gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / EKOLOJI RENTA VƏ RENTA MÜNASIBƏTLƏRININ TƏKMILLƏŞDIRILMƏSI ASPEKTLƏRI

05.11.2011

 i.e.d., prof. E.M.Hacızadə

Dayanıqlı inkişafın təminatına çağırışlı olan iqtisadi modellər təbiətin tarazlığının qorunması və onun resurslarından istifadə ilə bağlı problemlərə baxışda bir sıra nəzəri və tətbiqi məsələlərin həllini tələb edir. Bu sırada təbiətdən səmərəli istifadə etmə, resursqoruyuculuq maraqları və innovasiyaların tətbiqinin genişləndirilməsi daha çox üstunlük qazanır. Problemin həlli isə özü-özlüyündə renta münasibətləri sisteminin təhlilinin baxış müstəvisinə qaldırılmasını labüd edir. Bu müstəvidə də problemlər və mürəkkəbliklər yetərli sayılır. Belə ki, metodoloji nizamlama çətinliyi ilə seçilən renta münasibətləri iqtisad elminin və müvafiq təsərrüfat praktikasının ən dolaşıqlı və son dərəcə qeyri-təkmil sahələrindən biri kimi çıxış edir. Rentanın dəqiq ölçülərinin hesablanmasının kifayət qədər mürəkkəb iqtisadi məsələ olması da bu istiqamətdə yeni metodika və alqoritmlərin axtarışını daimi aktuallıqda saxlayır. Diğər tərəfdən isə, sivilizasiyanın inkişaf meyilləri təbiətin tarazlığının qorunmasında beynəlxalq ictimaiyyət qarşısında ekoloji rentanın tətbiq sferasının genişləndirilməsi, onun normativ əsaslarının mövcud reallıqlara uyğunlaşdırilaraq möhkəmləndirilməsi tələbini daha da sərtləşdirir. Buna görə də, dayanıqlı inkişafa nail olmada rentanın mahiyyətinin, xüsusən də ekoloji rentanın obyektiv iqtisadi qanunlar çərçivəsindən ünvanlı mənimsənilməsinin, onun səmərəli bölgüsünün və təbii resurs potensialının tam təkrar istehsalının dövlət tənzimlənməsinin optimal mexanizminin yaradılması mühüm əhəmiyyət daşıyır. Belə gerçəklik yalnız Azərbaycan üçün xarakterik deyil, o həm də transformasiya mərhələsini yaşayan bir çox ölkələr üçün də eyni mahiyyət və məzmunludur. Bütün bunlardan irəli gələrək bizim elmi araşdırma mövzumuzu da renta münasibətlərinin ekoloji və iqtisadi maraqlar baxımından tədqiqi təşkil edir.
*     *     *
İqtisadi məzmun daşıyaraq təbii ehtiyatlarla bağlı əldə edilən gəlirlərdə ifadə olunan renta, məhdud ehtiyatlar kontekstində torpaqdan və digər təbii resurslardan istifadə haqqının qiymətini xarakterizə edir. Məhz torpağın, təbii resursların unikal təklifliliyi şərti, onların təsbit olunmuş miqdarı, renta tədiyələrini əmək haqqı, mənfəət və faizlərdən ayıran xüsusiyyətdir.
Təbiətin ödənişsiz sərvəti kimi torpağın istehsal xərcləri ilə ilk baxışda heç bir funksional əlaqəsi olmasa da, onun münbitliyinin və yeraltı potensial keyfiyyətinin doğurduğu renta fərdi istehsalçı üçün xərclər yaradar. İctimaiyyət üçün konkret olaraq xərc hesab edilməyən təbii renta istifadənin alternativ variantları müqabilində ödənişlərin xərcləri kimi çıxış edir. Renta mükafat olmaqla xərclərin dəyəri ilə bazar qiymətləri arasında fərq kimi, böyük səylərin, ustalığın nəticəsi deyil, sadəcə səxavətli irsiyyətdən qaynaq alır.
