gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / “BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA”: ELMİ-İCTİMAİ HƏYATIMIZIN MÜHÜM HADİSƏSİ

23.01.2019

i.e.d., prof. Elşən Hacızadə

 

 

 

Müasir Azərbaycan iqtisadi fikrinin nüfuzlu nümayəndəsi, görkəmli ictimai-siyasi xadim akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu hazırlanmış beş cildlik Böyük İqtisadi Ensiklopediyanın bu yaxınlarda işıq üzü görməsi cəmiyyətdə geniş rezonans doğurmuşdur. Bu fundamental iqtisadi külliyyatın, universal nəşrin xalqımızın yüksək sosial-iqtisadi, mədəni, intellektual səviyyəsini əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan ən mötəbər və unikal elmi informasiya mənbələrindən biri kimi dərhal diqqət mərkəzinə düşməsi təbiidir. Dünyanın inkişaf etmiş ölkələrindəki ensiklopediyaçılıq ənənələri əsasında və milli zəmində hazırlanmış Böyük İqtisadi Ensiklopediyanın uğuru dövlət müstəqilliyinin bərpasından ötən iyirmi bir il ərzində Azərbaycanın qazandığı möhtəşəm sosial-iqtisadi nailiyyətlərlə, bu nailyyətlərin memarı olan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezident cənab İlham Əliyevin dövrün qlobal çağırışlarına uyğun şəkildə qətiyyətlə davam etdirdiyi milli inkişaf strategiyası, çevik və praqmatik iqtisadi siyasət xətti ilə üzvi surətdə bağlıdır.

Keçid dövrünün başa çatması, milli iqtisadiyyatın modern əsaslarla davamlı inkişafının sürətlənməsi, respublikanın dünya birliyi ölkələri sırasında rolunun və yerinin daha da möhkəmlənməsi kimi reallıqları əks etdirən beş cildlik ensiklopediyadakı 10 minə yaxın termin, anlayış və məqalə çoxsaylı nəzəri, faktoroloji materiallara əsaslanır, cəmiyyətdə maraq doğuran sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər verir. Burada makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment, maliyyə, audit, mühasibatlıq, pulkredit, qiymətli kağızlar bazarı, rəqabət, inhisar, innovasiyalar, nanoiqtisadiyyat və digər bu kimi çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada açıqlanır, iqtisadiyyatın bütün səviyyələri üzrə, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında mühüm məlumatlar öz əksini tapır. Ensiklopediyanın hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyat lüğətlərindən, statistik külliyyatlardan, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək təşkilatlarının internet resurslarından çox səmərəli istifadə olunmuşdur.

Ensiklopedik nəşrlərin dəyəri ondadır ki, onlar iqtisad elminin və onun alətlərinin əsas, nisbətən sabit və dayanıqlı kateqoriya və anlayışlarını özündə cəmləşdirirlər. Bu mənada, Böyük İqtisadi Ensiklopediyanın mühüm fərqləndirici cəhətlərini qeyd edərkən ölkəmizin müasir sosial-siyasi və iqtisadi-hüquqi sisteminin müxtəlif aspektlərinə geniş diqqət yetirildiyini vurğlamaq vacibdir. Belə ki, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına, dunya iqtisadiyyatına inteqrasiyasına xidmət edən milli inkişaf strategiyası, azad bazar münasibətlərinin bərqərar olmasının, yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji əsasları və mahiyyəti burada konkret fakt və dəlillərlə işıqlandırılmışdır.

Müasir Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə davamı olaraq gerçəkləşən iqtisadi inkişaf modelinin özünəməxsus xüsusiyyətləri barədə Böyük İqtisadi Ensiklopediyada öz əksini tapan geniş məlumat və bilgilər hər bir oxucuda belə bir qənaət möhkəmləndirir ki, müstəqil dövlətimizin məqsəd və vəzifələri dəqiq müəyyənləşdirilmişdir, bu modelə əsaslanan uğurlu inkişaf xalqın keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcəkdir. Müstəqil dövlətimizin son 20 ildəki sosial-iqtisadi inkişafı burada müasir iqtisadi təhlil instrumentarilərindən səmərəli istifadə edilməklə geniş şərh edilmişdir. Belə bir elmi qənaət prioritet olaraq götürülmüşdür ki, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, yaxın on ildə ÜDM-in iki dəfə artırılması nəticəsində Azərbaycanın sürətli sosial-iqtisadi inkişafın inkişafın yeni mərhələsinə qədəm qoyacaqdır.

