gototop gototop

List of scientific works / NECESSITY OF PROTECTION ЭКОСИСТЕМЫ AT REALIZATION OIL EXTRACTINGS

05.03.2012

AMEA İqtisadiyyat İnstitutu, i.e.n. E.M.Hacızadə

 

NEFT-QAZ HASILATI ZAMANI EKOSISTEMIN MÜHAFIZƏSI

NƏZƏRƏ ALINMALIDIR

 

Elmi-texniki tərəqqinin inkişafı təbii proseslər müqabilində bəşəriyyətin planetimizə təsirini daha da artırmış və bu təsir dairəsi geniş miqyaslı xarakter almışdır. İndiki məqamda insanın təsərrüfat fəaliyyəti əvvəllər mənimsənilməsi mümkün olmayan çoqrafi əraziləri və hətta kosmik fəzanı da əhatə etmiş, təbii sərvətlərdən istifadə və tələbatın sürətli inkişaf templəri ekoloji tarazlıqda pozucu təzahürləri artıraraq özünü tənzimləmə və təmizləmə proseslərini sarsıtmağa başlamışdır. Texnoloji inqilablar cəmiyyətin rifahının yüksəlməsinə əsaslı təsir etsə də, müəyyən nisbətdə ətraf mühitin çirklənməsində mənfi meyilli amilə çevrildiyi üçün ekoloji təhlükəsizlik insan fəaliyyətinin bütün sferalarına sirayət edən problem kimi ciddi nəzarətə alınmalıdır. Məhsuldar qüvvələrin inkişafının təbiətə nüfuz aspekti dünyanın bütün məmləkətlərində ekoloji təhlükəsizlik indikatorlarının işlənib hazırlanmasında təcəssüm olunmaqdadır. Bu lokal, çətin və mürəkkəb olduğundan daha çox qlobal səciyyə daşıyan problemin həlli indi nüfuzlu beynəlxalq yığıncaqların əsas müzakirə mövzularındandır. Müvafiq istiqamətdə hazırlanmış qanunlar çeşidi isə olduqca çoxşaxəli və geniş spektrlidir. Bunlar içərisində BMT-də qəbul olunmuş «Davamlı İnkişaf» konsepsiyasını isə XXI əsrin həyat tərzini gerçəkləşdirəcək ən ümdə qanun kimi qiymətləndirmək olar. Heç şübhəsiz ki, sivilizasiyanın yeni mərhələsi insanın həyat fəaliyyətini ekoloji prinsiplərə uyğunlaşdıran ekosivil strategiyalarda intişar tapacaqdır.

Ötən əsrdə Azərbaycanda təşəkkül tapmış neft-qaz sənayesi, bu əsasda formalaşan neft-kimya kompleksi respublikamızda ekoloji vəziyyətin pisləşməsi ilə müşayiət olunmuşdur. Ekoloji prioritetlərin və müvafiq mədəniyyətin məhdud çağlarında ekstensiv və intensiv üsullarla reallaşan neft-qaz hasilatı təbiətə, ətraf mühitə sağalmaz yaralar vurmuş, uzun illər davam edən «vəhşi» istismar respublikamızı kəskinləşən ekoloji problemlərlə üz-üzə qoymuşdur. İndi təkcə Abşeron yarımadasında çirklənmiş torpaqların ümumi sahəsi 35 min hektardan çoxdur. Neft-qaz hasilatının genişlənən arealı Xəzərə də ekoloji paradokslar gətirmişdir. Dənizi isə neft çirklənməsindən təcrid etmək fərqli xüsusiyyətlərə malik mürəkkəb, kapital tutumlu ağır bir işdir. Ümumiyyətlə, bütünlüklə hasilat sənayesi daha çox ekoloji gərginlik mənbəyi hesab olunan kateqoriyalara aid edilir. Son yüz ilin ənənəvi istehsal sahəsi olan milli neft sənayemizin də ekoloji tarazlığın pozulmasında payı yüksəkdir. Məhz bütün bunları nəzərə alaraq strateji planlaşdırmada ekoloji proqramların tətbiq obyekti daha çox neft-qaz sənayesində ekoloji təhlükəsizlik problemi qlobal axını nəzərdə tutan ümumrespublika kontekstində kompleks yanaşmaya diqqət edir. Zənnimizcə, neft-qaz sənayesində ekoloji böhran meyillərini, kataklizmlərin təcridini, çirklənmiş ərazilərin bərpasını, ümumiyyətlə, ekoloji vəziyyətin mülayimləşdirilməsini və nəzarət mexanizminin tətbiqini reallaşdırılmasını aşağıdakı tədbirlərlə həyata keçirmək məqsədəuyğun sayıla bilər:

  • Dövlətin ekoloji strategiyasının tam formalaşdırılması;
  • Ekoloji təhlükəsizliyi və nəzarəti bütün qammada əks etdirən normativ hüquqi aktların qəbulu, müvafiq qanunvericilik şəbəkəsinin müntəzəm təkmilləşdirilməsi;
  • Beynəlxalq ekoloji təşkilatlarda təmsil olunmanın və inteqrasiyanın gücləndirilməsi;
  • Ekoloji aspektdə 3-cü sektorun fəaliyyətinin stimullaşdırılması;
  • Neft mədənlərində ekoloji böhranlı zonaların inventarizasiyası diaqnostikasının və monitorinqinin həyata keçirilməsi;
  • Ekoloji nəzərəti operativ və rasional təmin edən struktur və institutların təsisatı;
  • Ekoloji mədəniyyəti və bilikləri yüksəldən tədbirlərin reallaşdırılması;
  • Məhsulun maya dəyəri və mənfəətin kombinasiyasını ifadə edən «Ekoloji fond»u qaynaqlandıran xərc komponentinin fiskal siyasətdə nəzərə alınması;
  • Istismarı bitmiş ərazilərdə rekultivasiya prosesinin sürətləndirilməsi;
  • Qazmada maili quyuların inşasına üstünlük verilməsi;
  • Müasir ekoloji texnologiyaların, novator (innovasiya) nailiyyətlərin tətbiqinin genişləndirilməsi;
  • Ekoloji riskləri zəiflədən sığortalama prinsiplərinin inkişaf etdirilməsi.

 

 

27.Necessity of protection экосистемы at realization oil extractings. Ekopark. National NGO Forum up and running hard. Baku: №8. 2000. 0,3 p.sh.