Archive
List of scientific works / REAL AN OIL CIVILIZATION OF AZERBAIJAN
AzDİU-nun «Sosial-iqtisadi elmi-tədqiqat»
laboratoriyasının müdiri, i.e.n.E.M.Hacızadə
NEFT SİVİLİZASİYASININ AZƏRBAYCAN GERÇƏKLİKLƏRİ
Sivilizasiya paradiqmasının təşəkkülü qədim tarixin vəhşilik və varvarlıq zamanından sonrakı - III dövrü ifadə edən epoxial mərhələdən: yazının yaranısı ilə əldə olunmuş nailiyyətlərin növbəti nəslə verilməsi məqamlarından başlanğıc alır. Müvafiq çevrədə təqdim olunan sivilizasiya mərhələsini digər əlamətdar cəhətlərlə: metallurgiyanın, riyaziyyat və astronomiyanın, uzaq ticari rabitənin yaranışı, əmək bölgüsünün, sosial stratifikasiya və şəhərlərin təşəkkülü, dövlətçiliyin, idarəetmənin formalizasiyası ilə də bağlayırlar. Bununla belə vurğulanmalıdır ki, müasir zamanda sivilizasiya istilahı özünün ilkin mənasını praktiki itirmiş və o, hazırda yüksək tarixi və coğrafi mədəniyyətlər məcmusunu ifadə etdirərək dil, din, ənənə, institutlar və insanların subyektiv identifikasiyasının ümumi obyektiv elementlərində təyinat tapır. Yeni yaranışlar, innovasiyalar zənginliyi gətirən mədəni-texniki epoxial mərhələlər də sivilizasiya obrazında təlqin olunur. Bu baxımdan neft-qaz resurslarının industrial istehsal dövrünün başlanğıcı da məxsusi olaraq geniş təcəssümdə karbohidrogen erası, sadəcə isə neft sivilizasiyası adlandırılır.
Neftin çox min illər öncə insana bəlli aşkarlığı sənaye epoxasına qədər onun miqyaslı istehlakını və axtarışını xüsusi maraq obyektinə çevrilməmişdir. Qədim əyyamlarda Misirdə, Hind və Çində, Farsiyada, Malay arxipelaqı arealında mağaralarda, açıq çuxurlarda, palçıq vulkanlı ərazilərdə, mərcanlı zolaqlarda rast gəlinən neftin mövcudluğu haqqında İncil hekayətlərində, Herodotun, Plutarxın, digər alim və tarixçilərin əsərlərində məlumatlar əksini tapmışdır. Antik dünyada «yunan atəşi» adlanan neftdən hərbi əməliyyatlarda, orta əsrlərdə isə məişətdə, təbabətdə, şəhər təsərrüfatında, konkret olaraq Sisiliyada çıraqların yandırılmasında, XVIII əsrdə hətta Genuyada küçələrin işıqlandırılmasında, Şimali Amerikada Hindu qəbilələrinin dərin olmayan quyulardan çıxardıqları «Seneki» və müasir Çexiyanın ərazisi olan boylar ölkəsi Bohemiyada «Kvirinus» adlanan neftli yağdan müalicəvi vasitə kimi istifadə edilmişdir. Bütün bu olaylar neftin sivilizasiyaya xidmət etməsindən xəbər versə də, onun əlahiddə bir sivilizasiya yaranışlı təzahürünə gətirməmişdir.
