Archive
List of scientific works / NEW GEOPOLITIC SITUATION AND PROSPECTS OF REGIONAL COOPERATION
ÜOST 336.2.622.276. i.e.n. E.M.Hacızadə
YENİ GEOSİYASİ GERÇƏKLİK VƏ REGİONAL ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ
GİRİŞ
Neft-qaz resursları son 150 ildə fabrik-industrial strukturu, elmi-texniki nailiyyətləri, sosial tərəqqini, texnoloji inqilabları qaynaqlandıran amil kimi həm də cəmiyyətin inkişafının mühüm hərəkətverici qüvvəsi olduğunu nümayiş etdirmişdir. İşıq və isitmə effektini aşaraq maşın və mexanizmlərə həyat verən neftin, təbii qazın keyfiyyət çalarının genişlənməsi yeni bir zamanı – karbohidrogen erasını formalaşdırmışdır.
Dünya iqtisadiyyatının indiki mərhələsində sivilizasiyanın dayanıqlığını, sosial-iqtisadi dirçəlişi bu resurslarsız təsəvvür etmək çətin bir işdir. Çətinlik doğuran başqa bir məqam isə təbii resursların coğrafi yerləşməsindəki qeyri-bərabərliklə bağlıdır. Belə məqam dolğun və fasiləsiz istehlakda xeyli məhdudiyyətlər yaradır. Fəqət, nəqliyyatın məhsuldar qüvvələrinin inkişafı, dərinləşən inteqrasiya təbii ehtiyatlar amilinin təsir dairəsini zəiflədir. Digər tərəfdən, müasir mərhələdə böyük siyasi olay Sovetlər İttifaqının dağılması enerji resurslarının paylanışında fərqli təsnifatı təzahür etdirmişdir. Bununla bağlı dünya birliyində ayrıca təmsil olunan ölkələr sırasına müvafiq iqtisadi potensialı ilə seçilən 5 müstəqil türkdilli dövlətin paralel olaraq Xəzərdəki nəhəng neft-qaz ehtiyatlarının aşkarlanması ərəfəsində qatılması isə planetin energetik sistemini daha ciddi dəyişikliklərə məruz qoymuşdur.
* * *
Yaranmış yeni geosiyasi vəziyyət türkdilli məmləkətlərdə aşkarlanan təbii ehtiyatların qarşılıqlı faydalılıq əsasında regional fonda birləşdirilməsinin səmərəliliyi, onun dünya energetik balansı və differensiasiyasında rolu, yerinin təyinatı aktuallaşan elmi məsələ kimi tədqiqat predmetinə çevrilmişdir. Yeni yüzillikdə də neft erasının bitməsini hallandıran dəqiq proqnozların olmaması bu aktuallığı daha da mühüm edir. Bütün bu keyfiyyətləri ifadə edərək türkdilli ölkələrin təbii enerji resurslarının miqyası, idxalı və ixracatındakı mövqeyi, perspektiv imkanları bizim araşdırmalarımızda təhlil obyekti kimi seçilmişdir.
