gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / MİLLİ NEFT SEKTORUNDA QLOBALLAŞAN EKOLOJİ İSTİQAMƏTLİ FİSKAL MEXANİZMLƏRİN TƏTBİQ EFFEKTİVLİYİ

16.01.2012

 UOT338:622.276.                                ADİU, E.M.Hacızadə


Ətraf mühitin neftlə intensiv çirklənməsi aspektində Azərbaycan ərazisi kəskin fərqliliyi ilə seçilir. Burada neft sənayesində uzun illər davam edən ekstensiv hasilat prosesi ölkəni ağırlaşan ekoloji vəziyyətlə üz-üzə qoymuş, problemin həlli mürəkkəb, yüksək kapital tələb edən fazaya daxil olmuşdur. Akademik A.X.Mirzəcanzadə qeyd edir ki, «Tarixən elə formalaşmışdır ki, Sovetlər Ittifaqının qurulması, Böyük Vətən müharibəsi və xalq təsərrüfatının hər dəfə inkişafı ilə bağlı yaranan ekstremal vəziyyət dəfələrlə yol verilən hüdudları aşaraq Azərbaycanın neft yataqlarının işlənməsi intensivliyini artırmışdır» [1]. Müəyyən çərçivədə vəziyyətin aldanışlı davamlığı çağdaş zamanda da ətalətini göstərməkdədir. Belə ki, hasilatın yeni intensivləşən prosesi nəticəsində ekoloji pozuntuluq bir qədər də dərinləşmişdir. Neftlə çirklənmə yeni ərazilər «fəth» etməkdə, sürətlə akvatoriyaya daxil olmaqdadır. Milli neft sənayesində mütərəqqi təsərrüfatçılıq formalarının genişlənən tətbiqi də bu sahədə hələ ki, uğurlu perspektivdən xəbər vermir.
Karbohidrogen hasilatı ilə əlaqədar respublikada indi ekoloji fəaliyyət köhnə istismar sahələrində çirklənmiş ərazilərin rekultivasiyası ilə yanaşı, həm də offşor zonada reallaşır. Ekoloji pozuntunun genişlənən ərazisinin bərpasının kapital tələbi isə sahəyə ayrılan təklif vəsaitin miqyasını daim arxada qoyur. Belə reallıq ekoloji müvazinət probleminin həllində yeni mürəkkəbliklərin yaranışına görüntü gətirir. Məlumatlara əsasən ekoloji duruma beynəlxalq neft kontraktları üzrə xarici şirkətlərin investisiyalaşdırdıqları vəsaitlər ümumi layihə dəyərinin 1%-ni təşkil edir. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılmasının analoji vəsait ayırmaları Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi üzrə bütövlükdə $2 milyona bərabərdir. Mütəxəssis rəyinə görə isə bu məbləğlər beynəlxalq normalardan dəfələrlə aşağı hədlidir [2].
Miqyaslı kapitaltutumlu ekoloji fəaliyyətdə vəsait ayırmalarının akkumulyasiyasına uzun müddətlər tələb olunur. İstehsal proseslərinin adaptasiyası, sahəvi strukturun dəyişməsi, təsərrüfat subyektlərinin yenidən yerləşdirilməsi onilliklər ərzində gerçəkləşir. Məhz buna görə də neft-qaz resursları bol olan respublikamızda da ekoloji siyasət maliyyələşmə aspektində universial standartlara daha dolğun cavab verərək çevik konseptual xarakter daşımalı və konyunktur ardıcıllıqla daim rotasiya edilməlidir. Bərpa məsrəfləri əsasən onu törədənlərin hesabına konpensasiya olunmalı, karbohidrogenlərin istismar obyektlərində istehsal xərclərinin ekoloji tədbirlərə sərf edilən payı mütəmadi yüksəldilməlidir. Belə strategiya isə artıq qloballaşan ekoloji oriyentasiyalı mütərəqqi liberal fiskal mexanizmlərin milli neft sektorunda və ümumilikdə respublikamızda da geniş tətbiqini qaçılmaz edir.
Respublikanın neft sektorunda ekoloji mühitin yaxşılaşdırılması üçün vergi sisteminin təkmilləşdirilməsi vacib amillər sırasındadır. Burada müvafiq təkmilləşdirmələri ümumi vergi yükünü azaltmadan fiskal neytral üsülla aparmaq mümkündür. Belə təcrübə bir sıra keçid iqtisadiyyatını yaşayan ölkələrdə də sınanmaqdadır. Konkret olaraq Ukraynada müvafiq istiqamətdə perspektiv tətbiq kimi pensiya vergisinin 32%-dən 20-22%-ə salınması, paralel olaraq təsərrüfat subyektlərində isə elektrik enerjisi, neft məhsulları, qaz, su və kommunal xidmətlər üzrə vergilərin 10-15% artırılması nəzərdən keçirilir [3, 4].
Qərbin inkişaf etmiş sənaye ölkələrində, əsasən də Avropa Birliyinə /AB/ daxil olan dövlətlərdə son onilliklərdə mütləq sosial ödənişlərlə yanaşı, həm də əmək haqqından ekoloji verginin tutulması templiyi artmağa meyillidir. İndi bu ölkələrdə enerjidaşıyıcıları ilə qeyri-energetik ekoloji vergilər birlikdə ümümi vergi yükünün 7,5%-ni təşkil edərək həcmcə illik parametrdə 300 milyard avronu ötmüşdür. Kapital üzrə vergilər isə əksinə, daim azalmağa meyillidir [3].

