gototop gototop

List of scientific works / STABILIZING ASPECTS OF RENT ATTITUDES IN OIL-GAS OF EXTRACTION

13.01.2012

ADİU «Sosial-iqtisadi elmi- tədqiqat» laboratoriyası

Aparıcı elmi işçi, i.e.n E.M.Hacızadə

 

NEFTQAZÇIXARMADA RENTA MÜNASİBƏTLƏRİNİN

TƏNZİMLƏNMƏSİ ASPEKTLƏRİ

Təbiətin töhfələrindən biri kimi neftin geoloji nağdlılığının əslində o qədər də insanların xarakterinə, fəaliyyətinə münasibəti yoxdur. Lakin bununla belə, onun üzərində yaşayanlar ümumi və fərdi sahiblik nöqteyi-nəzərindən dəyişən əhəmiyyətli irsi üstünlüyə malikdirlər. Bu irsilik renta doğurur. İqtisadi kateqoriya kimi yaranışının feodal cəmiyyətində təşəkkül tapdığı qəbul edilən rentanın sosial iqtisadi təbiətini kəndlinin izafi məhsulveriminin torpaq mülkiyyətçisinin mənimsəməsi forması təşkil edir. İqtisadi məzmun daşımaqla təbii ehtiyatlarla bağlı əldə edilən gəlirdə ifadə olunan renta iqtisadçı təfəkküründə məhdud ehtiyatlar kontekstində torpaqdan və digər təbii resurslardan istifadə haqqının qiymətini xarakterizə edir. Məhz torpağın, təbii resursların unikal təklifliliyi şərti, onların təsbit olunmuş miqdarı renta tədiyyələrini əmək haqqı, mənfəət və faizlərdən ayıran xüsusiyyətdir. Torpaq təbiətin ödənişsiz sərvəti kimi istehsal xərcləri ilə ilk baxışda heç bir funksional əlaqəsi olmasa da, onun münbitliyinin doğurduğu renta ödənişləri fərdi istehsalçı üçün xərclər yaradar. İctimaiyyət üçün konkret olaraq xərc hesab edilməyən renta məhsul artıqlığı təsəvvürünü canlandırsa da, istifadənin alternativ variantları müqabilində o, məhz ödənişlərin xərcləri kimi çıxış edir. Renta mükafat olmaqla xərclərin dəyəri ilə bazar qiymətləri arasında fərq kimi, böyük səylərin, ustalığın nəticəsi deyil, sadəcə səxavətli irsiyyətdən qaynaq alır.

 

*     *     *

Zəmanəsinin müvəffəq birja makleri kimi, «Vaterleo qələbəsindən» varlanaraq şöhrətlənmiş yəhudi əsilli, məşhur ingilis  iqtisadçısı David Rikardo müasiri və həmvətəni İeremiya Bentam kimi, təzahürlərin yalnız gərəklilik, faydalılıq mahiyyətinə bağlılığını əks etdirən utilitarizm prinsiplərini rəhbər tutaraq 1817-cı ildə «Siyasi iqtisadın və vergiqoymanın başlanğıcı» əsəri ilə münbitlilik mahiyyətinə əsaslanan nisbi üstünlüklər nəzəriyyəsini yaratmaqla iqtisad elmində yeni mərhələnin təməlini qoymuşdur. Əlbəttə, ötən iki yüz il ərzində çoxlu təftişlərə məruz qalan tədqiqatın prinsipləri şübhəsiz ki, müəyyən qüsur və nöqsanlardan da azad olmamışdır. Burjua iqtisadçısı kimi, onun təlimi daha çox tənqid aspektində marksizm-leninizm klassiklərinin nəzərinə tuş gəlmişdir. Lakin bununla belə, kommuna strateqləri K.Marks, V.İ.Lenin rentaya tarixi aspektdən yanaşaraq burada mənbə, yaranış, inkişaf, tərkolma kimi kateqoriyaları təhlil edərək cıddi nəzərə almışlar. Daha dəqiq interpretasiyada onlar rentanı torpağın istismarını reallaşdıran ictimai münasibətlərin nəticəsi hesab etmişlər. Renta münasibətlərini geniş aspektdə təhlil edənlərdən biri də ilkin marjinalizm nümayəndəsi, amerikan iqtisadçısı Ç.B.Klark olmuşdur. Rentanı qiymətdən fərqləndirərək istehsal agentləri üçün ayrılmış məhsulun bir hissəsi kimi dəyərləndirən alimin təbirincə «Renta qiymət deyil - bu məsələ üzrə klassik nəticə belədir: o hətta indi də hakim olan bir baxışı ifadə edir. Lakin bu ifadə də aydın deyil. Görünür, bu ondan irəli gəlir ki, dəyərlərin bərabərləşməsində o əhəmiyyət daşımır…»1 Renta ilə bağlı tədqiqatlar həm klassik prizmada və həm də müasir kontekstdə  müxtəlif yanaşma və münasibətin predmeti olaraq çoxsaylı təhlil və araşdırmaların müşayiəti ilə inkişaf tapmışdır. Göründüyü kimi,  bununla belə alqış və tənqidlərə məruz qalan, sağdan və soldan zərbələr alan D.Rikardonun tədqiqatları iqtisad elminin inkişafında əhəmiyyətli rol oynamış, müasir mərhələdə də iqtisadi münasibətlərdə öncül və təkanvericı statusunu qoruyub saxlamışdır. Normal mənfəətdən yüksəkdə dayanan renta anlayışı ilə bağlı alimin  işlədiyi konsepsiya əzəli olaraq taxıl istehsalına əsaslansa da, çox sonralar digər sahələrdə, o cümlədən neft sənayesində də fəal tətbiqini tapmışdır.

