gototop gototop

Список научных трудов / БУХГАЛТЕРСКИЙ УЧЁТ И ОБНОВЛЕНИЕ АУДИТОРСКОЙ РАБОТЫ В ПЕРИОД ПЕРЕХОДА В НОВУЮ ЭКОНОМИЧЕСКУЮ СИСТЕМУ

26.03.2012

i.e.n. E.M.Hacızadə

 

İQTİSADİ TRANSFORMASİYA MƏRHƏLƏSİNDƏ İSLAHATLARIN DƏRİNLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ

 

Zəmanəmizdə beynəxalq iqtisadi-siyasi durum elə formalaşmışdır ki, bu gün hər hansı bir ölkənin tərəqqisi, iqtisadi inkişafı dünya iqtisadiyyatına inteqrasiya olunmadan mümkün deyildir. Məhz buna görə də respublikamızın iqtisadi inkişaf strategiyasının müəyyən olunmasında bu aspekt nəzərə alınmalıdır.

Məlum olduğu kimi, Azərbaycanda uzun illər iqtisadi münasibətlər, idarəetmə strukturu Sovetlər İttifaqının vahid strateji inkişaf planı çərçivəsində formalaşmış və onun geoiqtisadi maraqlarına tabe olmuşdur. İstiqlala qovuşduqdan sonra dünya arenasına müstəqil subyekt kimi çıxmış respublikamız bazar iqtisadiyyatı ideyalarını qəbul etmiş və hazırda bu yeni münasibətlərin bərqərar olunmasını reallaşdırmaqdadır. Bazar münasibətlərinə, yeni iqtisadi sistemə keçid isə dövlətin iqtisadi doktrinasının və konsepsiyasının formalaşmasını tələb edir. Lakin aparılan iqtisadi islahatların şəbəkəsi, əhatəliliyi, iqtisadi inkişafın və büdcənin əhəmiyyətli dərəcədə neft amilinə istinadı, qiymətli kağızlar bazarı formalaşmadan keçirilən özəlləşdirmə respublikanın iqtisadi doktrinasının hələ tam müəyyənləşdirilmədiyindən xəbər verir. Hazırda Azərbaycanda iqtisadi dirçəliş üçün orijinal maddi və mənəvi imkanlar mövcuddur. Mövcud potensial imkanlar Azərbaycanın da XXI əsrdə dünya birliyində layiqli yerini təmin etməyə əsas verir. Elə buna görə də onun təbii ehtiyatları, münasib coğrafi mövqeyi, sənaye potensialı və infrastrukturu, işçi qüvvəsi Avropanın, Amerikanın, Rusiya, İran, Türkiyənin, Yaxın Şərqin geosiyası və geoiqtisadi maraqlarını təcəssüm etdirir. Lakin bununla belə, respublikanın iqtisadi dirçəlişinin təmin edilməsində bu imkanlarla yanaşı inkişafı ləngidən problemlər də az deyildir. Bunlardan əsası isə hazırda bir çox müəssisələrin rəqabət, ödəniş qabiliyyətli və tam işlək vəziyyətdə olmamasıdır. Belə hal özü də bir çox amillərlə bağladır. İttifaqın, sosialist təsərrüfat sisteminin dağılması, makroiqtisadi tarazlığın, ənənəvi ticarət əlaqələrinin, mövcud təchizat sisteminin pozulması ilə nəticələnmişdir.