Empirik tədqiqatlar göstərir ki, hər bir ölkə dünyanın ümumi qanunauyğunluğunda özünəməxsusluğu ilə əks olunur. Sosial ovqat, milli mədəni xüsusiyyətlər dəyişkənliklərin xarakterində təcəssüm olunaraq ayrıca amil kimi çıxış etsə də yeni yaranışlar, genişlənən inteqrasiya təbəllüdatları daha da dolğunlaşdırır. Beynəlxalq geosiyasətdə enerji resursları müstəsna əhəmiyyət daşıyır. Ölkənin enerji ehtiyatları onun siyasi müstəqilliyinin iqtisadi təhlükəsizliyinin əsasında durur. Bu baxımdan türk dünyasını təmsil edən ölkələrin iqtisadi təhlükəsizliyinin təminatı yetərli daxili enerji resursları ilə mühafizə imkanlarına malikdir. Bu imkanları ilə indiki iqtisadi reallıqlar kontekstində bir daha təhlil edilməsi zərurəti mövcuddur. Qeyd etməliyik ki, seçim obyekti olan tədqiqat mövzusunun ilkin elmi şərhini verən əsərlər sırasında Azərbaycan alimləri akademik A.X.Mirzəcanzadənin Ç.A.Sultanovla birgə yazdığı «Azərbaycan neft konsepsiyasının etüdləri» monoqrafiyası da mühüm yer tutur. [1]
Qədim əyyamlardan insanlara bəlli olsa da, neft özünün böyük əhəmiyyətini yeni tarixdə texnoloji inqilablardan sonra almışdır. Sənayeləşən neft istehsalı bizim sivilizasiyada daha geniş çevrədə məqbul və mənfi cəhətlərini biruzə vermiş, onun silah effekti siyasi çəkişmələri, iqtisadi fəsadları yedəyinə almışdır. Bütün enerji mənbələri müqabilində neft hər şeydən mühüm və daha çox problematik olmuş, onun strateji əhəmiyyəti ərazilərin yenidən bölgüsündə, iqtisadi siyasi böhranlarda əsas rol oynamışdır. Neftin sevincini və ağır yükünü çəkənlər arasında Azərbaycan ilk sıralarda yer tutmuşdur. Yüz il öncə Bakının neft mədənləri dünya neft hasilatının yarıdan çoxunu verərək, Rusiyanı planetin neft liderinə çevirmişdir. Azərbaycan nefti öz qüdrətini I və II Cahan savaşlarında da nümayiş etdirərək əsrimizin ortalarına qədər ABŞ-la birlikdə dünyanın iki əsas neft mərkəzlərindən biri olmuşdur. Azərbaycan həm də açıq dənizdə neft-qaz hasil edən ilk ölkə kimi tanınmışdır. Təkcə Sovet tarixi ərzində burada 1,6 milyard ton neftə ekvivalent karbohidrogen hasil edilmişdir. Elmi əsaslara sığışmayan ekstensiv metodlarla aparılan hasilat əzəli istismar sahələrində quyuların enerjisinin, lay təzyiqinin enməsi, ehtiyatların tükənməsi ilə nəticələnmişdir. Bununla belə, Azərbaycanın dövlət müstəqilliyinin bərpası sonunda Xəzərin daha dərin qatlarında əvvəllər aşkarlanmış karbohidrogen yataqlarının potensial gücü dəqiqləşərək artıma məruz qalmış, texnoloji nailiyyətlər isə belə hasilatı imkanlı etmişdir. Azərbaycanın bu gün Xəzərdəki karbohidrogen ehtiyatları 7-8 milyard ton, qurudakı ehtiyatları isə orta göstərici ilə 1 milyard ton ehtimal olunur. Fəqət bütün bunlar da son hədd deyildir. Davamlı axtarış-kəşfiyyat işləri yaxın illərdə ehtiyatların ümumi potensialının hesablanmasında dinamizmi təmin edəcək və çox güman ki, resursların həcmi daha yüksək göstəricidə əks olunacaqdır. Son 5-6 il ərzində bağlanan 21 beynəlxalq neft kontraktları yaxın 10 il ərzində illik hasilatın 40-50 milyon tona, daha uğurlu perspektivdə isə 60-70 milyon tona yüksələcəyi proqnozları əsaslandırır.
