Archive
List of scientific works / PROBLEMS OF THE ORGANIZATION OF WORK DURING HISTORICAL DEVELOPMENT OF A FUEL INDUSTRY OF AZERBAIJAN
i.e.n. E.M.Hacızadə
AZƏRBAYCANIN YANACAQ SƏNAYESİNİN TARİXİ İNKİŞAF
MƏRHƏLƏSİNDƏ ƏMƏYİN TƏŞKİLİ PROBLEMLƏRİ
Respublikamızın bazar iqtisadiyyatına keçiddə üzləşdiyi çətinliklərdən biri də əmək haqqı və onunla bağlı problemlər olaraq qalır. Əslində bu problem yeni müstəqil dövlətlərin hamısında müxtəlif çalarlı və miqyaslı olmaqla sezilməkdədir. Əmək haqlarının xroniki verilməməsi halları Rusiyanın yanacaq energetika kompleksində də dərin kök salmışdır. Bu ölkədə əmək haqlarının verilməsində geçikmələr iqtisadiyyatın bir çox strukturlarında, o cümlədən daş kömür sənayesində etiraz aksiyaları ilə müşayiət olunmuş, müntəzəm xarakter almış hökumət dəyişilikləri ilə nəticələnmişdir. Uzun sürməkdə olan maliyyə böhranı ölkəni kredit və ya defolt dilemması qarşısında qoymuşdur. Yanacaq energetika kompleksində məvacib problemi əsrin sonunda bir çox postsovet ölkələrində, xüsusilə son vaxtlar Rumıniyada da nəzərə çarpmaqdadır. Lakin bu ölkələrdə etirazlar dalğası daha çox əmək haqlarının artırılması ilə bağlıdır.
Respublikamızda da yeni iqtisadi münasibətlərin qurulduğu illərdən əmək haqqı, onun həcmi və vaxtında ödənilməsi problemi kəskin xarakter almış, indi də aktual olaraq qalmaqdadır. Əvvəlcə ARDNŞ-də, sonradan respublikanın yanacaq-energetika kompleksinin digər sahələrində, hətta nağd pulla birbaşa xidmətlər göstərən təchizat təşkilatları «Azərenerji», «Azəriqaz», səhmdar cəmiyyətində də əmək haqlarının verilməsində sürəkli olaraq gecikmə halları yaranmış və davam etməkdədir. Azərbaycanın bütün yanacaq enrgetika kompleksində hazırda 100-mindən çox işçi fəaliyyət göstərir və onların mütləq əksəriyyəti xeyli müddətdir ki, əmək haqlarını vaxtı-vaxtında ala bilmirlər. Əmək haqlarının verilməsi üzrə gecikmələr 3-6 ay, yardımçı və istehsalı dayanmış müəssisələrdə isə daha çox, bir ildən artıq dövrü əhatə edir. Bu baxımdan neftçıxaranların vəziyyəti daha problematik xarakter almışdır. Ümumiyyətlə, son zamanlar respublikamızda və eyni zamanda yanacaq sənayesində işçilərin əmək haqlarının artımında müsbət irəliləyişlər nəzərə çapmaqdadır. Lakin bu artım bütün müəssisələrdə ürəkaçan deyildir. Hazırda respublikamızda orta aylıq əmək göstəricisi 167 min manat, yanacaq sənayesində isə 250-300 min manat həcmindədir. Respublika Həmkarlar İttifaqları Konfederasiyasının son hesablamalarına görə bir nəfər işləməyən üçün yaşayış minimumu 333 min, işləyən üçün isə 400 min manat təşkil edir. İnsanlar öz əmək qabiliyyətlərini sabit saxlamaq üçün elmi əsaslandırmalara görə gün ərzində 2600 kilokalori enerji ekvivalentində ərzaq qəbul etməlidir. Azərbaycanın indiki orta aylıq əmək haqqı kontekstində bu ərzaq istehlakı 1144 kilokaloriyə bərabərdir. Göründüyü kimi, aldığımız məvaciblər yaşayış minimumu standartının orta səviyyəsindən də aşağıdır. Bu göstərici yanacaq sənayesində minimal səviyyəyə yaxın olsa da, işçilərin ağır fiziki əmək sərfi müqabilində olduqca aşağı həddədir.