Məlum olduğu kimi, Sovetlər İttifaqının sahə quruluşu elə düzümdə olmuşdur ki, müxtəlif istehsal sahələri, əksər müəssisələr, ölkə daxilində bir-biri ilə iqtisadi cəhətdən qarşılıqlı surətdə, həlqəvi şəkildə bağlı olaraq yerləşdirilmişdir. Çox hallarda hasilat, xammal, material, resursların hazırlanması bir bölgədə, istehsal, hazır məhsulun satışının reallaşması isə digər bölgələrdə nəzərdə tutulurdu. Bu baxımdan da bir-biri ilə üfiqi iqtisadi təmasda olan müəssisələr İttifaqın dağılması, iqtisadi əlaqələrin kəsilməsi ilə əlaqədar tezliklə tənəzzülə uğradı. Əlaqələrin sonradan müəyyən qədər bərpa edilməsinə isə sərhədlərin bağlanması, gömrük rejimi, vahid valyuta sisteminin dağılması yeni maneə törətdi. İstehsal prosesini nisbətən bərpa edən müəssisələr isə rəqabət qabiliyyətli olmadıqlarından postsovet məkanında əvvəllər mövcud olmuş bazarı da itirdilər. Köhnə texnologiya və keyfiyyətdə istehsalı davam etdirən modernləşməyə, rəqabətə davamlığa  vəsaiti olmayan bir sıra müəssisələr də bu səbəblərlə iflasa uğradılar.  Qiymətlərin tam liberallaşmaması, enerji daşıyıcılarının qiymətinin sürətli artımı, onların qiyməti ilə istehsalın həcmi arasında mütənasibliyin pozulması daxili bazarın əcnəbi ucuz mallarla dolmasına rəvac verdi, istehsal enmənin yeni mərhələsinə qədəm qoydu. Böyük bir məkanda iqtisadi əlaqələrin qırılması ilə yanaşı respublikanın ərazi bütövlüyünün pozulması, qaçqınlar problemi, hakimiyyət uğrunda çəkişmələr, idarəetmə orqanlarında peşəkarların, iqtisadçıların geniş təmsil olunmaması, təşəbbüskarlığın qiymətləndirilməməsi, genişlənən korrupsiya, iqtisadi qanunvericilik sahəsində qəbul olunmuş qanunların işlək qabiliyyətli, əhatəli olmaması və bazar iqtisadiyyatının inkişaf prosesi ilə ayaqlaşmaması, bəzən də vacib qanunların qəbulunda gecikmələr, Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin strukturunun bazar prinsiplərinə tam uyğunlaşdırılmaması, bürokratik əngəllər, çinovnik nomenklaturunun səriştəsizliliyi, mükəmməl kadr hazırlığı prosesinin təşəkkül tapmaması, kadr seçimində proteksionizm və regionçuluq prinsiplərinə meyillər də iqtisadiyyatın zəifləməsində az əhəmiyyət kəsb etməmişdir. Mövcud səbəblər müəssisələrin qeyri-ödəniş qabiliyyətliliyini artırmış, «ödəməmələr» şəbəkəsini genişləndirmiş, respublikada aparılan iqtisadi islahatların səmərəsinə, maliyyə-kredit, büdcə sisteminə olduqca ciddi təsir göstərmişdir. «Ödəməmələr» problemi bütün Azərbaycan iqtisadiyyatını əhatə etmişdir. Əslində bu problem bütün MDB məkanında eyni olmaqdadır. Rusiyalı iqtisadçı alim N.Şmelyov qeyd etmişdir ki, «ödəməmələr» problemi 1992-ci ildən Rusiya iqtisadiyyatını sarsıdan ən kəskin faktordur və elə bir ölçü və ya kompleks ölçü meyarları yoxdur ki, onları tətbiq etməklə «ödəməmələr» sahəsində mövcud böhranı tamamilə və həmişəlik ləğv edəsən (Н.Шмелёв. Неплатеж - проблема номер один Российской экономики. «Вопросы экономики» журналы, №4, 1997, с. 26).

Lakin məqsəd bu problemin tam ləğvindən yox, onun minimuma, klassik bazar ölkələrindəki səviyyəyə endirilməsindən ibarətdir.