Köhnə istismar sahələrində hasilat 9 milyon ton neft, 6 milyard m3 təbiiqaz həcmindədir. Artıq bir neçə ildir ki, «Əsrin müqaviləsi» çərçivəsində ilkin miqdarda 5-6 milyon ton karbohidrogen hasil edilir. Ölkə nefti daxili ehtiyatları təmin etsə də, təbii qazın həcmi istehlak tələbindən 1,5-2 dəfə geri qalır. Neft və neft məhsullarının 1,5-2 milyon tonu ixracata yönəlir. Azərbaycanın neft-qaz iqtisadiyyatı təkcə hasilatla qapanmır. Böyük neft infrastrukturuna illik gücü 18 milyon ton olan iki neftayırma, 4 milyard m3 qaz emal edən zavodlar, maşınqayırma kompleksləri, nəhəng dəniz özülləri kombinatı, texniki imkanları və gəmilərin sayına görə ABŞ-dan sonra ikinci yerdə duran möhtəşəm dəniz neft donanması, tranzit qüdrətli magistral neft və qaz kəmərləri şəbəkəsi, irili-xırdalı yardımçı istehsal qurumları, servis təşkilatları daxildir. Daha önəmli cəhət isə onun yüzillik təcrübədə səmərəli mühəndis təhsilinə əsaslanaraq bəsləməli olduğu elmi potensialına istinad edir. Sovetlər İttifaqında neft və onunla bağlı elmlərin formulaşmasında mühüm sınaq meydanlarından biri olan Bakı şəhəri keçmiş SSRİ-də «Neft akademiyası» titulunu qazanmışdır. Azərbaycan alimləri, geoloqları, neft mütəxəssisləri İttifaq daxilində, sosialist düşərgəsi, Yaxın və Orta Şərqin bir sıra ölkələrində neft ehtiyatlarının axtarış kəşfiyyatını və müvafiq industriyasının təşəkkülünü təmin etmişlər.
Sovetlər İttifaqının süqutu ərəfəsində Xəzərdə böyük miqyaslı karbohidrogen ehtiyatlarının aşkarlanması planetin neft-qaz balansını ciddi dəyişikliklərə uğratmışdır. Regionda neft prosesi çox illər davam etsə də, onun mütləq ölçülərinin hələ də, tam və konkret təyinatı mümkün olmamışdır. Belə təyinat isə əsaslı dərəcədə sahil zolağı ölkələrdə kəşfiyyat-istismar işlərinin gedişi və sürəti ilə əlaqədardır. Burada ehtimal olunan ehtiyatlar 100 milyard barrel və ya 25-30 milyard ton miqyasında hesablanır ki, bu da Şimal dənizi və Fars körfəzi nisbətində aralıq bir göstəricidir. Hövzədə 7-8 milyard ton karbohidrogenin aşkarlanması artıq kəşfiyyat təsdiqini almışdır. Əksər ehtiyatlar 13-14 milyard ton Qazaxıstanın, 7-8 milyard ton Azərbaycanın, 5 milyard tondan çoxu Türkmənistanın, 1 milyard ton Rusiyanın, 2 milyard ton isə İranın payına düşür. Xəzər dənizi yaxın 50 il ərzində Qərbin ən böyük enerji təminatçısı rolunda çıxış edəcək və 2005-ci ildən başlayaraq burada gündəlik hasilat 5 milyon barrellə yüksələcəkdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxışı təmin olunduqca neft durumu, onun qiyməti məsələsində regionun nüfuzu artacaqdır.
