Архив
Список научных трудов / АЛЬТЕРНАТИВЫ ПРЕВРАЩЕНИЯ УГЛЕВОДОРОДНЫХ РЕСУРСОВ В ЯДЕРНЫЙ ПОТЕНЦИАЛ В УСТОЙЧИВОМ ОБЕСПЕЧЕНИИ ЭНЕРГЕТИЧЕСКОЙ БЕЗОПАСНОСТИ
E.M.Hacızadə
ENERGETİK TƏHLÜKƏSİZLİYİN DAVAMLI TƏMİNATINDA
KARBOHIDROGEN RESURSLARININ NÜVƏ POTENSILAINA ÇEVRILMƏSI ALTERNATİVLİYİ
Azərbaycanda enerji istehsalı əksərən karbohidrogen yanacağından istifadə əsasında reallaşır. Ölkədə bol karbohidrogen ehtiyatlarının olmasına baxmayaraq, belə proses resursların tükənmə amilinə istinadən təbii ki, sonsuz ola bilməz. Karbohidrogen potensialının izafilik faktoru isə öz növbəsində respublikada Milli Neft Fondunun təsisini labüd etmişdir. Burada transformasiya prosesi başlıca olaraq kapital yığımı, sosial investisiya ilə yanaşı maliyyə törədən və məşğulluğu təmin edən yeni istehsal aktivlərinin yaradılmasına köklənmişdir. Lakin gerçəklik ondan ibarətdir ki, istehsal amilləri, xüsusən də enerji resursları silsiləsində iqtisadi problemləri yalnız maliyyə kapitalı ilə həll etmək mümkün deyildir. Digər tərəfdən maliyyə kapitalı infrastruktur və istehsal kapitalına nisbətdə yüksək inflyasiya meyillidir. Buna görə də, Milli Neft Fondu kapitalının yetərli hissəsini respublikanın fasiləsiz enerji təminatçısına çevirən mənbələrin yaradılmasına səfərbər edilməsi zərurəti meydana çıxır. Fasiləsizliyin təminatında isə nüvə enerjisi istehsalı stansiyalarının tikintisi qlobal baxımdan və strateji cəhətdən daha müqabil hesab edilir.
* * *
Yaxın və orta perspektivdə dünya enerji təhlükəsizliyinin möhkəmləndirilməsində bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi istiqamətində texnoloji mükəmməllik, rentabellilik və sair spesifik problemlərlə bağlı əlverişli nailiyyət məhdudluğu tam aradan qalxmayacaqdır. Belə ki, çaylar, termal mənbələr planetin fasiləsiz enerji təminatına o qədər də adekvat deyillər. Külək, dəniz və okeanların enerjisindən dolğun faydalanmaq imkanları da xeyli uzaqdadır. Günəş enerjisi ilə isə bağlı rəqabətqabiliyyətli xərclər, səmərəli generasiya, texnoloji bəsitlik problemlərinin həlli çox ciddi axtarışlar tələb edir. Bu baxımdan energetik etibarlılıq, tükənməzlik və rentabelliliyi aspektində nüvə enerjisi strategiyası özünün üstünlüyünü israrlamaqdadır.
Hazırda dünyada 15500 TBts elektrik enerjisi istehsal olunur. Bu balansda karbohidrogen təyinatlı resurslar yarıdan çox paya malikdir. Bununla belə, dünya əhalisinin 1/3-nin elektrik enerjisinə çıxışı tamam yox, digər 1/3-nin isə məhduddur. Əlbəttə, məhdudiyyətlər hər il azalmağa meyillidir. Digər tərəfdən isə, tələb yüksəlişləri mövcuddur. Proqnozlara görə, 2050-ci ildə elektrik enerjisinə olan tələb 3 dəfə artacaqdır. Lakin istehlak artımı isə 2 dəfədən çox olmayacaqdır. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatlarına görə, 2030-cu ildə dunyada neft hasilatı aşağı düşəcək, pik ili 2010-cu ildə olacaq. Bu isə onu göstərir ki, karbohidrogen erası yaxın 30-50 il ərzində əhəmiyyətini itirəcəkdir. Onu isə başlıca olaraq nüvə enerjisi əvəzləyəcəkdir.
