gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / ENERJİ AUDİTİ VƏ ONUN TƏTBİQ EFFEKTİVLİYİ

16.06.2022

Hacızadə Elşən Mahmud oğlu

Azərbaycan Dövlət İqtisad Universiteti “Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəri

İqtisad elmləri doktoru, professor

elshan@hajizada.com

ORCID ID: 0000-0001-5447-9676

 

 

1.Giriş

Energetikanın altsistemi - elektrik enerjisinin istehsalı, ötürülməsi və satışı proseslərini özündə birləşdirən elektroenergetikanın qlobal iqtisadiyyatda rolu daim artmaqdadır. Bu, onun bütövlükdə iqtisadiyyatın baza sahəsi, əhalinin və cəmiyyət həyatının inkişafının bilavasitə başlıca amili və zəruri şərti kimi fenomenal olan xüsusiyyətində əksini tapır. Eyni zamanda, elektrik enerjisi istehsalı ölkənin iqtisadi potensialının mühüm güc göstəricilərindən hesab edilir [1, 2, 8]. Bundan irəli gələrək, dünya ölkələri elektrik enerjisinin istehsalını, ötürülməsi və satışı proseslərini özündə birləşdirən elektroenergetikanın inkişafına xüsusi önəm verir və sahənin dayanıqlığının təmin edilməsi üçün onun investisiyalaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı, müasir dünya enerji qənaətcilliyi, enerji effektivliyi kimi artan tələbləri qarşılayır və bu istiqamətdə proqramlar hazırlayaraq müvafiq kapital qoyuluşları həyata keçirir. Enerjiqoruyuculuq, enerji effektivliyi daha çox müəssisə və təşkilatlar sferasında əhəmiyyət daşıyır. Bunun dayanıqlı təminatı isə enerji auditi institutunun genişlənən tətbiqi ilə bağlıdır. Belə ki, enerji auditi çağdaş dünya təcrübəsində geniş şəkildə tətbiq edilən bir enerji səmərəliliyi aləti kimi çıxış edir.

Enerji auditi institutunun Azərbaycan Respublikasında da formalaşdırılmasının çox mühüm əhəmiyyəti vardır. Bununla bağlı, ölkədə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanununun layihəsi hazırlanmışdır. Həmin Qanunun qəbul edilməsi enerji resurslarının istifadəsində beynəlxalq standartların, mütərəqqi norma və tələblərin tətbiqinə, enerji effektivliyi və enerji auditi xidmətlərinin inkişafına geniş imkan verəcəkdir. Bütün bu aktuallıqları nəzər alaraq, məqalədə enerji auditinin özləlliklərinin və bu institutun Azərbaycan Respublikasında tətbiqinin səmərəlilik aspektləri təhlil predmetinə çevrilmişdir.

 

2.Enerji auditi institutunun özəllikləri və tətbiq effektləri

Enerji auditi (energy audit) müxtəlif növ enerjilərin və enerji daşıyıcılarının, yanacağın və suyun dəyəri ilə əlaqəli müəssisənin bütün aspektlərinin qiymətləndirilməsini əhatə edən audit növüdür. O, müəssisə və təşkilatların enerji tədqiqatı və ya müayinəsi kimi də anlaşılır. Enerji auditi müəssisələrdə enerji effektivliyinin artırılması imkanlarının öyrənilməsi, qeyri-rasional enerji istehlakı mənbələrinin və əsassız enerji itkilərinin müəyyən olunması, ətraf mühitə atılan istixana qazı emissiyalarının miqdarının aşkar edilməsi, kompleks enerji qənaət proqramının hazırlanmasını və onunla bağlı tədbirlərin həyata keçirilməsi kimi məqsədləri də ehtiva edir. Fəaliyyət olaraq bu proses audit müəssisələri ilə sifarişçilər arasında bağlanmış müqavilə əsasında akkreditasiya olunmuş fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilir. Bir qayda olaraq iri enerji istehlakıçıları olan müəssisələrdə müvafiq auditin aparılması məcburi, digər müəssisələrdə isə könüllü xarakter daşıyır. Enerji auditini müvafiq səlahiyyətlərə malik fiziki və ya hüquqi şəxs olan enerji auditoru (energy auditor) vasitəsi ilə həyata keçirilir [6, 9].

