 8 neftli-qazlı vә 2 perspektivli rayon mövcuddur. Azәrbaycan әrazisindә 81 neft-qaz yatağı aşkar edilmişdir ki, onların da 61-dәn karbohidrogen hasil olunur. Ölkәnin hazırda tәsdiq edilmiş, dәqiqlәşdirilmiş neft ehtiyatları 1,5 milyard ton, proqnoz 2 milyard tondur. Qaz ehtiyatları 2,6 trilyon m3, proqnoz ehtiyatlar tәqribәn 3-4 trilyon m3-ә bәrabәrdir. Azәrbaycan qaz ehtiyatları ilә azı bir әsr özünün vә regionun ehtiyaclarını ödәmәk iqtidarındadır. Kәşf olunmuş neftin 24%-i, tәbii qazın isә 15%-i qurunun payına düşür. Dәnizdә karboһidrogen yataqlarının güman edilәn saһәsi 21,4 min km2, quru әrazilәrindә isә 43-45 min km2-dir [27].

Statistik mәnbәlәrdә neft sәnayesinin tәşәkkül tapdığı illәrdәn indiyәdәk Azәrbaycanda 42 min quyunun qazıldığı göstәrilir. Hәmin quyulardan bu müddәt әrzindә 70%-dәn çoxu, tәqribәn 30 mini lәğv edilmişdir. “Əsrin müqavilәsi” hәyata vәsiqә qazandıqdan sonra görülmüş möhtәşәm tәdbirlәr nәticәsindә respublikada neft hasilatı ilә yanaşı qaz hasilatı da dinamik şәkildә yüksәlmiş, 2004-cü ildәki 5,0 milyard m3-dәn 2018-ci ildә 29,5 milyard m3-ә çatmışdır. Hazırda bu hasilat әsasәn 3 mәnbәdәn - AÇG yataqlar blokundan hasil olunan sәmt qazı, “Şahdәniz” yatağından hasil olunan qaz vә SOCAR-ın müstәqil işlәdiyi yataqlardan tәmin olunur. 2020-ci ildә Azәrbaycanda 34,6 milyon ton neft vә 36,7 milyard m3 qaz çıxarılmışdır. Vurğulanmalıdır ki, 2017-ci ilin 8 noyabrında Azәrbaycanda 2-ci milyard ton neft hasil olunmuşdur. 2018-ci ilin әvvәlinә isә respublika üzrә istismarda olmuş yataqlardan işlәnmәnin әvvәlindәn 2,01 milyard ton, o cümlәdәn dәniz yataqlarından 1,03 milyard ton neft-kondensat çıxarılmışdır [5, 8, 13, 21, 27, 29].

Müstәqillik illәrindә ölkә yataqlarından ümumilikdә 800 milyon tona yaxın neft vә 900 milyard m3-dәn çox qaz hasil edilmişdir. Hesablamalara görә, dünya neft erasının bitmәmәsi fonunda Azәrbaycanda 3-cü milyard ton neftin hasilatı 2060-cı illәrә tәsadüf edә bilәr. 2 trilyon m3 qazın isә daha tez - 2055-ci ildә hasilatı gözlәnilәndir [26].

Qeyd olunmalıdır ki, hazırda Azәrbaycan tәbii qaz idxal edәn ölkәdәn beynәlxalq miqyasda mühüm qaz ixracatçısına çevrilmişdir. Belә ki, Xәzәr dәnizinin Azәrbaycan sektorunda hasil edilәn tәbii qaz Gürcüstan, Türkiyә, Rusiya, İran vә Yunanıstana ixrac edilmәkdәdir.

