gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / “ÇİN QLOBAL DÜNYA İQTİSADİYYATINDA” AZƏRBAYCANLI ALİMİN BAXIŞLARI

17.12.2011

Akademik A.Əlizadə, i.e.d., prof. E.Hacızadə

Akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən alimlərdən ilki olaraq özünün dərin elmi-təhlili əsərləri, sanballı tədqiqat nəticələri ilə bu istiqamətdə mövcud fəaliyyətlərin ön sırasında dayanır. Onun tədqiqatları məzmun, həcm və elmi-analitik keyfiyyətcə bu işlə fundamental məşğul olan digər ölkə alimlərinin, habelə çinli mütəxəssislərin özlərinin tədqiqatları ilə belə rəqabətlidir. Hələ 16 il öncə Çin Xalq Respublikasına ilk dəfə səfər edən akademik Ziyad Səmədzadə özünün qeyd etdiyi kimi, bu ölkə haqqında təsəvvürləri köklü dəyişmiş, praktiki aldığı təəssüratlar, topladığı geniş statistik materiallar onu Çin və dünya iqtisadiyyatı problemləri haqda daha çox düşünməyə vadar etmişdir. Bundan irəli gələrək o, apardığı tədqiqatları dərinləşdirərək 2001-ci ildə «Dünya iqtisadiyyatı»: Çin «iqtisadi möcüzəsi» adlı monoqrafiya nəşr etdirmişdir. Bir hadisəyə çevrilərək bu kitab oxucularda, elmi ictimaiyyətdə və dünya iqtisadiyyatını öyrənmək istəyənlər arasında çox böyük maraq doğuraraq müəllif qarşısında yeni tədqiqat tələbləri qoymuşdur. Bu tələblər həm də üstün olaraq keçid dövrünü adlayaraq dünyəvi bir dövlətə çevrilmiş Azərbaycanın iqtisadiyyatının daha modern əsaslarda davamlı inkişafını təmin etmə və möhkəmləndirmədə beynəlxalq təcrübədən hərtərəfli faydalanmaq zərurətlərindən irəli gəlmişdir. İndi Azərbaycanın da milli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı özünəməxsus iqtisadi inkişaf modeli vardır. Artıq XXI əsrin 10 ilə yaxın bir dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası onu deməyə əsas verir ki, müstəqil dövlətimiz məqsəd və vəzifələri dəqiq müəyyənləşdirilmiş, keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək Azərbaycan modeli əsasında inkişaf edir. Bu uğur modeli Prezident İlham Əliyevin nitqindən götürülərək kitabda əks olunduğu kimi daha dərin mahiyyət daşıyır: «Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq». Bütün bunlara istinadən müəllif araşdırmalarını dərinləşdirərək yeni statistik və təcrübi materialların toplanması üçün Çinə təkrar səfərlər etmiş, mütəxəssislər, iş adamları və alim həmkarları ilə fikir mübadiləsi aparmış, tədqiqatlarının məlumat bazasını konkret faktlarla zənginləşdirərək, ümumıləşdirmələr əsasında daha dərin elmi nəticələrə nail olmuşdur. Burada bir elm fədaisi kimi axtarışlar, tədqiqatlar zəminində Çin səfərlərinin «Elm Çində olsa belə onun ardınca gedin» Peyğəmbər kəlamı ilə bariz harmoniya təşkil etdiyi göz önünə gəlir. Bütün bunlar əsasında akademik Ziyad Səmədzadə Çin «iqtisadi möcüzəsi»ni geniş məzmunda elmi-təhlili araşdırmalarla dolğunlaşdıraraq elmi ictimaiyyətə, çoxsaylı geniş oxucu kütləsinə «Çin qlobal dünya iqtisadiyyatında» adlı yeni kitab bəxş etmişdir.
Çinin iqtisadi inkişaf modelinin mahiyyəti, perspektivləri və onun tətbiq effektivliyinin elmi təhlilinin qarşıya tədqiqat məqsədi qoyulduğu kitabda, müəllif klassik və neoklassik elmi yanaşmada, iqtisadi davranışın səviyyəsi, tənzimlənməsi və dinamik inkişaf meyillərini səciyyələndirən silsilə sualları cavablandırır. Burada həmçinin,  xüsusi diqqət vurğulandığı kimi, iqtisadi inkişafın qlobal meyillərindən və Çin iqtisadi modelindən istifadədə Azərbaycan üçün örnəklər şeçiminə yönəldilmişdir. Ayrı-ayrı aparıcı dünya ölkələrinin rəqabət strategiyası, onların qloballaşmaya təsiri, iqtisadi tsikllər, böhranlar və digər bu kimi məsələlər müəllif konsepsıyasında tədqiqat ümumiləşdirmələri ilə 608 səhifəni əhatə etməklə 15 fəsil, çoxsaylı paraqraf və bölmələrdə əksini tapmışdır.