Fikrimizcə, ensiklopediyanın ana xəttini təşkil edən bu elmi-təhlili potensialdan, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, “Azərbaycan – 2020” Gələcəyə Baxış İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində mühüm baza kimi istifadə edilə bilər.

Dünya praktikasından məlum olduğu kimi, iqtisadi ensiklopediya - iqtisad elmləri və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə instrumentarilərin və digər məlumatların sistemləşdirilmiş küliyyatıdır. Bu baxımdan Böyük İqtisadi Ensiklopediyada Azərbaycan iqtisadiyyatının bütün digər sahələri yanaşı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli neft strategiyası əsasında innovasiyalarla zəngin olan neft sektorunun tarixi inkişaf yolları, mövcüd vəziyyəti və perspektivləri fundamental elmi tədqiqatlar işığında geniş şəkildə təqdim olunmuşdur. Neft hasilatının minillikləri əhatə edən şanlı tarixinin ən maraqlı məqamlarından tutmuş ölkəmiz üzrə neft-qaz ixracatının son iyirmi ildən artıq müddətdəki dinamikası, dünya ölkələrində neftin bir illik istehlakı, dünyanın neft ehtiyatları barədə statistik göstəricilərədək bütün məlumatlar oxucuların diqqətini cəlb edir.

Yeri gəlmişkən, müasir iqtisadi həyatda getdikcə fəal işlədilən nanoiqtisadiyyat və nanotexnologiya terminlərinin geniş izahında da bəşəriyyətin gələcəyini müəyyənləşdirəcək bu mühüm elmi anlayışların praktik intrepretasiyası Azərbaycanın neft-qaz sektoru ilə əlaqəli şəkildə, çox maraqlı rakurslardan verilmişdir. Ensiklopediyada da vurğulandığı kimi, dünyanın 50-dən çox ölkəsi nanotexnologiyaların inkişafı, nanoiqtisadiyyat quruculuğu istiqamətində artıq müvafiq dövlət proqramları işləyib hazırlamışlar. Bu proqramlar nanotexnologiyalar sahəsində sektorial innovasiya sistemlərinin balanslaşdırılmış və adaptasiya olunmuş milli strategiyasının formalaşmasına yönələn fəaliyyət olmaqla, üstün nanotədqiqatların dəstəklənməsi, iqtisadiyyatın real sektorunda elmi-tədqiqat və sınaq konstruktor işlərinin kommersiyalaşmasının sürətləndirilməsinin məqsədini ifadə edir.

Əminliklə deyə bilərik ki, dünya iqtisad elminin nailiyyətləri indiyədək ölkəmizdə heç bir nəşrdə Böyük İqtisadi Ensiklopediyada olduğu qədər geniş işıqlandırılmamışdır. Xüsusən, daim öncül mövqedə dayanan və bütövlükdə bəşər sivilizasiyanın inkişafına mühüm təsir göstərən, sovet dövründə öyrənilməsinə və təbliğinə ciddi məhdudiyyətlər qoyulan Şərq iqtisadi fikir tarixi bu Azərbaycanın sanballı elmi-ensiklopedik nəşrində geniş işıqlandırılmışdır. Şərqin iqtisadi təlimlər tarixi, iqtisadi məktəbləri, həmçinin, Şərq ölkələrinin özünün iqtisadi tarixi ilə bağlı burada yer almış məqalələr, İslam iqtisadiyyatının görkəmli nümayəndələri və mütəfəkkirləri barədə geniş biblioqrafik materiallar böyük maraqla oxunur.

Ölkəmizin intişar tapan biznes hüququnun müxtəlif aspektlərinin şeniş işıqlandırılması ensklopediyanın mühüm məzyyətlərindəndir.

Azərbaycanın aparıcı dövlət təsisartları, həmçinin, xarici dövlət qurumları və beynəlxalq təşkilatlar haqqında ətraflı məlumatların verilməsi - ensilopediyadakı yeniliklərdəndir.

Azərbaycan iqtisad elminin görkəmli nümayəndələri, alim və mütəfəkkirləri ilə yanaşı, respublikamızın sosial-iqtisadi inkişafına layiqli töhfələr vermiş iqtisadçılar, sahibkarlar, maliyyəçilər haqqında məqalələrin verilməsi diqqətəlayiqdir. Belə məqalələr təkcə bioqrafik xarakter daşımır, həm də məzmun etibarı ilə cəmiyyətdə azad iqtisadi fəaliyyətin stimullaşdırılmasına müsbət təsir göstərir. Ensiklopediyada haqqında söz açılan iqtisadçı alimlərin əksəriyyəti isə nəşrin rəhbəri, respublikamızda müasir iqtisad elmi məktəbinin yaradıcılarından biri kimi akademik Ziyad Səmədzadənin şəxsən tanıdığı, elmi yaradıcılığına və vətəndaş keyfiyyətlərinə dərindən bələd olduğu nüfuzlu insanlardır. Fikrimizcə, həmin şəxsiyyətlər barədə məqalələrin informasiya dolğunluğunun təmin edilməsində bu amilin mühüm əhəmiyyəti vardır.

