gototop gototop

Словарь

BİR QURŞAQ VƏ BİR YOL

“BİR QURŞAQ VƏ BİR YOL”-(çin dilində - 带-路 - bir qurşaq və bir yol) “İpək Yolu İqtisadi Qurşağı” və “XXI əsrin Dəniz İpək Yolu” birləşmiş layihələrinin əhatə edən, Çin dövləti tərəfindən irəli sürülən təşəbbüs, meqalayıhə. Onun reallaşdırması barədə niyyət ilk dəfə Çin Xalq Respublikasının sədri Si Szinpinin 2013-cü ildə Qazaxıstana səfəri zamanı Astana sammitində bəyan olunmuşdur. Çin ümumi adda “Yeni ipək yolu” kimi tanınacaq bu strateji layıhəyə özünün geniş iştirakı əsasında regional əlaqələrinin möhkəmləndirilməsinin və beynəlxalq əməkdaşlığın inkişafının yeni modeli olaraq yanaşır. “Bir qurşaq və bir yol” layıhəsinin quru zolaqda məqsədi Avrasiya ərazisində yeni körpülərin inşası və “Çin-Mərkəzi Asiya-Qərbi Asiya”, “Çin-Monqolustan-Rusiya”, “Çin-Pakistan”, “Banqladeş-Çin-Hindistan-Myanma”, “Çin-Çinimaçin yarımadası” kimi nəqliyyat dəhlizlərinin inkişafı etdirilməsi ilə bağlıdır. Dəniz hissəsində əsas məqsəd səmərəli və təhlükəsiz fəaliyyətlə “Yeni ipək yolu”nun ən böyük limanlarını birləşdirəcək nəqliyyat marşrutlarının yaradılması ilə bağlıdır. Böyük inkişafa nail olmaq üçün isə quru və dəniz arasında sıx əməkdaşlıq təmin olunmalıdır. Üç qitəni - Asiya, Avropa və Afrikanı birləşdirəcək dünyanın bu ən böyük iqtisadi dəhlizi  yol boyu ölkələrin qarşılıqlı faydalanması zəminində onların dünya iqtisadiyyatına inteqrasiyasını dərinləşdirəcək, mədəniyyətlərarası əlaqə və mübadiləni daha da genişləndirəcəkdir. Layihənin tam reallaşacağı təqdirdə Sakit okean hövzəsindən Atlantik okeanı hövzəsinə qısa müddətdə çatmaq mümkün olacaqdır. Çinin rəsmi məlumatlarına görə meqalayıhənin əhatə etdiyi zonada planet əhalisinin 63%-i yaşayır və ərazi miqyaslı təbii resurslarla zəngindir. Burada təxmin edilən iqtisadi miqyas isə 21 trilyon ABŞ dollarına bərabərdir. Çin 2014-cü ildə layıhənin maliyyələşdirilməsinin bir hissəsi olaraq Asiya İnfrastruktur İnvestisiya Bankını (AİİB) təsis edərək ilkin maliyyə vəsaiti kimi 47 milyard dollar pul ayırıb. 2015-ci ildə isə Çin müəssisələri layihənin əhatə etdiyi 49 ölkəyə birbaşa investisiyalar yönəldiblər. Azərbaycan da daxil olmaqla, təxminən 30 ölkə “Bir qurşaq və bir yol” birgə layihəsinin həyata keçirilməsi ilə bağlı Çinlə əməkdaşlıq haqqında müqaviləni imzalayıb. Əməkdaşlıq etməyə hazır olan ölkələrin sayı isə 70-dən çoxdur.