gototop gototop

List of scientific works / THE CLUSTER APPROACH OF THE INDUSTRIAL DEVELOPMENT OF THE REGION

31.10.2011

AMEA İqtisadiyyat İnstitutu

i.e.d., prof. E.Hacızadə

 

REGİONAL İNDUSTRİAL İNKIŞAFA KLASTERLİ YANAŞMA

 

Qloballaşma şəraitində regionlara və lokal iqtisadi sistemlərə məhsuldarlığın yüksəldilməsi, böyük iqtisadi dinamizmə nail olma, məşğulluğun təminatı kimi keyfiyyət elementləri fonunda yanaşılmağa başlanılmışdır. Yeni situasiyada uyğun bazar mexanizmli regional sənaye siyasətinin işlənməsi və reallaşdırılması motivasiyası da üstünlüyü ələ almışdır. Bu ondan irəli gəlmişdir ki, ənənəvi regional sənaye siyasəti çox zaman süni iqtisadi artımlara gətirmış, kütləvi subsidiya istifadəsi ilə uzunmüddətli perspektivdə dayanıqlığı təmin edə bilməmişdir. İnkişaf etmiş ölkələrin sənaye siyasəti kontekstində aparılan təhlillər göstərir ki, regionlararası daxili bərabərsizliyin büdcə transfertləri ilə tarazlaşdırılması bir çox hallarda iqtisadiyyatın ümumi inkişaf məqsədləri ilə üst-üstə düşməyərək müxtəlif təzadlar yaradır. Yeni regional sənaye siyasətinin konsepsiyası isə regional tənzimləmənin büdcə modelindən fərqli olaraq, rəqabət üstünlüklərini səfərbər edən səmərəli bazar institutları sistemi formalaşdırmaq, sahiblkarlıq mühitini və peşə hazırlığını yaxşılaşdırmaq və yeni texnologiyalar üçün inkubatorlar yaratmaqla, ərazinin daxili iqtisadi inkişaf potensialının maksimallaşdırılmasını hədəfə götürür. Daha strateji təyinatlı bu sənaye siyasəti şəbəkəli qarşılıqlı hərəkət, partnyorluq, rəqabətqabiliyyətlilik, çevik innovasiya sistemləri, dövlət və biznes konsensusunun təminatı kimi üsul və vasitələrdən istifadəni tələb edir.

Müasir dünya iqtisadiyyatının sənaye təşkilatlarının fundamental cəhətlərindən biri də odur ki, oxşar və yaxın bizneslər bir-biri ilə daha çox coğrafi və ərazi sistemində qruplaşaraq dərin inteqrasiyalı asılılıq əldə edirlər. Müasir zamanda istehsalın ümumi və ya qarşılıqlı tamamlama amilləri, innovasiyalar, istehsal prosesləri, əmtəə və xidmətlərin bağlı olduğu əlaqəli biznesin konsentrasiyası hər bir inkişaf etmiş bazarda dominant sayılır. Belə vəziyyət qloballaşma meyillərindən də qaynaqlanaraq modern regional sənaye siyasətinin formalaşdırılmasında klasterli yanaşmanı yeni sosial-iqtisadi institusional bir mexanizm olaraq önə çıxarır.

Klaster (ingiliscə - cluster - yığışma, toplaşma) bir necə eynicinsli elementlərin birləşməsi ilə müəyyən xassələr qazanmış müstəqil vahid kimi interpretasiya olunur. Regional sənaye strategiyasında klasterlər müəyyən ərazidə region, şirkət və institutlar arasında qarşılıqlı rabitədə regional rəqabətqabiliyyətliliyi artıran coğrafi təmərküzləşməni təcəssüm etdirir. Onlar müəyyən əmtəələrin, xammal, enerji, istehsal və infrastruktur xidmətlərinin təchizatçılarını özündə birləşdirir. Klasterlər oxşar texnologiyalar, işçi qüvvəsinin ixtisaslaşma səviyyəsi uyğun olan sahələrdə əlavə dəyərin yaranışının bütün həlqələrində yayılırlar. Dövlət və özəl institutları - universitetlər, standartlaşmalar üzrə agentliklər, elmi mərkəzlər, ixtisasartırma və peşə hazırlığı qurumları, informasiya, tədqiqat və texniki yardım təşkilatlarını əhatə edən klasterlər regional qalxınmanı vüsətləndirirlər.

Regional klasterlər bütün istiqamətlərdə rəqabətqabiliyətliliyə təsir göstərərək perspektiv məhsuldarlıq artımına zəmin olan innovasiya prosesini sürətləndirir, yeni şirkətlərin və bizneslərin yaranışını stimullaşdırırlar. Klaster çərçivəsindən müxtəlif iqtisadi, texniki və rəqabət informasiyası toplanır ki, buraya giriş də ilk növbədə, klaster üzvlərinə məxsus olur. Bu sistemdə qarşılıqlı fəaliyyətlərdən irəli gələrək, kompaniyalar arasında bir-birini tamamlama kimi çox mühüm iqtisadi effektlər təzahür edir.

