gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / NEFTİN KEYFİYYƏT BANKI: REALLIQLAR VƏ PERSPEKTİVLƏR

28.01.2012

UOT 336:622.276.                                       ADİU, E.M.Hacızadə

Energetik resursların iqtisadi dövriyyədəki dominantlığı xam neftin davamlı qiymət tənzimlənməsini daim aktuallıqda saxlayır. Diskont meyilli əmtəə kimi çıxış edən neftin dəyərini formalaşdıran amillər sırasında liberal missiyanı yerinə yetirən, başlıca kateqoriya - tələb və təkliflə yanaşı digər seqmentlər: ehtiyatların həcmi, qazmanın miqyası, alternativ enerji mənbələri imkanlığı, OPEK-in qiymət siyasəti, təbii şərait və fors-major sindromu mühüm yer tutur. [1] Bazar sferasındakı fəaliyyət firma və kompaniyaları müvafiq qiymət siyasəti aparmağa, çevik konyunktur strategiya qurmağa kökləyir. Belə ki, bazar kortəbii şəkildə fəth olunmur. Qiymət taktikasında bazar fiqurantlarını öyrənmək, marketoloji tədqiqatlar aparmaq, tirajı optimallaşdırmaq və ən əsası isə rəqabətədavamlı, alıcı tələbinə uyğun keyfiyyət və standartlı məhsul buraxlışını təmin etmək mühüm əhəmiyyət daşıyır. Müvafiq tələblər xam neft məhsulu istehsalçıları üçün də eyni mahiyyətli əhəmiyyət kəsb edir.
*     *     *
Fiziki-kimyəvi parametrlərdə fpaksion quruluş, xüsusi çəki, istiliktörətmə, qatılıq, sıxlıq komponentlərində təsnifləşdirilən neft vizual təmasda rənginə, qoxusuna və hətta dadına görə də fərqli keyfiyyətə malikdir. Elmi interpretasiyada neft əsasən beş mühüm kimyəvi tərkib komponenti: 84-87% karbon, 12-14% hidrogen, 0,05-0,35%, nadir hallarda 0,7% oksigen, 0,001-1,8% azot və 0,001-5,3% kükürd toplumundan ibarətdir. Molekulyar quruluşuna görə isə neft üç: parafinli, naftenli və aromatik sinfi təsnifatda vəhdət təşkil edir. Lakin neftdə əhəmiyyətli dərəcədə hər üç struktur elementi əhatə edən karbohidrogen qarışıqlı quruluş üstün mövqedə dayanır. Molekulyar düzüm fiziki və kimyəvi əlamətliliyə təyinat verir.
Daha geniş sferada neft tərkibindəki kükürdün miqyasına görə çeşidləmə bölgüsünə məruz qalır. Bununla belə qeyd olunmalıdır ki, kükürdlü neft aşağı qiymətləndirilir və onun emal prosesi müəyyən mürəkkəbliklərlə müşayiət olunur. Məhz bu səbəblərlə də emal müəssisələri kükürdlülük faktorunu nəzərə alaraq müəyyən olunmuş aşağıdakı standartlar əsasında xam neftin qəbulunu reallaşdırırlar:
I.Az kükürdlü (0,60%);
II. Kükürdlü (0,61%-dən - 1,80%-ə qədər);
III.Yüksək kükürdlü (1,80%-dən yüksək).
Qaynama temperaturu +28s0-dən yuxarı, donma temperaturu -30-60s0-dən hesablanan neft sıxlığına görə yüngül (850kq/m3), orta (851kq/m3-dən -885kq/m3-ə qədər) və ağır (885kq/m3-dən yüksək) neft olmaqla da üç qrupa ayrılır. Dünya neft hasilatında bu konfiqurasiya müvafiq olaraq 60:30:10 faiz nisbətdədir. [2,3]
Sertifikatlaşma çevrəsində nümunəvi standartlı neft sıxlıq amili, kükürdün miqdarı, parafin, su və digər mexaniki qatışıqlar spektrində keyfiyyət donu alaraq xüsusi marker növündə istehlakçı seçiminin öhdəsinə buraxılır. Başlıca meyarda istehlak tələbindən qaynaqlanan neft marker indikatorunda bazar konyunkturasına müvafiq olaraq hər gün mühüm dünyəvi birjalarının ticarət zallarında, treyderlərlə alıcıların birbaşa alıcıların qarşılıqlı təmasında qiymət təyinatını tapır. Neft birjasında ticarət müştəri tələblərinə uyğun olaraq cari - spot və gələcək təhcizatlara orientasiya edilən fyuçers sövdələşmələri əsasında aparılır. Fyuçers ticarəti neft sövdələrinin əksəriyyətini əhatə edir və burada diskont həcmi hər barrel üzrə cari qiymətlərə rəğmən 0,4 dollardan 0,6 dollara qədər parametrlərdə uzlaşır. Fyuçerslər faktiki alışa bir ay qalmış hərəkətini dayandırır.
