gototop gototop

List of scientific works / THE ORGANIZATION OF INTERNAL AUDIT IN NATIONAL OIL AND GAS SECTOR

21.02.2012

ADİU, i.e.n. E.Hacızadə

 

MİLLİ NEFT-QAZ SEKTORUNDA DAXİLİ AUDİTİN TƏŞKİLİ

 

İqtisadi hərəkət və hadisələri obyektiv məlumatlarla təmin edən, qiymətləndirən proses kimi, auditor nəzarəti beynəlxalq praktikada artıq sınanmış, təşkilatıanmış çoxsaylı qurumları, geniş nüfuz dairəsi olan bir sistem halına gəlmişdir. Bununla belə, daim yeniləşən və təkmilləşən audit sistemi iqtisadiyyatın daha dərin strukturlarına nüfuz edərək, özünün uzunmüddətli təşəkkül prosesini, inkişaf tarixini hələ başa çatdırmamışdır.

Bütün yoxlanış tipi və məqsədlərini ifadə edən auditin təyinatı son dərəcə genişdir. Predmetini maliyyə-mühasibat hesablarının faktları, əsas aparıcı qayəsini müstəqillik prinsipi təşkil edən audit material-texniki, intellektual və mənəvi əlamətləri özündə cəmləşdirərək optimal dayanıqlı nəzarəti həyata keçirir. Korrupsiya ilə beynəlxalq mübarizədə biznes şərtləri və qaydalarının dəyişməsinin siyasətdə də təzahür etməsi auditin praktiki reytinqini daha da yüksəltmişdir. O cümlədən bazar iqtisadiyyatının dərinləşdiyi müəyyən ölkələrdə auditin mühüm qollarından biri olan daxili auditin təşkili qanuni-məcburi çərçivədə reallaşdırılır və bunun səmərəlilik aspekti daha çox dəstək alaraq, geniş intişar tapır. Məlumdur ki, yalnız iri təşkilatlar daxili audit xidmətini yaratmağı özlərinə rəva görə bilərlər. Bu baxımdan, həm ARDNŞ-də, həm də onun iri istehsalat birliklərində daxili auditin yaradılması üçün yetərli imkanlar və zəruri əsaslar mövcuddur. Diqqətə gətirilən cəhətlər fonunda milli neft-qaz sektorunun mərkəzi və aparıcı təşkilatlarında daxili audit təsisatının labüdlüyü ilə bağlı problemlərin təhlil və tədqiqinin nəzərdən keçirilməsi zərurətləri daha da aktuallaşır.

Daxili audit - iqtisadi subyektin özünənəzarət şəbəkəsi kimi, bir çox metodik, prosedur və təşkilati tədbirlərin vəhdətində olmaqla, səmərəli təsərrüfat-maliyyə fəaliyyətində tətbiqini tapır. O, nəzarətin aparılması şərtlərinə rəğmən, idarəetmənin üslub və fəlsəfəsini, təşkilatların strukturu, vəzifə səlahiyyətlərinin bölgüsü, nəzarət metodu, təsərrüfata təsir edən xarici faktorları və s. əhatə edir. Qanuni tələblərə, normativ hüquqi aktlara uyğun fəaliyyət dövriyyəsində bütün iyerarxik səviyyədə əmr və sərəncamların yerinə yetirilməsi, sənədlərin dəqiq uçotu, nöqsan və səhvlərin qarşısının alınması, mühasibat uçotu hesabatlarının vaxtında hazırlanması, aktivlərin qorunması və sair müvafiq istiqamətlər daxili audit sferasına aid atributlardandır. Ümidli funksional nəzarət şəbəkəli daxili auditi birbaşa rəhbərliyə tabe olan və faktiki daxili nəzarəti həyata keçirən təftişçilər, təftiş komissiyaları, auditor qrupları təmsil edir. Təhlil, uçot, nəzarət və planlaşdırmanın inteqrasion sistemi kimi, xərclər və mənfəətin səmərəli idarə olunması məqsədlərini ifadə edən cəhətləri ilə xarici (kənar) auditdən mahiyyətcə fərqlənən daxili auditin müstəqilliyi nisbətən şərtidir. Bu da təşkilat daxili struktur özəlliyindən irəli gəlir. Məhz buna görə də onun ali məqsədini xarici auditin məramlarına uyğun hesabatların doğru və düzgünlüyünün təsdiqi deyil, daha çox resurs itkilərinin qarşısının alınmasını təmin edən rasional nəzarət sistemi təşkil edir. Daxili və xarici auditi ayıran mühüm konkret şərtləri aşağıdakı kimi təsnifləşdirmək mümkündür;

  • auditin məqsəd və vəzifə leytmotivi;
  • informasiyaların təhlil və emal xarakteri;
  • istifadəçilərin müxtəlifliyi;
  • icra fərqliyi.