Bir sıra parametrlərinə görə unikal səciyyə daşıyan Böyük İqtisadi Ensiklopediya elmi-analitik çoxaspektliliyi, metodikliyi, leksik formatı, biblioqrafik və statistik informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə  də diqqəti cəlb edir. Burada bir sıra beynəlxalq terminlərin Azərbaycan dilində qarşılığı verilmiş, iqtisadi anlayış və terminlərin izahında dilimizin zəngin leksik və sintaktik potensialından düzgün və dəqiqi istifadə edilmişdir.

Onu da qeyd edək ki, yaradıcı heyətin gərgin və səriştəli əməyi sayəsində hər bir istilah və anlayışın mümkün qədər ixtisaslı səviyyədə təqdimatı təmin olunmuşdur. Bir neçə sətirlik termindən tutmuş iri həcmli məqalələrədək hər bir yazıda elmi-publisistik üslubun tələblərinə dürüst əməl edilməsi onların oxunmasını və qavranılçasını asanlaşdırır, oxucunu iqtisadi həyatın bütün sferalarında istifadə etmək üçün zəruri informasiya ilə təchiz edir. Yeni iqtisadi təfəkkürə köklənmiş bu irihəcmli nəşrdə müasir iqtisadi biliklərlə bağlı istənilən suala təcili cavab tapmaq mümkündür. Ensiklopediyada 1200-dən çox cədvəl, sxem, qrafik, 1800-dən çox şəkil vizual informasiya mənbəyi olaraq, mətnlərin məzmununu tamamlayır və onların daha yaxşı mənimsənilməsinə xidmət edir.

Böyük İqtisadi Ensiklopediya Azərbaycanda ensiklopediya mədəniyyətinin dəyərli nümunəsi olmaqla MDB məkanında milli dildə buraxılmış bu tipli ilk irihəcmli nəşrdir. Heç şübhəsiz, respublikamızda digər sahəvi ensiklopediyaların hazırlanmasında bu nüfuzlu nəşrin prioritetləri və metodikası faydalı mənbə kimi istifadə ediləcəkdir.

Görkəmli alim, istedadlı şəxsiyyət, vətənparvər ziyalı və dövlət adamı, akademik Ziyad Səmədzadənin rəhbərlik edtiyi kollektiv qarşıya qoyulmuş məsul və şərəfli vəzifəni - müasir sivilizasiyanın iqtisadi sahədə əldə etdiyi bilik və məlumatları, ölkəmizin və xalqımızın tarixində baş vermiş mühüm iqtisadi-ictimai hadisələri elmi şəkildə əks etdirən, yeni dövrün tələblərinə cavab verən, universal xarakterli, sistemli ensiklopedik baza yaratmaq vəzifəsini uğurla yerinə yetirmişdir. Böyük İqtisadi Ensiklopediya geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş universal nəşr kimi ona müraciət edənlərə uzun illər layiqincə xidmət edəcəkdir.

Bir daha inamla deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin ilk iqtisadiyyat ensiklopediyasının hazırlanması və nəşri ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur kəlamının daha bir əyani təcəssümüdür. Belə bir elm və sənət əsərini ərsəyə gətirmiş kollektivə, onun ideya rəhbəri rəhbəri və baş redaktoru akademik Z.Səmədzadəyə təşəkkürümüzü bildirir və yeni-yeni yaradıcılıq uğurları diləyirik!

 

 

207.“Böyük İqtisadi Ensiklopediya”: elmi-ictimai həyatımızın mühüm hadisəsi (məqalə-resenziya). Akademik Ziyad Səmədzadənin 75 illik yubileyinə həsr edilmiş “Azərbaycan iqtisadiyyatı qlobal dünya iqtisadiyyatında dəyişikliklər dövründə” mövzusunda respublika elmi konfransının materialları. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan İqtisadçılar İttifaqı. Bakı: Elm, 2019. (akademik A.A.Əlizadə ilə müştərək). 0,8 ç.v.