gototop gototop

List of scientific works / GLOBAL STREAM AND TENDENCY OF GROWTH OF A REGIONALIZATION

27.10.2011

ADİU, BIM kafedrası,

i.e.d., prof. E.M.Hacızadə

 

 

QLOBAL AXIN VƏ REGIONLAŞMANIN

ARTIM MEYLI

 

Bir neçə onillik bundan öncə beynəlxalq iqtisadi münasibətlərin xüsusi fazası kimi təşəkkül tapan qloballaşma hadisəsi yalnız ötən əsrin 90-cı illərindən başlayaraq ictimaiyyətin diqqətini cəlb etməyə başlamışdır. Müasir iqtisadi ədəbiyyatlarda qloballaşmaya bərabərölçülü olmayan, özünün konkret formasını daim dəyişən təzadlı bir proses kimi yanaşılır. Onun məzmununu dünya bazarları sistemində beynəlxalq ticarətin genişlənməsi və korporativ iqtisadiyyatın transmilli tipinin kəskin otruşması fonunda ölkə və regionların qarşılıqlı asılılığının real artımı təcəssüm etdirir. Digər tərəfdən, qloballaşmanın formalaşmasının tam başa çatmaması da diqqətə çəkilir.

Qloballaşmanın mənfi təsirləri iki müxtəlif proseslərin - antiqlobalist hərəkatın və regionlaşmanın yaranışına səbəb olmuşdur.  Bu baxımdan da qloballaşma və regionlaşmaya bir-birini tamamlayan və eyni zamanda biri digərini rədd edən proseslər kimi də baxılır. Buna görə də, onlar arasında münasibətləri diskutiv predmetli hesab edirlər. Eyni zamanda qloballaşma və regionlaşma proseslərinə birləşmə və siyasi motivləşmə kimi də baxılır.

Regionlaşmanın genişlənməsi qloballaşmanı cografi sərhədlərdə, ərazi təsisatlandırmaların yaranışı və güclənməsində strukturlaşdırır. Əslində bütün bunlar əsaslı dərəcədə qloballaşmanın özündən qaynaqlanır. Qloballaşmanın təsirindən doğan dünya iqtisadiyyatının ümumi modernləşməyə doğru irəliləyişləri milli təsərrüfatların müxtəlif tipli regional ittifaqlara doğru istiqamətlənməsini stimullaşdırır. Bu meyillərin gerçək yəqinliyini də qloballaşma prosesinin tam başa çatmaması baxımından dolğunluğu ilə son dərəcə düzgün qiymətləndirmək çətindir. Həqiqət isə belədir ki, dünyanın əsas aparıcı regional qrupları məhz son 20 ilin yaranışlarıdırlar.

Qloballaşma və regionlaşma proseslərinə yalnız iqtisadi aspektlərdə deyil, bütün material və mənəvi mədəniyyətlərin məcmusu baxımından yanaşıldıqda görərik ki, qloballaşma başlıca olaraq innovativ yaranışlarda əks olunan mərkəzə qaçma potensiallığı ilə güc tapır. Regionlaşma isə müxtəlif səviyyələrdə miqyaslı inteqrasiya proseslərində ehtiva olunur. Burada kəskin fərqli bir cəhət də onunla bağlıdır ki, qloballaşma ayrı-ayrı milli komplekslərin adi iqtisadi inteqrasiyası çevrəsindən xeyli kənara çıxır. Regionlaşma isə fərqli olaraq bu inteqrasiyanı dərinləşdirir. Ümumilikdə isə qloballaşmanın yekununu regional strukturların da daxil olduğu bütün milli iqtisadi sistemlər ifadə edir.

Qloballaşmanın mənfi meylinə ayrıca götürülmüş sosial-iqtisadi məkanlar sferasında sipər çəkilməsi regionlaşma konsolidasiyasını yeni konturlarla möhkəmlədir. Məhz buna görə də müasir dünyanın sosial-iqtisadi həyatı yalnız qlobal axın sürətində deyil, həm də regionallaşmanın artım meyli ilə təyinat tapır.