Əmək-ekoloji vergi islahatları Avropada ilk dəfə 1970-ci ildə nəzəri olaraq Danimarkada müzakirə olunmuş və 1990-cı illərin əvvələrində artıq bu ölkə ilə yanaşı, Niderland, İsveç və Finlandiyada da müvafiq normativləşmələr real tətbiqini tapmışdır. Sonradan şəbəkəyə İspaniya, İtaliya, Fransa və Almaniya da qoşulmuşlar. Müasir zamanda sahədəki uğurları ilə isə Almaniya daha çox öyünə bilər. 1999-2002-ci illər ərzində ölkənin «Yaşıllar» və «Sosial-demokratlar» partiyasının koalisiyası milli iqtisadiyyatın tənzimlənməsində müvafiq eko-maliyyə mexanizmləri tətbiq etməklə ekoloji vergi islahatlarının ilk mərhələsini başa çatdırmışlar. Burada qismən əmək vergiqoymasından təbii resurslar və zərərli maddələr tullantısı axınında vergi ödəmələrinə keçidə aksent edilmişdir. Nəticədə pensiya sığortasının yükü 22%-dən 19,5%-ə enmiş və ölkə $20 millyard məbləğində müvafiq toplum əldə etmişdir [5].
Hesab olunur ki, Azərbaycanda da fiskal sistemin strukturunda bu sayaq trasformasiya aparıla bilər. Belə olan təqdirdə elmi əsaslandırmalardan qanunvericilik aktları sferasına daxil olmaq daha da asanlaşacaqdır. Reallaşma mexanizmində isə sosial zərurət kimi müəyyən təşkilatlara, xüsusən əhaliyə mənzil-kommunal xidmətləri göstərən qurumlara güzəştlərin verilməsi də sınağa çəkilə bilər. Bununla belə yeni təyinatlı vergi sisteminə ağrısız keçidin ilk mərhələsində inzibatlaşan resurs-ekoloji verginin tətbiqi optimallığı daha çox şərtləndirir. Nəzərdə tutulan bu sistem standart statistik vergi hesabatının dəyişməsi ilə müşayiət olunan fiziki ölçülər uçotuna əsaslanır. Belə ki, resurslar axını sayğaclar və fiziki cihazlarla asan ölçülür və onları pul axınlarından fərqli olaraq gizlətmək bir qədər çətindir. Bununla belə, ölkədəki struktur yenidənqurmasını və istehsalın ahəngdarlığının normal gedişini təmin etmək üçün bu oriyentasiyada vergiqoyma mütəmadilik formasında tətbiq olunmalıdır. Azərbaycanın AB ölkələri ailəsinə tezliklə daxil olması istəyinə əsaslanaraq prosesə artıq indidən start verilməli, ümumiyyətlə isə respublikada Avropa inteqrasiyalı strategiya «qabaqlamağa doğru hərəkət» sxemi üzrə tərəqqi etməlidir.
Neft sektorunun yüksək ekoloji fəsadlılıq amilinə rəğmən respublikada bu istiqamətdə digər bir iqtisadi mexanizmin də tətbiqi nəzərdən keçirilə bilər. Belə mexanizm effektivliyi isə məhsulun maya dəyərinə ekoloji xərc komponentinin daxil edilməsi ilə bağlıdır. İqtisad elmində müvafiq metodikanın nəzəri təməli hələ ötən əsrin 20-ci illərində qoyulmuşdu. Belə ki, ingilis iqtisadçısı, rifah nəzəriyyəsinin banisi Artur Sesil Piqu /1877-1959/ cəmiyyətin ətraf mühitin çirkələnməsindən əziyyət çəkdiyini müşahidə etmişdi. O, apardığı təhlillər əsasında müəyyən etmişdir ki, cəmiyyət təbiətin tarazlığının pozulmasının bərpası ilə bağlı yaranan xərcələri öz üzərinə götürür. Vəziyyətdən çıxış yolu kimi alim təklif etmişdir ki, ətraf mühiti çirkləndirən firma xarici xərcləri beynəlmiləlləşdirsin, yəni müvafiq məsrəflər istehsal olunan məhsulun maya dəyərində nəzərə alınsın. Tədavül edilən vəsait isə pozulan tarazlığın bərpasına yönəldilsin. Əlbəttə, belə prosedur məhsulun maya dəyərinin yüklənməsi ilə müşayiət olunacaqdır. Lakin müqabildə cəmiyyətin sağlamlığı və əmək məhsuldarlığı səviyyəsi ilə təbiətin pozulmuş tarazlığından aldığı zərərlərin kompensasiyası təmin ediləcəkdir. Belə olan təqdirdə həm də, firma daim ictimai xərclər üzrə informasiyalara malik olacaq, istehsalı ekoloji təminatlı texnologiyaların tətbiqi ilə müntəzəm yeniləşdirəcəkdir [6].
