gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / AZƏRBAYCAN RESPUBLIKASINDA ENERJI TƏHLÜKƏSIZLIYI VƏ ENERJI EFFEKTIVLIYININ PRIORITETLƏRI

14.06.2022

Hacızadə Elşən Mahmud oğlu

Azərbaycan Dövlət İqtisad Universiteti “Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəri.

elshan@hajizada.com

ORCID ID: 0000-0001-5447-9676

 

 

 

Enerji təhlükəsizliyi və onunla bağlı enerji effektivliyinin təminatı məsələləri əksər iqtisadi inkişaf etmiş ölkələrdə milli enerji strategiyasının tərkib hissəsi kimi təyinat alır. Müasir dünyada enerji təhlükəsizliyi həmçinin istehlakın kəmiyyət ölçüsü ilə deyil, həm də onun keyfiyyəti ilə bağlı məsələləri də əhatə edir. Bu baxımdan dayanıqlı sosial oriyentasiyalı dövlət enerji təhlükəsizliyini enerji effektliliyindən ayırmır və onu ölkənin inkişaf səviyyəsinin mühüm indikator göstəricisi kimi qəbul edir. Azərbaycan Respublikası da hazırkı və perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya ölkələri sırasındadır. Ölkədə enerji təhlükəsizliyi təmin olunsa da, onun möhkəmləndirilməsi və enerji effektivliyi elementləri ilə zənginləşdirilməsi aparılan islahatların əsas prioritetlərini təşkil edir. Bu məsələ həm də elmi aktuallıq kəsb edir. Bu baxımdan da məqalədə Azərbaycan Respublikasında enerji təhlükəsizliyi və enerji effektivliyinin təminatının prioritetləri ilə bağlı məsələlər tədqiqat predmetinə çevrilir.

Enerji resursları ilə təminatlılıq Azərbaycanı Avropanın və bir sıra dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətini artırır. Bu onun yetərli neft-qaz ixrac boru kəmərləri vasitəsi ilə reallaşdırılır. Bu sırada Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin rolu və əhəmiyyəti daha yüksəkdə durur. Azərbaycan həm də dünyanın ən nəhəng enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”ni tam gücü ilə reallaşdırır. Bu dəhlizin tərkib hissəsi olan Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) isə onu Avropanın daha etibarlı qaz təminatçısına çevirir.

Neft-qaz resurslarından savayı, Azərbaycanda digər təbii enerji mənbələri də perspektivlik baxımından ümidvericidir. Günəşli və küləkli ərazi, çoxsaylı çaylar, termal sular ayrıca energetik mənbə kimi ölkədə alternativ enerji ehtiyatları yaratmağa geniş imkanlar açır. Bu imkanları işğaldan azad olunmuş Qarabağ regionu özünün yaşıl enerji potensialı ilə daha da gücləndirir. İlkin hesablamalar göstərir ki, Azərbaycanda 27 min MVt-a yaxın bərpa olunun enerji ehtiyatı mövcuddur. Ümumilikdə isə ölkənin mövcud elektroenergetik potensialı 7 min MVt-dan çoxdur ki, bunun da yarısı hələ ki, istifadə olunmur. Bununla belə, vurğulanmalıdır ki, ölkənin güclü energetik potensialının mövcudluğuna baxmayaraq, onun enerji təhlükəsizliyinin davamlı və etibarlı təmin edilməsi istiqamətində bir sıra işlərin görülməsi də vacib şərt olaraq qalır.

Enerji təhlükəsizliyinin möhkəmləndirilməsində istehsal və infrastruktur kompleksindəki problemlər aradan qaldırılmalı və bu istiqamətdə daha modern sistem qurulmalıdır. Belə ki, ölkənin mövcud neft-qaz emalı müəssisələri onun yanacaq-enerji resurslarına olan tələbatını bütün çeşidlərdə ödəmək imkanında deyildir. Hələ də bir sıra enerji məhsulları var ki, onlar xaricdən idxal olunur. Qazın emalı, təmizlənməsi və standartlara uyğun təchizatında da çatışmalıqlar qalmaqdadır. Əhalinin daha etibarlı qaz resursları ilə təmin edilməsi üçün ehtiyatlarının artırılması və qazsaxlama anbarlarının aktiv həcminin daha da genişləndirilməsi vacibdir. Elektroenergetika sistemində də böyük həcmdə yenidənqurma və modernizasiyaya ehtiyac vardır. Digər tərəfdən bərpa olunun enerji mənbələrinin ümumi enerji balansında payı 2 faizdən bir qədər az təşkil edir. Bu isə o deməkdir ki, ölkənin bərpa olunan enerji potensialının hələ ki, 0,5 faizindən istifadə olunur. Bundan başqa, enerji qənaətcilliyi və enerji effektivliyi məsələləri də həllini gözləməkdədir. Bu sahədə geniş institusional yenidənqurmaya, enerji auditi institutunun yaradılmasına, az enerjitutumlu qurğulardan istifadənin genişləndirilməsinə, itkilərin azaldılmasına, enerjiyə qənaət tədbirlərinin görülməsinə və bütün bu istiqamətlərdə daha mütərəqqi standartların tətbiqinin genişləndirilməsinə zəruri ehtiyac vardır.

