gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / GÖRKƏMLI ALIMIN XATIRƏSI

24.02.2009

i.e.d., prof. E.Hacızadə

 

GÖRKƏMLI ALIMIN XATIRƏSI

 

Azərbaycanın iqtisad elminin tanınmış nümayəndələrindən olan istedadlı alim, gözəl insan, AMEA-nın müxbir üzvü, professor Ağasəlim Kərim oğlu Ələsgərov bu il martın 31-də 87 yaşında dünyasını dəyişmişdir. Əziz və işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaq görkəmli alim “Azərbaycanın vergi jurnalı” nəşrə başladığı vaxtdan Redaksiya Heyətinin üzvü olmuş, jurnalın elmi məzmununun zənginləşməsinə öz töhfələrini vermişdir. Onun uzun və mənalı ömrü xalqmızın maariflənməsinə, sosial-iqtisadi problemlərin öyrənilməsinə, tədqiqinə və təbliğinə, milli iqtisadi fikrin inkişaına, gənc iqtisadçı kadrların hazırlanmasına və onların elmi fəaliyyətə cəlb edilməsinə həsr olunmuşdur.

1928-ci il may ayının 22-də Bakı şəhərində dünyaya göz açan A.Ələsgərov orta məktəbi bitirdikdən sonra, 1946-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuş, 1950-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdıraraq, gənc mütəxəssis kimi Bakı şəhəri Xalq Deputatları Sovetinin Plan Komissiyasında işə başlamışdır. Qısa müddətdə bu mühüm orqanda şöbə və idarə müdiri vəzifələrinə yüksəlmişdir.

Elmi-pedaqoji sahəyə maraq və qabiliyyəti nəzərə alınaraq 1953-cü ildə respublika hökumətinin göndərişi ilə dünyanın nüfuzlu ali təhsil ocaqlarından olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Siyasi iqtisad” üzrə birillik ali nəzəri hazırlıq kursu keçən A.Ələsgərov oradan qayıtdıqdan sonra Bakı Şəhər Soveti İcraiyyə Komitəsində çalışmaqla yanaşı M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) müəllimlik fəaliyyəti göstərmiş, az sonra isə yenidən Moskva şəhərində SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına qəbul edilmişdir.

Şəhər mühitində yaşayıb böyüməsinə baxmayaraq gənc elmi işçi milli mənafelərimizi nəzərə alaraq tədqiqat obyekti kimi kənd təsərrüfatının iqtisadiyyatını seçmiş, SSRİ-də ilk dəfə “Pambığın maya dəyəri və onun aşağı salınması yolları (kolxozların timsalında)” mövzusunda namizədlik dissertasiyası işləyərək, 1958-ci ildə onun yüksək elmi səviyyədə müdafiəsinə nail olmuşdur. Elə həmin ildən də A.Ələsgərovun elmi taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlamışdır. O, iqtisadiyyat bölməsində kiçik elmi işçi vəzifəsinə təyinat aldıqdan az sonra akademiyanın nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu təşkil edilmiş və gənc alim 1967-ci ilədək burada elmi katib, 1967-1974-cü illərdə “Siyasi iqtisadın ümumi problemləri” şöbəsinin müdiri vəzifələrində çalışmış, 1968-ci ildə “Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi almış, 1969-cu ildə isə professor elmi adına layiq görülmüşdür.

Elmi fəaliyyətlə yanaşı pedaqoji sahədə də böyük uğrlar qazanan A.Ələsgərovun 1974-78-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) elmi işlər üzrə prorektoru və siyasi iqtisad kafedrasının müdiri vəzifələrində çalışmış, müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Neft Akademiyasında mühazirələr oxumuş, dövlət imtahan komissiyalarının sədri olmuşdur.

Fundamental elmi tədqiqatlara dərin marağı A.Ələsgərovun yenidən Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna qayıtmasına səbəb olmuş və o, ömrünün sonuna qədər burada çalışmışdır. 1989-cu ildən akademiyanın  müxbir üzvü seçilən görkəmli alim çoxşaxəli elmi yaradıcılıq potensialını aqrar-sənaye kompleksinin inkişafı məsələlərinin,  siyasi iqtisad problemlərin, xarici iqtisadi əlaqələrin tədqiqinə yönəltmişdir.

Elmi ictimaiyyət görkəmli alimi aqrar iqtisadiyyat və xarici iqtisadi əlaqələr sahəsində respublikada elm məktəblərinin yaradıcısı kimi tanımış və qəbul etmişdir.