Daxili və xarici auditin informatik müstəvidə fərqliliyi də diqqəti cəlb edir. Belə ki, xarici audit dərc edilmiş hesabat göstəriciləri bazasında, məhdud informatik şəraitdə fəaliyyət göstərir. Daxili audit bütün mövcud informasiyalarla yanaşı, dar çərçivədə məlum olam konfidensial, kommersiya sirli məlumatlar, satış və mənfəət proqnozları, yeni güclərin buraxılışı üzrə smeta və kalkulyasiya sənədləri, marketinq tədqiqatlarının nəricələri və bu kimi analoji komponentlərlə də əhatələnir. Məhz buna görə də ölkə qanunvericiliyi belə informasiyaları müəssisədənkənar istifadəçilər üçün məhdudlaşdırır. Xarici audit kənar istifadəçilərin maraqlarında təsərrüfatın göstəriciləri, biznes uğuru, maliyyə çevikliyində əks olunarsa, daxili audit bütünlükdə müəssisədə səmərəli nəticələrə nail olmaqla, optimal idarəetmə qərarlarının qəbul edilməsində ifadəsini tapır. Daxili auditi təşkilatın müvafiq profilli mütəxəssisləri, xarici auditi isə sərbəst auditorlar və auditor firmaları aparır. Köhnə kompleks daxili təftiş sisteminə müəyyən oxşarlıqları ilə yanaşı, daxili audit və onu həyata keçirən heyət nəzarəti epizodik deyil, gündəlik, müntəzəm təmin edir və bütün bu nəzarət mexanizmləri təşkilatın daxili işi kimi, onun özü tərəfindən hazırlanmış metod və mexanizmlərdə təsbit olunur. Daxili nəzarət strukturu başlıca olaraq nəzarət mühiti, onun aparılması şərtləri, mühasibat uçotu sistemi və nəzarət prosedurunu əhatə edən iqtisadi elementlərə ehtiva olunur. İnformatik şəbəkə qayda və metodlarını rəhbər tutan müvafiq elementlər vəhdətdə, təşkilatın arzuedilməz risklərdən azadlığını və işgüzar maliyyə aktivliyinin və habelə səmərəli uçotun təşkilini təmin edir.

Daxili auditin məqsədini həllinə qatıldığı məsələlərin struktur və spesifikliyi müəyyən edir. Dünya təcrübəsində gəlir və zərərlərin hesabatlarının, Yaponiya da daxil olmaqla, Avroatlantik məkanı əhatə edən iki əsas (ingilis-amerikan və franko-alman) tipi mövcuddur. Hazırda hər iki formanın vəhdətində qüsurlardan təcrid olunmuş üçüncü qarışıq tipin də tətbiq sferası genişlənməkdədir. İqtisadi-maliyyə hesabatlandırılmasının beynəlxalq tipoloji təsnifatına çəkilən bu diqqət çağdaş qlobal iqtisadi məkanda mühasibatlıqda, uçotun digər spektrində belə hesabatlandırmanın dominant mövqeyi, praktiki standartlılığı ilə bağlıdır. Biznesin təşkilində investorun dövlət, kommersiya qurumu və ya azad sahibkar olması asılılığından kənar bütün dövriyyədə müasir audit bu diapazonda səmərəli ümumi mənafe və maraqları ifadə edir. Bununla yanaşı, istehsal xərclərinin kalkulyasiyası prosesində uçot və auditin səmərəliliyini artıran standart və direkt-kostinq sistemli alternativlik də nəzərə alınmalıdır. Smeta normativlərinin dayanıqlığı və kənarlaşması standart-kost, daimi və dəyişən xərclər kontekstində marginal gəliri ifadə edən direkt-kost sistemlərinin seçim aspekti daxili auditin təşkilində mühüm əhəmiyyət kəsb edir. Bununla belə, neft-qaz biznesinin sahəvi xüsusiyyətləri, milli neft-qaz sektorunun spesifik cəhətləri daxili auditlə bağlı daha geniş imkanlar açır.