Ərazisinə görə ən böyük Türk Cumhuriyyəti olan Qazaxıstan nefi-qaz ehtiyatları ilə Mərkəzi Asiyanın region ölkələrinin liderlərindən biri sayılır. Kəşf olunmuş neft ehtiyatları ilə ölkə dünyada 13-cü, qaz və kondensata görə 15-ci, neftin hasilat səviyyəsinə görə 28-ci yeri tutur. Qazaxıstanın Xəzər şelfində yerləşən ehtiyatları öz nəhəngliyi ilə fərqlənir. Təkcə «Tengiz» yatağında 2-3 milyard tona qədər ehtiyatların olduğu güman edilir. «Kaşaqan» neft yatağının ölçüləri isə daha böyük - «Tengiz»ə nisbətdə iki dəfə yüksək ölçüdə qiymətləndirilir. Ümumilikdə ölkənin dəniz və qurudakı ehtiyatları 20 milyard ton şərti yanacaq ekvivalentliyində hesablanılır. Bununla belə, daha dəqiq rəqəmlər isə aşkarlanmış və istismarı davam edən yataqlar üzrə təsdiqini tapır. İndi mövcud 202 neftli-qazlı yataqda 2,2 milyard ton neft, 1,8 trilyon m3 qaz 690 milyon kondensat ehtiyatının istismarı yalnız 55 yataqda təmin olunur. Ölkədə ixrac prosesində çoxlu maneələr mövcuddur. İllik orta 17-18 milyon ton neft ixracının əksər hissəsi Rusiya vasitəsi ilə gerçəkləşdirilir. Yeni kəmərlərin inşasına böyük maraq göstərərək neftin Avropaya, Fars körfəzindəki bazarlara, hətta Çinə nəqli planlaşdırılır. Hazırda isə Sovetlər İttifaqı zamanı mövcud olmuş Rusiyadan keçən kəmərin «Tengiz-Novorossiysk»in rekonstruksiyası tamamlanmışdır. Layihə dəyəri 2,4 milyard dollar olan kəmər ixracatın 70 milyon tona qədər yüksəlməsinə imkan verəcəkdir. Ən pis mütəxəssis rəyinə görə yaxın 10-15 il ərzində illik hasilat 100-200 milyon tona çatacaq və ölkə regionun ən böyük neft ixracatçısına çevriləcəkdir. Hələ bir neçə il öncə Qazaxıstan prezidenti N.Nazarbayev özünün «2030 strategiyası»nı açıqlayarkən qeyd etmişdir ki, [2] «Qazaxıstan hasilatda və ixracatdakı yüksəlişini təmin etdikcə zənginləşəcək, Mərkəzi Asiyanın pələnginə çevriləcəkdir».
Türkmənistanın neft ehtiyatları daxili ehtiyatları ödəməyə qadirdir. Neft ehtiyatlarının sübut olunmuş miqdarı 74,7 milyon ton hesablanmışdır. Köhnə yataqlardakı illik hasilatın yeni ildə 7 milyon tona yüksəldilməsi proqnozlaşdırılmışdır. Ölkə həm də Xəzərdəki zəngin neft ehtiyatları ilə seçilir. Burada güman edilən karbohidrogen potensialı 12 milyard ton təşkil edir. Təbii qaz ehtiyatları isə ölkəni dünyanın müvafiq liderləri sırasına çəkir. 1990-cı ildə 81,9 milyard m3 olan qaz hasilatı transformasiya problemləri ilə əlaqədar 1999-cu ildə 25,2 milyard m3-ə enmişdir. Köhnə yataqları bərpa etməklə, yaxın illərdə ölkədə qaz hasilatının yenidən 80 milyard m3-ə çatdırılması gerçəkləşdirilməkdədir. Ölkə rəsmiləri Xəzərdəki və qurudakı ehtiyatları ümumiləşdirərək Türkmənistanın təbii qaz potensialının astronomik rəqəmdə – 50 trilyon m3 proqnozunu da ifadə edirlər. Əsas qaz magistral kəmərlərinin Rusiyadan tranzit keçidi onun rəqabətli qaz ixracatçısına çevrilməsində başlıca maneədir. Bununla belə, qaz istehlakçılarının qeyri ödəniş qabiliyyətliliyi də digər problem olaraq ölkə xəzinəsinə daxil olmaları məhdudlaşdırır. Təkcə Ukraynanın 1,5 milyard dollar həcmində ölkəyə bu qəbildən borcu vardır. Bütün bu çətinlikləri nəzərə alaraq qaz ixracatının bir neçə variantı nəzərdən keçirilir. Əsas hazırlanmış layihələr isə aşağıdakı təsnifatda nəzərdə tutulmuşdur.