Aşağıda Azәrbaycanda 1991-2020-ci illәrdә neft-qaz hasilatını әks etdirәn cәdvәl verilmişdir:

 

Cәdvәl 2

Azәrbaycanda 1991-2020-ci illәrdә neft-qaz hasilatı [26, 27, 29]

 

İllər

Neft hasilatı

(min ton)

Qaz hasilatı

(milyon m3)

İllər

Neft hasilatı

(min ton)

Qaz hasilatı

(milyon m3)

1991

11 742

8 621

2010

50 838

26 312

1995

9 161

6 644

2015

41 628

29 175

2000

14 017

5 642

2020

34 600

36 700

2005

22 214

5 732

 

 

 

 

Azәrbaycanın neft sektorunda aparıcı funksiyanı Azәrbaycan Respublikasının Dövlәt Neft Şirkәti - SOCAR yerinә yetirir. Dünyanın әn böyük neft şirkәtlәrindәn biri olaraq SOCAR-ın Azәrbaycanda transmillilәşmәni tәmin edәn şirkәt kimi dә potensialı daim artır. Şaquli inteqrasiya olunan holdinq tәyinatlı dövlәt qurumu kimi SOCAR Azәrbaycan Respublikasında bütövlüklә neft sәnayesini axtarış-kәşfiyyat işindәn başlayaraq, hasilat, emal, nәql, tәchizat, satış vә digәr texnoloji proseslәr dә әhatә olunmaqla, mәhsulun son istehlakçıya çatdırılmasına qәdәr istehsal-xidmәt mәrhәlәlәrindә idarәetmәsini tәmin edir. Onun tәsәrrüfat kompleksi dә bir sıra iri tәşkilatları özündә birlәşdirir. Bu sırada “Azneft” İstehsalat Birliyi, “Azәrikimya” İstehsalat Birliyi, “Azәriqaz” İstehsalat Birliyi, Heydәr Əliyev adına Bakı Neft Emalı Zavodu, Heydәr Əliyev adına Bakı Dәrin Özüllәr Zavodu, Bakı Gəmiqayırma Zavodu, Qaz Emalı Zavodu, Karbamid Zavodu, Metanol Zavodu, SOCAR Polimer zavodu və sair irili-xırdalı çoxsaylı müəssisələr, o cümlədən 37 birgә müәssisә, 7 alyans daxildir. Şirkət Gürcüstan vә Türkiyәdә daha geniş aktivlәrә malikdir. Belә ki, şirkәt Gürcüstanın neft mәhsullarının pәrakәndә satış bazarının tәqribәn 25%-nә nәzarәti hәyata keçirir. Hazırda burada “SOCAR” brendi ilә yüzdən çox yanacaqdoldurma mәntәqәsi fәaliyyәt göstәrir. Gürcüstanın Qara dәniz sahilindә yerlәşәn Kulevi terminalında çalışmalar SOCAR tәrәfindәn hәyata keçirilir. İldә 10 milyon ton hәcmindә neftin vә neft mәhsullarının qәbulu, saxlanması vә tankerlәrә yüklәnmәsinә imkan verәn bu terminal hazırda Azәrbaycan vә Mәrkәzi Asiya ölkәlәrindәn xam neft vә neft mәhsullarının dünya bazarına nәql edilmәsindә әhәmiyyәtli rol oynayır. Ölkәdә fәaliyyәt göstәrәn “SOCAR Georgia Petroleum” MMC azәrbaycanlıların kompakt yaşadığı bölgәlәrdә irihәcmli sosial layihәlәr reallaşdırır. Hazırda Gürcüstanın 30 regional qaz distribusiya şirkәti “SOCAR Georgia Gas” MMC tәrәfindәn idarә olunur [26, 27].

SOCAR-ın Türkiyәdәki fәaliyyәti dә tutumludur. Belə ki, SOCAR Türkiyədə ən böyük xarici investorlardan biridir. Onun vasitəsi ilə Türkiyə iqtisadiyyatına 15 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb və həmin rəqəmin 20 milyard ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu ölkədə SOCAR həmçinin Petkim neft-kimya kompleksi, STAR neft emalı zavodu, külək enerji stansiyası, Egey dənizinin ən böyük limanı olan SOCAR Konteyner Terminalı, milyonlarla istehlakçıya xidmət göstərən qazpaylayıcı şəbəkələr, fiberoptik xətlər kimi böyük aktivlərə sahibdir.

