gototop gototop

Словарь

AZƏRBAYCANIN MAGİSTRAL QAZ BORU KƏMƏRLƏRİ

(ingilscə - Major gas pipelines of Azerbaijan - Azərbaycanın magistral qaz boru kəmərləri) Azərbaycanda hasil edilən təbii qazın regionda yerləşən ölkələrin enerji bazarlarına nəqlini təmin edən magistral qaz boru kəmərləri: Hacıqabul-Astara-Astara (İran), Hacıqabul-Qazax-Saquramo (Gürcüstan), Hacıqabul-Şirvanovka-Mozdok (Rusiya), Bakı-Tbilisi (Gürcüstan)-Ərzurum (Türkiyə). Hacıqabul-Astara-Astara boru kəməri - 1970-ci ildə isitismara verilmiş və keçmiş SSRİ-nin İrandan gələn qazla təmin edilməsi üçün istifadə olunmuşdur. 2006-cı ildə qazın Azərbaycandan İrana tədarükü üzrə svop əməliyyatları başlanmışdır. Boru vasitəsi ilə İrana ixrac olunan qaz müvafiq həcmdə İran tərəfindən Naxçıvan MR-na nəql edilir. Uzunluğu 210 km, ötürmə qabiliyyəti 4,0 milyard m3. İranın içərilərinə doğru genişləndikdə Hacıqabul-Astara-Abadan qaz kəməri adlanır. Ümumi uzunluğu 1474,5 km. Kəmərin İrandakı bölümü IGAT1 adlanır. Operatorlar SOCAR və İran Milli Qaz Şirkəti. Hacıqabul-Qazax-Saquramo boru kəməri 1978-ci ildə inşa olunmuş, 1988-ci ilə kimi isitismar edilmiş, SSRİ dağılandan sonra uzun müddət istifadəsiz qalmışdır. Bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildən yenidən istismara verilmişdir. Hazırda kəmər vasitəsilə Azərbaycandan Gürcüstana qaz ixrac edilir. Uzunluğu 478,4 km təşkil edir (Azərbaycan 378,4 km), ötürmə qabiliyyəti 8,7 milyard m3. Operatorlar: SOCAR və Gürcüstanın Qaz Nəqliyyat Şirkəti. Hacıqabul-Şirvanovka-Mozdok boru kəməri 1983-cü ildən Rusiyadan Azərbaycana qazın nəql edilməsi üçün istifadə edilmişdir. 2007-ci ildən başlayaraq əks istiqamətdə də qaz nəqlini reallaşdırır. Uzunluğu 680 km (Azərbaycan 200 km), ötürmə qabiliyyəti 10,0 milyard m3. Operatorlar: SOCAR və Rusiyanın “Qazprom” şirkəti. Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmiş qaz boru kəməri. Cənubi Qafqaz Boru Kəməri BTC neft kəmərinin boyunca paralel olaraq yerləşdirilmişdir. Uzunluğu 980 (Azərbaycan 443,0 km, Gürcüstan 248,0 km, Türkiyə 289,0 km), ötürmə qabiliyyəti 7,4 milyard m3 (23 milyard m3-ə qədər artırıla bilər) Operatorlar SOCAR, BP və BOTAŞ şirkətləri. Kəmərin 2018-ci ildə Bakı şəhərində rəsmi açılışı olmuşdur.