Qlobal neft birjalarında cəm olaraq əsas 10 ümumtanınmış neft markası üzrə ticarət qurulmuşdur. Avropada London /IPE/ - «Brent», Amerikada Nyu-York /NYMEX/ - WTI /orta Qərbi-Texas və Asiyada isə Sinqapur /SIMEX/ birjasında hər iki təyinatlı məhsul və bununla yanaşı ayrıca «Dubay» qarışıq marker növünün satışı reallaşdırılır. Beynəlxalq bazarlarda ümumən «Brent» markalı neft dominant mövqedə dayanır. Əsas marker çeşidləri ilə yanaşı dünya ticarət arsenalında neftin digər əlahiddə növləri də mövcuddur. İrili-xırdalı olmasına baxmayaraq, fərqli çeşidlər qlobal bazarlarda neftin qiymətləndirilməsində iştirak etmirlər. Supernəhəng neft strukturlarının lideri kimi Səudiyyə Ərəbistanının unikal «Qafar» yatağında dünya neftinin 7%-i hasil olunur. Lakin «yüngül ərəb nefti» adlanan bu çeşid qiymətyaratmada marker nümunəsi titulu qazanmamışdır. «Layt» markasından olan Azərbaycan vətən nefti isə dünya bazarlarına Rusiyanın «Urals» neft qarışığı çeşidində xüsusi «Azərlayt» adı ilə çıxarılır. Qeyd olunmalıdır ki, Rusiyanın dünya neft bazarına inteqrasiyası əsasən iki - «Urals» /YUrals/ və «Siberian Light» /duru Sibir/ neft qatışıqları hesabına reallaşır və burada «Urals» miqyaslı həcmlilik baxımından əsas funksiyanı yerinə yetirir. O «Brent»in qiymətləri çevrəsində ondan 1-1,5 dollar arası aşağı fərqlə satışa çıxarılır. İraqın «Kərkük» markalı nefti keyfiyyət baxımından Rusiyanın «Urals» nefti ilə paralellik təşkil edir. Buna görə də ekspertlər İraq neftinin ixrac potensialının artması ssenarisində Rusiya neftinin qiymət məzənnəsinin enəcəyi proqnozunu verirlər.
Neft satışını həyata keçirən beynəlxalq birjalar «neft səbəti» adlanan keyfiyyət toplumunu müxtəlif çeşidlərdən yaradırlar. Buna misal olaraq Tokio ticarət birjasında TAPIX indeksi altında satışa çıxarılan neftin keyfiyyət çələnginin strukturuna nəzər yetirilməsi məqsədəuyğun sayılır. Belə ki, Tokio birjasının TAPIX indeksi aşağıdakı dörd nəzəri indeksaltıdan formalaşdırılır:
TAPIX Light & Sweet;
TAPIX Light & Sour;
TAPIX Heavy & Sweet;
TAPIX Heavy & Sour.
TAPIX indeksi Yaxın Şərq, Malayziya, İndoneziya, Vyetnam, Çin, Avstraliya və Yeni Qvineyada hasil edilən neft növlərinin cari spot qiymətləri üzrə hesablanır. İndeks orta hesablı qiymət göstəricisində Dubai, Oman, Qatar Land, Qatar Marine, Murban, Iran Light, Iran Heavy, Lower Zakum, Arab Medium, Marib Light, Masila, Minas, Attaka, Ardcuna, Walio, Lalang, Cinta, Duri, Tapis, Seria Light, Daqing, Cabiru, Gippsland, Widuri, Labuan, Belida, Handil, Bontang Mix, Thevenard, Kutubu, Bach markalı 31neft çeşidini birləşdirir.