Türkmənistanin təbii qazla bağli layihələri
Marşrut |
Layihənin qiyməti(milyard ABŞ dollari) |
1.Türkmənistan–Çin-Yaponiya |
11,0 |
2.Türkmənistan-İran-Türkiyə-Avropa |
7,6 |
3.Türkmənistan-Əfqanıstan-Pakistan |
2 |
4.Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə (Xəzəraşırı) |
3,1 |
Bu böyük sərvətlər ölkəsində idarəetmədə ortodoksal-arxaik təzahürlər sezilsə də, neft-qaz resurslarının mənimsənilməsində açıq qapı siyasətinə üstünlük verilmişdir. Hazırda burada 780 xarici şirkətin nümayəndəlikləri fəaliyyət göstərir. Yeni neft ehtiyatlarının işlənməsini «Ekson-Mobil», qaz resurslarını isə «Shell» şirkətləri gerçəkləşdirirlər. Ölkənin nəhəng təbii qaz resursları şimal və cənub qonşuları Rusiya ilə İranın böyük maraqlarında ifadə olunur. Məlumdur ki, İran və Rusiya ümumdünya qaz hasilatında müvafiq olaraq 1-ci, 2-ci yerləri bölüşdürür, kəşf olunmuş ümumdünya qaz ehtiyatlarının yarıdan çoxuna nəzarət edirlər. Türkmənistanın da superqaz potensialı bu ölkələri OPEK misalı beynəlxalq üçlükdə, təbii qaz inhisarçı təşkilatında bir araya gəlməsinə stimul verir.
Kiçik ölçülü yataqlarda əhatə olunan Özbəkistanın neft ehtiyatları 94,3 milyon ton hesablanır. Belə miqyas [3] Türkmənistan, Kamerun, Qvatemala, Vyetnam və İtaliya kimi dövlətlərlə eynilik təşkil edir. Bununla belə, ölkənin yüksək səviyyəli - 1,9 trilyon m3 qaz ehtiyatları vardır. Bu ehtiyatlar isə Qazaxıstan, Küveyt, Kanada, İndoneziya, Holandiyaya bərabər tutulur. Birinci təsnifatdakı ölkələr iri neft hasilatçıları olmasalar da, ikincilər mühüm qaz hasilatçıları sırasında dururlar. Ehtiyatların cəmləşdiyi 160 yatağın əksər hissəsi qeyri-stabil bölgədə 60%-nin Buxara-Xive, 20%-ni isə Fərqanə zonasında yerləşməsi müəyyən problemlər doğurur. İqtisadi inkişafı olduqca yaxşı səciyyələndirilən ölkənin xarici banklardakı avuarları 5 milyard ABŞ dollarına bərabər qeyd olunur. Özbəkistan yeganə MDB dövlətidir ki, ötən 6-7 il ərzində neft hasilatını 2-3 dəfə yüksəltmiş və Rusiyadan yanacaq asılılığına son qoymuşdur.
Böyük ərazili Qırğızıstanda artıq 7 ilə yaxındır ki, neft hasil edilir. Bununla belə, ölkənin daxili neft ehtiyatları olduqca cüzidir. Mərkəzi Asiyada çıxarılan daş kömürün yarıdan çoxunun bu ölkənin payına düşməsi, yüksək hidroenerji potensialı onun enerji təminatında mühüm rol oynayır.
İki qitəni qovuşduran Türkiyənin neft ehtiyatları kiçik ölçülü, illik hasilatı 4 milyon tondur. Bu ölkənin hidroenerji potensialı, zəngin daş və qonur kömürü idxal nefti ilə birlikdə resurslar bazasını tamamlayır. Təbii qazın getdikcə digər enerji daşıyıcılarının, o cümlədən nefti də üstələməsi istehlakda daha çox özünü göstərir. İqtisadiyyatın senayeləşməsinin artım proqnozlarına görə təkcə qaz istehlakını 2005-ci ildə 30 milyard m3, bəzi mənbələrdə isə daha çox - 45-50 milyard m3-ə qədər yüksəldəcəkdir. Türkiyənin 1986-1999-cu illərdə Rusiya ilə 3, Nigeriya, İran və Türkmənistanla bağladığı müqavilələr isə 25-30 il ərzində daha dərin tələblər – 61,2 milyard kubmetr qaz sifarişini nəzərdə tutur.