Hazırda respublikada mövcud borcların mütləq əksəriyyəti dövlət sektorunu əhatə edir. Lakin bununla yanaşı dövlət və özəl təşkilatları arasında olan borclar isə demək olar ki, yoxdur və ya sürəkli deyildir. Dövlət kompleksində irimiqyaslı borclar elektrik enerjisi, su, qaz təchizatı, xidmət, nəqliyyat, kommunal təsərrüfatı və qismən də digər sahələri əhatə edir. Təkcə 1998-ci ilin birinci yarımilliyində respublika neft kompleksinin (ARDNŞ) debitor borcları 5 trilyon manatdan çox olmuşdur. Bununla bağlı ARDNŞ-in də dövlət büdcəsinə 1,1 trilyon manat, sosial müdafiə fonduna 0,3 trilyon manat kreditor borcları vardır. Bundan başqa əhalinin də dövlətə kommunal xidmətləri üzrə borcları da milyardlarla manat həcmindədir və müvafiq borcun günü-gündən artması, onun yığılmasının səmərəli təşkil olunmaması, bu sahədə israfçılıq, qeydə alınmama, uçotdan yayınma və digər neqativ halların da mövcuddluğu ölkə iqtisadiyyatına zərbə vurmaqdadır. Bununla belə, «ödəməmələr» probleminin tam həll edilməsi «gizli» iqtisadiyyatın da şəbəkəsinin genişləndirilməsinə imkan yaradır. Qeyd etmək lazımdır ki, müəssisələr arasında olan qarşılıqlı borcların azaldılması istiqamətində dövlət müəyyən tədbirlər görmüş, bir sıra qərarlar qəbul edilmiş və bunun nəticəsində borcların müəyyən qisminin ödənilməsi mümkün olmuşdur. Lakin problemin həlli prosesi ardıcıllıq, müntəzəm tənzimləmə, ciddi nəzarət tələb edir. Təcrübə göstərir ki, qanun və qərarlar bəzən mükəmməl olmadığı üçün onların icrası da qismən və yaxud yarıtmaz təmin edilir. Bütün bunları nəzərə alaraq bocrlar probleminin həlli istiqamətində hələ çox işlər görülməlidir. Bu gün iqtisadiyyatın strukturunda köklü dəyişikliklər baş verir, yeni təsərrüfat sisteminə uyğun təsisatlar və iqtisadi münasibətlər qurulur. Lakin borclar problemi həllində belə köklü dəyişikliklər təşəkkül tapmır. Belə ki, bir çox mərkəzi icra hakimiyyəti orqanları öz təsərrüfatlarında mövcud olan daxili borcların qarşılıqlı əvəz olunmasına ciddi təşəbbüs etmir, fəaliyyətlərini təsərrüfatçılıqla bağlayır, statuslarına uyğun tənzimləmə funksiyalarını zəif icra edirlər ki, bu da problemin həlli istiqamətində irəliləyişləri ləngidir. Konkret faktlar göstərir ki, müəssisələrin maliyyə vəziyyəti çox ağırdır. Onların bir-birinə olan borcları yüksək həddə çatmışdır. Qarşılıqlı borcların azaldılması sahəsində görülən tədbirlər isə o qədər də səmərəli olmamışdır. Borclar probleminin həllində Nazirlər Kabinetinin 25 noyabr 1996-cı il tarixli 163 saylı «Akkreditiv və ya qabaqçadan ödəmə sisteminə keçirilməyən müəssisələr» haqqında qərarı problemin həlli baxımından daha cəlbedicidir. Lakin təəssüflər olsun ki, ciddi nəzarət mexanizmi tətbiq edilmədiyindən, bir çox strateji əhəmiyyətli istehsal sahələri prosesə tam hazır olmadıqlarından və xüsusən də idarəetmədə, istehsalda və digər sahələrdə bazar iqtisadiyyatı prinsipləri tam təşəkkül tapmadığından bu mühüm əhəmiyyətli qərar da tam işlək vəziyyətində deyildir.

Borclar probleminin həllində veksellərdən istifadə edilməsi indiki iqtisadi şəraitdə müəyyən səmərəli nəticələr verə bilər. Belə fikrin reallaşması artıq azərbaycanlı iqtisadçı alimlər arasında formalaşmaqdadır. Borclar probleminin indiki qlobal xarakter aldığı mərhələdə veksellərin buraxılışı, satışı, borc bazarının yaranmasına, debitor və kreditor borcların azaldılmasına müəyyən kömək olacağı şübhəsizdir.