Neft sivilizasiyasının qlobal çevrədə təşəkkülü XIX yüzilliyə təsadüf edir. Belə ki, 1826-cı ildə ABŞ-da duz axtarışı üçün qazılan quyunun neft verməsi hadisəsi onun sənaye baxımından dəyərləndirilməsində mühüm amil olmuşdur. Lakin bu hadisəni də neft sivilizasiyasının başlanğıc məqamı kimi qiymətləndirmək olmaz. Duz əvəzinə neft kəşfi epopeyasından bir neçə onillik, sonra neftin energetik gücünün dərk diapazonunun genişlənməsi onun böyük axtarışını daha dərin mətləbli maraqlara cəlb etmişdir. 1859-cu ildə Qərbi Pensilvaniya düzündə polkovnik Dreyk artezaan üsulu ilə qazma apararaq miqyaslı neft aşkarlamış və nəticəvi olaraq bu olay neft adlanan həyəcanda yeni sivilizasion mərhələnin başlanğıc nöqtəsinə çevrilmişdir. Rus neft tarixinin tədqiqat səhifələrində bu hadisəyə paralel olaraq qeyd edilir ki, müvafiq ərəfədə Kubanda Kudaka çayı hövzəsində başqa bir polkovnik - Novoselyevin mexaniki qazdığı quyunun məhsul verməsi ölkədə neft erasının yaranışına gətirmişdir.
Neftlə bağlı ədəbiyyatlarda, ensiklopediyalarda onun yaratdığı əlahiddə sivilizasiyanın son dərəcə dəqiq məkan və zaman tarixinin öncüllüyünü əks etdirən məlumatlara rast gəlinmir. Geniş diapazonda neft sivilizasiyasının təşəkkül məqamları XIX əsrdə Avroatlantik məkanda daxiliyanma mühərrikinin kəşfi, neft krekinqində nailiyyətlər, onun məhsul assortimentinin genişlənməsi, enerjitutumlu industrial komplekslərin yaranışı ilə bağlanılır. Lakin qətiyyətlə demək olar ki, neftdən xalqların təsərrüfat həyatında geniş və miqyaslı konturda istifadə məkanı və zamanında Azərbaycan ərazisi üstün fərqlərə malikdir. Belə ki, eramızdan əvvəl VII-VI əsrlərdə Azərbaycanda, xüsusən Abşeron torpağında neftdən istifadənin mövcudluğu haqda dəyərli məlumatlar vardır. Tarixi faktlar bəyan edir ki, diyarın «Odlar yurdu» adlanışı müvafiq arealda yerin təkindən özbaşına çıxan təbii yanar qazların və mövcud neftli ərazi genişliyindən qaynaqlanır.
Abşeronda neftli quyuların intensiv qazıntısı isə sənaye epoxasından öncəki yüzilliklərə təsadüf edir. Qazma tarixinin ana səhifələrində Balaxanılı usta Allahyar Məhəmmədnur oğlunun 1594-cü ildə dərinliyi 64 metr olan quyu inşa etdiyi haqda məlumatlar verilir. Bu fakt isə, artıq o zamanlar Bakıda neft istehlakının miqyaslı xarakter aldığını, onun qazıntısının sənətkarlıq səviyyəsinə yüksəldiyi qənaətini verir. Bir qədər sonra XVII-XVIII əsrlər qovşağında Bakıda ilk olaraq neftçi peşəsinin formalaşdığı və bununla belə, neftin xalqın təsərrüfat həyatının ayrılmaz hissəsinə çevrildiyi yəqinləşir. Tarixi mənbələrdə 1729-cu ildə Abşeronda neft quyularının xəritəsinin tərtib olunduğu, Bakı neftinin geniş çeşiddə çar I Pyotr zamanında Peterburq apteklərində satıldığı göstərilir. 1806-cı ildə Bakı neft mədənlərinin Rusiyanın inhisarına keçməsi ilə neft hasilatı uçot-hesabat göstəricisinə çevrilir. Statistik hesabatlarda həmin ildə Bakıda 3930 ton qara, 41 ton ağ neft hasilatı qeydiyyatı əksini tapır. 1948-ci ildə isə ABŞ-dan 11 il öncə tarixdə ilk dəfə olaraq Bakıda mexaniki üsulla ilk neft quyusu qazılır.