Dünyada neftin həqiqi ehtiyatları 142 milyard ton, təbii qaz 155 trilyon m3, proqnoz ehtiyatlar isə ümumilikdə daha çox - 450-500 ton neftə ekvivalent hesablanır. İllik hasilat neft üzrə 2,4-2,5 milyard ton, qaz üzrə 2,2-2,3 trilyon m3 təşkil edir. Bununla belə,yaxın 10 ildə neftə olan tələbatın 17%, təbii qazın 35%, 20 ildən sonra isə bu rəqəmlərdən də iki dəfə çox yüksələcəyi ehtimal olunur. Ehtiyatların tükənməsi, digər tərəfdən iqtisadi inkişaf meyilləri hasilat və istehlakın dinamikasında böyük fərq dəyişikliyi yaradır. Belə ki, 10-15 il öncə hasilatda lider olmuş ABŞ və Rusiya indi müvafiq olaraq 1,2 və 2 dəfə az məhsul istehsal etmək zorunda qalmışdır. Yaranmış vəziyyət Rusiyanı inhisarçı ölkələr sırasından çıxarmasa da, əksinə, ABŞ-ın idxal tələblərini daha da artırmışdır.
Müasir iqtisadi inkişaf daha çox enerji istehlakının adambaşına düşən bölgüsü ilə öz reytinqini qazanır. Biz türkdilli dövlətlərdə energetik potensialı, onun artım və istehlak meyillərini faktiki materiallar əsasında təhlil etməklə ümumilikdə bu ölkələrdə yaxın 10-15 il üçün mümkün proqnozları diqqətə gətiririk. Aşağıdakı cədvəldə 6 Türk cumhuriyyətində proqnoz neft ehtiyatları və onların adambaşına düşən bölgüsü verilmişdir.
Türk cumhuriyyətində proqnoz neft ehtiyatlari və onlarin adambaşina düşən bölgüsü
Ölkələr |
Proqnoz ehtiyatlar (mln.ton) |
Neftin adambaşina düşən bölgüsü (ton) |
Azərbaycan |
4293,0 |
537 |
Qazaxıstan |
13515,0 |
751 |
Qırğızıstan |
10,1 |
2 |
Özbəkistan |
159,0 |
7 |
Türkiyə |
80,0 |
1,2 |
Türkmənistan |
5056,2 |
1011 |
Cəmi |
23113,3 |
185 |
Azərbaycan, Qazaxıstan, Türkmənistan, - cədvəldən göründüyü kimi müvafiq göstərici üzrə daha fərqli mövqedə dayanır. Xəzərin təbii qaz potensialı öz proqnoz təsdiqini taparsa, onda ümumi şərt yanacaq müqabilində bu ölkələrdə neft-qaz ehtiyatlarının adambaşına düşən bölgüsü 600 tonu aşa bilər. Bütün bunları nəzəri planla mütləq və nisbi həqiqət kimi israr və inkar da etmək olar. Dolğun obyektiv həqiqəti isə zaman özü ölçüləndirəcək. Biz isə bu günkü gerçəklikdən doğan faktlara bir daha Türkdilli ölkələrin neft-qaz resurslarının səmərə aspektini önə çəkirik.
Türk cumhuriyyətləri ilə yanaşı dünya xəritəsində türkdilli xalqların məskunlaşdığı və kompakt yaşadığı yetərli ərazilər mövcuddur. Rusiyanın əsas neft mərkəzlərinin cəm olduğu Sibir torpaqları, Cənubi Qafqaz regionu, Volqaboyu hövzə, federasiya subyektləri - Tatarıstan və Başqordıstan da zəngin karbohidrogen potensialı ilə fərqlənirlər. 1950-1970-ci illərə qədər bu respublikalarda çıxarılan neftin miqdarı olduqca yüksək həcmdə olmuş, təkcə Tatarıstanda 1970-ci ildə 100 milyon tondan çox neft hasil edilmişdir. Bununla belə İranda azərbaycanlıların, İraqda kərküklərin birgə yaşadığı bölgələrdə, Çində, Uyğurustanda, Ukraynada Krımda, o cümlədən türkdilli xalqların məskunlaşdığı digər əzəli türk torpaqlarında da karbohidrogen resursları yetərincədir.