Bu reallıq indi də bəhrəsini verməkdədir. “Əsrin müqaviləsi”indən 23 il keçdikdən və o yekunlaşmadan sonra, 2017-ci ilin sentyabrında “Azәri”, “Çıraq” vә “Günәşli” - AÇG yataqlarının 2049-cu ilin sonuna qədər birgə işlənməsinə dair yeni saziş imzalanmışdır. Növbәti 32 il әrzindә AÇG-nin Azәrbaycana gәtirdiyi iqtisadi mәnfәәt maksimuma çatdırılacaqdır. Hәmin illәr әrzindә yatağa 40 milyard ABŞ dollarından artıq sәrmayәnin qoyulması potensialı var. İmzalanma mәrasimindә çıxış edәn Azәrbaycan Respublikasının Prezidenti İlham Əliyev söylәmişdir: “Müqavilәnin ölkәmiz üçün böyük әhәmiyyәti var. Bu yataqların işlәnmәsi 2050-ci ilә qәdәr uzadılır. Bu kontrakt Azәrbaycan üçün daha әlverişli, daha yaxşı şәrtlәrlә imzalanır. Kontrakt imzalanandan sonra ölkәmizә xarici investorlar tәrәfindәn 3,6 milyard dollar bonus ödәnilәcәk. SOCAR-ın payı 11%-dәn 25%-ә qaldırılır. Azәrbaycana çatacaq mәnfәәt neftinin sәviyyәsi 75% tәşkil edәcәkdir [25]. Bununla yanaşı, ölkədə meqa infrastruktur layihə, 3500 kilometr uzunluğunda və dəyəri 40 milyard ABŞ dollarına bərabər olan Cənub Qaz Dəhlizi özünün dörd seqmenti - “Şahdəniz-2”, Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi, Trans Anadolu Boru Kəməri - TANAP və Trans-Adriatik Boru Kəməri - TAP kəmərlərinin tikintisi ilə tam bir reallığa çevrilmişdir. Beləliklə də, Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropaya çatdırılmış və onun enerji təhlükəsizliyində strateji amilə çevrilmişdir [26].

Bir xüsusi məqam da qeyd edilməlidir ki, karbohidrogen resurslarının dəniz akvatoriyasından hasilatı üçün Azərbaycan əlverişli infrastruktura malikdir. Xəzərdə ən böyük donanma Azərbaycana məxsusdur. Burada 200-dən çox gəmi vardır.

Hazırda Azәrbaycan nefti dünya bazarlarına üç istiqamәtlә nәql olunur. Neftin nәqli üçün hәr birinin ötürücülük gücü ildә 6 milyon ton tәşkil edәn Rusiya istiqamәtindә Bakı-Novorossiysk, Gürcüstan istiqamәtindә Bakı-Supsa və nəhayət әn mühümü Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməridir. Azәrbaycan hәmçinin ölkә xaricinә çıxacaq diversifikasiya olunmuş qaz kәmәrlәri şәbәkәsinә dә malikdir. Konkret Azәrbaycan qazı dörd istiqamәtdә dünya bazarlarına çıxarılır. Bu kәmәrlәr sırasına, başlıca olaraq, müasir zamanda inşa edilmiş Cənub Qafqaz Boru Kəməri - CQBK vә әvvәllәr mövcud olmuş şimal, cәnub vә qәrb istiqamәtlәrinә yönәlmiş magistral xәtlәr daxildir.

Azәrbaycanın enerji sektorunda baş verәn vә ölkә iqtisadiyyatının inkişafını qaynaqlandıran bütün bu sosial-iqtisadi effektlәrin әsasında ulu öndәr Heydәr Əliyevin müәllifi olduğu, müasir dünya enerji tәhlükәsizliyi sistemindә çox mühüm әhәmiyyәt daşıyan “Əsrin müqavilәsi” ilә başlanan uğurlu neft strategiyası dayanır. Ötәn illәr әrzindә “Əsrin müqavilәsi” vә digәr kontrakt sahәlәrindә dünya standartlarına uyğun әn yüksәk texnika vә texnologiyanın tәtbiq olunması neft sәnayesinin modernlәşdirilmәsi baxımından çox mühüm әhәmiyyәt kәsb etmişdir. Artıq 20 ildən çoxdur ki, Azәrbaycan mәnfәәt neftindәn gәlir әldә edir. 1999-cu ilәdәk neftin satışından әldә edilәn gәlir sәrmayә qoyuluşunun ödәnilmәsinә sәrf edilirdisә, hәmin ilin dekabrından Azәrbaycanın mәnfәәt nefti xarici bazarlara çıxarılır. Bir xüsusi mәqam da neft gәlirlәrinin akkumlyasiyası vә istifadәsi ilә bağlıdır. Belә ki, Azәrbaycan Respublikasının neft-qaz ehtiyatlarına dair sazişlәrin hәyata keçirilmәsi ilә әlaqәdar әldә olunan gәlirlәrinin toplanmasını, sәmәrәli idarәedilmәsini, gәlәcәk nәsillәr üçün saxlanmasını tәmin edәn xüsusi mәqsәdli dövlәt qurumu ARDNF tәsis edilmişdir. Konkret olaraq ARDNF-in daxilolmalarını neft-qaz sazişlәri üzrә әsas gәlirlәr - dövlәtin payına düşәn mәnfәәt nefti, bonuslar, akrhesabı ödәnişlәr, tranzit tariflәri üzrә ödәnişlәr, icarә ödәnişlәri vә s. tәşkil edir [25, 26].

