Архив
Список научных трудов / ОБЕСПЕЧЕНИЕ ПРОЗРАЧНОСТИ БЮДЖЕТНОГО ПРОЦЕССА И ПОВЫШЕНИЯ ЕЕ ЭФФЕКТИВНОСТИ
AMEA-nın İqtisadiyyat İnstitutu,
i.e.d., prof. E.M.Hacızadə
BÜDCƏ PROSESINDƏ ŞƏFFAFLIQ
TƏMİNATI VƏ ONUN YÜKSƏLDİLMƏSİNİN EFFEKTİVLİYİ
Müasir dünyanın qabacıl ölkələrində hakimiyyətin fəaliyyətində şəffaflığın bütün səviyyələrdə bərqərar olunması daim aktuallığını artıran bir məsələdir. Belə ki, çağdaş demokratik cəmiyyət quruculuğunda şəffaflıq prinsipləri bütün hakimiyyət strukturlarının qərar açıqlığının əsas şərti olaraq qalır. Açıqlıq və şəffaflığın saxlanılması büdcə prosesində də mühüm səciyyəvi əhəmiyyəti ilə fərqlənir. Bu isə bilavasitə ondan irəli gəlir ki, siyasi-iqtisadi sistem müxtəlifliyinə varmadan hər bir ölkədə büdcə sosial-iqtisadi siyasətin reallaşmasının başlıca maliyyə aləti funksiyasını yerinə yetirir. Bununla belə, mükəmməl büdcə də, öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinin qarant elementlərinin mühüm hissəsini və əhalinin sosial rifahının barometrini əks etdirir.
Büdcə prosesində şəffaflığın təminatında qanunvericilik orqanları, icra hakimiyyəti və eyniliklə də əhalini təmsil edən vətəndaşların aktiv hissəsi iştirak edir. Burada məqsədlər nisbi müxtəlif olsa da, ümumi vektorda vəhdət halına gəlir və aşağıdakı istiqamətlərdə gerçəkləşmələri ifadə edir:
- Ø şəffaflıq büdcə prosesində ictimai iştirakı təmin edərək büdcə haqqındakı informasiyaların konkretləşməsinə zəmin olur;
- Ø şəffaflıq ölkədə makroiqtisadi və maliyyə stabilliyinin əsas mənbəyi kimi çıxış edir;
- Ø şəffaflıq cəmiyyətin hər bir üzvünə büdcənin dilini, onun rəqəmlərini anlamağa əlavə imkanlar yaradır;
- Ø şəffaflıq vergiödəyicilərinə büdəcənin əsas mədaxil hissəsini təşkil edən vergilərin hansı məqsədlərə məsrəf olunduğuna tam yəqinlik gətirir;
- Ø şəffaflıq büdcə prioritetləri, resurslar bölgüsü və iştirakçılar düzümünü daha dəqiqliklə fərqləndirir;
- Ø şəffaflıq büdcə vəsaitlərinin məqsədli təyinatda və səmərəli xərclənməsində optimal mexanizm olaraq korrupsiyaya qarşı mübarizədə mühüm nəzarət funksiyası yerinə yetirir;
- Ø şəffaflıq icra hakimiyyətinin büdcənin işlənməsi və yerinə yetirilməsi istiqamətində məsuliyyətini artırır, qanunverici orqan tərəfindən ona yönələn nəzarətin güclənməsinə kömək edir;
- Ø şəffaflıq əhalinin və vətəndaş cəmiyyətləri institutlarının hakimiyyətə olan etibarını yüksəldir və ictimai etimadın möhkəmlənməsinə yardımçı olur;
- Ø şəffaflıq maliyyə-iqtisadi böhranlar vəziyyətində, dövlətin antiböhran proqramlarının hazırlanması və yerinə yetirilməsində vergiödəyicilərinin hakimiyyət konsensusunun mühüm vasitəsinə çevrilir;
- Ø şəffaflıq büdcə defisiti və profisitinin məqsədyönlı optimallaşmasının əsas seqmentilərindən biri olaraq qalır;
- Ø şəffaflıq hökumətin milli və regional siyasətini dünya ictimaiyyəti üçün daha açıq edərək investisiya cəlbediciliyini artırır.
Büdcənin və büdcə prosesinin şəffaflığı mahiyyət etibarı ilə yalnız ictimaiyyət üçün müvafiq informasiyalara giriş zəminində təyin olunmur. Şəffaflıq daha geniş üstünlüklə bu proseslərdə ictimaiyyətin iştirakına təminat verən mühüm zəruri şərt kimi çıxış edir. Büdcə şəffaflığı demokratik inkişafın qollarından biri olmaqla, cəmiyyət üzvlərinin bilik səviyyəsi, bacarıq və hazırlıqları və həmçinin də ictimai institutlarının təkmilliyi ilə mütənasiblik təşkil etmədə nəzarət səmərəliliyinin təminatçısına çevrilir. Ona görə də, respublikamızda da büdcənin və büdcə prosesinin şəffaflığının artırılması istiqamətində fəaliyyətlər daha da genişləndirilməli, zəruri olan yeni təsisatlandlrmalar aparılmalı, müvafiq qiymətləndirmələr yerinə yetirilməlidir. Büdcənin və büdcə prosesinin şəffaflığının qiymətləndirilməsi isə sosial texnologiyaların tərkib hissəsini təşkil etdiyindən bu istiqamətdə müvafiq hərəkətlərin metodoloji təyinatları, qayda və prosedurları da işlənməli və onlar cəmiyyət istifadəsinə bir yardımçı alətlər və tənzim mexanizmi olaraq təqdim edilməlidirlər.
137.Обеспечение прозрачности бюджетного процесса и повышения ее эффективности. После кризиснего экономики роль прозрачности в эффективной использование финансовых ресурсов. Международная научно-практическая конференция. Экономический комитет парламента Азербайджанской Республики, Нефтяной Фонд Азербайджанской Республики, Министерство Финансов Азербайджанской Республики, Министерство Налогов Азербайджанской Республики, Счетная Палата Азербайджанской Республики, Союз Экономистов Азербайджана, Палата Аудиторов Азербайджанской Республики. Баку. «Издательства журнала Экономика и Аудит». 2009. 0.1 ç.v.