gototop gototop

List of scientific works / NECESSITY AND A CONDITION OF AUDIT OF HYDROCARBONIC RESOURCES

06.01.2012

AzDİU, i.e.n. E.M.Hacızadə

 

KARBOHİDROGEN RESURSLARININ AUDİT

ZƏRURƏTLİYİ VƏ ŞƏRTLƏRİ

 

Karbohidrogen ehtiyatlarının müasir elmi metodlara, dəqiq alqoritmik hesablamalara əsaslanan status təyinatı neft-qaz yataqlarının işləmə strategiyasını qaynaqlandıran, potensialı dəyərləndirən başlıca amillər sırasındadır. Liberal iqtisadiyyatın genişlənən nəzəri və praktiki çevrəsi bu baxımdan milli neft sektorunda da təbii energetik ehtiyatların alternativ qiymətləndirilməsini zəruri və aktual etmişdir. Mütləq alternativlik vektoru isə auditin məxsusi formasının növbəti bazar seqmenti kimi respublikamızda da intitusional yaranışını şərtləndirmişdir.

Karbohidrogen ehtiyatlarının müstəqil auditorlar tərəfindən geoloji, stratiqrafik, informasion təminatının möhkəmləndirilməsi, həmçinin uçot, fiskal, investision və kommersiya tələbləri baxımından da olduqca vacib və əhəmiyyətlidir. Ölkəmizdə, eləcə də postsovet məkanında əsasən yataqların texniki cəhətlərini önə çəkən karbohidrogen ehtiyatlarının təsnifatı və mövcud hesablanma texnologiyası 1997-ci ildə Amerikanın Neft Mühəndisləri Cəmiyyətinin /SRE/ və Dünya Neft Konqresinin /WRC/ birgə hazırladıqları və aparıcı transmilli neft kompaniyalar tərəfindən qəbul olunmuş metodologiyadan xeyli fərqlənir. SREWRC sistemi daha çox resurslar və ehtiyatlar anlayışlarının motiv nisbətini ayıran, biznes strategiyasına dominantlıq verən prinsipləri ilə müasirlik əldə etmişdir. Bu universal sistemin digər mühüm əlamətdar cəhəti həm də ehtiyatların parametrik ölçülərinin audit məlumatlarına istinad edən təsdiqlilik üzərində qurulmasındadır. Müstəqil audit aksiyası isə geoloji tədqiqatla yanaşı həmçinin bir sıra kommersial faktorlara önəm verir. Belə ki, beynəlxalq qiymətləndiricilər müvafiq standartlara uyğun olaraq ehtiyatların dəyərləndirilməsində mövcudluq aspekti ilə yanaşı hasilatın rentabelliyi indeksini də araşdırma predmetinə çevirirlər. Bu onunla izah edilir ki, sahəvi spektrdə geoloji resursun iqtisadi dəyərə transformasiyası sabit olmayan ölçü kateqoriyalarından: neft qiymətlərindən və hasilatın maya dəyərindən asılı olan rentabellik prioritetindən keçir. Məhz bu mühüm xüsusiyyət ehtiyatların geoloji qiymətləndirməsinə və tarixi çıxarılma əmsalına əsaslanan dəyər faktorunda fərq yaradır. Bununla yanaşı, aparıcı neft kompaniyalarının müqayisəli investision cəlbediciliyinin qiymətləndirilməsində, mühüm göstərici olaraq bazar kapitallaşmasının şirkətin fundamental dəyərinə nisbət diapazonu da əsas götürülür. Fundamental dəyərin hesablanması hər bir kompaniyada yetərli əməktutumlu tapşırıq hesab edilir və praktikada çox zaman mükəmməl olmayan informasiyaya görə reallaşmır. Hesablamanı mülayimləşdirmək üçün fundamental dəyər əlahiddə funksionallıq daşıyan bir qədər sadə göstəricilər: xalis mənfəət, satışın həcmi və digərlərlə əvəz edilir. Potensial investorlar isə qiymətləndirmədə fundamental dəyəri xarakterizə edən inteqrir indikatorlara üstünlük verirlər.