Hazırda yanacaq sənayesində istehsal xərclərində əmək haqqının xüsusi çəkisi Sovetlər dövrünə nisbətdə çox aşağıdır. Əmək haqqının ölçüsü əsrin sonu Azərbaycanın neft sənayesində və ümumiyyətlə bütün dünya neft hasilatı kompleksində maraqlı aspektlərlə doludur. Məlumdur ki, artıq ötən onilliklərində Azərbaycanda, xüsusən də Bakıda neft sənayesi zamanın və iqtisadiyyatın tələblərinə uyğun olaraq müvafiq infrastrukturda formalaşmışdır. Azərbaycan iqtisadiyyatında tarixi ənənə olmuş ticarət, əkinçilik, maldarlıq, sənətkarlıq peşələri kapitalizmin təşəkkülü ilə ölkəmizdə müəyyən qisim və ölçüdə neftçi sənəti ilə əvəz olunmağa başlamışdır. Neftçi peşəsi Azərbaycanın mentalitetində və mədəniyyətində dərin kök salmış, azərbaycanlı böyük Sovetlər məkanında müəyyən mənada neftçi anlamında bulunmuşdur. XX əsrin mədəniyyəti tarixində bu peşəyə rəqabət və hörmət, bir çox film və tamaşalarda, xalq mahnılarında əks olunmuş, əsrin ortalarında sürətlə tikilən mədəniyyət ocaqları, klublar, neftçi adı ilə bağlanmış, xalq qəhrəman neftçilərə mahnılar qoşmuşdur. Lakin illər Azərbaycan neftçisinin vəziyyətinə, sosial durumuna da təsir etmişdir. Ötən əsrdə neftçilərin vəziyyətini indiki ilə müqayisə etmək müxtəlif parametrlərdə qüsurlu olsa da, burada müəyyən paralelləri, fərqli prizmadan Azərbaycan tarixini yazanlar bu ənənəvi prinsiplərə uyğun olaraq inqilabdan qabaqkı Azərbaycan neftçilərinin vəziyyətinin açınacaqlı olduğunu israrlamışlar. XX əsr Azərbaycan tarixi salnaməsini əks etdirən sənədli filmlərdə, tarix kitablarının illüstrasiyalarında biz Azərbaycan neftçisini mazuta boyanmış, qara, kirli və bəzən də talesiz görmüşük. Azərbaycanın inqilabdan qabaqkı neft sənayesini əks etdirən yeni fotolar və rəsmlər çoxalmışdır. Bu reproduksiya məlumatlarına nəzər yetirdikdə fərqli, daha yaxşı mənzərənin şahidi olursan. Fikrimiz əvvəlcə qeyd etdiyimiz şəkil və sənədləri inkar etməyə yönəlməmişdir. Sadəcə, bu müqayisə yeni müstəvidə, yeni analogiyanın aparılması ilə xarakterik olmuşdur.
Azərbaycan neftçisinin iqtisadi vəziyyəti neft epoxasının başlanğıcında tarixi materialları və statistik məlumatlara görə az təminatlı olmuşdur. Lakin bu az təminatlılıq onun o zamankı iqtisadi tələblərini müvafiq dərəcədə əks etdirmişdir. Əlbəttə, fəhlənin aldığı məvacib dəbdəbəli həyat üçün cüzi, görünməz məbləğdə idi. Elə buna görə də böyük Azərbaycan şairi M.Ə.Sabir öz müasirləri olan fəhlələrin vəziyyətini özünün məşhur «Fəhlə» şeirində daha aydın, - “kişi, insanlığı əsanmı sanırsan” - kimi təsvir etmişdir.
Bununla belə, fəhlənin aldığı məvacib şübhəsiz ki, ailəsinin dolannışığına kifayət etmişdir. Başqa cür ola da bilməz. Əks halda iqtisadi aktivliyi ilə seçilən azərbaycanlılar digər yaşayış imkanlarını axtarmış olardılar.