XIX yüzilliyin sonlarında artıq dünyanın müxtəlif guşələrində neft hasilatı təşəkkül tapmışdı. Bir sıra nüfuzlu statistik mənbələrdə sənayeləşən neft hasilatının XIX əsr palitrasında yataqların Bakıda 1821, Rumıniyada 1857, ABŞ-da 1859, Meksikada 1887, İndoneziyada 1893-cü illərdə aşkarlanması və istismar düzümü göstərilir. Lakin o zamanlar kürreyi ərzin iki qütbdə - ABŞ-da Pensilvaniyada, Rusiyanın Bakı əyalətində hasilat yüksək rentabelli silsilədə, fontanla müşayiət olunaraq neft sənayesinin təmərküzləşməsi və inhisarlaşması prosesinə rəvac vermiş, ilk sahəvi sindikatlarını, biznes qaydalarını, qeyri-kommersiya yönümlü neft cəmiyyətlərini ərsəyə gətirmişdi. XIX əsrin sonunda Azərbaycan nefti ixrac potensialını genişləndirərək Hindistan, Türkiyə, Misir, Çin, Yaponiya, hətta daha uzaqlara - Avstraliyaya göndərilirdi.
Dünya neft hasilatında 1898-1901-ci illərdə Bakı lider mövqedə dayandı və əsrin əvvəlində planetdə hasil edilən 20 milyon ton neftin yarıdan çoxu onun payına düşdü. Neft hasilatının qərarlaşan göstəricilərinə istinadən XIX əsrdə dünyada 400 milyon ton neftin hasil edildiyi bildirilir ki, bunun da 140-150 milyon tonu Azərbaycanın payına düşür. Azərbaycan nefti I və II cahan savaşlarında hərbi texnikanın əsas yanacaq mənbəyinə çevrilmişdi. Böyük Vətən müharibəsi illərində hər dörd sovet tankı və təyyarəsindən üçü Bakı nefti ilə döyüşlərə yollanmışdır. Müharibədən sonrakı ilk illərdə də İttifaq və dünya neft industriyasının klassik mənzərəsinin kardinal dəyişkənliyinə baxmayaraq Azərbaycan nefti industrial cəmiyyətə xidmətində kəsərli bulundu.
Analitik şərhi verilənlər və bundan irəli gələn digər müvafiq əsaslandırmalardan çıxış edərək qlobal neft sivilizasiyası öncəsi və bu sivilizasiyanın təşəkkülü çərçivəsində Azərbaycanın ilkinlik spektrində eksklyuziv tövhələrini aşağıdakı xronologiyada təqdim etmək mümkündür.
- ərazi-coğrafi kontekstli toponium yaranışı /b.e.ə./;
- karxana üsullu neft quyusu inşası /XVI əsr/;
- neftçi peşəsinin formalaşması /XVII-XVIII əsrlər/;
- neft quyuları xəritələri /1729-cu il/;
- sistemli neft statistikası /1806-cı il/;
- mexaniki qazma /1848-cı il/;
- Şaquli İnteqrasiya olunan Şirkət /1879-cı il/;
- neft tankeri /1890-cı il/;
- limanlar arası ən uzun magistral neft kəməri /1906-cı il/;
- dövlət neft şirkəti /1920-ci il/;
- dənizdən neft hasilatı /1904-1948-ci illər/;
Bütün sadalananlar heç də Azərbaycanın qlobal neft sivilizasiyasında tutduğu mövqeyi, verdiyi tövhələr qammasını tamlıqla ifadə etmir. Bu sıraya dünya neft elmi və mühəndisliyinin inkişafınada, geoloji-axtarış və kəşfiyyat sahəsində, həmçinin qazma və istismarda da əldə edilən elmi-texniki nailiyyətlər, istehsalın idarəetmə innovasiyaları və Azərbaycan neft sivilizasiyasının digər effekt yaradıcı xüsusiyyət və məqamları da qatılır.
69.Real an oil civilization of Azerbaijan. Azerbaijan is one of the most ancient of the centers of a civilization of the world. Ministries of Youth, Sports and Tourism. Scientific-practical conference.Baku: 2004. 0,1 p.sh.