Torpaq, yerin təki və digər bu kimi resurslar üzərində inhisar zamanı bazar qiymətlərinin istehsal xərclərindən artıq hissəsi müqabilində fərq mütləq rentanı şərtləndirir. Keyfiyyət, münbitlik və məhsuldarlıq şəraiti ortaya çıxdıqda isə differensial renta yaranır. Klassik mahiyyətdə təbii renta həmişə torpaq rentası kimi mövcud olur. Bu əsnada da torpağın qiyməti kapitallaşmış rentaya bərabər nəzərdə tutulur. Daha çox ictimai və təbii şərtlərdən asılı olan torpaq rentasını hasiledici sənayedə dağ rentası əvəzləyir. Vurğulanmalıdır ki, əslində dağ rentası təbii rentanın bir çalarıdır və o yalnız dağ-mədən sənayesində faydalı qazıntıların hasilatının geoloji və sosial-iqtisadi amilləri ilə şərtlənərək formalaşır və eynən - mütləq renta və ikili təsnifatda differensial renta qismində sintez olunur. Üstün yataqların istismarı zamanı əlavə gəlir gətirən dağ rentası I differensial renta adlanır. Differensial renta yatağın debiti - hasil edilən məhsul kəmiyyətinin vaxt vahidinə nisbəti və məhsulun daxili bazardakı satış qiyməti ilə müəyyən olunur. Debit nə qədər həcmlidirsə, I differensial dağ rentasının kütləsi də o qədər artıqdır. II differensional rentanın formalaşmasında isə hasilatveriminin artırılmasını və faydalı qazıntıların tam çıxarışını təmin edən yüksək texnologiyalar iştirak edirlər. Başqa sözlə, II differensional renta təbii sərvət istifadəçilərinin innovasiyalar tətbiq etməklə hasilat texnologiyasının təsbit olunmuş orta səviyyəli istehsal xərclərinin azalmasını ifadə edir.
Elmi-texniki tərəqqi, sosiumun inkişaf meyli, təbiətdənistifadədə antropogen fəaliyyətin optimal nizamlanması renta münasibətləri sferasına tam ekoloji təyinatlı yeni renta növünü elmi dövriyyəyə çıxarmışdır. Bu ekoloji rentadır (ekorenta) və o, mahiyyətcə differensial rentaya oxşarlıqda təbii təsərrüfatlarda və təbiətin istismarı sahələrində daha effektli texnika və texnologiyaların tətbiqi nəticəsində yaranır. Onun əhatə dairəsinə konkret olaraq innovasiya texnologiyalarının geniş tətbiq edildiyi geoloji kəşfiyyat, mesə, su və kənd təsərrüfatları, təbiəttutumlu və materialtutumlu məhsulların istehsalı və emalı kompleksləri, təmizləyici qurğuların və energetika sistemlərinin tikintisi və digər bu kimi sahələr daxildir.
Kənd təsərrüfatı, hasilat sənayesi və nəqliyyat sahələri ilə məhdudlaşan təbii rentandan fərqli olaraq, ekoloji renta iqtisadiyyatın istənilən sahəsində tətbiqini tapır. Ekoloji renta mütərəqqi xarakter daşıyır, o sahibkarları və müvafiq texnologiyalar yaradıcılarını daim noosfer iqtisadiyyatına aparan ekoloji innovasiyaların yaranışına səfərbər edir. Qeyd olunmalıdır ki, renta tipləri və onun iqtisadi reallaşma mexanizmləri müvafiq mərhələdə formalaşmış istehsal münasibətləri sistemindəki məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılıdır. Onun optimal bölgüsünün nizamlanması isə yalnız mülkiyyət münasibətləri çərçivəsində, xüsusən də şəxsi formalı müstəvidə imkanlıdır.
*     *     *
Təbii resursların səmərəli iqtisadiyyatı ətraf mühitə zərər vurmadan fəaliyyət nəticələrini əks etdirir. Onun səmərəlilik mexanizmi isə təbii resurslarının daha üstün şəraitdə istifadəsində xərclər və faydalılığın (nəticələrin) üzlaşmasını ehtiva edir. Məntiqi olaraq da bu uzlaşma ekoloji rentanı şərtləndirir. Həmin şərtlilik və ekoloji rentanın asılılıq formulası aşagıdakı dustürla müəyyən edilir:

Ert = Eti - Etr

Burada:    Ert - ekoloji renta;
Eti - təbiətdən istifadənin iqtisadi effektivliyi;
Etr - təbii resurslardan istifadənin iqtisadi effektivliyi.

Bununla belə, vurğulanmalıdır ki, ekoloji rentanın arealında da mənfi vəziyyətlər də yaşanır. Belə ki, bir sıra hallarda təbiətdən istifadə cəmiyyət və təbiətin optimal təkamülü üçün müqabil şəraitin yaranışını şərtlənditən ekoloji imperativi nəzər almadan ekstensiv və intensiv istisamarla aparılır. Nəticədə təbii resurslardan təsərrüfatsızlıq, talançılıqla istifadə olunur, qeyri-qanuni gəlir əldə edilərək müvafiq renta da mənimsənilir. Bu halın mövcudluğu ekoloji rentanın əksi olan antirenta anlayışında təcəssümünü tapır. Əslində, obrazlı deylimdə ekoloji renta və antirenta bir medalın iki tərəfi kimi çıxış edir.
Antirenta ətraf mühitin çirklənməsinə normativdən yuxarı zərərin vurulması və təbii resursların müəyyən mənada qarətçiliyi nəticəsində qeyri-qanunu üstəlik qazancın -mənfəətüstünun əldə edilməsi ilə yaranır. Bu anlayışın adı ilə bağlı bir sıra elmi mübahisələr də mövcuddur. Belə ki, «antirenta» anlayışının etimologiyasına nəzər yetirdikdə görərik ki, o birbaşa interpretasiyada «əks gəlir» mənasını ifadə edir. Belə olduqda isə, ona qeyri-qanuni mənfəətüstü kimi deyil, milli gəlirdən ayrılmış müvafiq gəlir hissəsi olaraq yanaşılmalıdır. Lakin buna baxmayaraq, antirenta elmi nəzəri müstəvidə və eynən də müvafiq normativ sferada təbiətdən istifadə prosesində qeyri-qanuni mənfəətüstünun əldə edilməsi kimi reallaşır.
Bütün bunlar bir daha göstərir ki, iqtisadi sistemlərdə təbiətin diktəsi də şərti istirak edir. Bu şərtlilik isə öz növbəsində təbiətdənistifadədə neqativ təsirlərin məhdudlaşdırması və aradan qaldırması istiqamətində iqtisadi-ekoloji tədbirlərinin həyata keçirilməsini tələb edir. Bu baxımdan «təbii resurslar - faydalı məhsul - tullantılar» tsiklini ifadə edən təbiətdən iqtisadi istifadə prosesində əlahiddə olan ödəniş mənbəyi və xərclər də nəzərdə tutulmalıdır.
Nəzəriyyədə renta gəlirlərinin götürülməsinin iki metodu mövcuddur. Resurs (renta) ödənişləri və vergilər. Fərq ondan ibarətdir ki, renta ödənişləri universal xarakterli deyil, spesefik mahiyyətli olduğundan, hər hansı konkret vəziyyətdə tətbiqini tapır. Belə vəziyyətlərdə isə ödənişlər rentals (icarə haqqı), bonus (birdəfəlik ödəniş) və royalti (dövriyyədən vergi) keyfiyyətində çıxış edir. Bundan başqa, qlobal arenada resurs istifadəsində vergi və qeyri-vergi metodlu metodik yanaşma həyata keçirilir. Qeyri-vergi metodları lizenziyalaşdırmadan irəli gələrək avans qaydasında və məhsul bölgüsü sazişi ilə aparılır. Daha çox isə vergi metodlu sistem işləyir. Lakin bütün bunlar ekoloji ödənişlər üçün o qədər də məqbul hesab edilmir və praktiki tətbiqini tapmır. Bu baxımdan reallıqda müvafiq ekoloji ödəniş xərcləri müəyyən dərəcədə həmin zərəri yetirmiş müəssissələrdən alınır. Statistika da göstərir ki, belə iqtisadi zərər ödənişləri əksər hallarda faktiki dəymiş ziyandan 20-100 dəfə aşağı həddə konpensasiya edilir. Əgər bu zərər tam dolğunluğu ilə həmin təsərrüfat subyektlərindən alınarsa, nəticədə müəssisələr iflas vəziyyətinə düşmüş olarlar.