Azərbaycanın neft sektorunda hazırkı məqamda ekoloji xərclərin məhsulun maya dəyərinə daxil edilməsi oriyentasiyası daha məqbul hesab ediləndir. Bu strategiya neftin dünya bazarında dinamik qiymət qalxmaları ilə bağlı təsirlilik baxımından effektli olacaqdır. Belə ki, hazırda neftin maya dəyəri xərclərinin artımı ilə onun bazar qiymətinin yüksəlişi arasındakı fərq proporsiyası hələ də istehsal məsrəflərinin optimallıq səviyyəsinə istinad edir. Ona görə də indiki və yaxın perspektivdəki bazar konynkturası şəraitində ekoloji xərcin məhsulun maya dəyərinə qatılması o qədər də qiymət təsirliliyini biruzə verməyəcəkdir. Yeni qiymət stabilliyinin formalaşacağı zamanda isə istehsalçılar artıq köhnə reallığa çevrilmiş «klassikləşmiş xərc strukturu» ilə fəaliyyətlərini davam etdirəcəklər. Nəzərə alınsa ki, proqnostik olaraq ölkədə iqtisadi artım qarşıdakı 15-20-ildə daha dayanıqlı olacaq, onda bu strategiya əlavə bir üstün rasionallıqla da zənginləşəcəkdir.
Xarici xərclər məhsulun və xidmətin faydalılığını azaldan hesablanmamış mənfi effektlər kimi şərh olunur [7]. Bu aspekti nəzərə alaraq milli neft sektorunda ekoloji xərclərin məhsulun maya dəyərinə daxil edilməsi ilə paralel infrastruktur obyektlərində fəaliyyət göstərən təşkilatlarda müvafiq vergiqoyma sistemi də tətbiqini tapmalıdır. Məhsulun maya dəyərində əks olunan xarici xərclər müqabil vergiqoyma konsensusunda daha qabaritli ekoloji fond toplumu əldə etməyə imkan yaradacaqdır. Prosesdə digər adminstirativ-iqtisadi alətlərdən, o cümlədən cərimə sanksiyalarından da istifadə edilməlidir. Bundan başqa müvafiq sferada təbliğatdan tutmuş müsbət «xarici effektlər» vasitəsi ilə fəaliyyətin subsidiyalaşdırılması kimi mexanizmlərin tətbiqi də sınaq obyektinə çevrilməlidir. Belə strateji istiqamətli xəttin tətbiqi nəticəsində isə xarici xərclərin daxili xərclərə transformasiyası daha dolğun təmin ediləcək, çirklənmənin qurbanı isə cəmiyyətə dəymiş zərərin ədalətli əvəzini alacaqdır.
Nəzərə alınsa ki, respublika üzrə yaxın 10-15 ildə kommulyativ şərti yanacaq ekvivalentində xarici və daxili bazara çıxarılan neft və qazın qiymətləri orta hesabla 1 ton üçün 200-300$ sərhədlərində tərəddüd edəcək və köhnə istismar sahələrində ümümi illik hasilat 12-14 miyon, offşor zonada 50-60 milyon ton miqyasında qərarlaşacaq, onda sadə hesablamalarla müvafiq müddətdə 3-4%-lik ekoloji xərc ayırmaları müqabilində 400-800$ miyon vəsaitin əldə edilməsi müəyyənləşər. Fikrimizcə yalnız karbohidrogen məhsulunun maya dəyərinə əks olunan vəsaitlə hasilatın ekoloji dəyərini əsaslı kompensasiya etmək mümkündür. Bu proqnozlaşma Dünya Bankının ekspertlərinin hər hektar torpaq sahəsinin rekultivasiyasına orta hesabla $300-500 min vəsait tələbinə müvafiq olaraq hesablanır [8]. Belə olan təqdirdə ölkədiki iqtisadi reallıqları da əsas götürərək daha səmərləli texnoloji və əmək fəaliyyəti