gototop gototop

List of scientific works / PROBLEMS OF PREPARATION AND TRAINING OF INDEPENDENT TAX ADVISERS IMPROVEMENT OF TAX SYSTEM IN OIL GAS TO EXTRACTION

11.02.2012

ADİU, i.e.n E.M.Hacızadə

 

NEFTQAZÇIXARMADA VERGİ SİSTEMİNİN

TƏKMİLLƏŞDİRİLMƏSİ MEYİLLƏRİ

 

Neft-qaz sektorunun nisbi uğurlu fəaliyyəti onu digər sahələrdən üstün edərək büdcənin əsas donoruna çevirmişdir. Hazırda respublikanın dövlət büdcəsinin mədaxilinin əksər hissəsi həmən mənbədən  qaynaqlanaraq ərsəyə yetir. Lakin qeyd olunmalıdır ki, bu effekt  neft-qaz hasilatını reallaşdıran komplekslərin yüksək intensiv rejimli fəaliyyəti hesabına başa gələrək sahənin özündə istehsal və maliyyə gərginliyini artırır, onu böhranlı məcraya sürükləyir. Büdcə daxilolmalarında Xəzərdəki offşor zonanın ödəniş proporsiyaları artsa da, illərcə müvafiq məhsuldarlığın  əsas bazasını təşkil edən köhnə istismar sahələri cari dövrdə və yaxın prespektivdə bu strateji yığımda əhəmiyyətini itirməyəcəklər. Neft-qaz hasilatı hesabına inkişaf tapan iri yaşayış və sənaye məntəqələrinin infrastrukturunu əlavə olaraq yardımçı kommunikasiyon vasitələrlə təmin edən quruda yerləşən neftqazçıxarma kompleksi, hazırda bir çox iqtisadi-texniki çətinliklər və eyni zamanda müəyyən qədər də artan səviyyəli vergilərlə yüklənməsindən əzəli istehsalat manevrliyini itirmişdir. Yüksək və təcili vergi yığımı ilə yanaşı, həm də geniş sosial strukturlu ərazinin, şəhər, mənzil-kommunal təsərrüfatının saxlanması, stimullaşdırılması tələb olunan kompleksdə mövcud vergi sisteminin geniş tədqiq, təhlil edilməsi daha aktuallaşan xarakter alır. Digər tərəfdən liberallaşan iqtisadiyyatın yüksələn tələbləri istehsalat kompleksinin funksional fəaliyyətinə müvafiq aspektdə yeni yanaşmanı, vergi sisteminin təkmilləşməsini və uyğun gələn nəticəli qərarların təxirəsalınmaz tətbiqini şərtləndirir.

*     *    *

Fiskal, sosial və başlıca olaraq tənzimləyici funksiyaları yerinə yetirən vergilər ictimai varlığın iqtisadi elementi kimi dövlətin iqtisadi qüdrətini artıran reallıqdır. Uğurlu və stabil iqtisadi inkişafa nailolmada isə dövlətin və ödəyicinin qarşılıqlı təmin edən optimal vergi sisteminin yaradılması mühüm vəzifə olaraq qarşıya çıxır. Bütün bunlara rəğmən respublikada vergi sisteminin təkmilləşdirilməsi istiqamətində çox mühüm işlər görülməkdədir. Belə ki, vergi orqanlarında struktur dəyişikliklərinin aparılması, ayrı-ayrı vergi növləri üzrə dərəcələrin aşağı salınması, vergi qanunvericiliyinin  unifikasiyasının dərinləşməsi və digər bu kimi konkret atılan  addımlar bəhrəsini vermişdir. 2001-ci ildən qüvvəyə minən vergi məcəlləsi isə respublikamızda gerçəkləşdirilən vergi islahatlarının yeni sıçrayış mərhələsini təşkil edir. Labüd mümkün qüsurlarına baxmayaraq şübhə yoxdur ki, yeni vergi məcəlləsi də iqtisadi inkişafa və iqtisadi demokratiyaya uyğun olaraq daha da təkmilləşəcək, dövlətin fiskal siyasətinin reallaşmasında güclü və yenilməz mexanizmə çevriləcəkdir.