Nüvə enerjisi, təbii ki, Atom Elektrik Stansiyasıyalarında (AES) istehsal olunur. AES qurğusu - nüvə reaktoru əslində İstilik Elektrik Stansiyası (İES) tiplidir. Ənənəvi AES-lərin xammalını uran və plutonium təşkil edir. Uranın planetar ehtiyatları 1,5 milyon ton hesablanır və əsasən, Şimali Amerika, Avstraliya, Braziliya, Cənubi Afrikada və qismən də Rusiyada cəmləşmişdir. Bundan başqa, dünyada əlavə olaraq daha 0,9 milyon ton uran ehtiyatının mövcudluğu təxmin edilir.
AES sistemi bir çox ölkələrin energetik balansının əsas hissəsini təşkil edir. Belə ki, hazırda Fransa elektrik enerjisi istehsalında, demək olar ki, neftdən istifadə olunmur. Burada AES-lər ölkə elektrik enerjisinin 77,7%-ni verir. AES strategiyasına Litva liderlik edir. Enerji istehsalında AES-lərin pay əhəmiyyətinə görə üstün olaraq Ukrayna (45%), Almaniya (32%), Yaponiya (25%), İngiltərə (23,7%), ABŞ (19,3%) və Rusiya (16,5%) fərqlənirlər. Yeni irəliləyiş templəri əldə edən Çin Xalq Respublikasında isə bu pay hələlik 2,2% təşkil edir. Kəskin enerji qıtlığı keçirən Ermənistanda isə bu pay bir AES hesabına 35% həcmindədir.
* * *
Nüvə enerjisi ilə bağlı vəziyyət ötən əsrin 90-cı illərində məyusedici idi. Bu məyusluğun da yetərli əsasları olmuşdur. Çernobıl faciəsinin müdhiş qorxusu AES-lərə olan inamı səngitmiş, atom enerjisindən dolğun istifadə perspektivini kölgəyə sürükləmişdir. Həmin AES-də baş vermiş hadisə insan tələfatı ilə nəticələnən yeganə nüvə reaktoru qəzasıdır. Bu qəza nüvə energetikasının reputasiyasına çox ciddi zərər yetirmişdir. Oradakı reaktorlar qəza vəziyyətində nüvə tullantılarını təcrid edən xarici mühafizə sistemi ilə təchiz olunmamışdır. Belə reaktorlar artıq çoxdandır ki, dünyanın heç bir yerində lisenziyalaşdırılmır.
ABŞ-da 2001-ci ilin sentyabrında baş vermiş böyük terror hücumundan sonra nüvə reaktor operatorları və müvafiq hökumətlər nüvə qurğularının mühafizəsini daha da gücləndirmişlər. Hazırda bir sıra sənaye ölkələrində yaşıllar AES strategiyasına qarşı çıxsalar da, proses irəliləyişini davam etdirir. Belə ki, İsveçrədə 2003-cü ildə keçirilən referendum AES-lərin bağlanmasına “yox” dedi. İsveçdə də əhalinin 80%-i AES-lərin istismarının davam etdirilməsini və genişləndirilməsini istəyir. Araşdırmalar göstərir ki, ABŞ əhalisinin də 2/3 hissəsi atom enerjisini müdafiə edir, yaponların isə 1/4-i onun möhtəşəmliyinə rəğbət göstərir. Bununla belə, son zamanların elmi tədqiqatları atom enerjisi spektrində ümidverici effektli keçidi təmin edərək onun yeni sivilizasiyanın ən başlıca enerji mənbəyinə çevriləcəyinə yəqinlik gətirmişdir.