XIX əsrin sonunda Bakı neft mədənlərində çalışan fəhlələr işəmuzd və vaxtamuzd olmaqla aylıq (oklad), günəmuzd formada əmək haqqı almışlar. Daha geniş isə aylıq əmək haqqı forması yayılmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində neft mədənlərində orta aylıq əmək haqqı 17-21-rubl arası, mədənçilərin məvacibi isə 15, şagirdlərin 12,5, qazmaçıların 10 rubl həcmində olmuşdur. Dövrün və sahənin əmək haqqı sistemində fəhlənin milli mənsubiyyəti və peşəkarlığı da qiymətləndirilmişdir. Ən az məvacib alanlar az ixtisası ilə fərqlənənlər, xüsusən də cənubi Azərbaycandan gələnlər olmuşlar. Az ixtisaslılar daha ağır fiziki əməyə cəlb edilmiş, nisbətən az donluq almışlar. Bu dövrlərdə Rusiya imperiyasının quberniyası olan Azərbaycanda əmək haqqı digər bölgələrə nisbətdə daha aşağı miqdarda olmuş, sərf olunmuş vaxt ölçüsündə Bakı neft mədənlərində ixtisaslı fəhlənin əmək haqqı 50, 56 qəpik olduğu halda, Moskva ətrafı regionda qara fəhlə 60 qəpik miqdarında məvacib almışdır. Bununla belə, əsrlərin qovşağında Bakı neft mədənlərində 1 saatlıq fəhlə işi 4,6 qəpik, Moskva quberniyasındda isə 5,07 qəpik həcmində hesablanılırdı və Azərbaycanın bütün təsərrüfat sahələrində əmək haqları Risuyanın iqtisadi inkişaf etmiş regionları ilə müqayisədə aşağı səviyyəli idi. Statistik məlumatlara görə hətta bu dövrdə ilk tələbat malları Moskvaya nisbətdə 15-20% bahalığıilə fərqlənirdi. 1900-1903-cü illərdə Rusiya iqtisadiyyatını bürümüş böhran Azərbaycana, xüsusən də neft sənayesinə öz təsirini göstərmiş işçilərin sayı 1901-ci ildəki 35911 nəfərdən 1903-cü ildə 26866 nəfərə düşmüşdür. Böhran neftçilərin sosial həyatına ciddi təsir etmiş, əmək haqqının səviyyəsi xeyli zəifləmişdir. Dövrün istehsal mədəniyyətinə uyğun olaraq geniş tətbiq edilən cərimə sanksiyaları da neftçilərin həyatında geniş əks olunmuşdur. Müəyyən dövr ərzində sabitləşmə müşahidə olsunsa da, 1908-1909-cu illərdə yeni iqtisadi böhran, əmək haqlarının növbəti dəfə aşağı düşməsi ilə müşayiət olunmuşdur. 1907-ci ilin sonunda bütün Azərbaycan neft sənayesində 48726 nəfər fəhlə işləyirdi. İşçi qüvvəsinin 64,5 faizi 156 neft şirkətinin 16 nəhəngində cəmləşmişdir. İqtisadi böhran nəticəsində işçilərin sayı 1909-cu ildə 11 min nəfər, əmək haqqının səviyyəsi isə 10-15% aşağı düşmüş və böhranın xüsusiyyətlərinə uyğun olaraq bu dövrdə məhsullar 60-65% artmışdır. 1909-cu ildən sonra Rusiyada və Azərbaycan iqtisadiyyatında yaranmış canlanma nəticəsində neft sənayesində işləyən işçilərin sayı artmış, 1913-cü ildə ümumi olaraq 60 min nəfər təşkil etmişdir. Bu illərdə əmək haqlarının verilməsində gecikmələr, fəhlələrin sosial şəraitindəki çətinliklər həmkarlar ittifaqlarının formalaşmasına əsaslı təsir etmişdir. Bu dövrlərdə bağlanan kollektiv müqavilələrdə iş günü 9 saatlıq rejimə keçirilmişdir.