Ekoloji tarazlığın pozulduğu sahələr sırasında daha tutumlu olaraq hasilat sənayesi çıxış edir. Burada da ekoloji proseslər universal baxışla yanaşı, daha çox özünəməxsus iqtisadi model və qanunvericilik şəbəkəsi fonunda tənzimlənir. Bu onunla bağlıdır ki, əksər məmləkətlərdə faydalı qazıntılar ümumxalq sərvətidir və dövlət təbii rentanın bir hissəsini mərkəzləşdirilmiş fondlarda akkumulyasiya etmək hüququna malikdir. Belə fondlar isə heç də həmişə ekoloji təyinatlı ödənişlər hesabına aparılmır. Buna bariz nümunə kimi neft qanunvericiliyi və praktikası sferasında daha çox mükəmməllik və nailiyyətlər əldə etmiş Norveçi misal göstərmək olar. Belə ki, bu ölkədə neft kompaniyaları büdcəyə 78% həcmində mənfəət vergisi ödəyirlər. Bu kompaniyalarda dövlətin nizamnamə kapitalının payı isə 81,7% təşkil edir. Bununla belə, rentabelliyin 20%-i aşmaması da əsas götürülməklə neft hasilatında əlavə gəlirə görə 50% vergi qoyuluşu da həyata keçirilir. Ekoloji proseslərin maliyyə tənzimlənməsi isə mərkəzləşmiş qaydada aparılır. Oxşar situasiya Azərbaycanın neft sənayesində də tətbiqini tapır. Belə ki, neft hasilatı zonasında rekultivasiya işləri və bütün ekoloji proseslər ARDNŞ-nin ümumi vəsaitləri hesabına aparılır. Belə praktika iqtisadi cəhətdən və eynən də xarici effektlərin yaranışı baxımından ekoloji pozuntunun bərbasının ödənişliliyi ilə adekvatlıq təşkil edə bilməz. Ona görə də, bu kimi situasiyaların yaranışına yol verilməməsi üçün iqtisadi-ekoloji mexanizmlərdə ifadə olunan aydın təmzim konsepsiyasının formalaşmasına mühüm ehtiyac vardır. Bu ehtiyacı isə xüsusi ekoloji fondlarda akkumulyasiya olunan ekoloji renta hesabına ödəmək mümkündür. Eyni zamanda antirenta da bu sistemdən kənarlaşdırılmamalıdır. Obyektiv iqtisadi və ekoloji qanunlardan çıxış edərək əsaslandırmaq olar ki, dövlət antirentanı ekoloji çətin vəziyyət törədəndən almalı və onu torpaq resurslarının rekultivasiyasına, ümumilikdə pozulmuş təbii tarazlığın bərpasına yönəltməlidir. Ümumilikdə təbiətdənistifadədə ekoloji rentanı alan subyekt qismində ekoloji innovasiya fəaliyyətini həyata keçirənlər çıxış etməli, ekoloji antirentanı isə dövlət mənimsəməlidir.
*     *     *
Aparılan təhlildən bir daha belə bir nəticə hasil olunur ki, müasir mərhələdə təbiətdənistifadənin idarəedilməsinin səmərəli mexanizminin formalaşdırılması renta münasibətlərinin tənzimləməsini nəzərə almadan mümkün deyildir. Ona görə ki, məhz təbii renta iqtisadi-ekoloji tənzimləmə siyasətinin reallaşmasında daha geniş imkanlara malikliyi ilə fərqlənir. Renta sferasında yaradılan əlverişli şərait isə iqtisadi-ekoloji maraqların zamanlararası razılaşdırılmasında ekoloji rentanı mühüm bir alətə çevirir. Təbiət tarazlığının qorunmasında ekoloji renta qiymət yaranışlarını, vergiqoymanı və dövlət ərazisində cəmiyyətin təbiətdənistifadə subyektlərinin münasibətlərinin digər tənzimləyiciləri (requlyatorlar) təyin edir. Bununla da, ekoloji renta yanız iqtisadi-ekoloji deyil, həm də geniş mənada siyasi və sosial funksiyanı da yerinə yetirmiş olur. Nəticədə ətraf müitin çirklənməsinin və təbiətin tarazlığının pozulmasınan qarşısını alacaq davamlı maliyyə resursu və ödəniş mənbəyi əldə edilir.
Bütün bunlardan irəli gələrək respublikada təbii resurslardan istifadəyə görə iqtisadi-ekoloji mexanizmlərdə ifadə olunan aydın tənzim konsepsiyası formalaşdırılmalı və onun səmərəli reallaşdırılması üçün müvafiq əlverişli institusional mühit yaradılmalıdır. Eyni zamanda, milli büdcə sistemində ödənişlərin təsnifat prinsiplərində ekoloji renta mexanizminin tətbiqi də zəruri hesab edilməlidir. Ekoloji renta ödənişləri təbiətdənistifadədə də bütün iqtisadi agentlərə şamil olunaraq müvafiq ekoloji fondda mərkəzləşdirilməli və o bu sahədə innovasiya fəaliyyətini həyata keçirənlər tərəfindəın mənimsənilməlidir.