ilə müvafiq xərcləri yarıya endirməklə yaxın 10 ildə Abşeronun neftdən çirklənmiş 35 min hektar ərazisinin rekultivasiyası problemi aradan qalxacaqdır. Bununla belə qeyd olunan ekoloji verginin və müvafiq infrastruktur obyektlərində xarici xərclərin daxili xərclərə transformasiyası mexanizmini tətbiq etməklə də bütün ölkə üzrə ekoloji stabilliyi təminat perspektivliyi gerçəkləşə bilər. Nəticədə illik fond daxil olmaları $500-ə bərabər olan ekoloji invesitisiya mənbəyi əldə edilər. Müvafiq konfiqurasiyanı digər determinantlar və iqtisadi meyarlarla zənginləşdirməklə daha dəqiq fond hesablamaları aparıla bilər. İqtisadi optimizm belədir ki, milli neft sektorunda qloballaşan ekoloji oriyentasiyalı liberal fiskal mexanizmlərin daha səmərəli və optimal nisbət ayırmalarında ekoloji effektivliyi tam bərqərar etmək çətin olmayacaqdır.
Azərbaycanın neft sektorunda gücləndirilməsi nəzərdə tutulan ekoloji fəaliyyət heç də avtonom mahiyyət daşımamalıdır. Bu fəaliyyət respublikamızın da daxil olduğu Xəzərhövzəsi regionda da vüsətlənməlidir. Adekvat fiskal mexanizimlərin region ölkələrində də tətbiqi və bu kontekstdə müştərək koordinasiya Xəzərdə ekoloji risklərin məhdudlaşmasına və ekoloji xərclərin diversifikasiya olunmasına xidmət edəcəkdir. Hesab olunur ki, Xəzərin status probleminin həlli akvatoriyanın ekoloji tarazlığının qorunmasında yeni fiskal reallıqlara normativ düzüm verəcək, dənizin bioresurslarının mühafizəsini, ekoloji məsuliyyətin və təhlükəsizliyin güclənməsini iqtisadi əsaslarla zənginləşdirəcəkdir
Milli neft sektorunda və onun əhatə etdiyi infrastruktur zonasında ekoloji tarazlığın bərpası yeni fiskal mexanizmlərin tətbiqi ilə yanaşı həm də innovasion proseslərlə tənzimlənməlidir. Belə ki, cəmiyyətin yeni tərəqqi meyli enerji yaranışılarının idarə olunmasını təbii proseslərlə reallaşmasını diktə edir. Bu baxımdan milli iqtisadiyyatın bütün sahələrində resursqoruyucu texnika və texnologiya əsaslı, elmi və mühəndis-konstuksiyalı təkrar istehsala üstünlük verilməlidir. Bu strategiyada əsas məsələlərdən biri də istehsalda təbiət proseslərindən istifadəni təmin edən prinsipcə yeni texnlogiyaların yaradılması və mənimsənilməsi ilə bağlıdır. Belə yanaşma cəmiyyətlə təbiətin harmonikliyini daha kamil formatda təmin edən kosmik və geoloji güc ahəngdə biosferin şüur sferası - noosfera keçidi və eyni kontekstdə insanın təsərrüfat həyatında ekoloji iqtisadiyyatın bərqərar olunmasını qaçılmaz edir.

ƏDƏBİYYAT SİYAHISI
1.Мирзаджанзаде А.Х., Султанов Ч.А. «Этюды нефтяной концепции Азербайджана». Баку-1994. с.100.

2.http://www himayadar.org.

3.http://www.worldoil.com.

4.Перчик А.И. Налогообложение нефтегазодобычи. Право. Экономика. М: ООО «Нестор Академик Паблишерз». 2004. 464 с.

5.Бекаев Л.С., Марченко С.В., Пинегин С.П. и другие. Мировая энергетика и переход к устойчивому развитию. Новосибирск: Наука. 2000. 355 с.

6.http://www.gallery.economicus.ru.

7.Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı, Elm. 2002, s.472

8. 7.http://www.worldbank.org.


98.Milli neft sektorunda qloballaşan ekoloji istiqamətli fiskal mexanizmlərin tətbiq effektivliyi. Azərbaycan neft təsərrüfatı. Bakı. № 9. 2005. 0,5 ç.v.