Kitabın başlanğıc səhifələrində Çin iqtisadi fenomenini dəyərləndirməzdən öncə müəllif Lüdviq Erhardın Almaniyanın sosial-iqtisadi dirçəliş konsepsiyası, yapon «iqtisadi möcüzəsi», Cənubi Koreyanın iqtisadi sıçrayışının əsasları, iqtisadi inkişafın Malayziya modeli və türk dünyası ölkələrinin inkişaf strategiyası kimi tədqiqat işləmələrinə yer ayırmışdır. Burada həmçinin iqtisadiyyata sistemli yanaşmanın «Leontyev modeli», qloballaşan dünyada neft siyasəti, OPEK və milli mənafelər probleminin təhlilini reallaşdıraraq göstərmişdir ki, əsasən XX əsrin ikinci yarısından başlayaraq, bir çox ölkələrin aparıcı elmi mərkəzləri, beynəlxalq təşkilatlar dünyanın gələcək taleyi ilə əlaqədar proqnozlar hazırlayaraq böyük fəlakətli fövqəladə hadisələrin baş verəcəyinə diqqəti cəlb etmişlər. Məşhur «Roma klubu»nun da ötən əsrin 70-ci illərində çıxış etdiyi «İnkişafın həddi» konsepsiyasında dünyanın iqtisadi durumu, ərzaq təhlükəsizliyi və digər iqtisadi kataklizmlərin baş verəcəyini göstərmişdir. Lakin bu proqnozlar özünü doğrultmamış, əksinə, dünya iqtisadiyyatı ara-sıra böhran yaşantılarına baxmayaraq irəliləmişdir. Böyük uğurlar Avroatlantik məkanda, Çənub-Şərqi Asiyada və digər bir sıra ölkələrdə daha geniş imkanlı və miqyaslı olmuşdur. Müəllif bu iqtisadi gerçəklikləri müvafiq ölkə qrupları təsnifatında statistik materialların müqayisəli təhlil metodikası işlənmələri əsasında bir daha ümumiləşdirərək öz oxucularına təqdim etmişdir.
Enerji təhlükəsizliyinin müasir dünyanın bir nömrəli məsələsinə çevrildiyindən irəli gələrək əsərdə bu mövzuya çox böyük önəm verilmişdir. Sistemli çərçivədə və metodoloji tələb ardıcıllığı ilə neftin dünya iqtisadiyyatında rolu, bu sahədə OPEK-in təsir imkanları yeni motivasiyada araşdırılmış, enerji və daşınmalar problemi, mühüm qlobal enerji layihələrinin təşəbbüskarı və birbaşa iştirakçısı kimi fəaliyyət imkanları artan Azərbaycanın nailiyyətləri təhlili əsaslandırmalarla tədqiq edilmişdir. Əsərdə dinamik dəyişən iqtisadi göstəricilərə əsaslanaraq elmi yanaşmada ulu öndər Heydər Əlıyevin başladığı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli neft strategiyasının ölkə iqtisadiyyatında nə qədər önəmli rol oynadığının və bundan sonra da mühüm əhəmiyyət daşıyacağının bir daha isbatı verilmişdir. Müəllif fikrini əsaslandıraraq göstərmişdir ki, «Neft sənayesi XXI əsrdə də respublika iqtisadiyyatının aparıcı strateji sektoru kimi fəaliyyət göstərəcək, Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayacaqdır. Neft amili olmasaydı, bu gün Azərbaycana investisiya axını bu qədər olmazdı, biz keçid dövründə daha böyük çətinliklər, təhlükələrlə üzləşə bilərdik. Hamımız bunu dərk etməliyik». Bununla yanaşı, müəllif vurğulayır ki, Tanrının xalqımıza bəxş etdiyi bu zəngin sərvətlərdən milli mənafelər naminə daha biçimli və daha səmərəli istifadə edilməlidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işimizi elə qurmalıyıq ki, dünyada qəflətən baş verən və baş verə biləcək iqtısadi titrəmələr bizə baha başa gəlməsin. Bunun üçün isə dünya iqtisadiyyatının inkişaf meyilləri, ayrı-ayrı uğurlu inkişaf etmiş ölkələrin təcrübəsi dərindən öyrənilməli, öz növbəsində qloballaşmanın mənfi təsirlərinin qarşısının alınması üçün də müvafiq konsepsıyalar işlənməli və proqram sənədlər hazırlanmalıdır.