Neftqazçıxarma sənayesində struktur bölmələrinin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət etmək məqsədilə tarixən formalaşmış nəzarət-təftiş orqanları fəaliyyət göstərmişlər. Planlı təsərrüfat sisteminin mahiyyətindən doğan bu sistem uzun illər boyu öz əhəmiyyətini nümayiş etdirməklə yanaşı, mənfi aspektini də büruzə vermişdir. O qədər də radikal dəyişikliklərə məruz qalmayan nəzarət-təftiş sistemi özünün əzəli mahiyyətini qorumaqla, bir çox strukturlarda olduğu kimi, neft-qaz kompleksində də artıq xeyli müddətdir ki, mərkəzi mühasibatlığın bir əlavəsinə çevrilmişdir. Vaxtilə totalitar sistem nəzarət-təftiş prosesinə institusional yanaşaraq, onun avtonom fəaliyyətinə üstünlük vermişdi. Nəzarət-təftiş şöbələri hər bir mərkəzi icra orqanında, böyük istehsalat komplekslərində  birbaşa rəhbərə tabe edilmiş, onun qarşısında hesabatlı olmuşdurlar. Bu orqanların artıq tabeçilik cəhətləri səmərəli olmamış və daim uğursuzluğa məruz qalmışdır. Bu məsələ neft-qaz kompleksinin hazırkı təşkilatlanma mərhələsində daha böyük önəm daşıyır. Nəzarət-təftiş şöbələrinin mühasibatlığının tabeçiliyinə verilməsi isə, fikrimizcə, perspektivsiz mərkəzçilik meyillərindənirəli gələrək, daha çox subyektiv amillərlə bağlı olmuşdur. Belə şaquli bağlılıq həm uçot işinin və həm də təsərrüfat fəaliyyətinin səmərəli inkişafına mənfi təsir edərək, təftiş prosesini formal standartlı məcraya salmışdır. Şübhəsiz ki, istər direktivlik, istərsə də iqtisadi tənzimləmə baxımından bu sayaq formalaşan «işbirliyinin», öz-özünü yoxlama prosesinin səmərəsi olmayacaqdır. Bu istiqamət həm də idarəetmədə demokratizmin funksional bölgüsünə məhdudluq gətirir. Bizim tədqiqat-təhlil məqsədlərimizdə struktur nəzarət-təftiş xidmətinin tamamilə bazar prinsipli daxili auditlə əvəz olunması təşviq edilsə də, müvəqqəti olaraq keçid prosesi üçün bu orqanların mühasibatlıqdan müstəqilliyi təmin olunmalı və onların səmərəli fəaliyyəti təşkil edilməlidir. Hətta daxili audit sistemini tez bir zamanda neft-qaz sektorunda formalaşdırmaq mümkün olmasa belə, aparılan islahatlar prosesi dərinləşdikcə və təkmilləşdikcə, təşçkilati struktur bazar mahiyyəti aldıqca belə birləşmələr əhəmiyyətini itirərək, proteksionist-subyektiv təzahürdən qurtulacaq, perspektivdə tam bazar prinsiplərini əhatə edən təftiş-nəzarət mexanizmləri qurulacaqdır. Burada isə funksional xətti monitorinq sistemlərinin yaradılması və gücləndirilməsi, habelə daxili audit sisteminin gerçəkləşdirilməsi daha səmərəli ola bilər.