OPEK-də isə neft çeşidləri toplumunun indikativ səbəti yeddi: Əlcəzair Saharan Blend, İndoneziya Minas, Nigeriyanın Bonny Light, Səudiyyə Ərəbistanının Saudi Arabian Light, BƏƏ-nin OAG Dubai, Venesuelanın Tia Cuana və Meksikanın Isthmus növləri əsasında formalaşdırılır. OPEK yaxşılaşdırılmış indikator yaratmaq məqsədi ilə nəhəng neft istehsalçılarının neftini bu indeksə qatmaq niyyətindədir. Hazırda Rusiyanın «Urals» neftinin də bu səbətə daxil edilməsi prosesi üzərində təkliflər işlənilir. Bununla belə, dünya bazarında neftin yüksək qiymətliliyini saxlamaq məqsədi ilə OPEK-də təchizatın mövcud prinsiplərini radikal dəyişmək niyyəti də güdülür. Söhbət qiymət səbətinin və qiymət dəhlizinin yeni hesablama formulasının tətbiqindən gedir. Belə ki, yaxın zamanlarda kartel üzvləri neqativ təzahürlər: ABŞ dollarının faktiki devalvasiyasını və eyni zamanda özlərinin neft ixracından əldə etdikləri gəlirlərinin azalma tendensiyasını məhdudlaşdırmaq məqsədi ilə dünyanın aparıcı valyuta çeşidiləri üzərində, konkret olaraq avro, yapon iyeni və mümkün ki, həm də çin yuanı toplumunda yeni qiymət səbəti və dəhlizi müəyyən edəcəklər.[3]
*     *      *
Aparıcı neft kompaniyaları bazar tələblərindən çıxış edərək istismar zonasının genişliyinə və yataqlar kateqoriyası amilinə rəğmən hasil etdikləri xam nefti çeşidləməyə məhkumdurlar. Bu məqsədlə isə neftin keyfiyyəti üzrə müvafiq bankın yaradılması ideyası və reallaşdırılması problemi ortaya çıxır.
«Neftin keyfiyyət bankı» anlayışı kifayət qədər şərtidir. O, keyfiyyət çevrəsində neft kompaniyalarının cərimə və kompensasiyalar ödənişini ehtiva edir. Kompaniya nə qədər kəmərə aşağı keyfiyyətli ağır neft daxil edirsə, o qədər də yüksək keyfiyyətli istehsalçılara kompensasiyalar ödəyir. Kompensasiyalar isə aşağı keyfiyyətli neft təhvil verən təchizatçılardan müamilələr formasında alınaraq ödənilir.
Dünya praktikasında «Neftin keyfiyyət bankı» geniş tətbiq edilən prosedurlardandır. Bu bankın alternativi olaraq beynəlxalq təcrübədə həm də «betçinq» /batching/ adlanan təsisat da çıxış edir. Başqa sözlə, «betçinq» eyni kəmərlə ardıcıl olaraq müxtəlif keyfiyyətli neft və hətta neft məhsullarının nəqlini gerçəkləşdirir. Hər bir məhsul nəql edən amerikan «Williams» kompaniyalarının sərəncamında eyni zamanda 30-dan çox müxtəlif maye partiyası olur və onlar qatışdırmadan ilkin keyfiyyətdə tələb olunan ünvanlara çatdırılır. Bu texnoloji metodologiya MDB məkanında tətbiq edilmir. [4]
Gecikmiş olsa da, Rusiyada da neftin keyfiyyət bankı yaradılmaqdadır. Belə metodikanı ilk olaraq neftin keyfiyyət bankının yaradılmasında əsas məntiqi şərt də neft kompaniyalarının müxtəlif çeşidli məhsul hasil etmələri ilə əlaqədardır. Digər tərəfdən isə ölkədə nəql sistemi vahid strukturludur və mütləq əksəriyyətlə «Transneft» şirkətinin inhisarındadır. Məhz «Transneft»in kommunikasiya sistemi vasitəsi ilə Rusiya nefti dünya bazarlarına çıxış tapır. Çıxışda isə qeyd olunduğu kimi, orta keyfiyyətli məlum «Yurols» nefti alınır. İnhisarlaşmanı mülayimləşdirmək məqsədi ilə Federasiyada «Magistral kəmərlərdə nəql» haqqında qanun da qəbul edilmişdir. Burada hesab olunur ki, bank