Kitabda Çinin resurs potensialına istinadən göstərilir ki, bu ölkənin özünü təmin edəcək qədər, 16,5 trilyon dollar həcmdə qiymətləndirilən təbii sərvətləri vardır. Bu göstəriciyə görə Çin dünyada üçüncü yeri tutur. Ölkə ərazisində faydalı qazıntıların məlum olan 150 növünün əslində hamısı mövcuddur. Çin həm də böyük neft ehtiyatlarına malikdir və ehtiyatların mühüm hissəsi Dassin ərazısində yerləşir. Yeri gəlmişkən, Ziyad müəllimin neft sənayesinə olan böyük marağı onun yolunu Çinin bu ən böyük neft şəhərindən salmışdır. Özünün qeyd etdiyi kimi, «Bu şəhəri hər dəfə xatırlayanda xoş təəssüratlarım yada düşür. Çünki neft sənayesi ilə məşhur olan şəhər mənə bir qədər doğma Bakımızı xatırladırdı. Şəhərə daxil olan andan onun neft şəhəri olduğunu anlamaq çətin deyil. Şəhər boyu - küçələrdə, həyətlərdə, buruqlar, hətta yaşıllığa bürünmüş bağlar, parkların yanında quraşdırılmış digər neftçıxarma avadanlıqları buna sübutdur».
«Bir dövlət - iki quruluş» konsepsiyası və Çin «iqtisadi möcüzəsi» sinin effektləri ilə bağlı təhlili mülahizələrin geniş yer aldığı kitabda müəllif dahi praqmatik islahatçı Den Syaopinin «Planlı iqtisadiyyat hələ sosializm demək deyildir, bazar iqtisadiyyatı heç də kapitalizm demək deyildir» fikrinə diqqəti yönəldir. Burada xatırlanır ki, Den Syaopin islahatların strategiya və taktikasını irəli sürəndə ölkədə iqtisadi tənəzzül və dərin siyasi ziddiyyətlər hökm sürürdü. Amma o, dünyasını dəyişəndə Çin qüdrətli bir dövlətə çevrilmişdi. Den Syaopindən sonra da bu islahatlar daha ritmik və davamlı olmuşdur. Çünki Çin «iqtisadi möcüzə»sinin patriarxı islahatlar strategiyasının yalnız iqtisadi və siyasi təməl meyarlarını hazırlamamış, onun konseptual qayəsinə bolluca «Çin ruhu» qatmışdı. Buradan bir nəticə də hasil olunur. Uğur strategiyasında bütün komponentlərlə yanaşı, milli genetik kodun, nukleotidlərin də rolu və əhəmiyyəti danılmazdır.
Kitabda göstərilir ki, Çində demoqrafik məsələlərin həlli istiqamətində də çoxlu pozitiv meyillər əldə olunmuşdur. Burada əhalinin sayı hazırda 1,34 mln. nəfəri keçmişdir. Bu böyük sayın müqabilində ölkədə 700 milyondan çox məşğul əhali vardır. İşsizlik səviyyəsi isə 4,2%-dir. İqtisadi artım templərindən qaynaqlanaraq ölkədə hər il milyonlarla yeni iş yerləri açılır. Bu iş yerləri heç də «Sosializmin əsas qanunu» kontekstində yaradılmır. Üstün olaraq Çin xalq məsəlində deyildiyi kimi - «İşləyənlərin sayı azaldıqca keyfiyyət artır» zəminində təsis edilir.
Ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, regionların tarazlı inkışaf problemləri ilə bağlı müəllif məhsuldar qüvvələrin yerləşdirilməsinin başlıca prinsipləri, urbanizasiya və ekoloji təhlükəsizlik məsələlərinə də diqqət ayırır. Göstərilir ki, Çinin iqtisadi təhlükəsizlıyinin təminatında ölkənin büdcə siyasəti, pul-kredit, bank-maliyyə sisteminin çevikliyi, koordinasiyalılığı və başlıca olaraq praqmatik şəkildə aparılan iqtisadi və institusional islahatlar strategiyası dayanır. Bu sırada həmçinin texnoparkların, texnopolislərin geniş təsisatlandırılmasının əhəmiyyətliliyi vurğulanır. Bunları əsas götürərək qeyd olunr ki, «Biz bu məsələdə də dünya təcrübəsindən, o cümlədən Çinin uğurlarından istifadə edə bilərik. Bunun üçün təbiət-iqtisadi inkişaf məsələlərinə yeni baxışların formalaşdırılması istiqamətində böyük işlər görülməlidir». Digər tərəfdən müəllifin Çinin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı əldə etdiyi təcrübədən faydalanmaqla Azərbaycanın bu quruma inteqrasiyası məsələsində tələskənliyə yol verilməməsini tövsiyə edir. Biz bu istiqamətdə səmərəli çalışmalı və ölkə üçün daha çox əlverişli şərtlər əldə etməliyik.