Enerji auditinə energetik menecmentin əsas aləti olaraq baxmaq gərəklidir. O, ilkin, ətraflı, sadə, mürəkkəb (kompleks), bir dəfə aparılan, dövri və daimi olan vəziyyətləri özündə ehtiva edir. İlkin audit müvafiq istehsal sahəsində təyin olunmuş müddətdə uyğun enerji istehlakını müəyyənləşdirməyi özündə əks etdirir. Ətraflı audit hər bir istehsal sahəsində hər dövr üçün istehlak edilən enerji haqqında tam məlumatları toplamaq, təsbit etmək, enerji balansını və səmərəliliyini hesablamaqdan ötrü kompleks aparılır. Bu zaman enerji istehlakının əsas göstəricilərinin digər müəsissə və təşkilatlarla müqayisəsinin aparılması, onların təcrübəsinə baxılması zəruri hesab olunur. Sadə audit qısa müddətdə əhəmiyyətli hər hansı bir iqtisadi effektin əldə olunmasını və enerji qənaətli müvafiq tədbirlərin müəyyənləşdirilməsi kimi imkanları nəzərdə tutur. Mürəkkəb (kompleks) audit zamanı isə daxili enerji ehtiyatlarına qənaətlə yanaşı, həm də müxtəlif xarici amillərin təsiri aşkar olunur. Birdəfəlik audit isə mahiyyətcə müəssisə və təşkilatlar tərəfindən qeyri-standart vəziyyətlərdə istehlak olanun həm ayrı-ayrı və həm də bütün enerji növlərinin yoxlanılmasını əhatə edir. Dövri audit ən azı 5 ildə bir dəfə, daimi audit isə tənzimləmə sənədləri ilə müəyyən edilmiş parametrlərdən kənara çıxmamaq üçün davamlı olaraq fasiləsiz aparılır [4, 5, s. 37].

Enerji auditi enerji və kommunal xərclərini izləmək istəyən hər bir müəssisə və təşkilat üçün zəruri və vacibdir. Yoxlamanın nəticəsi ilə enerjinin necə alındığı, paylandığı və istifadə edildiyi barədə ətraflı məlumat əldə edilir. Onun aparılması ilə enerji resurslarına qənaət imkanları aşkarlanır [3].

Bir sıra ölkələrdə enerji auditi üzrə müvafiq standartlar hazırlanır və yoxlama tədqiqat işi bu əsasda təyinat alır. Bu tip standart bütün enerji yoxlamaları üçün ümumi olan tələb və çərçivələri əhatə edir.

 

3.Azərbaycan Respublikasında enerji auditi institutunun formalaşdırılması aspektləri

Azərbaycan Respublikasında da enerji auditi institutunun formalaşdırılması ölkədə aparılan enerji siyasətinin əsas hədəflərindəndir. Enerji sektorunda reallaşdırılan yeni islahatlar prosesi bu istiqmətdə geniş institusional təsisatlandırmaların aparılmasını və sahəvi normativ-hüquqi bazanın təkmilləşdirilməsini ehtiva edir. Bununla bağlı, 2019-cu ildə ölkə Prezidenti tərəfindən müvafiq Sərəncam imzalamışdır. Həmin Sərəncamda “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin və elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin hazırlanması, habelə elektroenergetika sisteminin səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi və bu sferada özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi kimi məsələlərin həlli yer almışdır. Bu məqsədlə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanunlarının və mövcud “Energetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlarının yeni layihələrinin hazırlanması tapşırığı verilmişdir [7].

Enerji qənaətcilliyi və enerji effektivliyi ilə bağlı məsələlərin həlli isə konkret olaraq “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanununun qəbul edilməsi ilə həllini tapacaqdır. Burada məqsəd enerji resurslarının müasir tələblərə və standartlara uyğun səmərəli istifadəsinə, iştirakçılar arasındakı münasibətlərin geniş hüquqi çərçivədə tənzimlənməsinə, ümumilikdə isə iqtisadiyyatın davamlı inkişafına və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsinə nail olmaqdan ibarətdir. Bu sırada həmçinin enerji effektivliyi sahəsində davranışların formalaşdırılması, şəffaflığın artırılması, haqsız rəqabətin aradan qaldırılması, müəssisə və təşkilatlarda enerji səmərəliliyi tədbirlərinin maliyyələşdirilməsi, beynəlxalq standart və normaların, enerji etiketləməsi və enerji auditi xidmətlərinin tətbiqi və inkişafı da hədəflənmişdir.