Renta orada təzahür edir ki, torpaq əsas kapital mövqeyində dayanır. Torpaq, yerin təki və digər bu kimi resurslar üzərində inhisar zamanı bazar qiymətlərinin istehsal xərclərindən artıq hissəsi müqabilində fərq mütləq torpaq rentasını şərtləndirir. Münbitlik, məhsuldarlıq şəraiti ortaya çıxdıqda differinsial renta hərəkətə gəlir. Müəyyən mahiyyətdə renta həmişə torpaq rentası kimi mövcud olur. Bu mənada torpağın qiyməti kapitallaşmış rentaya müvafiq və bərabər nəzərdə tutulur. İqtisadiyyatda daha çox ictimai və təbii şərtlərdən asılı olan torpaq, hasiledicı sənayedə isə təsbit olunan dağ rentası geniş istifadə olunur. Absolyut - mütləq torpaq rentası torpağın, yerin təkinin və digər resurslar üzərində mülkiyyətdən irəli gəlir və o, bazardakı qiymət ilə istehsal xərclərinin fərqindən ibarətdir. Differensial renta isə keyfiyyət - münbitlik ərazi mövqeyi baxımından pis və yaxşı təbii ehtiyatların istifadəsi zamanı yaranır və harada torpaq əsas kapital kimi çıxış edirsə, orada da renta təşəkkül tapır. Differensial gəlirin təbii bazası hər zaman torpaq və yerin təki ilə bağlı olmuşdur. Torpaq təsərrüfat obyekti kimi digər istehsal vasitələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu istehsal vasitəsinin məxsusi fərqliliyi - faydalı qazıntılar təbiətin nemətidir və onların yaranışında insan heç bir əmək məsrəf etmir, yerin təki təkrar istehsal dövriyyəsindən kənardır, müvafiq sərvətlər keyfiyyətcə qeyri-bərabər, kəmiyyətcə məhduddur kimi interpretasiyada şərhini tapır.

Bir çox istedadlı insanlar xüsusi bacarığa malik olmaqla müasir iqtisadiyyatda yüksək qiymətləndirilir. İncəsənət, idman və digər unikal sənət adamları xüsusiləşdiyi ixtisasdan kənarda daim qazandıqlarının çox az hissəsi müqabilində pul əldə edə bilərlər. Belə fərqlilik torpaqda olduğu kimi, burada da xalis rentanı verir. Durmadan varlanmaq istəyində bulunan, yüksək iqtisadi biliyə malik adamlar - hamoekonomikuslar renta dəyərləndirilməsi baxımından fərqlənirlər. Əlverişli təsərrüfat və səmərə verən irsi mülkiyyət sahibləri öz sərvətlərindən renta yönümündə istifadə edərək - rantye adlanan təbəqə qismində çıxış edirlər. Hər bir istedadlı adam, mütəxəssis biliyi rentadır. Məşhur neft maqnatı Con Rokfellerin "insanlarla işləmək bacarığı qənd və qəhvə kimi əmtəə qiymətlidir. Belə bacarığa mən daha çox pul verməyə hazıram2 fikri də bu məntiqdən irəli gəlir.

 



1 Ч.Б.Кларк. «Распределение богатства» М.: «Гелиос АРВ» –2000, с.229

2.Дейл Корнеги. Как заваевать друзей и оказать влияние на людей. Екатеринбург-2000, с.8.

