Archive
List of scientific works / PROBLEMS OF MAINTENANCE STEADY DEVELOPMENT PETRO-GAS OF EXTRACTION ON LAND
i.e.n. E.M.Hacızadə
QURUDA NEFT-QAZ HASİLATINDA DAYANIQLI İNKİŞAFIN
TƏMİN EDİLMSƏİ PROBLEMLƏRİ
Azərbaycanın neft sənayesi tarixən quruda təşəkkül tapmış və onun güclü elmi-texniki potensialı, müvafiq mobil infrastrukturu formalaşmışdır. Yüksək inkişaf templəri, dinamizmlə müşayiət olunan neft sənayesi qüdərtini nümayiş etdirərək digər təsərrüfat strukturlarına nüfuz etmiş bir çox yeni industrial komplekslərin, istehsal obyektlərinin yaranmasına təkan vermişdir. Neft sənayesi inkişaf etdikcə ondan əldə edilən gəlir hesabına şəhərlər, qəsəbələr salınmış, yollar, kommunikasiya xətləri çəkilmiş, mədəni-məişət obyektləri inşa edilmişdir. Paytaxt Bakımızın XX əsrdə reallaşan müasir siması heç şübhəsiz ki, əsaslı dərəcədə neft amilindən bəhrələnmişdir. Köhnə yataqların əhatə etdiyi ərazilərdə bir çox yaşayış məntəqələri neft amilinə istinadən sürətlə inkişaf etmiş, əhəmiyyətli qovşağa - əyalət mərkəzlərinə çevrilmişlər. Bu regionların əksər mühəndis-kommunikasiya, su, qaz kəmərləri, istilik və elektrik xətləri, milyon kvadratmetrə yaxın yaşayış sahəsi, müalicə-mədəniyyət ocaqları, ticarət-məişət obyektləri quruda neftqazçıxarma kompleksinin nəzarət və xidmət sferasında fəaliyyət göstərir.
Yüz il öncə-XIX əsrin tamamında Azərbaycan dünya neft hasilatında liderliyi ələ almışdı. 1901-cı ildə dünyada hasil edilən ümumi neftin yarıdan çoxu Bakı mədənlərinin payına düşürdü. Uzun müddət respublikamızda, bir neçə istimsar obyekti istisna olmaqla, neftin mütləq əksəriyyəti quru sahələrində çıxarılmış və burada neft-qaz hasilatının dinamikası əsrimizin 50-ci illərinə qədər, əsasən, yüksələn xətlə irəliləyərək 1941-ci ildə zirvə həddinə - 23.54 mln. tona çatmışdır. Sonrakı müddətdə, bir neçə il istisna olmaqla, bu xətt enmə templəri ilə davam etmişdir. Xəzərdə aşkarlanan iri yataqlar və 1949-cu ildən burada başlanan intensiv hasilat quru yataqlarına rəqabətdə üstünlüyü ələ almış, bütün diqqət və maraqları dənizə yönəltmişdir. Sənaye ilə neft-qaz hasilatının 130 illik tarixi ərzində Azərbaycanda çıxarılan 1,4 mlrd. ton neftin 935 mln-dan çoxunu, qazın isə 130 milyard kubmetrini quru sahələri vermişdir. Hazırda hasilat 1999-cu ildə faktiki neft üzrə 1525,7 mni ton, qaz üzrə 243,0 mln. m3 olmuşdur. Quru sahələrindəki hasilatın indiki həcmini 120 il öncəki vəziyyətlə müqayisə etmək olmaz. Hətta əsrin əvvəllərindəki hasilatı təkrarlamaq belə xəyal kimi görünə bilər. Bu gün Azərbaycanın neft hasilatı balansında quru sahələri neft üzrə 17,4, qaz üzrə isə 5,4 faizlik paya malikdir. Qeyd etmək lazımdır ki, son əlli il ərzində Azərbaycanın qurudakı yataqlarına münasibət heç də ürəkaçan olmamışdır. Ekstensiv və intesniv parametrlərlə müşayiət olunan mövcud normaları dəfələrlə adlayan hasilat yataqların «vəhşicəsinə» istismarına rəvac vermiş, onların vaxtından əvvəl tükənməsinə gətirmişdir. İttifaq ərazisində iri neft rayonlarının kəşfi, daha ucuz neft hasilatı Azərbaycanın quru sahələrinə olan diqqəti arxa plana keçirmişdir. İlbəil azalan kapital qoyuluşları quyu enerjisi potensialını aşağı salmış, layların istismarını daha da çətinləşdirmiş, hasilatın səmərəsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Ehtiyatların əksər hissəsi çıxarılmış, quyuların sululuq faizi artmış, təchizat pisləşmiş, neftqazçıxarma müəssisələri maliyyə dayanıqlılığını və ödəniş qabiliyyətini itirmişlər.