Çində aparılan iqtisadi islahatların səmərəli təcrübəsi dünya iqtisadi inkişafında yeni hadisədir. Ən nüfuzlu ekspertlər, dünya şöhrətli iqtisadçılar bu fikirlə razılaşırlar ki, nə Dünya Bankı və nə də Beynəlxalq Valyuta Fondu burada aparılan islahatlarda müəllif və məsləhətçi olmamışdır. Bu strategiyada Çin xalqının mentaliteti, ona xas olan dinclik, zəhmətsevərlik, mütəşəkkillik və Qərbin qabaqcıl ölkələrində toplanmış təcrübədən biçimli və düzgün istifadə əsas rol oynamışdır. Müəllifin özünün sözləri ilə desək: «Bu ölkədə köhnənin inqilabi tərzdə sındırılması yolu ilə deyil, yaranmış potensiala, müqəddəs amallar naminə ictimai həmrəyliyə nail olmuş insanların əmək fəallığının artımına qayğılı münasibət yolu ilə getmişlər».
Akademik Ziyad Səmədzadənin «Çin qlobal dünya iqtisadiyyatında» kitabının nəşrə hazır olması və çap edilərək geniş əks-səda doğuran prezentasiyasının məhz 2009-cu ilə təsadüf etməsi həm də rəmzi məna daşıyır. Kitabın epiqrafından göründüyü kimi, o Çin Xalq Respublikasının 60 illik yubileyinə və Azərbaycan-Çin xalqlarının dostluğuna həsr olunmuşdur. Ona görə də onun Çin və Azərbaycan əlaqələrinə möhtəşəm töhfə olunduğu bir daha dəyərləndirilməlidir.
Bu kitab həm də Çin «iqtisadi möcüzəsi»ni elmi müstəvidə xarakterizə edən tədqiqat çoxaspektliliyi, təhlil metodikası, leksik formatı, informasiya təminatlılığı, illüstrasiyalılığı, annotasiya çoxdilliliyi, geniş oxucu auditoriyasının tələb ödənişlərinə hesablanmış statusluluğu, eləcə də nəfis poliqrafik keyfiyyəti ilə tamamilə fərqli modern tədqiqat əsəri olaraq sanballı elmi sənət nümunəsi kimi də qiymətləndirilir. O, həm də ensiklopedik struktur və məzmuna malikdir. Bu təmayül ondan irəli gəlir ki, müəllif burada Azərbaycan, qlobal və Çin triadasında geniş bir informasiya məkanı formalaşdırmışdır. Qrafik kompozisiyada isə onu Azərbaycandan başlanğıc alaraq qlobal dünya iqtisadiyyatı orbitindən keçən, böyük Çin səddini aşan yol-bilim xəritəsi də adlandırmaq olar.
Kitabda cəlbedici məqamlardan biri də burada yaradıcı məqsədlərindən irəli gələrək müəllif təxəyyülü ilə uzlaşan seçmə Çin zərb-məsəllərinin təqdimatı ilə bağlıdır. Sanki müəllif bununla bir daha demək istəyir ki, bir-bir inci kimi axtarıb tapdığım bu kəlamlar əsərin süjet xəttini təşkil edən Çin iqtisadi fenomeninin ilk indıkatorlarıdır. Baxın: «Əmələ çevrilməyən bilik əzabdır», «Əsl ustad o adamdır ki, köhnəyə söykənib yenini kəşf edir», «Əzaba dözməyin özü də bir nəcabətdir», «Öyrənə-öyrənə ustad olarsan», «Elm həm bildiyinizi, həm də bilmədiyinizi bildirmək üçündür». Bu sınanmış və hamı üçün ümumi səciyyə daşıyan Çin hikmətlərini bir neçə bənd də davam etdirmək olar. Biz isə böyük alim, akademik Ziyad Səmədzadəyə elmi axtarış və yaradıcılıq uğurları, işıqlı sabahlar, həyat sevincləri arzulayır və qeyd olunan son Çin məsəlindən çıxış edərək bildiklərini bizlərlə bir daha bölüşdüyü üçün ona dərin təşəkkürlərimizi bildiririk.


144. «Çin qlobal dünya iqtisadiyyatında» azərbaycanlı alimin baxışları. Akademik Ziyad Səmədzadənin 70 illik yubileyinə həsr edilmiş «Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri». Respublika elmi-praktiki konfransının materialları. АMEА-nın İqtisadiyyat İnstitutu, Azərbaycan İqtisadçılar İttifaqı, Beynəlxalq İqtisadçılar İttifaqı, Azərbaycan Dövlət İqtisad Universiteti. (A.A.Əlizadə ilə müştərək). Bakı: 2010. 0.5 ç.v.