Milli neft-qaz sektorunun daxili təşkilində xarici faktorlar müstəsna əhəmiyyət daşıyır. İmicli investor daxili nəzarətin təşkili prinsiplərini də təhlil edir və qiymətləndirir. Nəzarət-təftiş sisteminin qeyri-mükəmməlliyi, daha çox da qeyri-bazar prinsipliyi riskin yüksəlməsi ilə müşayiət olunur. Belə hal isə investisiya şərtlərinin ağırlaşmasına, məhdudlaşmasına və hətta sərmayədarı kapital qoyuluşundan çəkindirməyə sövq edir. Daxili auditin təşkilati-informasiya təminatında əhəmiyyəti bəllidir. Sərt maliyyə çevikliyi, daim dəyişən innovasiya tələbləri, təhlükəsiz iş rejimi neft-qaz kompleksinin fəaliyyət ahəngdarlığının yüksəldilməsinə xidmət edən şərtlərdəndir. Məhz belə təminatda daxili auditin operativ informasiyaları idarəetmə qərarlarının düzgün qəbuluna yardımçı olur.

Neft-qaz kompleksində daxili audit qurumunun formalaşmasından məqsəd maliyyə-mühasibat sənədlərinin doğru və düzgünlüyü, onun standarta, normativ tələblərə müvafiqliyinin aşkarlanması və tətqiqi ilə bağlı sahələri əhatə etməməlidir. Beynəlxalq praktikada idarəetmə sistemlərinin funksiyalararası, təşkilati-texniki vəzifələri üzrə yükü daxili audit çəkir. Burada qeyri-maliyyə sahələri üzrə audit prosesi təşkil edilə bilər. Xüsusən belə hal ehtiyatların bir daha dəqiqləşdirilməsi və inventarizasiyası, təhlükəsizlik normalarına riayət olunmanın yoxlanışı, ekoloji nəzarət və rəhbərliyin səmərəli fəaliyyət üçün məqsədəmüvafiq hesab etdiyi digər sahələri də əhatə edə bilər.

Real bazar qurumlarında baş mühasibdən də üstün hüquqlara malik olan baş daxili auditor, direktorlar şurasının üzvü kimi, ali nəzarət və təftiş funksiyalarını icra edən səlahiyyətli şəxsdir. Şirkətdə səmərəli iqtisadi mühitin qurulması, dayanıqlı maliyyə funksionallığı, keyfiyyətli iş rejimi əhəmiyyətli dərəcədə onun təşkilatlandırdığı qurumun fəaliyyətindən asılıdır. ARDNŞ-nin nizamnaməsində də müvafiq funksiyaları yerinə yetirməyə hesablanmış nəzarət-təftiş komissiyası nəzərdə tutulmuşdur. Onun daxili audit statusuna qaldırılması isə təhlil olunan problemli məsələnin həlli istiqamətində mühüm addım olacaqdır.

Müəssisənin işgüzar mühiti haqqında müstəqil informasiya tələbini ödəyən, təsərrüfat subyektinin mühasibat sənədlərinin düzgünlüyünü, aparılan əməliyyatların mövcud normativ hüquqi bazaya uyğunluğunu təmin edən xarici audit idarəetmənin mühüm elementi kimi təminatverici, məşvərətçi funksiyaları yerinə yetirən daxili auditin fundamental təşkil edildiyi şəraitdə daha səmərəlidir. Daxili audit xidməti bazar yönümlü istənilən stasionar mühit üçün əsaslı və zəruridir. Mükəmməl bazar infrastrukturunun yaradılmasının labüd komponenti kimi, daxili auditin də iqtisadi həyatımıza tam mənada qədəm qoymasının zamanı yetişmişdir. Bu baxımdan mili neft-qaz sənayesində də yeni mütərəqqi bazar strukturlu daxili audit sisteminin təşkili zəruridir. Bu iş prinsiplərinə qətiyyətli keçidin təşkilində dövlət orqanlarının ümumi niyyət və səyləri müstəsna əhəmiyyətlidir. Qərb iqtisadi auditoriyasında belə bir klassik fikir hakimdir: «İqtisadçılar deyil, siyasətçilər hansı tənzimləyici qurumun yaradılmalı olduğunu həll edirlər». Bu baxımdan, bazar iqtisadiyyatının öncül seqmentlərindən biri olan daxili auditin də iqtisadi dövriyyəyə qoşulmasına səylərimizi səfərbər etməli və ona nail olmanı əyani nümayiş etdirməliyik.

39.The organization of internal audit in National oil and gas sector. «Economy and Audit». Baku: № 5. 2002. 0,6 p.sh.