ideyasının reallaşması perspektivi aşağı keyfiyyətli neft hasilatçılarının yüksək keyfiyyətli istehsalçıların zərərləri kompensasiyasını təmin edəcəkdir. Monopolizmə baxmayaraq «Transneft» özü də neftin keyfiyyət bankının yaradılmasına davamlı təşəbbüslər göstərərək ciddi səylər etməkdədir. Şübhəsiz ki, bu səylər şirkətin korporativ maraqlarından irəli gəlmişdir. «Transneft» təqdim etdiyi müvafiq layihədə də özu üçün boru kəməri istifadəçilərinin keyfiyyətli neft təhcizatçılarına ödəyəcəkləri kompensasiyalardan 5%-lik müamilə alınmasını nəzərdə tutmuşdur. Profilaktik olaraq şirkət bu məqsədlə neft kompaniyalarına onun şəbəkə məntəqələrində qəbul edilən neftin keyfiyyət göstəricilərinə rəğmən hər ay olmaq şərti ilə müamilə və kompensasiyalar hesablayacağı haqqında razılaşma məktubları da göndərmişdir. [2,4] Əsas kimi isə iki mühüm indikator: kükürdlülük faizi və Amerikan Neft İnstitutunun /ARİ/ standartları fonunda sıxlıq dərəcəsi götürülmüşdür. «Transneft» nəzərdə tutduğu metodikasında normativlərə hər il razılaşma əsasında yenidən baxılması şərti ilə təsbit olunmuş ixrac neft qatışığının orta keyfiyyət göstəricisindən yayınan hər barrel üzrə ARİ dərəcəsinə görə 3 sent, 0,1% kükürdlülüyə görə isə 5 sent məbləğ tutumu niyyətində olmuşdur. Lakin müvafiq sistem yaranışının gerçəkləşməsi bütün ənənəvi neft təhcizatçılarının mütləq vahid mövqe nümayişinə əsaslandığından qəti razılaşmaya gətirib çıxartmamışdır. Belə situasiya xüsusi olaraq magistral neft kəmərlərinin inşasında miqyaslı kapital qoymuş Başqordostanı və Tatarıstanı qane etməmiş və Federal hökumət də diskriminasiya bəyanatlarından çəkinərək həmən muxtar respublikalara təzyiqlər göstərməmişdir. Başqordostanın timsalında neftin keyfiyyət bankından imtina ərazisində tam olaraq Urals markalı neftin hasil etməsi olmuşdur. Belə ki, neftin keyfiyyət bankının tətbiqi ssenarisində onun neftinin maya dəyəri 4-5% civarında arta bilər. Bu iqtisadi dissonans isə illik 400 milyon dollarlıq mənfəətin 80 milyon dollarının itirilməsinə bərabərdir. Lakin iqtisadçılar belə vəziyyəti Başqordostan üçün faciəvi hesab etmirlər. Onlar göstərirlər ki, respublikanın neft emalı zavodları tam gücü ilə işləyirlər. Neftin keyfiyyət bankının tətbiqi ssenarisində onun istehsal etdiyi yüksək oktanlı benzini və çeşidli motor yağları hazır məhsul qismində xarici bazarlara daha effektli çıxışa təminat tapa bilərlər. Bu səbəblə də, hazırda müvafiq reallıq üzərində respublika sənayesi və elmi aktiv işləyir və praktiki olaraq ilk nəticələr nümayiş olunur.
Bununla belə, Rusiya Federasiyasında keyfiyyət bankının yaradılmasında restruktiv və diversifikasion sistem forması da nəzərdə tutulur. Bu baxımdan öncüllük Xəzər Boru Kəmər Konsorsiumu /KTK/ müştərilərə neftin nəqli ilə bağlı keyfiyyət aspektində yeni müvafiq bankın yaradılması təşəbbüsündə daha fəal çıxış edir. Burada fərqli situasiya mövcuddur. Belə ki, kəmərə sahibliyi və nəzarəti inhisarçı «Transneft» deyil, müvafiq səhmdarlar alyansı həyata keçirir. Digər tərəfdən, bu müstəvidə təhvil neftinin keyfiyyət və dəyər nisbəti olduqca yüksəkdir. Bu reallıq isə praktiki olaraq nəzərdən qaçırıla bilməz.