Planetin ümumi daxili məhsulunun 1,44%-i, sənaye məhsulunun isə 1,29%-i yaradılan Türkiyə də daxil olmaqla müstəqillik əldə etmiş türk cumhuriyyətlərində yalnız proqnoz neft ehtiyatları kommulyativ toplumda 23 113,3 milyon ton təşkil edir. /dunya ehtiyatlarının 15%/ Müvafiq göstərici adambaşına təsnifatda isə 185 tona ekvivalent tutulur. Bu konfiqurasiyada daha cəlbedici mövqedə üç dövlət - Azərbaycan, Qazağıstan və Türkmənistan dayanır. Məhz bu məmləkətlərdə karbohidrogen resurslarının digər növləri - təbii qaz və kondensat da bolluq təşkil edir. Xəzərin təbii qaz potensialı öz proqnoz təsdiqini tamılıqla tapdığı təqdirdə ümumi şərti yanacaq müqabilində bu ölkələrdə karbohidrogen resurslarının adambaşına düşən bölgüsü 600 tonu aşa bilər.
Öz güclü axını ilə çoxlu keyfiyyətlər gətirən qloballaşma məqbul sayılmayan cəhətlərini də biruzə verir. Qloballaşma tarixi gerçəklikdir. Qloballaşma qədər zəmanəmizdə regionlaşma da sürətlə inkişaf tapır. Bu mənada ənənəvi qonşuluq, tarixi etnik, konfessional cəhətlər vəhdətində daxili təbii ehtiyatlara əsaslanan üçüncü tərəfə tuşlanmadan türkdilli cümhuriyyətləri maraqlarını ifadə edən regionla əməkdaşlığı ümumilikdə dünyanın iqtisadi artımına təkan verəcək yeni bir qüvvəyə çevrilə bilər. Araşdırmalar göstərir ki, yaxın 20-25 il ərzində regionda illik ixracat 250-300 milyon ton şərti yanacağa yüksələcək imkandadır. Bu isə onların iqtisadi qalxınmasına, dünya birliyində aparıcı iqtisadi ölkələr sırasında möhkəmlənməsində mühüm stimul olacaqdır. Türkdilli dövlətlərin izafi karbohidrogen ehtiyatlarına rəğmən yeni toplumda birləşməsi neft-qaz iqtisadiyyatının bütün silsiləsini əhatə etmişdir. Zəngin təbii resurslar regional inteqrasiya aspektində dünya iqtisadiyyatında yeni iqtisadi güc mərkəzinin formalaşması və müvafiq ölkələrin iqtisadi simasını əsaslı dəyişdirmək imkanlıdır. Virtual görünən «Turan» məkanın reallığa çevrilməsi perspektivi isə region ölkələrinin sosial-iqtisadi tərəqqisində, onların dünya birliyinin aparıcı iqtisadi inkişaf etmiş dövlətlər sırasına qovuşmasında mühüm stimul olacaqdır. Türkdilli dövlətlərin izafi karbohidrogen ehtiyatlarına rəğmən yeni toplumda birləşməsi neft-qaz industriyasının və onu əhatə edən iqtisadi infrastrukturun bütün şəbəkəsini əhatə etməlidir. Burada Ərəb Liqası ölkələrinin bir qrupunun təmsil olduğu OPEK təşkilatı fonunda və ya perspektivdə inteqrasiyanın beş mərhələsini - azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi birlik və valyuta ittifaqına ehtiva edən Avropa Birliyi timsallı inteqrasiyanın təşkilatlanması mümkündür. Nəzərə çəkilən iqtisadi inteqrasiya hüquqi forma orientasiyasına varmadan fikrimizcə aşağıdakı institusional təsisatda təzahürünü tapmalıdır:
- karbohidrogen resurslarının hasilat və reallaşmasının vahid koordinasiya mərkəzi;
- Şaquli İnteqrasiya olunan Transmilli neft korporasiyası;
- regional neft-qaz birjası;
- müştərək karbohidrogen resursları fondu və onun törəmə təşkilatı Türk neft bankı;
Türk dünyasının böyük inteqrasiyası həmin ölkələr üçün yalnız iqtisadi dividendlər deyil, həm də siyasi gücün, sosial inkişafın və milli-mədəni dəyərlərin yüksəlişinə də təkan verəcəkdir. Bütün bu yaranışların səmərəli istifadəsi perspektivi digər quruculuq seqmentləri olan daxili energetik balansın tənzimlənməsi, dayanıqlı neft-qaz resursları bazasının, vahid enerji sisteminin formalaşmasını, Böyük İpək Yolu nəqliyyat dəhlizindən daha rasional istifadəni və habelə Xəzərin cənubundan dünya okeanına çıxışı təmin edəcək nəhəng kanalın çəkilişi kimi digər mühüm regional infrastruktur elementlərinin də stimullaşmasına zəmin olacaqdır.
