gototop gototop

List of scientific works / LIBERAL ECONOMY AND PROBLEMS OF PROTECTION NATIONAL MANUFACTURE

25.01.2012

AzDİU «Sosial-iqtisadi elmi-tədqiqat»

laboratoriyasının müdiri, i.e.n.E.M.Hacızadə

 

LİBERAL İQTİSADİYYAT VƏ MİLLİ İSTEHSALIN

MÜHAFİZƏSİ PROBLEMLƏRİ

 

Ötən əsrin ilk çağlarında beynəlxalq ticarətin sürətlənən inkişaf prosesi dövlətləri yerli istehsalçıların maraqlarına xələl gətirmədən bazarı idxal məhsulları ilə yükləmək dilemması qarşısında qoydu. Vəziyyətdən çıxış yolunda proteksionist siyasət hərəkətə gəldi. Vurğulanmalıdır ki, proteksionist siyasətin kökləri merkantilizmdən öncəki çağlara gedir. XVI əsrdən başlayaraq isə o daha geniş çevrədə dövlətin iqtisadi siyasətində təşəkkül tapır. Məhz bu zamanlarda iqtisadi düşüncədə ixracın idxalı üstələməsi prosesində dövlətin sərvətlərinin artması fikri formalaşmışdır. XX əsrin ortalarında məlum olmuşdur ki, sərt proteksionizm dünya iqtisadiyyatının inkişafının məhdudlaşması ilə müşayiət olunur. Bu zaman ABŞ-da yeni iqtisadi texnologiya - xarici ticarətdə məhdudiyyətlərin mütəmadi olaraq ləğvi, idxal və ixraca sürətlər verən liberalizasiya strategiyası hazırlanaraq dövriyyəyə çıxarıldı. Beynəlxalq ticarətdə liberalizasiyanın ideya bələdçisinə yenicə təşəkkül tapan Beynəlxalq Ticarət Təşkilatı çevrildi.

Latın mənşəli liberal isminin paronimləri liberalizasiya və liberalizm birbaşa tərcümədə azad mənasını ifadə edir. Lakin bu istilahlar iqtisadi sferada ayrı-ayrı anlayışlarda təcəssüm olunur. Liberalizasiya azad ticarətdə meyil artımını, liberalizm isə bazar iqtisadiyyatının bazisi olmaqla bu prosesləri öyrənən iqtisadi nəzəriyyəni tərənnüm edir. İqtisadi müstəvidə liberalizasiya bazar iqtisadiyyatının alternativ ifadə variantında da işlənilir. Liberalizm isə sərt dövlət tənzimlənməsi siyasəti «komanda iqtisadiyyatı» termininin antonimi kimi də çıxış edir. İqtisadi liberalizm XVIII əsrdə Adam Smit təlimindən başlanğıc alır. XX əsrin 30-cu illərində Böyük depressiyadan sonra isə onun yeni formatlı axını, neoliberalizm meydana gəlmişdir. Bu isə o deməkdir ki, biznes sferasında böhrandan çıxmağın oyun qaydalarını dövlət müəyyən edir. Müasir zamanda liberalizm anlayışı əhəmiyyətli dərəcədə təbəllüdatlara uğramışdır. Lakan onun şəxsi mülkiyyət, azad sahibkarlıq və azad rəqabət kimi əsas prinsipləri dəyişməz olaraq qalır.

Beynəlxalq ticarətdə artım, istehsalın yüksəlişində, beynəlxalq əmək bölgüsünün inkişafı ayrı-ayrı əmtəə xərclərinin azalmasında ifadəsini taparaq liberalizasiyanın üstünlüklərini əks etdirir. Lakin bununla belə, liberalizasiyanın az olmayan əleyhdarları da vardır. Əleyhdarlıq elementləri özünü iqtisadi inkişaf etmiş dövlətlərin ikinci və üçüncü eşelonda təmsil olunan ölkələrlə münasibətlərində disproporsiyaların mövcudluğunda nəzərə çarpdırır. Belə ki, dünya bazarına əsasən xammal və kənd təsərrüfatı məhsulları çıxaran, yetkin iqtisadi inkişaf etməmiş dövlətlər idxal əmtəələrinə qapılarını geniş açdıqda, onlara mənsub yerli müəssisələr sadəcə rəqabətə dözməyərək iflasa uğrayacaqlar. Perspektivdə isə milli sənaye sonrakı inkişaf templərindən geri düşəcəkdir. İqtisadiyyatın bu ümumi qanunu bizim ölkəmiz üçün də eyni təsirlidir. Buna görə də dünya bazarında əsasən xam neft və neft məhsulları ilə təmsil olunan respublikada yerli istehsalın və milli biznesin mühafizəsinə qayğı daha da artırılmalıdır. Bu istiqamətdə dünya təcrübəsində intişar tapmış iqtisadi mühafizə metodları və mexanizmlərindən daha dolğun və sistemli istifadə edilməlidir. Dövlətin əlində daxili istehsalı qorumağın və milli biznesi mühafizə etməyin arsenalı geniş və zəngindir. Tarazlaşdırılmış liberalizasion və proteksionist tendensiyalı siyasət bu strateji istiqamətin prioritetlərini təşkil etməlidir.

Müasir proteksionist tədbirlər sistemi geniş şəbəkəlidir. Burada daxili bazarda milli sahibkarlara müəyyən məhsulların istehsalı və satışı üzrə inhisarçı hüquqların, vergi güzəştlərinin verilməsi, subsidiyaların ayrılması əhəmiyyətli səciyyə daşıyır. Digər tərəfdən, bu tendensiyada əsaslı rolu antidempinq proseduru oynaya bilər. Bazar iqtisadiyyatında geniş intişar tapmış ingilis mənşəli istilah dempinq konkret interpretasiyada tullamaq, iqtisadi sferada isə əmtəələrin xarici bazarlarda maya dəyərindən aşağı qiymətə satılması mənasını ifadə edir. Burada əsas prinsiplər leytmotivində bazarın fəth olunması və rəqabətdə qələbənin təmin edilməsi hədəfi dayanır. Dempinqdən mühafizə olunmaq məqsədi ilə bir sıra ölkələrdə antidempinq prosedurları, daha dəqiq isə idxal mallara üstün gömrük rüsumlarının qoyulması tətbiq edilir. Azərbaycanda da antidempinq təyinatlı prosedurlar təbiq olunmaqdadır. Lakin bizim tədqiqat məqsədimiz bu prosedurların təkcə konyunktur məqamlarla deyil, analitk hesablanmış, elmi əsaslandırılmış çevrədə geniş tətbiq olunmasını şərtləndirir. Belə ki, müvafiq istiqamətli siyasət balanslaşdırılmış meyarlar üzərində qurulmalıdır. Ölkə iqtisadiyyatının liberal axından daha davamlı mühafizəsini təmin etmək üçün respublikamızın Beynəlxalq Ticarət Təşkilatına daimi üzv kimi daxil olması zəruridir.

Liberal iqtisadiyyat və proteksionizm siyasəti eyni iqtisadi mühərrikin hərəkətverici qüvvələridirlər. Dayanıqlı sosial-iqtisadi inkişafa müvəffəq olmaq istəyən dövlət isə bu iki seqmentin, liberalizasiya strategiyasının və proteksionizmin tarazlı proporsionallığını inteqrasion proseslərdə dolğun təmin etməyə borcludur.

 

66.Liberal economy and problems of protection national manufacture. The 11th International Conference on Central Asia and the Caucasus” “Security in theSouth Caucasus”. Institute for Political and International Studies.Tehran. December 8-9. 2003. 0,2 p.sh.