Köhnə istismar sahələrində hasilatın xeyli azalması komplekslərdə eksklyuziv vergi strategiyasının aparılmasını şərtləndirir. Vergiqoyma formalaşmış praktikaya görə qeyri-bərabər şəraitdə olan subyektlərə eyni mülahizə ilə yanaşmada şaquli, uyğun  şəraitdə olduqda isə  üfüqi ədalət prinsipində əksini tapır. Məhz bu spesifik cəhəti nəzərdə tutaraq quruda fəaliyyət göstərən neftqazçıxarma kompleksində şaquli ədalət prinsipli vergiqoymanın tətbiq edilməsi məqsədəmüvafiq nəticəli ola bilər. Vergi rəqabəti kimi qəbul edilməyən güzəştli sistemin istismarın sonuncu fazasına daxil olan köhnə yataqlarda rentabelliyin təminatı məqsədi ilə müəyyən müddət sınanması məntiqli, dövləti mənafelər baxımından zəruri və əhəmiyyətlidir. Belə istiqamət respublikamızın quruda yerləşən yataqlarından yaşca cavan, ehtiyatları  nisbətən az tükənmiş Tatarıstanda da geniş tətbiqini tapmışdır. Rusiya Federasiyasına daxil olan xüsusi statuslu  bu respublikada  2000-ci ildə 1  10,8 milyon ton neftə güzəştli vergiyə cəlb edilmişdir. Bu strategiyanın yaxın illərdə də davam etdirilməsi sulaşmış, qeyri-rentabelli sahələrin stabil inkişafında müvəqqəti tədbir kimi nəzərdə tutulur. Ümumiyyətlə, vergi prosesində belə strateji xəttin praktiki müstəvidə tətbiqi geniş yer almışdır. ABŞ və Kanadanın da neft-qaz sektorunda azdebitli, yüksək istismar  xərcləri tələb edən  sahələrdə vergi yükünü azaltmaqla məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olurlar.

Vergi güzəştlərinin neft-qaz kompleksində tətbiqi spektri geniş diapazonludur. Mövcud empirik nailiyyətlərdən, aparıcı neft kompaniyalarının təcrübəsindən bəhrələnərək milli neftqazçıxarma  sənayesində, xüsüsən də rentabelsizlik həddinə yetişən köhnə quru yataqlarında müvəqqəti hal kimi mülayimləşdirilmiş, güzəştli vergi vahəsi və yaxud vergi tətilləri tətbiq etmək olar. Lakin bu istiqaməti də vəziyyətdən çıxışın yeganə variantı hesab etmək olmaz. Fikrimizcə, sahədə vergi əsarətinin mülayimləşdirilməsi əsasən iki istiqamətdə həllinə qovuşar:

  • əmlakın təbii istehsal potensialına uyğunlaşdırılması;
  • dövlət kompromisləri.

Birinci istiqamət geniş və dəqiq inventarizasiyanı nəzərdə tutur. Belə ki, 43,1 min kv.km sahədə istismarı reallaşdıran, quruda fəaliyyət göstərən neftqazçıxarma birliyi indiki şəraitdə torpaq artıqlığı və köhnə izafi, səmərəsiz əmlak mövcudluğu situasiyası ilə üzləşmişdir. Məhz bu iri həcmli sahədən oxşar təyinatlı torpaq və həm də mədən vergisi hesablanır.  Kəşfiyyat və istismar altında olan bu nəhəng istismar zonası demək olar ki, respublikanın quru ərazisinin tən yarısına bərabərdir. Bununla yanaşı, ehtiyatların tükənməsi, istismarın kritik həddə yetişməsi son on ildə orta hesabla hasilatın 2 dəfə aşağı enməsinə, quyu fondunun 3 dəfə azalmasına səbəb olmuşdur. Neftli yataqların müəyyən hissəsində istismarın tamamlanması və bununla bağlı müəyyən təsərrüfatsızlıq nəticəsində mədən ərazilərində yaşayış və digər obyektlərin inşaasının artması baş vermişdir. Bütün bu obyektlər isə sərhədlərinin dəqiqləşdirilməsinə ehtiyac olan vergitutma zonası daxilindədir. Ərazilərin mükəmməl inventarizasiyasının, pasportlaşmasının aparılması istismar və kəşfiyyat altında olan torpaqların faktiki istifadə sahəsini bir daha dəqiqləşdirməyə, onların real xəritəsini əldə etməyə imkan verər.