A.Ələsgərov 1981-1989-cu illərdə İqtisadiyyat İnstitutunun direktor müavini, 1989-1999-cu ilədək direktoru vəzifəsində çalışmış, Respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Uzun illər doktorluq dissertasiyasının müdafiəsi üzrə AMEA-nın İqtisadiyyat İnstitutunun ixtisaslaşmış şurasının sədr müavini vəzifəsində çalışmışdır. A.K.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlamışdır. O, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi və 36 namizədlik dissertasiyasının elmi rəhbəri, 38 nəfərin doktorluq və namizədlik dissertasiyalırının opponenti olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, 1995-ci ildə yaradılan aqrar islahatlar və dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət komissiyalarının üzvü olmaqla yanaşı, A.Ələsgərov parlamentdə milli qanunvericilik sənədlərinin layihələrinin  hazırlanmasında və müzakirələrində də fəal iştirak etmişdir.

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan iqtisad elminin qarşısında duran ən böyük problemlərdən biri bazar iqtisadiyyatına keçid prosesinin elmi cəhətdən əsaslandırılması idi ki, professor A.Ələsgərov da öz istedadını və elmi təfəkkürünü məhz bu istiqamətə yönəltmişdir. Onun bazar iqtisadiyyatına keçidin aktual problemlərinə, nəzəri-metodoloji və sosial-iqtisadi aspektlərinə dair elmi qənaətləri mürəkkəb iqtisadi proseslərin dərk olunmasında mühüm nəzəri-praktiki rol oynamışdır.

İqtisad elminin görkəmli nümayəndələri Ağasəlim müəllimin yeniliyi və müasirliyi sevməsini, mütərəqqi ideyaların gerçəkləşməsi üçün böyük səylər göstərməsini daim təqdir etmişlər. Xüsusən, özəl təhsil müəssisələrində elmi fəaliyyətin təşkilində və iqtisad elminin tədrisinin təkmilləşdirilməsində onun diqqətəlayiq zəhməti olmuşdur.

A.Ələsgərov alim, ziyalı, ağsaqqal kimi hər zaman gənc nəslə nümunə olmuşdur. Görkəmli alimin gənc elmi kadrlara göstərdiyi diqqət və qayğının canlı şahidi kimi deyə bilərəm ki, Ağasəlim müəllim gənclərin elmi işlərini dərindən oxuyub təhlil edir, aşkara çıxardığı qüsurların aradan qaldırılması üçün hər cür kömək göstərir, istedadına və bacarığına inandığı gəncləri fədakarlıqla müdafiə edirdi. AMEA-nın İqtisadiyyat İnstitutunda birlikdə çalışdığımız dövrdə ustad iqtiadçı-alim mənə də dəyərli məsləhət və tövsiyələr verib, elm adamı kimi formalaşmağımda yardımçı olmuşdur.

A.Ələsgərov son 20 ildə AMEA-nın İqtisadiyyat İnstitutunda “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinə rəhbərlik etmiş, xarici ölkələrlə səmərəli inteqrasiyasının təmini problemlərini araşdırmış, açıq iqtisadiyyat modelinin hazırlanması, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, ixracatın inkişaf etdirilməsi, xarici investisiyaların cəlb edilməsinin optimallaşdırılması, xarici əlaqələrinin səmərəli qurulması və s. vacib məsələlərin konseptual əsaslarını işləmişdir.

60 illik elmi yaradıcılığı dövründə A.Ələsgərov 226 elmi əsəri, o cümlədən başqa müəlliflərlə birlikdə 36 monoqrafiya, kitabça və məqalələr toplusu nəşr etdirmiş, 8 elmi əsəri isə  xarici ölkələrdə çap olunmuşdur. Onun bilavasitə elmi redaktorluğu ilə xeyli elmi əsərlər nəşr edilmiş, AMEA-nın “Xəbərləri” Humanitar və ictimai elmlər seriyası (İqtisadiyyat), “Audit” jurnalının redaktor müavini, beynəlxalq elmi və ictimai-siyasi “Обшество и Экономика” jurnalının redaksiya heyətinin üzvü olmaqla və bu jurnallarda xeyli elmi məqalələr dərc edilmişdir.

Azərbaycan İqtisadçılar İttifaqı yarandığı gündən Ağasəlim müəllim onun fəaliyyətində yaxından iştirak etmiş, dəyərli tövsiyələrini vermişdir.

A.Ələsgərov məhsuldar elmi fəaliyyətinə görə 1982-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 1986-cı ildə “Əmək veteranı” medalı ilə təltif edilmişdir. 2003-2008-ci illərdə AMEA-nın Fəxri fərmanı, 2014-cü ildə isə Rusiya EA-nın xüsusi medalı ilə təltif olunmuşdur.

Unudulmaz və görkəmli alimə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

 

 

195.Görkəmli alimin xatirəsi (məqalə-resenziya). Azərbaycanın vergi jurnalı. Bakı: № 2, 2015. 0,2 ç.v.