gototop gototop

Список научных трудов / УЧЕБНИК, НАПРАВЛЯЮЩИЙ НАУЧНО РЕГИОНАЛЬНОЕ УПРАВЛЕНИЕ

27.07.2011

i.e.d., prof. E.M.Hacızadə

 

REGİONAL İDARƏETMƏNİ ELMİ İSTIQAMƏTLƏNDİRƏN DƏRSLİK

 

Regionlarda iqtisadi inkişafın dövlət idarəetməsinin səmərəliliyi regional siyasət və regional iqtisadiyyatın qarşılıqlı problemlərinin tədqiqini şərtləndirir. Müasir Azərbaycanın həyatında sosial-iqtisadi yaranışların genişlənməsi, dövlət quruculuğu prosesinin təkmilləşməsi, elm və təhsilin inkişafına yönələn tələblərin yüksəlişi regional siyasətdə də yeni yanaşmaları önə çıxarır. Bu gerçəklik həm də, ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı apardığı proqmatizmə əsaslanan regional strategiyadan qaynaqlanır. Bunun nəticəsidir ki, reallaşması başa çatmış 2004-2008-ci illəri əhatə edən və həyata keçirilməkdə olan 2009-2013-cü illər üzrə dövlət proqramları ölkəmizin inkişafı və iqtisadiyyatımızın şaxələndirilməsi işində böyük uğurlara gətirmişdir.

Məlumdur ki, dövlətin regional iqtisadiyyatın inkişafına təsiri ikili xarakter daşıyır. Dövlət bir tərəfdən təkrar istehsal prosesinin gedişinə makroiqtisadi effektivlik baxımından normativ aktlar vasitəsi ilə nizam verir, yerlərdə doğru regional inkişaf strategiyası və taktikasının seçilməsində iştirak edir. Digər tərəfdən də, təkrar istehsal prosesinə aktiv alətlər: vergiqoyma sistemi, dövlət büdcəsi, regional inkişafa birbaşa dövlət investisiyaları, məşğulluğun, pul və kredit tədavülünün tənzimlənməsi ilə təsir göstərir. Qlobal axının gücləndiyi müasir şəraitdə bütün bunlar regional idarətmənin elmi əsaslarının, nəzəri konsepsiyasının daha təkmil qaydada işlənməsini, onun səmərəli praktiki təminatı problemlərinin həllini önə çıxarır. Regional idarəetməyə dair tədqiqatların genişlənməsi eyni zamanda bu sahədə dərsliklərin hazırlanmasını da şərtli edir. Azərbaycanda regional siyasət və regional idarəetmənin tədrisi istiqamətində Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Xudu oğlu Nuriyevin tədqiqatları mühüm yer tutur. Görkəmli alimin bu tədqiqatlar əsasında ali məktəb tələbələri üçün hazırladığı «Regional siyasət və idarəetmənin əsasları» dərsiliyi yüksək qiymətləndirilərək diqqəti cəlb edir. Akademik Asəf Nadirovun elmi məsləhətçiliyi ilə hazırlanan bu dərslik «Elm və təhsil» nəşriyyatında 2011-ci ildə çapdan çıxmışdır. 516 səhifəni, 32 çap vərəqini əhatə edən dərslik 4 hissə, 14 fəsil, o cümlədən 48 paraqrafdan ibarətdir. «Regional idarəetmə və regionlara bölgünün elmi əsasları» adlanan ilk hissədə regional idarəetmənin predmeti, metodologiyası, vəzifələri, onun formalaşmasının obyektiv şərtləri şərh edilir, ölkənin təsərrüfat kompleksinin regional strukturuna təyinat verilir, Azərbaycanda regionlara bölgü sisteminin tarixi aspektləri və müqəddəm şərtləri əsaslandırılır. «Regional inkişaf siyasəti və idarəetmə» adlanan ikinci hissədə regional inkişaf siyasətinin elmi məzmunu təhlil edilir, regional idarəetmənin normativ-hüquqi bazası açıqlanır, bələdiyyə institutunun, regional özünüidarəetmə orqanları və onların fəaliyyət xüsusiyyətləri göstərilir. Dərsliyin üçüncü hissəsi «Regional idarəetmə vasitələri və metodları» adlanır. Burada proqnozlaşdırma, strateji planlaşdlrma, xüsusi regional idarəetmə vasitələri ilə bağlı bilğilər verilir, regional inkişafın dövlət idarəetməsinin metodları müəyyənləşdirilir. Həcmcə daha geniş olan dərsliyin sonuncu, dördüncü hissəsi əsaslı olaraq Azərbaycanla bağlıdır. «Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi inkişaf siyasəti və müasir dövrdə onun davam etdirilməsi xüsusiyyətləri» adlanan bu hissədə ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin və müasir dövrdə onun prezident İlham Əliyev tərəfindən davamlı inkişaf etdirilməsi xüsusiyyətləri təhlil olunur. Müəllif burada 2004-2008-ci və 2009-2013-cü illər üzrə Azərbaycan Respublikasında regional sosial-iqtisadi inkişafın dövlət proqramlarının məqsəd və vəzifələrini təhlil edir, Azərbaycan cəmiyyətinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını əsaslandırır, regional idarəetmənin təkmilləşdirilməsi istiqamətində mütərəqqi dünya təcrübəsindən istifadə edilməsi ilə bağlı təklif və tövsiyələrini verir.

Dərsliyin orijinallığını səciyyələndirən xüsusi bir hal da ondan ibarətdir ki, o, büsbütün «Regional idarəetmənin əsasları» (regional idarəetmə) fənninin tədris proqramı ilə uzlaşdırılmışdır. Dərsiyin sonunda bu proqram özü də bütünlüklə verilmişdir. Belə vəziyyət isə tədris metodikasının daha səmərəli sistemdə qurulduğunu nümayiş etdirir. Bununla belə qeyd olunmalıdır ki, kitabda əksini tapan elmi məsələlər, respublikamızın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı verilən təkliflər dərslik çərçivəsindən xeyli kənara çıxaraq konseptual və tətbiqi xarakter daşıyır. Bu isə onun yalnız ali təhsil müəssisələri üçün deyil, həmçinin də bu istiqamətdə elmi-tədqiqatlar aparanlar, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının təmsilçiləri üçün də istifadə imkanı yaradır. Eyin zamanda hesab olunur ki, müəllifin bu tədqiqat əsəri yalnız respublikamızda deyil, təcrübi baxımdan bütövlükdə ölkə xaricində də regional inkişaf proqramları və strategiyalarının hazırlanmasında elmi mənbə kimi istifadə oluna bilər.

Hörmətli Əli müəllimi «Regional siyasət və idarəetmənin əsasları» dərsiliyinin nəşri ilə bağlı təbrik edir, ona bol-bol yaradıcılıq uğurları arzulayırıq.

 

 

149. Учебник, направляющий научно региональное управление (статья-реценция). Налоговые вести Азербайджана. Баку: № 3. 2011.