gototop gototop

Словарь

İNDİKATİV PLANLAŞDIRMA

(ingiliscə - indicative planning - göstəricili planlaşdırma - latın sözü - indicator - göstərici sözündən) dövlət səviyyəsində  direktiv olmayan, məsləhətçi, istiqamətləndirici planlaşdırma. İndikativ planlaşdırma indikator və requlyator obyektli şəbəkədə formalaşdırılır. Plan qərarları və idarəetmə obyektinin təməl nöqtələrdə olan arzu edilən vəziyyətinin xarakteristikasını indikatorlar və belə vəziyyətə nailolma üsullarının xüsusiyyətlərini requlyatorlar (tənzimləyicilər) təmsil edir. Burada requlyator indikatorun mahiyyətinə reaksiya mexanizmi funksiyasını yerinə yetirir. İndikator isə inteqral göstərici kimi multiplikator mahiyyəti daşıyaraq proses və vəziyyətin keyfiyyət xarakteristikasının kəmiyyət təyinatını verir. Yalnız kəmiyyət konstatasiyasını verən göstəricidən fərqli olaraq indikator vektorlu, istiqamətverici xarakter daşıyır. İndikatorlar məhdud astana xarakterli olaraq obyektin idarə edilməsində kritik vəziyyəti siqnallaşdırır. İndikativ planlaşdırmanın ilk mütləq analitik mərhələsini proqnozlaşdırma təşkil edir. Proqnozlar təsnifatda obyekt və prosesin dəyişmə meylinin yazılışı, şərhi üsulu və onu xarakterizə edən parametrlərin formalaşması üslubuna görə fərqlənirlər. İndikativ planlaşdırma sistemi Avropa inteqrasiyasının baş təşviqatçılarından biri fransalı iqtisadçı Can Mone (1888-1979) adı ilə bağlanılır. Bununla belə vurğulanmalıdır ki, fransalı iqtisadçı Fransua Perru (1903-1987) çağdaş kapitalizmi əks etdirən dominant iqtisadiyyat nəzəriyyəsində indikativ planlaşdırma prinsipini işləmişdir.