Azərbaycanın iqtisadi inkişafında Beynəlxalq Valyuta Fondunun xidmətləri də danılmazdır. 1998-ci ilin iyunun 26-da BVF-nin İcraçı Şurasının Azərbaycan Respublikasında aparılan iqtisadi islahatlarla əlaqədar yaydığı press-relizdə göstərilir ki, «Sovet İttifaqı süqut etdikdən sonra Azərbaycanın ÜDM-i real ifadədə 1991-ci ildən 1995-ci ilədək olan dövrdə təqribən 60 faiz azalmış, inflyasiya nəticəsində real gəlirlərin həcmi faktiki olaraq aşağı düşmüş, mübadilə kürsü zəifləmiş və beynəlxalq ehtiyatlar demək olar ki, tükənmişdir. Lakin aparılan makroiqtisadi siyasət iqtisadiyyatın sürətli sabitləşməsinə nail olmağa imkan vermişdir. Görülən tədbirlər 1997-ci ildə, həmçinin 1998-ci ilin əvvəllərində struktur islahatları sahəsində bank nəzarətinin xeyli möhkəmləndirilməsi və kommersiya bankları üçün iqtisadi normativlərə dəyişikliklər edilmiş, ticarət rejiminin tamamilə liberallaşdırılması, vergilərin yığılmasının yaxşılaşdırılması sahəsində qanunlar qəbul edilmiş, dövlət satınalmalarında təhtəlhesablığın yaxşılaşdırılması istiqamətində tədbirlıər görülmüşdür». Bütün bunlar təqdirəlayıq hallardır. Lakin zənnimizcə, iqtisadi dirçəlişi təmin etmək üçün görülən işləri qiymətləndirərək daha əsaslı dəyişikliklərə səbəb olan təsirli tədbirlər də görülməlidir. Hazırda hakimiyyət orqanları islahatların aparılmasında irəliləyişləri dörd iri dövlət bankının yenidən qurulmasını başa çatdırmaqda, dövlət bölməsində ştatları ixtisar etməkdə, səhiyyə və təhsil sahələrində xidmət göstərilməsini təkmilləşdirmək vasitəsilə dövlət xərclərini yenidən qurmaqda, özəlləşdirmə prosesinin transparentliyini yaxşılaşdırmaqda, iri müəssisələrin özəlləşdirilməsini sürətləndirməkdə, bazar istiqamətli qanunların qəbul edilməsi yolu ilə hüquqi əsasən möhkəmləndirilməsinin köməyi ilə fəallaşdırmaqda niyyətlidirlər. Bütün bunlarla yanaşı, burada istehsalın yenidən təşkilinə ciddi münasibət bəslənməli, genişmiqyaslı islahat işlərində restrukturizasiya və diversifikasiya strategiyalarına üstünlük verilməlidir. Azərbaycan iqtisadiyyatında mühüm irəliləyişlərə nail olmaq üçün təkcə maliyyə-kredit, bank sistemində aparılan islahatlar kifayyət deyildir. Məlumdur ki, hələ dövlət uzun müddət bir çox strateji əhəmiyyətli müəssisələri, istehsal sahələrini öz ixtiyarında saxlayacaqdır. Belə sahələrin dirçəlməsi, burada bazar münasibətlərinin inkişafı restrukturizasiya prosesi aparılmadan mümkün deyildir. Bunlarla yanaşı, müəssisələrin dirçəlməsində, yeni istehsal münasibətlərinin qurulmasında investisiya strategiyasına da münasibət yenidən nəzərdən keçirilməlidir. Fikrimizcə, investisiya strategiyası özlüyündə aşağıdakı istiqamətləri əhatə etməlidir:

  • Ø fəaliyyətdə olan müəssisələr təsərrüfat fəaliyyətində maliyyə qoyuluşlarını minimuma endirərək bu işləri özləri görürlər (baxmayaraq ki, bütün maliyyə itkilərini müəssisələr özləri ödəyə bilməzlər);
  • Ø xarici investisiyaların geniş cəlbi yalnız çoxlu istehsal ehtiyatları olan yerlərdə texniki modernləşdirmələrə verilməlidir;
  • Ø mənfəətli sahə yaratmaqla xarici investisiyaların daha yaxşı cəlbinə nail olmaq;
  • Ø tikinti təşkilatlarının özəlləşdirilməsi, əsaslı tikinti işlərinin əsas hissəsini təsərrüfat üsulu ilə davam etdirmək;
  • Ø milli sahibkarlığın inkişafına daha çox investisiyaları cəlb etmək;

İstehsalın diversifikasıyası və restrukturizasiyasının investisiya strategiyası eyni zamanda istehsal sahələrinin bazar erasına daxil olmasında mərkəzi vəsaitin bölgü prinsipinin də köklü dəyişiliklərini tələb edir. İqtisadi tərəqqinin əldə edilməsində bir sıra mütərəqqi digər kompleks tədbirlərin də həyata keçirilməsi vacibdir. Belə ki, iqtisadi islahatların inkişafı istiqamətində müəyyən vacib qanunlar və qərarlar də qəbul edilməlidir. Korrupsiyaya, bürokratizmə qarşı «Dövlət məmurları haqqında» və sair bu kimi qanunların işlənib hazırlanması, qəbul olunması milli sahibkarlığın inkişafı üçün təsirli tədbirlərin görülməsi, fermer təsərrüfatlarına daha çox vəsaitin ayrılması Azərbaycanda iqtisadi tərəqqini sürətləndirə bilər.

8.Бухгалтерский учёт и обновление аудиторской работы в период перехода в новую экономическую систему. «Азербайджан на пороге ХХI века». Материалы республиканской научно-практической конфренции. Баку. 1998. 0,2 п.л.