Regional inkişafın klaster əsaslı sənaye siyasətində biznes liderləri, dövlət, institusional strukturlar yeni rəqabət iqtisadiyyatında aktiv iştirakda imkanlar qazanırlar. Bu səmərəli rəqabət şəraiti üçün iqtisadiyyatın bütün subyektlərində qarşılılı asılılıq və kollektiv məsuliyyət yaradır. O, iqtisadi artımın, sosial rifahın yüksəldilməsi istiqamətində regional səviyyədə dövlətlə özəl sektor arasında konstruktiv qarşılıqlı təsir elementi olaraq çıxış edir.

Klasterli regional siyasət əhəmiyyətli dərəcədə regional hakimiyyətin fəaliyyət missiyasını ifadə etdiyindən, onlar tərəfindən də formalaşdırılmalıdır. Mərkəzin burada rolu isə üstün olaraq, effektivli regional təşəbbüslər əsasında müqabil institusional quruculuğu və mövcud adekvat biznes mühitini yaxşılaşdırmağa yönəlməlidir.

İndustrial obrazlı yeni klasterli regional siyasət artıq aprobasiyadan keçərək, dünya iqtisadiyyatının bir çox aparıcı ölkələrində öz bəhrəsini vermişdir. Onun pilot nümunələri nəhəng regional təsisatlandırmaları olan Rusiya Federasiyasında da tətbiq olunmaqdadır. Rusiyalı ekspertlər hesab edirlər ki, ölkə gec-tez regional sənaye strategiyasında klasterli - şəbəkəli məkan konsepsiyasına keçid edəcəkdir. Belə bir konsepsiyanın neft kapitalına əsaslanan, bol maliyyə qaynaqları olan, özünəməxsus səmərəli regional inkişaf siyasəti aparan Azərbaycan Respublikasında da hazırlanması nəzərdən keçirilə bilər. Ümumdünya Ticarət Təşkilatına üzvlük astanasında olan ölkə üçün hazırda bu qlobal təsisatda da tələblərinə uyğun gələn yeni regional sənaye siyasətinin formalaşdırlması həyati zərurətə çevrilmişdir. Tədqiqatlar göstərir ki, ölkədə yeni industrial siyasətin daha səmərəliliklə formalaşması regional iqtisadi islahatların təkmilləşməsi və dərinləşdirilməsi taktikası ilə bağlı olacaqdır. Bu təməl üzərində regionlarda texnoparklar, biznes inkubatorları şəbəkəsinin geniş tətbiqi, azad iqtisadi zonaların təsisi, müasir elmtutumlu istehsal sahələrinin, sənaye komplekslərinin yaradılması iqtisadi təhlükəsizliyin növbəti qarantına çevriləcəkdir.

Reallıq belədir ki, Azərbaycan Respublikasında sənayenin yerləşməsi üzrə bir sıra əyalət şəhərlərində müvafiq ixtisaslaşmalar getmişdir. Bu gün inkişaf etdirilən regional siyasətdə klasterli yanaşma əsasında həmən şəhər və məntəqələrdə müvafıq ixtisaslaşmalar dərinləşdirilməli və davamlı stimullaşdırılmalıdır. Bunun üçün ilk növbədə regionların təbii sərvətlərinin, iqtisadi potensialının, istehsal infrastrukturunun, büdcə prosesinin, daxili investisiya imkanlığının, əmək ehtiyatlarının, regional və inteqrir bazarın vəziyyətinin müvafiq marketoloji tədqiqatlar və inventarizasiya prosesləri çevrəsində bir daha müfəssəl qiymətləndirilməsi ehtiyaclıdır.

Regionlarda sənaye klasterlərinin formalaşdırılmasına eyni zamanda zəruri qlobal rəqabətədavamlılıq keyfiyyətində baxılmalı, ondan iqtisadi ixtisaslaşmanın mühüm aləti kimi xarici rəqabətlə bağlı qloballaşma maneələrinin dəf edilməsində səmərəliliklə istifadə olunmalıdır.

Azərbaycanda regional klasterlərin formalaşdırılmasının stimullaşdırılması mahiyyətcə uzunmüddətli parametrlərdə əks olunan regional sənaye siyasətinin ilk, başlanğıc mərhələsi kimi özünü təqdim edəcəkdir. Klasterlərin inkişafının stimullaşdırılması isə imitasiya xarakteri daşımamalı, regional rəqabət üstünlükləri və ixtisaslaşmalardan maksimal istifadəni qarşıya əsas məqsəd olaraq çıxarmalıdır.

Aparılan təhlili araşdırmalar göstərir ki, dövlətin regionların perspektiv mərhələdəki yeni sosial-iqtisadi inkişaf proqramının məhz sənaye prioritetli klasterli strategiya üzərində qurulması ümumi iqtisadi qalxınmanın dayanıqlığını və uzunmüddətliliyini daha dolğun sistemdə təmin edəcək və köklü struktur çevrilişləri ilə müşayiət olunacaqdır.

 

 

148.The cluster approach of the industrial development of the region/ Socio-economic development of regions of Azerbaijan: issues, trends. Proceedings of republican scientific-practical conference. Institute of Economics of the National Academy of Sciences of Azerbaijan, Lankaran State University. Ministry of Economic Development of Azerbaijan Scientific-Research Institute of Economic Reforms. Baku. 2011. 0,3 p.sh.