Azәrbaycan Prezidenti İlham Əliyev demişdir: “İndi Azәrbaycan öz hesabına yaşayan ölkәlәrdәndir. Ölkәmizin gәlәcәk inkişafı üçün siyasi, iqtisadi vә ya başqa maneә yoxdur. Ölkәmiz bundan sonra uğurla inkişaf edәcәk. Bu potensialın formalaşmasında “Əsrin müqavilәsi”nin böyük rolu var. Biz müstәqil siyasәt aparan, heç kimdәn asılı olmayan ölkәyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizә “Əsrin müqavilәsi” yaratdı” [25].

Hazırda ölkәnin neft vә qaz sektorunun perspektiv inkişafı “Azәrbaycan Respublikasında neft vә qaz sәnayesinin (kimya mәhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xәritәsi”nin prioritet hәdәflәri, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və digər mühüm konseptual dövlət sənədləri әsasında aparılır. Ölkənin neft-qaz sektorunda inkişaf davam edir. Milli neft-qaz sərvətlərinə maliklik ölkədə mühüm yanacaq-sənaye kompleksinin qurulmasını təmin etmişdir. Hər növ yanacağa, o cümlədən istilik elektrik stansiyalarına, avtomobillərə və məişətdə olan tələblər milli resurslar hesabına təmin edilir. Ölkədə qazlaşdırma səviyyəsi 96%-i ötmüşdür. Bu göstərici ilə Azərbayacan bir sıra Avropa İttifaqı ölkələrindən, Müstəqil Dövlətlər Birliyi - MDB dövlətlərindən, həmçinin qaz ehtiyatları ilə dünya birincisi olan Rusiyadan irəlidə gedir. Azərbaycanın artan qaz potensialı onun ixracı ilə yanaşı, bu xammala əsaslanan müəssisələr silsiləsinin yaranmasını da şərtləndirmişdir. Bu müsbət trend qaz emalı və kimyası sənayesinin inkişafına zəmin olmuş və ölkəni bir sıra müvafiq idxal məhsullarından azad etmişdir. Bu silsilədə azot gübrələri istehsal edən “SOCAR Karbamid”, polipropilen və yüksək sıxlıqlı polietilen istehsalını həyata keçirən “SOCAR Polymer” və metanol istehsalını təmin edən “SOCAR Metanol” zavodları xüsusi əhmiyyət daşıyır. Bu işlərin davamı olaraq, ölkədə illik emal gücü 10 milyard m3 olacaq yeni Qaz emalı zavodunun layihələndirilməsi işlərinə başlanılmışdır [26, 27].

Ölkədə həmçinin yüksək Avropa standartları səviyyəsində məhsullar istehsal etmək məqsədi ilə Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernizasiya prosesləri uğurla davam etdirilir. Layihələr yerinə yetirildikdən sonra neft və kimya məhsullarının istehsal həcmlərinin və ixrac potensialının artırılması, istismar xərclərinin azaldılması, benzin və dizel yanacağının Avro-5 standartlarına çatdırılması, müəssisələrin təhlükəsizlik şəraitinin və ekoloji vəziyyətinin yaxşılaşdırılması kimi effektlər əldə olunacaqdır.