NƏTİCƏLƏR
Müstəqil türkdilli dövlətlərin tarixi qohumluq dəyərləri yaranmış geosiyasi vəziyyətdə onların nəhəng neft-qaz resurslarının birgə işlətməsi dayanıqlı inteqrasiyanı, yeni tipli iqtisadi ittifaqın formalaşmasını şərtləndirir. Bu ölkələrin iqtisadi imkan və hazırlığı, neft-qaz resurslarının ölçüləri müəyyən təhlil və tədqiqat edilərək daha sıx əməkdaşlığın perspektivi aşağıdakı müvafiq nəticələrdə əksini tapmışdır:
² ölkələrin Avropa-Asiya bazarlarını birləşdirən nəqliyyat oxunda yerləşən əlverişli coğrafi mövqeyi, neft-qaz resursları, sənaye potensialı dünyanın və regionun artan enerjisi tələbləri kontekstində mədəni, etnik bağlılığında dayanan ənənəvi inteqrasiyanın dərinləşməsinin səmərəliliyi əsaslandırılmışdır;
² kollektiv iqtisadi təhlükəsizlik, ölkələrin iqtisadi artımının gücləndirilməsi mülahizələri rəhbər tutularaq müştərək neft bazarı, şirkəti, fondu və bankının təsis edilməsi tövsiyə edilir;
² ölkələri qovuşduran daha davamlı nəqliyyat rabitəsinin təminatı məqsədilə Xəzəri dünya okeanı ilə birləşdirən kanalın inşaası diqqətə çəkilməlidir;
² ümumi iqtisadi mühitdə bazar prinsiplərinin inkişaf etdirilməsinin imkan və perspektivləri açıqlanmışdır.
ƏDƏBİYYAT
- A.X.Mirzəcanzadə, Ç.A.Sultanov. «Azərbayjan neft konsepsiyasının etüdləri» Bakı - 1994-cu il. 101 s.
- «Neft və kapital» dərgisi (Rusiya Federasiyası – Neft və Kapital»). Mərkəzi Asiya pelenginin çətin cocuqluğu» 1998-ci il №2: səh.54.
- «Rusiyanın nefti» dərgisi (Rusiya Federasiyası – «Neft Posii») «Hesablanan əlaqə». 2000-ci il. №4: səh.20.
- «Oil and Qas Cournal» December 18, 2000-Pp.121-123, December 20,
- 1999- Pp.91-93. «Petroleum Economist» November, 2000, P.56, May 2000, P.3.
Azerbaijan Republic E.M.Hajizadeh
«NEW GEOPOLITICAL SITUATION AND PERSPECTIVES
OF REGIONAL COLLABORATION»
The research provides analysis of current geopolitical situation, energy potential, volume of oil and gas resources, industrial and economic potential of the six independent Turkic republics.
Based on the concept of the traditional integration and economic security in republic proceeding from perspective oil and gas resources, scientific justification for necessity of creation of common economic zone is provided. For development of cooperation author suggests new joint regional economic structure as well as establishment of joint ventures, regional oil exchange, fund, bank, contraction of a channel connecting Caspian Sea from south with World Ocean and other effective market infrastructures.
30.New geopolitic situation and prospects of regional cooperation. Social sciences. University Dumlipinar. Turkey. Kutahija. №5. 2001. 0,7 p.sh.