KTK tətbiq ediləcək müvafiq bank ideyasında magistral kəmərlərdə müxtəlif neft çeşidlərinin keyfiyyətinə rəğmən onun sahiblərinə ödəniş differensiasiyasını nəzərdə tutur, bir sıra müştərilər təhvil verdikləri aşağı keyfiyyətli neft üçün faizlər ödəyəcəklər. Hesablamalar belədir ki, yüksək keyfiyyətli neft istehsalçıları boruya buraxılışda bahalı Brent markalı neftlə Rusiyanın ucuz Urals nefti fərqində təxmini olaraq 2,5 milyard dollar məbləğində vəsait itiririlər. Bu amil konsorsium tərəfdaşlarının neftin keyfiyyət bankının yaradılıb tətbiq edilməsi ilə bağlı kəmərin genişmiqyaslı istismarını ləngidən cəhətlərdəndir. Lakin burada «betçinq» forması müqabil hesab edilməmişdir. Nəzərdə tutulan qatışıq şərti olaraq CPC Blend /KTK qatışığı/ adlandırılsa da, onun parametrləri hələ ki, qəti müəyyən edilməmişdir. [3,4]
Qazaxıstan özünün «Tengiz» yatağından hasil etdiyi açıq və yüngül keyfiyyətli neftini KTK ilə nəql etməklə onun ixrac dəyərini mənimsəmək əzmində, başqa sözlə keyfiyyət konpensasiyası ilə tarif ödənişlərini uzlaşdırmaq niyyətindədir. Elə buna görə də, neftin keyfiyyət bankının yaradılmasında onun maraqları daha qabarıqdır. Bu şəbəkədə əsas digər fiqurantlar Rusiya və ehtimallı olaraq Azərbaycandır. Rusiyanın kəmərə müamilə ödənişi nəzərdə tutan özünün ağır assortimentli nefti ilə qovuşacağı alternativsizdir. Bakıda isə qiymətli Azərbaycan neftinin «KTK qatışığı» adı altında ixracı səmərəsizdir. Azərbaycan hər il 2,5 milyon ton olmaqla bir qisim neftini Bakı-Novorossiysk kəməri ilə ixrac edir. Əslində isə respublikanın bu neft kəməri üçün artıq nefti yoxdur. Burada tariflər Bakı-Supsa kəmərindəkindən orta hesabla 6 dəfə yüksəkdir /müvafiq olaraq hər ton üçün 15,67$ və 2,7$/. Bunlar azmış kimi yüngül Azəri nefti bir qədər aşağı çeşidli Rus Urals neftinə qatışdırılır. Müqavilələrdə isə keyfiyyətlə bağı itkilərin kompensasiyası mexanizmi nəzərdə tutulmamışdır.
Hələlik Qazaxıstanın və Qərb kompaniyalarının neftin keyfiyyət bankının yaradılması istiqamətində səyləri gerçəkləşməmiş qalır. Analitiklər müvafiq kəmər istiqamətində neftin keyfiyyət bankının cari ilin sonuna qədər reallaşacağı proqnozunu verirlər.
*     *     *
Neftin keyfiyyət bankının milli sektorda yaradılması Azərbaycanın neft istehsalçıları üçün də iqtisadi və institusional əhəmiyyətlidir. Müvafiq bank təsisatı həm daxili bazar üçün və həm də ixrac potensialının səmərəliliyi və optimallığını təmin etmək üçün son dərəcə iqtisadi əhəmiyyətlidir. Azərbaycan nefti öz keyfiyyətinə görə həmişə əhəmiyyətli üstün mövqedə dayanmışdır. Tarixən hesaba alınan bu kefiyyət üstünlüyü öz növbəsində hazırda da dəniz şelfi və quru ərazilər bölgüsündə istismarda olan 54 neft yatağı üzrə ayrı-ayrı fərq düzümündədir.
Azərbaycan Respublikasında daxili inhisarçı bazarda neftin çeşidlənməsi proseduru keçmiş SSRİ metodikası əsasında indinin özündə də üç standart üzrə müəyyənləşdirilmişdir. Lakin bu normativ və standartlar müasir bazar tələbləri orbitindən xeyli kənar düşərək formal obrazda «status-kvo»nu saxlamışlar. Bu əhəmiyyətli bazar seqmentasiyasına keçiddə isə köhnə texnoloji sistem təsirini göstərmişdir. Milli neft sektorunda neftin dövriyyə tsiklinin texnoloji strukturuna görə NQÇİ-lər hasil olunan məhsulu «Neft Kəmərləri» idarəsinə təhvil verirlər və müvafiq olaraq əsas çeşidləmə də burada reallaşdırılır.