 

4.Nəticə

Aparılan təhlil və araşdırmalar bir daha yəqinlik verir ki, Azәrbaycan iqtisadiyyatının formalaşması və inkişafında neft-qaz resurslarının rolu vә әhәmiyyәti daim yüksək olmuşdur. Bu baxımdan qlobal çağırışları da nəzərə alaraq, ölkədə aparılan enerji siyasəti daim təkmilləşdirilir, milli neft strategiyası yeni-yeni hədəflərinə qovuşur. Görünən reallıq budur ki, Azərbaycanın neft-qaz sərvətləri özünün istehsal zonasında illərcə müvafiq infrastruktur yaratdığı kimi, bütövlükdə də milli iqtasdiyyatı formalaşdıran infrastruktur və müvafiq istehsalların yaranmasında əsas rol oynamışdır. Neft-qaz resurslarına məxsus şəhəryaradıcı effektlərlə respublikada bütün Bakı və Abşeron zonası, habelə Siyəzən, Şirvan, Neftçala, Salyan, İmişli və sair kimi rayonların və rayon mərkəzlərinin birbaşa təməlli yaranışı və inkişafı stimullaşdırılmış, Mingəçevir və digər şəhər və qəsəbələrin yeni strateji əsasda inkişafı təmin olunmuşdur. Uzun illər Bakı şəhərinin və bir sıra müvafiq şəhər və rayonların yaşayış massivləri, avtomobil yolları, xəstəxanaları, idman kompleksləri, stadionları, kommunal təsərrüfatları, sənaye, nəqliyyat, tikinti, energetika və aqrar sahələri, habelə yanacaq-enerji, mədəniyyət, ticarət, ictimai iaşə, məktəbəqədər, habelə digər təhsil müəssisələri və başqa bu kimi həyat əhimiyyətli obyektləri neft-qaz hasilatçları subyektlərinin balansında olaraq fəaliyyət göstərmişlər. Neft-qaz resursları hesabına ötən bir əsr ərzində yüzlərlə fabrik və zavodlar inşa edilmiş, onun gəlirləri hesabına geniş bir sosial infrastruktur baza formalaşdırılmışdır. Bu stimullaşma yenə də davam edir. Hazırda neft-qaz resursları ilə bağlı sahələr ölkə ÜDM-nin yarıdan çoxunu verir.

Vurğulanmalıdır ki, “Əsrin müqavilәsi”ndən ötən 27 il ərzində neft-qaz sektoruna 100 milyard ABŞ dollarından çox (ölkə iqtisadiyyatına yatırılan investisiyaların 40%-nə qədər) investisiyalar yatırılmışdır. Bu investisiyalar isə yeni dövrdə yeni multiplikativ effektlər yaradaraq, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynamışdır. Digər tərəfdən təxmini hesablamalara görə təkcə neftin qiymətin dünya bazarında 1 ABŞ dollar artması ölkə xəzinəsinə əlavə olaraq 350-400 min ABŞ dollar həcmində gündəlik gəlir gətirir. Buraya ixrac edilən qaz sərvətlərindən əldə edilən dividentləri də qatdıqda böyük bir milli kapital resurs yaranır. Bütün bunlar isə ardıcıl olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsinə, xüsusən də qeyri-neft sektorunun inkişafına yönəldilir. Bir sıra inkişaf proqramları indi də davamlı olaraq ARDNF tərəfindən maliyyələşdirilir. Belə ki, onun xətti ilə də miqyaslı investisiya qoyuluşları, mühüm infrastruktur layihələri reallaşdırılır, mühüm sosial-iqtisadi effektlərə nail olunur. Əvvəllər olduğu kimi, hazırda da milli neft strategiyasının davamlı reallaşması nәticәsindә neft-qaz sәrvәtlәrinin insan kapitalına çevrilmәsi prosesi davam edir. Çağdaş zamanda bu daha vüsәtli xarakter alır, iqtisadi artımı təmin edir və davamlı yeni sosial effektlər yaradaraq hәr bir vәtәndaşın rifahının yüksәlişinə öz tәsirini göstәrir.

