gototop gototop

Словарь

TRANS-AVROASİYA SUPER İNFORMASİYA MAGİSTRALI, TASİ

(ingiliscə - Trans-Eurasian Information Super Highway, TASİM - Trans Avroasiya Super İnformasiya Magistralı, TASİM) Qərbi Avropadan (Frankfurt şəhərindən) Şərqi Asiyaya (Honkonq) qədər Avrasiya ölkələrinin əhatə edən transmilli fiber-optik xəttin çəkilişi layihəsi. Layihə təşəbbüsü 2008-ci ilin noyabr ayında XIV “Bakutel” Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlər görüşü zamanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən irəli sürülmüş, həmin ayın 11-də TASİM layihəsinin yaradılmasına dair xüsusi “Bakı bəyannaməsi” qəbul edilmişdir. BMT Baş Assambleyasının 21 dekabr 2009-cu il keçirilmiş 64-cü sessiyasında layihəyə dair 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qətnamə qəbul edilmişdir. Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini, özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur. Bu uzunmüddətli təşəbbüsün reallaşması iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə aparıcı region ölkələri və operatorlar Qərbi və Şərqi birləşdirən əsas internet şəbəkəsini yaradacaqlar. Bu şəbəkə TASİM-in kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaq. İkinci mərhələdə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya daxil olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətə bağlantı ilə təmin edəcək. Bununla yanaşı, milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdirilərək TASİM şəbəkəsinə birləşdiriləcəkdir. TASİM layihəsinin tərkib hisssəsi olan Türkmənbaşı (Türkmənistan) - Siyəzən (Azərbaycan) dənizaltı fiber-optik kabel magistralının tikintisi problemi həllini gözləməkdədir.