Statistik məlumatlara görə, təhvil nefti əsasən standartın I qrupuna aid edilir. Lakin ayrı-ayrı NQÇİ-lər üzrə bu fərq yetərli və görünəndir. Belə ki, quruda fəaliyyət göstərən NQÇİ-lər arasında son illərdə orta göstəricidə «Bibi-Heybətneft» və «Balaxanıneft» NQÇİ-lə 93-98%, Əmirov adına və «Siyəzənneft» NQÇİ-lər isə 32-73% arası standartın I qrupu üzrə məhsul təhvil verirlər. [5] Hasilat intensivliyini saxlamaq məqsədi ilə burada sanksiyalaşma sistemi zəif qüvvədə, çox zaman isə iqtisadi deyil, inzibati aspektdə tətbiqini tapır. Belə reallıq isə NQÇİ-lər arası sağlam rəqabəti məhdudlaşdırır, neftin keyfiyyətinə və çeşidlənməsinə olan marağı istisnalı edir. Müxtəlif çeşidli məhsullar keyfiyyət kateqoriyasına uyğun olaraq dəqiq dəyərləndirilmir və nəticədə renta disproporsiyası dərinləşir, istehsalçı əməyi isə tam layiqli qiymətini tapa bilir. Bu aspekt xarici bazarlara çıxışda da təsir gücünü nümayiş etdirir. Məhz buna görə də neftin müvafiq keyfiyyət bankının respublikamızda da yaradılması obyektiv zərurətə çevrilir. Belə bank həm daxili bazarın mobilliyinin artırılmasında və həm də ixracat potensialının reallaşdırılmasında əhəmiyyətini nümayiş etdirəcəkdir. Perspektivdə möhtəşəm Bakı-Tibilisi-Ceyhan kəmərinin istismarı da digər Xəzər hövzəsi ölkələrin də bu boru xətti ilə neft nəqlinin reallaşdırmasında Azərbaycanın müvafiq neft rentası onun tarif probleminin yükünü azaldacaqdır
Apardığımız təhlildən çıxış edərək milli neft sektorunda yeni bazar seqmentinin dövriyyə çıxışı sferasında neftin keyfiyyət bankının yaradılması effektivliyi aşağıdakı nəticəlik spektrində təqdim olunur:
1.    energetik sektorda bazar münasibətlərinin genişlənməsi və dərinləşməsi;
2.    ixrac potensialından daha səmərəli istifadə olunması;
3.    neft istehsalçılarının keyfiyyətli məhsul aspektində rəqabətli bazar sferasına daxil olunması;
4.    NQÇİ-lərdə mənfəətin maksimallaşdırılması istiqamətində yeni iqtisadi alətinin əldə edilməsi;
5.    emal zavodlarında assortimentin genişləndirilməsi, rəqabətədavamlı ixrac məhsulları buraxılışına keçidin sürətlənməsi;
6.    magistral kəmərlər istismarında yüksək rentabelliyin zəmanəti;
7.    texniki-istehsal və ekoloji mədəniyyətin yüksəlişi;
Respublikanın dünya iqtisadiyyatına inteqrasiyası dərinləşərək energetik sektorda aparılan islahatlar öz təkmil obrazına qovuşduqca, nəzərdən keçirilən mövcud praktiki metodoloji liberal iqtisadi prinsiplər də xam neftin çeşidinə istinad edən qiymət mexanizminin geniş tətbiqinə real imkanlar açacaq, milli təsərrüfatda neftin keyfiyyət bankının yaradılması prosesi daha institusional aktuallığa çevriləcəkdir.

ƏDƏBİYYAT SİYAHISI

1.Мирзаджанзаде А.Х., Султанов Ч.А. «Этюды нефтяной концепции Азербайджана». Баку-1994, с.100

2.http://www.worldoil.com. World Oil.

3.http://www.kortes.com.

4.http://www.Neftegaz.ru

5.Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı Elm -2003 səh 512.

90.Neftin keyfiyyət bankı: reallıqlar və perspektivlər. Azərbaycan neft təsərrüfatı. Bakı № 1. 2005. 0,5 ç.v.