Müasir zamanda ehtiyatların hesablanması yatağın üçölçülü geoloji model düzümü əsasında reqlamentasiya olunur. Əvvəllər bu proses geoloji xəritələrin köməyi ilə aparılırdısa, indi həmən işin həllini kompüterlərin vasitəsi ilə gerçəkləşdirirlər. Müvafiq texnologiya elektron modelləşməni əks etdirərək kompleks yanaşmada geoloji, geofiziki və mədən informasiyaları əsasında qurulur. O, texnoloji prosesin bütün mərhələlərində alınmış nəticələri təhlil və korrektə etməyə imkan verir. Nüfuzlu audit təşkilatları bütün bu prosedur qaydaları üçüncü tərəfin iştirakı olmadan müstəqil yerinə yetirir, mükəmməl və alternativ ekspert rəyi verirlər. Buna görə də kommersiya sövdələşməsində aparıcı beynəlxalq neft kompaniyaları ehtiyatların dəyərləndirilməsində firmadaxili hesabatlardan daha çox yataqların nüfuzlu auditor təşkilatlar tərəfindən təsdiqlənməsi aktını əsas invesitisiya qərarı kimi qəbul edirlər.

Ehtiyatların audit problemi yalnız hüquq çevrəsini ehtiva etmir. Yeni tipoloji təsisat müvafiq ixtisaslaşmanın kompleks təşəkkülü, professionallıq və səriştəlilik kimi sahəvi xüsusiyyətlərin lokal paradiqmasının yaranışından keçir. Belə ki, ölkə auditində karbohidrogen ehtiyatların ekspertizasiyası aparılması ənənəsi yoxdur və vurğulandığı kimi ehtiyatlarının müvafiq audit prinsipləri də təsərrüfat auditindən məxsusi funksionallığı ilə fərqlənir. Hesablamanın yeni innovasion texnologiyası isə əlavə bilik və bacarıq tələbində bulunur. Buna görə də yeni təsisat yeni profilli peşəkar audit korpusunun formalaşdırılmasını və təşkilati oliqopolizasiyanı şərtli edir. Yeni peşəli auditorlar isə taktiki və praktiki planda iqtisadi-hüquqi biliklərlə yanaşı, həm də geoloji-mühəndislik ixtisasına yiyələnməlidirlər.

Milli neft sektorunda, xüsusən də köhnə yataqlar arealında ehtiyatların müstəqil auditor təşkilatları tərəfindən bir daha dəyərləndirilməsi imkanlılığının əldə olunması müvafiq maliyyə riskini azaldan başlıca informasion dolğunluq komponentinə çevriləcək, neftçıxarma kompleksinin inteqrasion strukturunun möhkəmlənməsinə və biznes reytinqinin yüksəlməsinə xidmət edəcəkdir.

Dövlət öz sərvətlərinin dəqiq real uçotunu təmin etmədə ən səmərəli mexanizmlərin, nəzarət, hesablama sistemlərinin yaradılmasına məsuldur. Karbohidrogen resursları və ehtiyatlarının yeni hesablama prinsipləri də milli mənafeləri rəhbər tutaraq möhkəm uçot rejimli olmaqla, həm də beynəlxalq praktikada prioritet sayılan stereotiplərə müvafiq tələbli olmalıdır. Resursların və ehtiyatların yeni metodoloji təsnifat təlimatının işlənməsi probleminə təkcə neft-qaz sektoruna aid vacib kateqorik prosedur hal kimi deyil, hamılıqla ölkə iqtisadiyyatı üçün də son dərəcə əhəmiyyətli, strateji bir məsələ olaraq baxılmalıdır.

 

84.Necessity and a condition of audit of hydrocarbonic resources. Problems of development of audit in the countries with transitive economy./materials international scientific-practical conference/ Chamber of auditors of the Azerbaijan Republic. Baku: 2004. 0,1 p.sh.