 

 

Ədəbiyyat siyahısı:

1.Akademik Ziyad Səmədzadənin 70 illik yubiyeyinə həsr edilmiş “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Respublika elmi-praktiki konfransının materialları Milli inkişaf modelinin formalaşması problemləri”. elmi konfransının materialları. Bakı: “Şərq-Qərb”, 2010, 982 s

2.Akademik Ziyad Səmədzadənin 75 illik yubiyeyinə həsr edilmiş “Azərbaycan iqtisadiyyatı qlobal dünya iqtisadiyyatında dəyişikliklər dövründə” mövzusunda respublika elmi konfransının materialları. Bakı: Elm, 2019, 743 s.

3.Aşurbəyli S.B. Bakı şəhərinin tarixi. Bakı: Azərnəşr, 1998, 356 s.

4.Axundov B.Y. İnqilabdan əvvəlki Bakı neft sənayesində inhisarçı kapitalizm. Bakı: Elm, 1959, 295 s.

5.Azərbaycanın statistik göstəriciləri 2020. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: “9 №-li kiçik müəssisə”, 2020, 772 s.

6.“Böyük İqtisadi Ensiklopediya”. VII cilddə. / akademik Ziyad Səmədzadənin baş redaktorluğu ilə. Bakı: “Letterpres” nəşriyat evi, 2012-2015.

7.Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir, I-XXI cildlər Bakı: Azərnəşr. 1997-2008.

8.Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində, Bakı: Elm, 2000, 257 s.

9. Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı: Elm, 2002, 472 s.

10.Hacızadə E.M., Bağırzadə E.R. Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi. Bakı: Elm, 2011, 128 s.

11.Hacızadə E.M. Dünya iqtisadiyyatı və Azərbaycan. Bakı: “Letterpess” 2018, 912 s.

12.Klaus Şvab. Dördüncü sənaye inqilabı. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2020, 200 s.

13.Qasımlı V.Ə. İqtisadi artım. Bakı: “AzPrint MMC” Nəşriyyatı, 2021, 234 s.

14.Lenin V.İ. Əsərlərin tam külliyyatı. 55 cilddə. Bakı: 1976-1988.

15.Nadirov A.A. Müasir Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, Bakı: Elm, 2001, 452 s.

16.Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990, 113 s.

17.Алиев И. Каспийская нефть Азербайджана. М.: Известия, 2003, 798 с.

18.Ализаде А.А. Нефть и ее происхождение. Баку: Элм, 1957, 44 c.

19.Алиханов Э.Н. Нефтегазоность Каспийского моря. М.: Недра, 1977, 270 c.

20.Алияров С.С. Нефтяные монополии в Азербайджане в период I Мировой войны. Баку, 1974, 229 c.

21.Бекаев Л.С., Марченко С.В., Пинегин С.П. и другие. Мировая энергетика и переход к устойчивому развитию, Новосибирск: Наука, 2000 433 с.

22.Гаджизаде Э.М. Императивы нефтяной стратегии Азербайджана. “Стратегия развития минерально-сырьевого комплекса в XXI веке”. Международная конференция: Федеральное Агентство по Образованию, Российский Университет Дружбы Народов, Российская Академия Наук, Российская Академия Государственных Служащих при Президенте РФ. М.: 2004, c 214-218.

23.Самедзаде З.А “Этапы большого пути - Экономика Азербайджана за полвека, её новые реалии и перспетивы”. Баку: Издтельско-Полиграфический Центр “НУРЛАР”, 2004, 936 с.

24.Юзбашиева Г.З. Влияние Азербайджанского менталитета на экономическое развитие страны. Баку: “Авропа”, 2010, 478 с.

25.www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

26.www.hajizada.com - prof. Elşən Hacızadənin saytı.

27.www.socar.com – SOCAR.

28.http://www.petroleum-economist.com - neft iqtisadiyyatı.

29.www.azstat.org. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

 

229.Azәrbaycan iqtisadiyyatının formalaşması və inkişafında neft-qaz resurslarının rolu vә әhәmiyyәti. Akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr edilmiş “Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda beynəlxalq elmi konfransının materialları. Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu, Azərbaycan İqtisadçılar İttifaqı. Bakı: Elm. 2022. s. 319-328. 1,0 ç.v.