Enerji auditi institutunun geniş tətbiqi ilə isə bu sahədə uçot işi və hesabat sisteminin və xüsusən də dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi həllini tapacaqdır. Bununla da müəssisə və təşkilatlarda enerji effektivliyinin artırılması imkanları və enerjiyə qənaət potensialını öyrənmək, enerji itkiləri və ətraf mühitə atılan istixana qazı emissiyalarının miqdarını aşkar etmək daha əl çatan olacaqdır. İstisnasız ki, enerji auditi akkreditasiya edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən bağlanmış müqavilələr əsasında aparılacaq və bu audit enerji istehlakı müəyyən edilmiş miqdardan çox olan müəssisələrdə məcburi, digərlərində isə könüllü xarakter daşıyacaqdır.

Xususi ilə vurğulanmalıdır ki, respublikada enerji auditi institutunun formalaşdırılması energetik sektorda bir sıra müvafiq proqramların, strategiya və konsepsiyaların hazırlanmasını, normativ-hüquqi aktların və işçi sənədlərin də qəbul olunmasını şərtli edəcəkdir.

 

4.Nəticə

Təhlil və araşdırmalar bir daha yəqinlik verir ki, respublikada aparılan enerji siyasəti islahatlar kontekstində uğurla davam edərək daim təkmilləşir. Reallıqlar belədir ki, bu sektorda enerji auditi ilə bağlı qanunvericiliyin formalaşdırılması yalnız enerji sektorunda deyil, bütünlükdə ölkədə və iqtisadiyyata müqabil institusionallaşmanı da şərtli edəcəkdir. Bunun üçün isə aşağıdakıların nəzərə alınması əsaslandırılır:

v enerji auditi institutunun formalaşdırılması istiqamətində aparılan islahatlar prosesinin daha da sürətləndirilməsi;

v enerji effektivliyi sahəsində beynəlxalq standart və normaların geniş tətbiqi, şəffaflığın artırılması və haqsız rəqabətin aradan qaldırılması;

v müəssisə və təşkilatlarda enerji səmərəliliyi tədbirlərinin maliyyələşdirilməsi, enerji resurslarından rasional istifadə üzrə təşviqedici səmərəlilik norma və limitlərinin müəyyənləşdirilməsi;

v tarif tənzimlənməsinin azad qiymətyaratma mexanizmləri ilə əvəz edilməsi konsepsiyasının hazırlanması;

v enerji resurslarının müasir tələblərə və standartlara uyğun səmərəli istifadəsini təmin edən yüksək texnologiyalardan istifadənin genişləndirilməsi və innovativliyin yüksəldilməsi.

Bundan başqa, respublikada enerji auditi institutunun formalaşdırlması energetik sektorda bir sıra müvafiq proqramların, strategiya və konsepsiyaların hazırlanmasına da zəmin olacaqdır. Bu baxımdan müvafiq sferada daim yeniləşən texnoloji institusionallaşmanın aparılması, əlverişli bazar şəraitini təmin edən, inhisarçılığı məhdudlaşdıran normativ-hüquqi bazanın təkmilləşdirilməsi tədbirləri davamlı xarakter daşımalıdır.

 

 

Ədəbiyyat siyahısı

1.Hacızadə E.M. Dünya iqtisadiyyatı və Azərbaycan. Bakı: “Letterpess” 2018, 912 s.

2.Hacızadə E.M., Bağırzadə E.R. Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi. Bakı: Elm. 2011, 128 s.

3.Колесников А.И., Варнавский Б.П, Федоров М.Н. Энергоаудит промышленных и коммунальных предприятий. М.: Издательство АСЭМ, 2009, 301 с.

4.Свидерская О.В. Основы энергосбережения. М.: ТетраСистемс, 2016, 176 c.

5.Сергеев С.И. Методика проведения энергетических обследований (энергоаудита) бюджетных учреждений. Н.Новгород: НГТУ, НИЦЭ, 2000, 198 с.

6.Фокин В.М. Основы энергосбережения и энергоаудита. М.: “Издательство Машиностроение-1”, 2006, 256 с.

7.www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

8.www.iea.org - Beynəlxalq Enerji Agentliyi.

9.www.hajizada.com - prof. Elşən Hacızadənin saytı.

 

220.Enerji auditi və onun tətbiq effektivliyi. “Şəffəflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans. Bakı: 2021, 0,5 ç.v.