Nəzərdə tutulan istiqamətdə daxili imkanların səfərbərliyi hesabına vergi yükünün azaldılmasında digər mühüm ehtiyat mənbəyi yetərli fiziki və mənəvi aşınmaya məruz qalmış əmlakın, maşın, avadanlıq, qurğuların indiki potensialına və müasir texnoloji proseslərə uyğun gəlməyən miqdarının ixtisarı ilə bağlılıqdadır.. Aşkarlanıb təhlil edilərək istismara yararsız qeyri-məhsuldar maşın və avadanlıqların, qurğuların, tikililərin hesabdan silinməsi, icarəsi, satışı və ya mənfəətli, səmərəli  istifadəyə səbəb olan istiqamətdə işlədilməsi xeyli izafi əmlakın azalmasına, bununla da vergi yükünün məhdudlaşmasına şərait yaradar. Bu sıraya istifadəsiz mədən ərazi yollarını, binaları da əlavə etmək olar. Hasilata yeni nəzarət və monitorinq proqramlı sistemlərin tətbiqi də digər kommunikasiya vasitələrindən istifadəni azaldar və sahədə  daxili "yol fondu" üzrə ödənişləri kiçildər.

Vergi əsarətinin mülayimləşməsində ikinci istiqamət, qeyd etdiyimiz kimi, dövlət gəlirlərini əhatə edən güzəştlər sisteminin tətbiqi ilə bağlıdır. Lakin bu istiqamətdə reallaşmalar əvvəlcədən dəqiq hesablanmış kompromis  proqram və planlara uyğun olaraq gerçəkləşdirilir. Dövlətin «görünən əli» ilə bazarın «görünməz əli»nin qarşılıqlı təması vergi kompromisləri üçün müəyyən zəmin yaradır. Məhz bu gerçəklik vergi məsələsində qeyd etdiyimiz ikinci istiqamətdə dövlətin neftçilərə kompromisə getməsində əsas şərtdir. Şübhəsiz ki, qarşılıqlı kompromislər istehsalın səmərəliliyinin yüksəldilməsinə yardım edəcəkdir. Bununla belə, digər mütərəqqi praktiki mexanizimlərin də sınanma obyekti olması istisna deyildir. Bu baxımdan nisbət kiçik gəlirlərlə faizlərin azaldalması, proporsional vergiqoyma-deqressiya, vergi prospektinin məhdudlaşdırılması, ümumi və ya əlavə vergi növlərinin tətbiqi və digər iqtisadi əhəmiyyətli mexanizm və tədbirlər də nəzərdən keçirilə bilər. Praktikada, elə Xəzərdəki offşor zonada da diqqətə gətirilən sistemlər üzrə vergiqoyma prinsipləri müəyyən proporsiya və çərçivədə gerçəkləşdirilir.

Vergi məbləğinin ölçüləri - vergi bazası və dərəcəsindən asılıdır. Respublikamızda vergi sisteminin liberallaşdırılması aparılan vergi siyasətinin mühüm prioriteti kimi dərinləşməkdədir. Elə vergi növləri də vardır ki, onların azaldılması iqtisadi tədbirlərlə ərsəyə yetmir. Mənfəət, mədən, ƏDV vergiləri fiskal siyasətə uyğun ümumi standartlar üzrə tə'yin edilir. Belə vergilərin azaldılması isə birtərəfli qaydada deyil, imtiyaz və güzəştlərin tətbiqi ilə mümkün ola bilər. Vergi güzəştləri, dərəcələrin azalması, ödəniş müddətinin dəyişdirilməsi, ümidsiz borcların silinməsi, daha sürətli amortizasiya siyasətinə imkan verən sistemlərin tətbiqi, bununla yanaşı büdcə təşkilatlarına verilən təbii qaz, göstərilən kommunal və digər xidmətlərin əvəzlənməsi vergi güzəşti kimi tətbiq edilə bilər. Məlumdur ki, quru ərazilərində hər il orta hesabla 240-250 milyon kubmetr təbii qaz hasil edilir və onun əksər hissəsi mədən ərazisi əhatəsində olan obyekt və məntəqələrə verilir. Bu ərazilərdən birbaşa təbii qaz alan büdcə təşkilatları da az deyildir. Bununla belə, neftqazçıxarma idarələrinin ərazilərində yerləşən mədəni-məişət obyektlərinə, yaşayış massivlərinə elektrik enerjisinin ötürülməsində fider xidmətinin göstərilməsi, alınan enerjinin qurudakı neftqazçıxarma  kompleksinin vəsaiti kimi yerli istifadəçilərə satılması reallığı da mövcuddur. Biz istehlak olunan təbii qazı və digər bu kimi likvid resursları bu kontekstdə müvafiq ekvivalentli natural vergi qismində çıxış etməsini təqdir etmirik. Belə prosedur uçot qaydaları, mühasibat standartlarını deformasiyaya uğradan nəticələrə gətirdiyindən şübhəsiz ki, iqtisadi-texnoloji alət kimi məqbul hesab edilə bilməz. Lakin nisbi üstün çıxış yolu kimi, problemin həllində qarşılıqlı operativ məcburi ödənişlərin tətbiq edilməsi  vergilərin vaxtında yığılmasını təmin etmiş olar.

