Archive
List of scientific works / TAX CULTURE
Vergi Mədəniyyəti
i.e.d., prof. Elşən Hacızadə
Vergi mədəniyyəti dövriyyəyə çıxan müasir iqtisadi anlayışlardandır. O, vergilərlə bağlı savadlılığı, davranışları və ümumilikdə vergi qanunvericiliyinə riayət etmənin bütün hüquqsal və etik normalarını özündə birləşdirir.
Vergi mədəniyyəti fəaliyyətin üzunmüddətli, mürəkkəb, çoxşaxəli prosesi olaraq yalnız vergi ödəyicilərini deyil, həm də dövləti, elm və təhsili ehtiva edir. Məhz buna görə də, vergi mədəniyyətinin insanlarda hələ erkən yaşlarında formalaşmasına diqqət yetirilməlidir.
Beynəlxalq iqtisadi tədqiqatlar göstərir ki, hansı ölkədə vergi intizamı kiçik biçimlidirsə, orada dəyər səviyyəsi də aşağı ölçülüdür. Məşhur Amerika iqtisadçısı Harvard Universitetinin professoru Alberto Alesinanın (1957) qənaətincə «Harada ki vergidən yayınma halları genişdir, orada insanlar üstün olaraq ailələri qarşısında məsuliyyət hiss edirlər, bunun müqabilində onların dövlət qarşısındakı məsuliyyətləri isə az olur. Belə ölkələrdə vergiləri ödəməmə barədə dostlarla süfrə başında ucadan danışılır və hətta bununla fəxr də edirlər».
Vətənimiz Azərbaycan tarixən bu neqativ təzahürlərdən kənar olmuş, xalqımız özünün mental dəyərləri ilə dövlət qarşısındakı məsuliyyət və intizamı ilə daim fərqlənmiş, özünəməxsus vergi mədəniyyəti formalaşdırmışdır. İqtisadçı alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayevin riyaziyyat elmləri üzrə fələsəfə doktoru, dosent Aslan Qəhrəmanovla birgə qələmə aldığı «Vergi Mədəniyyəti» adlı kitabı da büsbütün bu mədəniyyətin digər dünya sivilizasiyaları ilə qarşılıqlı təmasda uğur fenomeninə həsr edilmişdir.
Vergilər naziri Fazil Məmmədovun məsləhətçisi olduğu, akademik Teymur Bünyadovun elmi redaktorluğu ilə nəşr edilən «Vergi Mədəniyyəti» kitabı ulu öndər Heydər Əliyevin «Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir» epiqrafı ilə başlayır.
«Vergi Mədəniyyəti» kitabının struktur kompozisiyasına ön söz, giriş, 50-dən çox paraqrafı əhatə edən 8 fəsil, son söz, ədəbiyyat siyahısı və adlar göstəricisi bölmələri daxildir. Kitab «Çaşıoğlu» mətbəəsində çap olunmuş və 344 səhifədən ibarətdir.
İqtisadiyyatın ənənəvi olmayan mövqelərindən yazılmış, xüsusi ritorika və stilistikaya məxsus kitabda geniş aspektdə bəşər cəmiyyətinin ayrılmaz hissəsi olan vergilərdən, onların dövləti əhəmiyyətindən, ölkə tarixindəki yerindən, poeziyada, folklorda, bütövlükdə ədəbiyyatda və sənətdə tərənnümündən bəhs olunur. Burada həmçinin vergi maarifləndirilməsinin yüksəldilməsi ilə bağlı tədbirlər, müasir Azərbaycanın və ayrı-ayrı ölkələrin mövcud vergi sistemlərinin özəlliyi və ümümilikdə vergi mədəniyyəti təkamülünün üzvi komponentlərini səciyyələndirən başlıca məqamlar öz əksini tapır. Bununla belə, kitabın hazırlanmasında vergi mədəniyyəti ilə əlaqədar antik dünyanın mütəfəkkirlərinin fikirləri, daş kitabələrdəki yazılar, rəvayətlər, inqilab və müharibələrin doğurduğu fəsadlar, müasir siyasi baxışlar çevrəsi kimi spesifik mövzular da müəlliflərin diqqətindən yayınmamışdır.
Məzmun orjinallığı ilə seçilən «Vergi Mədəniyyəti» kitabı həm də kreativliyi, illyustrasiyalılığı, poliqrafik effektləri ilə də fərqlənir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Onun daha çox tirajlanmasına, internet şəbəkədə elektron variantla da oxuculara çatdırılmasına ehtiyac vardır.
Oxucuların istifadəsinə təqdim olunan «Vergi Mədəniyyəti» kitabı yalnız vergi biliciləri auditoriyası üçün hesablanmamışdır. Onu oxuyan hər kəs, burada özü üçün diqqəti cəlb edəcək, maraqlı və gözlənilməz nə isə tapacaqdır.
154. Tax culture (article-review). Tax messages of Azerbaijan. Baku: № 8. 2011