Nüvə enerjisi istehsalının təhlükəli fəsadları ilə yanaşı, xeyli bənsərsiz üstünlükləri də vardır. Belə ki, nüvə reaktorları faktiki olaraq «istixana» qazları buraxmır, nəfəsimizi daraldan kül və his yaratmır, göllərə, çaylara və meşələrə kəskin zərər yetirən «turşu yağışları» qazları ayırmır. Bir qram uran təxminən 3 ton daş kömürün verdiyi enerji qədər qüdrətə malikdir. Əgər dünya AES-lərini daş kömürlə işləyən stansiyalar əvəz etsə, onda 600 milyon ton əlavə daş kömür lazım olacaq və ətraf mühit 2 milyard ton karbon qazı, 30 milyon ton azot oksidi, 50 milyon ton kükürd və 4 milyon ton uçan kül alacaqdır. AES-lərin istismarı hər il 400 milyon ton neftə qənaət etməyə imkan verir. Elə bu baxımdan da elektrik enerjisinin generasiyası üçün nüvə reaktorlarından istifadə qlobal istiləşmənin və iqlim dəyişmələrinin qarşısını almaqda əhəmiyyətini yüksəldir. Bununla yanaşı, üzvi yanacaq növləri ətraf mühitin korlanması zəminində «gizli» subsidiyalar məsrəf edirlər. Nüvə energetikası isə davamlı inkişaf üçün dövlət subsidiyaları tələbli deyildir. Nüvə sənayesi yeganə sahədir ki, öz tullantılarına görə bütün məsuliyyəti öz üzərinə götürür və onlarla bağlı məsrəfləri öncədən məhsul xərclərinin üzərinə qoyur. Nüvə enerjisi bütün enerji mənbələrinin vergiqoyması, tullantılara görə cərimələnməsi və sosial amillərə rəğmən ədalətli bərabərlilik şəraitində daha rəqabət qabiliyyətliliyi ilə də fərqlənmə imkanına malikdir. Nüvə yanacağının qiyməti daim sabitdir və istehsal xərcləri konfiqurasiyasında yüksək mövqedə dayanmır. Nüvə enerjisi tullantıları da nisbətən az həcm tutur və onun lokallaşması imkanları da genişdir.
AES-lərdən həm də suyun şirinləşdirilməsi üçün istifadə olunur. Məlumdur ki, planet əhalisinin 30%-nin şirin su ilə təchizatı normal səviyyədə deyildir. Bir sıra ölkələrdə şirin su problemi mühüm bioloji-sosial məsələ olaraq qalmaqdadır. Suyun şirinləşdirilməsi və nəqli prosesi yetərli olaraq enerjitutumludur. Bu sahədə konkret tədqiqatlar aparan mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə praktiki variant olaraq suyun şirinləşdirilməsi prosesində nüvə enerjisi daha dolğun çıxış edəcəkdir.
* * *
Enerji müstəqilliyi və enerji təhlükəsizliyi bol enerji resurslu Azərbaycan Respublikası üçün də həyati əhəmiyyətli bir məsələdir. Azərbaycanda 1-2 milyard ton neft, 1-1,5 trilyon m3 qaz, 25-27 milyon ton kömür, 400-450 milyon ton yanar şist ehtiyatı olmasına baxmayaraq, bu resurslar vurğulandığı kimi tükənən aspektlidir. Hazırda ümumi qoyuluş gücü 5 min, faktiki gücü isə 4 min MVt olan istehsal konfiqurasiyası 90:10 nisbətli 10 İES və 5 SES (Su Elektrik Stansiyası) qismində fəaliyyət göstərərək illik 23-25 milyard kVt.saatlıq elektrik enerjisi istehsal olunması müqabil və perspektivi təmin edən keyfiyyətdə deyildir. Bu gün respublikanın elektrik enerjisi təminatında 500 MVt ümumi güc çatışmazlığı mövcuddur. Yeni gücləri əldə etmək və perspektivliyi optimal proqnozlaşdırmaq üçün isə bütün mövcud potensial enerji resurslarının konsolidasiyasını yaratmaq, energetik təhlükəsizlik konsepsiyasını və onun mühüm tərkib hissəsi olan milli energetik strategiyanı formalaşdırmaq gərəklidir.