Bazar münasibətlərinə keçidlə bağlı olaraq yeni neft strategiyasına ilk mərhələdə quruda hasilatın enməsinin qarşısının alınması və sabitliyin təmin edilməsi əsas götürülmüşdür. Enmə prosesi səngimiş, sabitlik nisbətən təmin edilmişdir. Neftin qiymətinin dünya bazarında qeyri-stabil tendensiyası, ağır maliyyə vəziyyəti, genişlənən borclar şəbəkəsi, maddi-texniki təminatda çatışmazlıqlar, qazma prosesində tənəzzül meyilləri, artan sosial-iqtisadi problemlər kompleksin fəaliyyətində gərginliyi artırmış, onun rentabellik səviyyəsinə ciddi zərbə vurmuşdur. İndi burada hasilatda yeni enmə təhlükəsi qabarmaqdadır. Lakin çıxış yolları uzaqda deyildir. Kompleksin dirçəliş məntiqi düşünülmüş, elmi əsaslandırılmış yeni islahatlar prosesindən, onun ardıcıl olaraq təkmilləşməsindən asılıdır. Bunun üçün yetərli əsaslar və potensial imkanlar mövcuddur. Geoloqlar indi istismar olunan yataqlarda ehtiyat qalığının olması ilə yanaşı, digər sahələrdə də çoxlu neft-qaz resurslarının olmasını ehtimal edirlər. Respublikanın torpaq sahələrinin yarıya qədərində kəşfiyyat işləri aparılır, həm də ərazinin 1/8 hissəsinin hələ tam öyrənilməməsi güman edilən ümumi ehtiyatların 700-800 milyon ton olacağı proqnozunu verir. Bəzi mütəxəssislər isə daha dərin qatlarda neftli-qazlı layların olmasını bu ehtiyatların 1 milyard ton həcminə çatacağını qeyd edirlər. Bütün bunlar isə quruda istismar işlərinin müvafiq templərdə hələ 70-80 il davam edəcəyindən xəbər verir.
Zənnimizcə, quruda neftqazçıxarma sənayesində islahatlar prosesi bütün əmlakın, öhdəliklərin, maliyyə resurslarının geniş və dəqiq inventarizasiyasının aparılması ilə müşayiət olunmalıdır. Məhz belə addım neft-qaz ehtiyatları ilə yanaşı, digər resursların və aktivlərin mütənasiblik aspektini, islahatların maddi-texniki bazasını müəyyən etməyə imkan yaradır. Əldə edilən nəticənin təməlində respublikada və dünyadakı meyillərə, iqtisadi duruma, hüquqi-normativ bazaya müvafiq olaraq islahatlar strategiyasında ilk taktiki gedişləri etmək mümkündür. Burada əsas cəhətlər, başlıca istiqamətlər xüsusilə nəzərə alınmalıdır. Struktur islahatları, istehsalın geniş restrukturizasiyası, tikinti-kommunal təşkilatlarından qazma idarələrinədək səhmləşdirmə, özəlləşdirmə aparılmalı, marginal yataqların lisenziyaları tətbiq edilərək milli sahibkarlara verilməsi, səmərəsiz iş yerlərinin ixtisarı çevik və işlək idarəetmə sisteminin formalaşması təmin edilməlidir. İslahatların dərinləşməsində lokal investisiya prosesini aktivləşdirən strategiyanın işlənib hazırlanması, qanunvericilik və vergi sisteminin təkmilləşdirilməsi, bürokratiyanı təcrid edən mexanizmlərin tətbiqi, borcları azaldan, ödəniş qabiliyyətini artıran dayanıqlı maliyyə şəbəkəsinin təşkili, qiymətlərin liberallaşdırılmasını tənzimləyən mütərəqqi uçot sisteminin adaptasiyası və sair bu kimi tədbirlər iqtisadi artıma xidmət edəcək, elmi-texniki nailiyyətlərdən rasional istifadə isə bu sahədəki səmərəliliyi daha da artıracaqdır. Bununla belə, kompleksdə islahatıar prosesi sistemli xarakter daşımaqla yanaşı, mərhələli aparılmalı, qlobal axına müvafiq olmalıdır. Quruda neftqazçıxma kompleksində böhranlı vəziyyətin aradan qaldırılması yalnız elmi-təcrübi dayaqlara söykənən islahatlar strategiyasına, daxili imkanların səfərbər edilməsinə əsaslanmalıdır.
22.Problems of maintenance steady development petro-gas of extraction on land. «The Basic tendencies of social and economic development in the present stage of Azerbaijan». Institute of Economy National Аcademy of Sciences of Azerbaijan/the collection of clauses/. VII volume.Baku: 2000.0,2 p.sh.