gototop gototop

Словарь

BİZNES ETMƏK ASANLIĞI REYTİNQİ

(ingiliscə - Ease of Doing Business - Biznes Etmək Asanlığı Reytinqi) Dünya Bankı (The World Bank) tərəfindən hər il yayımlanan “Biznes Etmək Hesabatı” (Doing Business Report) çərçivəsində tərtib edilən qiymətləndirmə - reytinq göstəricisi. İlk dəfə 133 ölkə üzrə 5 indikator üzrə hesabata alınmışdır. Biznes Etmək Asanlığı Reytinqi hazırda (2017-ci il) dünya ölkələrində işgüzar fəaliyyətin tənzimlənməsi və tənzimləmə sisteminin effektivliyini qiymətləndirməyə imkan verən 11 indikator - göstərici qrupu: “biznesə başlama” (starting a business), “inşaat lisenziyalarının verilməsi” (dealing with construction permits), “elektrik təchizatı şəbəkəsinə qoşulma” (getting electricity), “mülkiyyətin qeydiyyatı” (registering property), “kreditin əldə edilməsi” (getting credit), “investorların qorunması” (protecting investors), “vergitutma” (paying taxes), “beynəlxalq ticarət” (trading across borders), “müqavilələrin icrasının təmini” (enforcing contracts), əmək bazarının tənzimlənməsi (labor market regulation) və “biznesin dayandırılması” (closing a business) üzrə formalaşdırılır. Hesabatda həm Biznes Etmək Asanlığı üzrə, həm də onu təşkil edən ayrı-ayrı göstəricilər qrupu üzrə ölkələrin reytinqini əldə etmək mümkündür. Hesabatın, eyni zamanda da Biznes Etmək Asanlığı reytinqinin hazırlanması zamanı müxtəlif ölkələrdə fəaliyyət göstərən aparıcı beynəlxalq konsaltinq şirkətləri, banklar və dövlət qurumlarından əldə edilən biznes mühitilə bağlı informasiyalardan istifadə edilir.