Bütün bunlar Azərbaycan Respublikasında aparılan enerji siyasətinin əsas hədəflərindəndir və bu sırada enerji təhlükəsizliyi və enerji effektivliyi ön mövqedədir. Bu baxımdan da aparılan enerji siyasəti üzrə reallaşmaları təmin etmək üçün ölkədə yeni islahatlar prosesinə start verilmişdir. Enerji sektorunda bir sıra yeni təsisatlandırmalar hədəfə alınmış, inkişafın yeni nöqtələri təyin olunmuşdur. Elektroenergetikanın uzunmüddətli inkişaf strategiyasının hazırlanmasına və enerji sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı işlərin aparılmasına başlanılmışdır. Bütün bunlarla yanaşı, ölkədə nüvə energetikası sahəsində də işlər aparılmaqdadır. Bu məqsədlə “Milli nüvə tədqiqatları mərkəzi” yaradılmış, gücü 20 MVt olan tədqiqat nüvə reaktorunun qurulması həyata keçirilməkdədir.

Azərbaycan Respublikasında enerji qənaətcilliyi və enerji effektivliyi ilə bağlı məsələlərin həlli isə hüquqi müstəvidə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanununun qəbul edilməsi ilə əsaslı həllini tapacaqdır. Həmin Qanun enerji resurslarından səmərəli və effektiv istifadənin təmin edilməsini nəzərdə tutur. Burada iştirakçıların arasında münasibətlərin tənzimlənməsi və enerji resurslarından istifadənin müasir tələblərə və standartlara uyğunlaşdırılması kimi hüquqi əsaslar təsbit ediləcəkdir. Qanunun qəbul edilməsi ilə beynəlxalq mütərəqqi təcrübəyə əsaslanan bir sıra alt normativ-hüquqi aktların da işlənib hazırlanması reallaşacaqdır. Yeniliklər enerji sektorunda haqsız rəqabətin aradan qaldırılması, enerji effektivliyi xidmətləri sahəsində şəffaflığın artırılması kimi məsələlərin həllini də təmin edəcəkdir.

Aparılan bu araşdırma və təhlillər Azərbaycanda enerji təminatı etibarlılığının yüksək olduğunu bir daha yəqinləşdirir. Bununla belə, ölkədə enerji təhlükəsizliyini davamlı və sabit etmək və enerji effektivliyini artırmaq üçün yeni konsepsiyalar hazırlanmalı və əlahiddə proqramlar qəbul edilməlidir. Bu istiqamətdə aşağıdakı prioritetlərin nəzərdə tutulması təklif olunur:

  • ölkənin enerji təhlükəsizliyinin indikativ idarə olunması sisteminin yaradılması və enerji effektivliyi xidmətlərinin şəbəkəsinin genişləndirilməsi;
  • § iqtisadiyyatın bütün sahələrində enerji resurslarından rasional istifadənin reallaşdırılması məqsədilə təşviqedici səmərəlilik norma və limitlərinin müəyyənləşdirilməsi;
  • tarif tənzimlənməsinin azad qiymətyaratma mexanizmləri ilə əvəz edilməsi konsepsiyasının hazırlanması və mərhələli şəkildə həyata keçirilməsi;
  • energetika sektorunda əlverişli bazar şəraitini təmin edən, inhisarçılığı məhdudlaşdıran normativ-hüquqi bazanın təkmilləşdirilməsi tədbirlərinin davam etdirilməsi;
  • dünya ölkələri və aparıcı şirkətlərlə milli mənafelərə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan enerji inteqrasiyasının genişləndirilməsi.

Milli enerji təhlükəsizliyinin davamlı təminatını  səciyyələndirən bu prioritetləri heç də tam olaraq, bütün strateji tədbirlər çevrəsini əhatə etmir. Hesab edilir ki, praktiki tətbiq sferasında bu prioritetlər daha fundamental iqtisadi əsaslandırmalara məruz qalacaq və onlar dəyişən siyasi-iqtisadi situasiyaya uyğun strukturda formalaşaraq, daha elmi məntiqi həllinə qovuşacaqdır.

 

218.Energy security and energy efficiency priorities in the Republic of Azerbaijan. (Azərbaycan Respublikasında enerji təhlükəsizliyi və enerji səmərəliliyi prioritetləri). Enerji təhlükəsizli və enerji effektivliyi: qlobal çağırışlar və milli maraqlar. Birinci beynəlxalq elmi-praktik virtual konfransın materialları. Azərbaycan-Estoniya-Gürcüstan-Ukrayna 18-18 iyun 2021-ci il. Azərbaycan Dövlət İqtisad Universiteti. Enerji İqtisadiyyatı Mərkəzi (Bakı, Azərbaycan), LTD Cənubi Qafqaz Beynəlxalq Müasir Elmlər Akademiyası. (İngiltərə London), MTÜ. Beynəlxalq Tədqiqat Təhsil və Təlim Mərkəzi. (Estoniya Tallinn). ENECO Jurnalı. Bakı: № 2 (6) 2021. 0,1 ç.v. s. 20-22. (ingilis dilində).