gototop gototop

Список научных трудов / УСОВЕРШЕНСТВОВАНИЕ МЕТОДИКИ УЧЁТА И КАЛЬКУЛЯЦИИ В ПЕРИОД ПЕРЕХОДА НА НОВУЮ ЭКОНОМИЧЕСКУЮ СИСТЕМУ

24.03.2012

i.e.n. E.M.Hacızadə

 

YENİ İQTİSADİ SİSTEMƏ KEÇİDDƏ UÇOT, HESABAT İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ

 

Yeni iqtisadi sistemə keçiddə respublikamızın üzləşdiyi problemlərdən biri də uçot və hesabat işinin təkmilləşdirilməsi sahəsindəki vəziyyətdir. Müstəqillik əldə edildikdən sonra uçot və hesabat işinin yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülsə də, bu proses ardıcıl xarakter daşımamışdır. Belə ki, hökumət SSRİ dövlətinin müstəqil Azərbaycan Respublikasının qanunlarına zidd olmayan qanun və qaydalarının qüvvədə qalmasına qərar versə də, bu qanunların yenidən işlənməsi, təkmilləşdirilməsi, xüsusən də uçot sahəsindəki normativ hüquqi aktların müəyyən hissəsinin adaptasiyası prosesi ləngiməkdədir. Bundan başqa, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında (nazirlik, komitə və s.) uçot və hesabat işinin təkmilləşdirilməsi sahəsində Azərbaycan Respublikasında «Normativ hüquqi aktlar» haqqında qanunun imkanlarından geniş miqyasda istifadə olunmaması də nəzərə çarpır.

Məlum olduğu kimi, bazar iqtisadiyyatını digər iqtisadi kateqoriyalardan fərqləndirən cəhətlərdən biri də onun daim tənzimlənməyə ehtiyacı olmasıdır. Bu səbəbdən də, qanunların və qərarların yeniləşməsi, təkmilləşməsi bazarın tənzimlənməsində müstəsna əhəmiyyət daşıyır. Lakin indiki şəraitdə bəzən qanunvericilik sahəsindəki yaranmış boşluqları aradan qaldırmaq məqsədilə müəyyən qanun və qərarları tələm-tələsik əcnəbi dillərdən tərcümə edərək, respublikanın regional milli iqtisadi xüsusiyyətlərini nəzərə almadan onların iqtisadiyyata tətbiq edilməsi hallarına da rast gəlinir.

Uçot prosesi iqtisadi təhlilin əsasını təşkil edən prinsiplərdən biridir və buna görə də uçotu olmayan və ya düzgün təşkil edilməyən təşkilatların fəaliyyəti və inkişafı haqqında dolğun mülahizə yürütmək çətin bir işdir. Uçot işi yaxşı təşkil edildiyi təqdirdə istənilən təsərrüfat əməliyyatının doğru və düzgünlüyünü, hadisələrin dinamikliyini əhatəli təhlil etmək, müəssisənin, təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin təftişi və nəzarətini hərtərəfli reallaşdırmaq mümkündür.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünyanın bir çox iri investorları, maliyyə-sənaye qrupları, ələlxüsus da zəngin neft ehtiyatları ilə əlaqədar nəhəng neft şirkətləri respublikaya sərmayə qoyuluşlarını artırmışlar. Bu təşkilatlar respublikamızda investisiya prosesini həyata keçirərkən maliyyə işlərinin təşkilində dünya biznesinin qəbul etdiyi mühasibat uçotunun prinsiplərinə üstünlük verirlər və ölkəmizdə maliyyə, uçot, audit işinin dünya standartlarına uyğunlaşması, təsərrüfat əməliyyatlarının Avropa-Amerikanın uçot qaydalarına müvafiq olaraq aparılmasını təkid və təmin edilməsini şərtləndirirlər. Bundan başqa qeyd etmək lazımdır ki, qanunvericilik sahəsində mövcud boşluqlar təşkilatlararası müqavilə şərtlərinin pozulması zamanı yaranmış mübahisələrin həllində respublikada iqtisad məhkəməsinin işində də çətinliklər törədir. Bu səbəblərlə əlaqədar bir sıra xarici firmalar respublikanın təşkilatları ilə bağladığı müqavilələrin şərtlərinin pozulması məsələsində də yaranacaq mübahisələrin Avropa arbitraj məhkəmələrində baxılmasının israr edirlər.

