Архив
Словарь
(ingilscə - octane number - oktan ədədi) karburator tipli daxiliyanma mühərrikləri üçün yanacağın detonasiyaya davamlılığını xarakterizə edən göstərici. Bir qayda olaraq benzinin sıxılma zamanı özüalışmaya qarşı davamlılığının müəyyən edilməsində tətbiq olunur (dizel yanacağı və aviasiya kerosininin xarakteristikasında tətbiq edilmir). “Oktan ədədi” anlayışının əsasında alkanlar sinfinə aid doymuş karbohidrogen “Oktan” (C8H18) dayanır. “Oktan ədədi” anlayışı özü isə konkret olaraq alifatiklər sırasına aid doymuş karbohidrogen - oktanın izomeri izooktanla (С(СН3)3-CH2-CH(CH3)2.) bağlıdır. “Oktan ədədi” etalon olaraq daxiliyanma mühərrikində izooktanla (2,2,4-trimetilpentan) və n-heptan qarışığının qığılcımlı alışması götürülür. O, etalon qarışığında izooktanın miqdarına (həcminə nisbətdə faizlə) bərabərdir. Maksimal oktan ədədi (xalis izooktana ekvivalent) 100-ə bərabərdir. n-heptanın yanması mühərrikdən gələn səslə müşaiyət olunur və onun oktan ədədi 0 kimi qəbul edilir. Əmtəəlik benzin üçün oktan ədədi 70-95 hədlərində olur. Daha yüksək oktanlı benzin mühərrikin silindrlərdə daha yüksək dərəcəli sıxılmaya tab gətirə bilər. Oktan ədədi 100-dən yuxarı olan benzinlər üçün şərti şkala tərtib olunmuşdur və burada tərkibinə müxtəlif miqdarda antidetonator (tetraetilqurğuşun) əlavə edilmiş izooktandan istifadə olunur. Təyinatınına görə tədqiqat oktan ədədi və mühərrik oktan ədədi fərqləndirilir. Real iş şəraitində yanacağın detonasiyaya davamlılığını xarakterizə etmək üçün faktiki oktan ədədi (mühərriyin stend sınaqlarında) və yol oktan ədədindən (birbaşa avtomobilin yol sınaqlarında) də istifadə olunur. Mühərrikdən gələn səs metal səsini əks etdirir və onu qarışığın sürətli yanması zamanı təzyiq dalğaları yaradır. Belə vəziyyətdə mühərrikin gücü azalır, yeyilməsi sürətlənir. Detonasiya dalğalarının yarandığı halda isə mühərrik korlana və ya dağıla bilər. Bütün bu hadisələr ilk dəfə 1921-ci ildə ingilis mühəndisi Harri Rikardo (1885-1974) tərəfindən araşdırılmış və o, benzinlərin ilk detonasiyaya davamlılığı şkalasını yaratmışdır. Detonasiyaya davalılıq sınaqları ya tam ölçülü avtomobil mühərrikində və ya tək silindrli mühərriki olan xüsusi qurğularda aparılır. Stend sınaqlarında tam ölçüsü mühərriklərdə faktiki oktan ədədi adlanan göstəricini, yol şəraitində isə yol oktan ədədini təyin edirlər. Yanacağın oktan ədədinin artırılması üçün yüksək oktan ədədli komponentlər və detonasiyaya qarşı aşqarlardan istifadə olunur. Müasir injektor mühərriklərinin əksəriyyətində detonasiya ötürücüsü vardır və buna görə də onlar oktan ədədi 91-98 olan istənilən benzinlə işləyə bilərlər.