*     *     *

Azərbaycanın neft sektorunda renta münasibətlərinin təşəkkülü  sənayeləşən neft hasilatına keçidlə bağlıdır. 1872-cı ildən mövcud olmuş iltizam sisteminin ləğvi neftin qiymətində əks olunaraq yeni iqtisadi reallığı - rentanı doğurdu. Neftə və neft məhsullarına aksiz vergisi təyin edilməyə başladı. Aparılan aksiz strategiyası daha çox mənfi aspektdə özünü göstərdi. Yüksək ölçülü aksizlər ABŞ kerosininin  Rusiya bazarlarında irəliləyişinə səbəb oldu. Mənfi təzahürdən nəticə çıxaran ruslar 1877-cı ildə aksiz qanunlarını ləğv etdilər. Lakin sonralar konyunktur iqtisadi mülahizələrlə əlaqədar olaraq 1888-1892-cı illərdə yeni aksiz qanununu dövriyyəyə çıxartdılar. Neft sənayesinin inkişafı neftli torpaqların mədənlərə çevrilməsi ilə müşayiət olundu. Həmən əsrin 70-cı illərindən başlayaraq neft maqnatları əkinçi ərazilərə girişməyə başladılar. Dövrün statistik mənbələrinə görə 1882-1890-cı illərdə çar hökuməti Abşeron kəndlərində 5325 desyatin torpağı neftin işlənilməsinə vermişdir. Sonrakı inkişaf mərhələsində, 1912-cı ildə neft torpaqlarının icarəyə verilməsi haqqında qanun qəbul edildi. Neft sənayeçiləri icarə haqqı əvəzinə şərti ödəniş ödəməyə başladılar. İcarədarlar xəzinəyə bazar qiyməti ilə şərti ödəniş qiymətinin fərqini köçürürdülər. Sahibkarlara elə sahələr verilirdi ki, onlar hər pud neftə ən aşağı şərti ödəniş təklif edirdilər. Burada həmçinin mütləq minimum hasilat həcmi də şərtləndirilirdi. Qeyd etmək lazımdır ki, belə tədbirlər o qədər əhəmiyyətli olmadı. XX əsrin təlatümlü ilk onillikləri renta münasibətlərini də təbəllüdatlara uğratdı.

SSRİ-də 1930-cu ilə qədər renta neft-qaz sənayesində icarə haqqı kimi tutulmuşdur. Burada renta törədicı faktorların ölkə rayonları üzrə differensiasiyası nəzərə alınmışdır. İcarə haqqından savayı müəssisələrdə geoloji xərcləri əvəzləndirmək üçün «kəşfiyyat yığımı» və «hektar hesabı» - torpaq mülkiyyət rentası  tətbiq edilmiş və bütün bunlar maya dəyərində ayrıca maddə kimi əksini tapmışdır. 1930-cu ilin vergi islahatları zamanı renta üzrə bütün ödənişlər ləğv olunmuş və  əvəzində dövriyyə vergisi tətbiq edilmişdir. Bu isə öz növbəsində təbii ehtiyatların dəyərsiz istifadəsinə rəvac vermiş və məlum mənfi nəticəli  «xərc iqtisadiyyatı»nın  yaranmasına zəmin olmuşdur. Təbii və coğrafi faktorların iqtisadiyyatda nəzərə alınmasında iqtisadçı alimlərin tədqiqatları möhtəşəm dövlətin 1965-cı il islahatlarında öz yerini tapmışdır. Neft-qaz sənayesində yenidən renta ödənişləri tətbiq edilməyə başlamışdır. Bu renta ödənişləri o qədər də məhsulverimli təbii sərvətlərin yerləşməsini nəzərdə tutmamış, daha çox müəssisənin rentabelliyi faktoruna istinad etmişdir. Renta ödənişləri məhsulun maya dəyərinə daxil edilmiş, mənfəətdən 1 ton neft və 1 min kubmetr qaza istinadən hesablanmışdır. Bu hal Sovetlər İttifaqının totalitar təbiətindən irəli gələrək, azad rəqabətin qeyri-mövcudluğu şəraitində rentabellik mülahizələrində şərhini tapmışdır. 1980-cı illərdə İttifaqın sahələrarası balansının məlumatlarında mütləq və differensial renta üzrə fərqlər 3:1 nisbətində olmuşdur.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ətalətlilik tendensiyası, ilk çağlarda plan-komandalı sistemin köhnə qaydalarının davamlılığını təmin etmişdir. Aparılan iqtisadi islahatlar neftqazçıxarmada vergi sisteminin dəyişikliklərə uğraması ilə müşayiət olunmuşdur. Burada  renta ilə bağlı münasibətlərin nisbi təkmilləşməsi də qeyd olunmalıdır. Lakin fikrimizcə, bu münasibətlər inkişaf etdirilərək bazar prinsiplərinə, lokal və qlobal meyillərə uyğun olaraq daha dərinləşməli və təkmilləşməlidir. Belə ki, təbii-dinamik mərhələsini bitirmiş, hasilatın sonuncu fazasını yaşayan köhnə və eyni zamanda bununla yanaşı prespektivli yataqların da işlənməsi yeni strateji və taktiki qərarların axtarışını tələb edir. Bu isə öz növbəsində dünya təcrübəsinə əsaslanan yeni texnoloji quruluşun, vergi rejiminin və idarəetmənin  radikal dəyişikliklərində əks olunur.