AES ideyası Azərbaycan üçün yeni bir təzahür deyildir. Məlumdur ki, Azərbaycan güclü SSRİ dövlətinin tərkibində olduğu zamanlarda burada AES tikintisi mərkəzi hökumətin bas planları sırasında qərar tutmuşdu. Proses hətta konkret reallaşma mərhələsinə də daxil olmuşdu. Həmin məqsədlə layihə üzrə smeta-maliyyə sənədləri hazırlanmış və Əli Bayramlı şəhəri yaxınlığındakı Nəvai ərazisində müəyyən yardımçı binalar və tikililər inşa edilmişdi. Bu hadisə isə onu göstərir ki, ənənəvi neft ölkəsi olan və perspektiv karbohidrogen ehtiyatları ilə fərqlənən Azərbaycanda AES tikintisi strateji əhəmiyyət daşımışdır. Yüksək seysmoloji faktorluğa baxmadan belə, bu strategiya məqbul hesab edilmişdir. Seysmoloji amili və əsası da karbohidrogen bolluğunu qabartmadan Beynəlxalq Atom Enerjisi Ağentliyi (IAEA) ekspertləri də 2005-ci ildə qurumun Vyanada keçirilən 49-cu sessiyasında respublikamızda AES tikintisinə müsbət rəy vermişdilər. Agentlik bir daha hansı enerji mənbəyinin ölkə üçün əlverişli olub-olmadığını araşdırmaq məqsədilə respublikanın Sənaye və Energetika Nazirliyi ilə «Azərbaycanın enerji balansının hesablanması və perspektiv istiqamətlərin müəyyən olunması» adlı müştərək layihələrin həyata keçirilməsinə dair əməkdaşlığa başlamışdır. Bu layihə əsasında bütün enerji mənbələri, o cümlədən də nüvə enerjisi ilə bağlı perspektivlər nəzərdən keçiriləcək və onların ətraf mühitə təsiri öyrəniləcəkdir.
Azərbaycanda AES strategiyası ilə bağlı suallar və təzadlar çox ola bilər. Başlıca sual isə sistemin təhlükəsizliyi ilə bağlıdır. Əgər biz bu aspekti və Azərbaycanın aktiv seysmik zonada yerləşməsinin mühüm əksarqumetliyini məqsədlərimizin əngəl təməlinə çevirsək, şübhəsiz ki, müvafiq istiqamətdə heç bir addım ata bilməyəcəyik. Qonşuluqda bu strategiyanın çoxdan baş tutmasını, SSRİ zamanı Azərbaycanda AES inşasının reallığa çevrilmə ərəfəsində olmasını, nəhayət, mövcud və tikilməkdə olan AES-lərin bir qisminin aktiv seysmoloji zonada yerləşməsini və keyfiyyətcə bu işin mütərəqqiliyini fikir önünə gətirərək təhlil etdikdə isə fərqli yanaşma ilə üz-üzə qalacağıq.
AES strategiyası Azərbaycana nə verəcək?
Burada keyfiyyətləri şaxələndirmək, incələndirmək də olar. Əlbəttə, başlıca meyar enerji təhlükəsizliyi məsələsidir.
Bir, hər bloku 500 MVt olan 2 bloklu - 1000 MVt-lıq AES-in inşası respublikanın enerji tələbinin 20%-ni ödəmə imkanında olacaqdır. Burada güc artımı da istisna deyildir.