Azərbaycan neftinə dünyanın marağının əhəmiyyətli dərəcədə artdığı bir şəraitdə iqtisadi işin təşkilində mütərəqqi meyillərə nail olmaq son dərəcədə zəruridir. Bu, həmçinin onunla əlaqədardır ki, plan sisteminə uyğun tərzdə yaradılmış uçot və hesabat işi indiyədək davam etməkdədir. Bir çox təşkilatlarda iqtisadçılar iqtisadi təhlil əvəzinə əvvəllərdə olduğu kimi, indi də müəyyən dərəcədə hesabatların, statistik cədvəllərin tərtibi ilə məşğuldurlar. Dünya uçot praktikasında məğbul sayılan uçot sistemlərinə keçmək yüksək səviyyəli mütəxəssislərin, peşəkarların hazırlanmasını tələb edir. Məhz buna görə də respublikada mühasibat uçotu, audit işi üzrə kadrların hazırlanmasına xüsusi diqqət yetirməli, iqtisadçı kadrların təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülməlidir. Bir cəhəti də qeyd etmək lazımdır ki, respublikamızda Sovetlər İttifaqının mövcudluğu dövründə kadr hazırlığı yüksək səviyyədə təşkil edilmiş, kadrların hazırlanması, təkmilləşdirilməsi və tərbiyə olunması istiqamətində xüsusi məktəb ənənəsi mövcud olmuş, onların təhsil sisteminə ciddi diqqət göstərilmişdir. Təəssüflər olsun ki, respublikamızda kadrların, xüsusilə iqtisadçı kadrların, ixtisasının artırılması səviyyəsi hazırda çox aşağı həddədir.

Bazar iqtisadiyyatı ideyalarını qəbul edən və yeni iqtisadi şəraitdə işləməyi bacaran idarəetmə kadrlarının, iqtisadçıların hazırlanması və onların ixtisasının artırılması daim diqqət mərkəzində olmalıdır. Klassik bazar ölkələrində, məlum olduğu kimi, daha çox qiymətləndirilən, dəyərləndirilən, mükafatlandırılan mühasibat, marketinq, marketinq və digər iqtisadiyyat xidmət işçiləri üstünlük təşkil edir. Bu baxımdan da respublikamızda bu kateqoriyalı işçilərin əmək haqqı məsələsinə, onların fərdi mükafatlandırılmasına daha çox diqqət yetirilməlidir.

Mühasibat uçotu və eyni zamanda operativ, statistik uçotunun adaptasiyasında Qərbin qabaqçıl təcrübəsinə əsaslanaraq respublika iqtisadiyyatı üçün mümkün uçot prinsipləri qəbul olunmalıdır. Uçot işinin təkmilləşdirilməsi ilə yanaşı bazar iqtisadiyyatı ilə bağlı yeni qanunların qəbul edilməsi, vergi qanunvericiliyinin müntəzəm təkmilləşdirilməsi prosesi də respublika iqtisadiyyatına sərmayə qoyuluşlarının artmasını sahibkarlığın, biznes işinin inkişafının artmasını, sahibkarlığın, biznes işinin inkişafını sürətləndirəcək, dövlətin iqtisadi qüdrətinin artmasını təmin edəcəkdir. Bununla belə qeyd etmək lazımdır ki, qəbul olunan qanunlar öz mükəmməlliyi, konkretliliyi və uzun ömürlülüyü ilə fərqlənməli, normal fəaliyyət üçün qanunvericilik bazası daim genişləndirilməli və təkmilləşdirilməlidir. Prezidentimiz H.Ə.Əliyevin Milli Məclisə ünvanladığı 18 aprel 1998-ci il tarixli müraciətində qeyd olunduğu kimi, iqtisadiyyat sahəsinə aid olan qanunlar abstrakt modellər əsasında, qeyri-müəyyən şərait üçün hazırlanmamalıdır, həmin qanunlar müasir bazar iqtisadiyyatının tələblərinə uyğun olmaqla yanaşı, mövcud olan konkret ictimai münasibətlərdən və xüsusiyyətlərdən yan keçə bilməzlər.

Elmli, ixtisaslı, peşəkar kadrlar gənc, müstəqil Azərbaycan Respublikasının əvəzsiz milli sərvətidir. Dövlət yüksək ixtisaslı milli kadrların hazırlanmasına vəsaitin ayrılıb xərclənməsində xüsusən maraqlı olmalıdır. Mövcud ixtisaslı kadr potensialından da səmərəli istifadə edilməli, peşəkarlara daim qayğı və diqqət göstərilməli, onların əməyi öz qabiliyyətlərinə uyğun olaraq yüksək qiymətləndirilməlidir. Yüksək ixtisaslı mütəxəssisin  dəyəri qiymətsizdir. Onun hazırlanmasına çəkilən xərc şübhəsiz ki, öz bəhrəsini verəcəkdir. İqtisadiyyatın dirçəlişini təmin etmək üçün cəlb olunmuş xarici investisiyalar ödəmə müddətləri yetişdikcə borc faizi də daxil olmaqla yenidən xaricə, öz sahiblərinə qaytarılacaq. Lakin bu aspektdə yüksək ixtisaslı kadrlar fərqli olaraq geri qaytarılmayacaq, republikamızda qalaraq onun iqtisadi qüdrətinin möhkəmləndirilməsinə daim xidmət göstərəcəklər.

10.Усовершенствование методики учёта и калькуляции в период перехода на новую экономическую систему. «В период перехода на новую экономическую систему закономерности и проблемы Азербайджана» Институт Экономики Национальной Академии Наук Азербайджана. /коллективная монография/. Баку. Элм. 1998. 0,3 п.л.