Vergilərlə bağlı problematik məsələlərin həllində beynəlxalq praktikada nəzəri və empirik müstəvidə sınanmış dövlət vergi yükü ilə iqtisadi səmərəliliyin qarşılıqlı təmas və asılılığının optimal variantının tapılması və tənzim edilməsi mühüm rol oynayır. Bu baxımdan Laffer effekti və ya əyrisi kimi iqtisadi-elmi dairədə geniş tədqiq olunan və öyrənilən vergi dərəcələri ilə büdcə gəlirlərinin iqtisadi inkişafı təmin edən vəhdətdə bağlılığı prinsipi də diqqətdən yayınmamalıdır. Məlum həqiqətdir ki, istənilən vergi iqtisadi sistemdən resurs götürülməsini ifadə edərək  istehsal tsiklində faydalı işə məhdudluq gətirir. Məhz buna görə də vergi yükünün kritik səviyyədən yüksək təyinatı büdcə gəlirlərinin azalması ilə müşayiət olunacaqdır. Tədqiq və şərh edilən bütün bu analitik və təcrübü gerçəkliklər fikrimizcə milli neft-qaz sənayesinin strateji planlaşdırılması, davamlı inkişaf ssenarisinin hazırlanmasında iqtisadi-texnoloji vasitələrdən biri kimi təyinatlı istifadəsini tapacaqdır.

*     *     *

Köhnə istismar sahələrində bazar prinsipli istehsalın genişlənən  sferası liberal vergi rejiminin tətbiqini qaçılmaz edir. Aparılan təhlil və müşahidələr göstərir ki, resessiyaya uğrayan kompleksdə aparılan islahat işlərinin tərkib hissəsi kimi, sahəvi  vergi sisteminin də təkimilləşdirilməsi zəruri və labüdür. Bu strateji iş isə təkcə daxili istehsalat problemi deyildir. Problemin həllində milli iqtisadi maraqlara uyğun gələn və eyni zamanda sahədə hasilatın rentabelliyi ilə uzlaşan strateji tənzimləmədə dövlətin qayğı və səyləri irəlidir. Məhz buna görə də əsas yükün  ağırlığını dövlət iradəli olaraq öz üzərinə götürməlidir. Məlumdur ki, respublika neft-qaz sənayesinə keçmiş ittifaqdan irsi olaraq müxtəlif disproporsiyalar keçmişdir. Burada təbii ehtiyatlar potensialının əsas və dövriyyə vəsaitlərinin dəyər qiymətinə qeyri-müvafiqliyi daha səciyyəvidir. Təhlil və araşdırmalar göstərir ki, mövcud  disbalansın aradan qaldırılmasında sahədə istehsalın artımına yardım edən bütün iqtisadi imkanların sınağa çəkilməsi, daxili resursların səfərbərliyi və eyni zamanda dövlətin kompromis təyinatlı, mülayim vergi rejiminə keçidi effektli olacaqdır.

Qarşıda gələn dövrün açıqlanan proqnozlarına görə hökumət orqanları yeni vergi islahatlarını aparmaqda qətiyyətli niyyətlərini müşahidə etdirməkdədirlər. Şübhə yoxdur ki, vergi sferasında atılan hər  səmərəli addım neft-qaz sektorundan yan keçməyəcək, vergi islahatlarının iqtisadi effekti neftqazçıxrma kompleksinin rentabelli fəaliyyətini artıracaq, sahədə uzunmüddətli strateji xəttin yüksəlişini və dayanıqlılığını təmin edəcəkdir.



1 «Нефтяное хозяйство». С.А.Пономарьёв., А.В.Марков. Обоснование планов за правопользование недрами учитывающей добычи нефти из не рентабельных месторождений. 2000г № 2. стр.-16

 

49.Problems of preparation and training of independent tax advisers Improvement of tax system in oil gas to extraction. Actual problems of a transitional economy. The /collection of scientific articles / the State Oil Academy of Azerbaijan. (coaut hors - M.J.Atakishiev). Baku: 2002. 0,4 p.sh.