Archive
List of scientific works / ASPECTS OF REGULATION OF AUDITOR ACTIVITY
i.e.n.E.Hacızadə, Azərbaycan İqtisadçılar İttifaqı
AUDITOR FƏALIYYƏTININ TƏNZIMLƏNMƏSI ASPEKTLƏRI
Dünya praktikasında auditor nəzarəti yeni olmasa da, bütün fəaliyyət şəbəkəsində geniş tətbiq olunur. Respublikamızda da bazar münasibətlərinə keçidlə əlaqədar olaraq auditor fəaliyyəti geniş inkişaf etməkdədir. Artıq bu yeni müstəqil nəzarət formasının tətbiqini daha da genişləndirmək məqsədi ilə müəyyən qərarlar qəbul edilmiş, müvafiq qanunvericilik prosesi sürət götürmüşdür. Lakin görülən işlər qənaətbəxş hesab edilsə də, sahənin mühüm problemlərini əhatə edən informasiya qıtlığı hələ də hiss edilməkdədir.
Bazar münasibətlərinin genişləndiyi şəraitdə audit işinin təkmilləşdirilməsi sahəsində bir çox məsələlər həllini gözləyir. Fikrimizcə, indiki mərhələdə auditorun vəzifələri və səlahiyyətləri qanunvericilikdə daha da möhkəmləndirilməli, auditin müstəqilliyi tam təminat almalıdır. Bu müstəqillik təşkilatlanma, maddi-texniki təminat, intellektuallıq, professionallıq, əxlaqi və etik əlamətlərlə xarakterizə olunmalıdır.
Əxlaqilik auditorun ən yüksək keyfiyyəti kimi nəzərə alınmalıdır. Bu baxımdan respublika Auditorlar Palatası dünya praktikasında qəbul olunmuş auditin prinsiplərinə və postulatlarına uyğun olaraq «Auditorun peşə etikası» haqqında qanunlar toplusu (kodeks) işləyib hazırlamalı, əxlaqi prinsiplər auditor mədəniyyəti, obyektivlik, müstəqillik, düzlük, məxfilik xüsusiyyətləri ilə səçiyyələnərək qanunvericilikdə bir daha öz əksini tapmalıdır.
Dövlət auditor fəaliyyətinin müntəzəm olaraq tənzimlənməsini həyata keçirməli, auditin qaydaları və standartları daim təkmilləşdirilməlidir. Bununla belə, bu tənzimləmədə müvafiq ictimai təşkilatların və auditor firmalarının da münasibəti xüsusi nəzərə alınmalıdır. Eyni zamanda auditor təşkilatları da müəyyən dərəcədə özünütənzimləmə funksiyalarını yerinə yetirməlidirlər. Auditorlar iqtisadi subyektin yoxlanışı metodikasını mükəmməl bilməklə yanaşı, müəssisə və təşkilatların təsərrüfat fəaliyyətində uçot və mühasibat işinin yaxşılaşdırılmasına dair proqramlı tövsiyələr verməli, kassa-maliyyə intizamının möhkəmlənməsində, arxiv işinin standartlara uyğun təşkilində də bacarıq nümayiş etdirməli, auditin planlaşdırılmasında bütün mümkün amilləri nəzərə alaraq riskin minimal səviyyəyə endirilməsinə təminatçı olmalıdırlar.
Dövlət hakimiyyət orqanları, müvafiq ictimai təşkilatlar auditorların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə təkmilləşdirmə kurslarının təşkilinə, müntəzəm olaraq auditorların attestasiyasının keçirilməsinə, respublikanın ali məktəblərində auditor ixtisası üzrə müvafiq fakültələrin açılmasına, dünyada və respublikamızda gedən iqtisadi proseslərə və meyillərə uyğun olaraq auditor fəaliyyətinin problemlərinə həsr olunmuş elmi-praktik konfransların keçirilməsinə yardımçı olmalıdırlar.
Auditor işinin strategiyasında onun metodikası və metodologiyası da daim tənzimlənməlıidir. Auditor təşkilatları korrupsiyaya qarşı mübarizədə də fəallıq və obyektivlik göstərməli, bazar münasibətlərinin bərqərar olmasına və inkişaf etdirilməsinə fəal təsir göstərməlidirlər.
Respublikamızda audit işi beynəlxalq standartlar səviyyəsinə yüksəldilməli, auditor təşkilatlarının və ayrı-ayrı auditorların nüfuzu və reytinqi elə bir səviyyəyə yetməlidir ki, bu sahədəki mövcud bazardakı inhisarlaşmada xaricin müvafiq təşkilatlarından istifadə minimuma ensin, iş adamları və sahibkarlar daha çox milli auditor xidmətinə müraciət etsinlər.
17.Aspects of regulation of auditor activity. «The Financial control and audit inAzerbaijan» materials of scientific-practical conference. Ministry of Finance of theAzerbaijanRepublic. Chamber of Auditors of theAzerbaijanRepublic.Baku: 1999. 0,1 p.sh.