Ədəbiyyat

1. Bogolyubov S.A .Ecolog, Legal encyclopaedic dictionary, Moscow: Institute of the legislation. Norm, 2001, p. 443.
2 Girusov E.V., New settlers N.A.ecolog and economy of wildlife management, Moscow: Unity, 2002, p. 519.
3. Hajizadeh E.M. Social Economy. Baku: Science, 2006, p.509.
4. Nabiyev N.A. Economy, societies and surrounding the environment, Baku: Science, 2000, p.696.
5. Pavlov K.V. Nanoecology as a perspective scientific direction: problems, tendencies, prospects. Murmansk: Russian Academy of Science, 2008, p 338.
6. Stepanovskiy A.S. General ecology, Moscow: UNİTİ, 2001, p.510.
7. The theory of the state and the right. (under edition N.I.Matuzova and A.V.Malko), Moscow: Publishing house of the Moscow State University, 2003, p 424.
8. Trushina T.P. Ecological of a basis of wildlife management, Moscow: Feniks, 2009, p. 408.
9. Yevdokimova S.T. Legal aspects of environmental protection, Moscow: Publishing house: Civil services, 2003, p. 100.


138. The ecological rent and aspects perfection of rent attitudes [Ekoloji renta və renta münasibətlərinin təkmilləşdirilməsi aspektləri]. Thent Baku, İnternational congress «energy, ecology, economy». (M.F.Hacızadə ilə müştərək) International Ecoenergy Academy. Baku: 2009. 0.4 ç.v [«Enerji, ekologiya və iqtisadiyyat. Beynəlxalq konqres. Beynəlxalq Energetika Аkademiyası. Bakı: 2009]