Səmərəliliklər aşağıdakıları əhatə edəcəkdir:
m AES elmi-texniki tutumlu sistemdir. Bu strategiya milli elmi bazamızı nüvə fizikası araşdırmaları ilə zənginləşdirəcəkdir. Nəticə etibarilə ölkədə «Nüvə fizikası» Elmi-Tədqiqat İnstitutunun, digər müvafiq elmi mərkəzlərin yaranışını, təhsil sisteminin rəqabət qabiliyyətinin yüksəlişini labüd edəcək, yüksək texnologiyalar sahəsində yeni təməlçi prinsipləri formalaşdıracaqdır.
m AES strategiyası respublikaya həm də siyasi güc gətirəcəkdir. Ölkənin beynəlxalq qurumlara inteqrasiyasında nüfuz və kamilliyi yüksələcəkdir.
m AES strategiyası yeni institusional dəyişiklikləri labüd edəcəkdir. Bu sistem ölkə qanunvericiliyində yeni normativ-hüquqi aktların təzahürü, infrastruktur təsisatlarının formalaşması ilə müşayiət olunacaqdır.
m AES strategiyası şəhər və regionyaratma baxımından da effektlidir. Bu mənada o, ərazi və ölkə məşğulluğunu mülayimləşdirəcək, sosial sferanın mütərəqqiliyinə təsir göstərəcək, iqtisadi gücü daha da artıracaqdır.
m AES strategiyası ekoloji mühafizə sistemini təkmilləşdirəcək, onu daha da mobilləşdirəcəkdir.
İnşaat problemi və xammal aspekti də bizə çətinlik gətirməməlidir. Bunun üçün dünyada ixtisaslaşmış podratçı qurumlar mövcuddur. Xammalla təminatı da, adətən, layihəni gerçəkləşdirən ölkə öz üzərinə götürür və müvafiq olaraq nüvə tullantılarının basdırılmasını da həyata keçirir. Stansiyanın işinə nəzarəti isə daimi olaraq IAEA ekspertləri reallaşdırırlar.
Hansı sayda və gücdə nüvə reaktoru və stansiyası məsələsi də araşdırıla bilər. Hesab olunur ki, bu güc 1000-4000 MVt arası tərəddüd edə bilər. Stansiya sayı 1, perspektiv konyunkturada isə 2 və 3 miqdarda ola bilər.
İlk AES üçün inşaat məkanı Nəvai ərazisi ayrıla bilər. Bu məkanın adekvatlığı, fikrimizcə, SSRİ tərəfindən mümkün qədər əsaslandırılmışdır. Digər alternativlər sırasında isə Naxçıvan Muxtar Respublikasının və Qəbələ RLS-in ərazisi nəzərdən keçirilə bilər.
AES strategiyasının ən mühüm keyfiyyət əlaməti indiki izafi karbohidrogen resurslarının gələcək nəsillərə yalnız pul-dəyər ölçüsündə deyil, həm də fiziki enerji şəklində ötürülməsində əks olunacaqdır.
Əlbəttə, bütün bu ilkin araşdırma predmetləri və obyektləri böyük bir konsepsiyanın nəzəri müddəalarının prioritetləri və niyyət manifestidir. Bu istiqamətdəki konsepsiyanın qurulması, strategiyanın işlənməsi, layihələşmə prosesləri isə daha geniş tədqiqatlar, elmi əsaslandırmalar və əməli işlər tələbindədir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
- Hacızadə E.M, Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı: Elm, 2003, 512 s.
- Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.
- Белая книга ядерной энергетики /Под общей редакцией проф. Е.О. Адамова/ М.: ГУП НИКИЭТ, 2001, с. 324.
- Максимов В., Аношин В., Чернов И. Исследования рынков основных энергоносителей. Уфа: БГУ, 2000, 561 с.
- Социально-экономическая география зарубежного мира. М.: Крон-Пресс,1998, 592 с.
- http://www.neftegaz.ru
- http://www. İlham-Aliev.com.
115. Aльтернативы превращения углеводородных ресурсов в ядерный потенциал в устойчивом обеспечении энергетической безопасности. XI Международный конгрес «Энергия, экология, экономика». Международная Экоэнергетическая Академия. (Соавтор - М.Ф.Гаджизаде). Баку. 2007. 0,5 п.л.