Neft sənayesinin təşəkkül dövrlərində, hətta sonrakı sürətli inkişaf mərhələsində Azərbaycanın yanacaq sənayesində əməyin mühafizəsi aşağı səviyyədə olmuşdur. Bakı neft mədənlərində istehsalatdan xəsarət alanların, peşə xəstəliyinə tutulanların sayı Rusiyanın bütün dağ-mədən sənayesindəki mövcud vəziyyətdən daha kəskin olmuşdur. Hətta bu dövrdə daha ciddi təhlükəsizlik tədbirləri tələb edən neft sənayesində yanğından mühafizə işinin təşkili də qənaətbəxş olmamışdır.
Bütün dövrlərdə neftin qiymətinin dəyişkənliyi daş kömürün rəqabət qabiliyyətinə ciddi təsir etmişdir. Rusiyalı tarixçi alim, tarix elmləri doktoru İ.Dyakonovanın tədqiqatlarında Rusiyanın neft və daş kömür sənayesində əmək haqqı məsələləri onlar arasındakı fərq və oxşar cəhətlər geniş tədqiq edilmişdir.[1] Əsrin əvvəllərində Bakı neft sənayeçilərinin qurultay şurasının statistika bürosunun sədri olmuş B.İ.Frolov özünün «Neft təsərrüfatının iqtisadiyyatı» kitabında qeyd etmişdir ki, neft hasilatı sənayenin elə sahələrindəndir ki, burada istehsal xərclərində əmək haqqı məsrəfləri çox aşağıdır. Lakin kömür sənayesində isə bunun əksinə olaraq, müvafiq göstərici yüksək həddədir. Məhz bu məziyyət neft sənayesində baş verən ara-sıra tətillərin səbəbi olmuş və nəticədə tətilçilər ara-sıra əmək haqlarının artırılmasına nail olmuşlar. Neftin və kömürün maya dəyəri haqqında məlumatların çar Rusiyasında və həmçinin digər bu kimi ölkələrdə açıqlanması qəbul olunmurdu. Lakin buna baxmayaraq, müəyyən miqdar məlumatları arxivlərdə aşkar etmək mümkün olmuşdur. İnqilabdan qabaqkı məşhur neft sənayesi statistikasının mütəxəssisləri olan S. və L.Perşiklərin məlumatlarına görə 1821-1872-ci illərdə neft mədənləri fəhlələrinin əmək haqları ümumi istehsal xərclərinin 5,14-10% miqdarında olmuşdur. Lakin həmin dövrdə kömür sənayeçilərinin (Donbasda) əmək haqqı xərcləri ümumi xərclərin 83,65%-ni təşkil etmişdir. Məlumatlara görə, 1899-cu ildə ayrı-ayrı neft şirkətlərində fəhlələrin əmək haqqı istehsal xərclərinin 10,94%-ni, 1912-ci ildə isə 3,51%-ni təşkil etmişdir. Bununla belə, mədən fəhlələrinin əmək haqqı da digər sahələrin fəhlə peşələrindən aşağı olmuşdur. Neft sənayesində 20-ci əsrin əvvəllərində Rusiyada əmək haqqı xərcləri istehsal məsrəflərinin 10%-dən yüksək olmamışdır. Müvafiq meyillər digər ölkələr, xüsusən də ABŞ üçün də səciyyəvi olmuşdur. Bu dövrdə ABŞ-da 1 barrel neftin (159 l.) maya dəyəri 2 dollar olmuşdur ki, onun da 8,9%-ni əmək haqqı xərcləri təşkil edir, Rusiyada 1917-ci ilin Oktyabr çevrilişi, xarici müdaxilə və vətəndaş müharibəsi illərində neft sənayesində işləyənlərin sosial vəziyyəti daha da ağırlaşmış, əmək haqqı xeyli aşağı düşmüşdür. Sovet hakimiyyətinin ilk illərində milliləşdirmə yeni iqtisadi siyasət epopeyasında və bütün Sovet dövrü ərzində neftçilərin əmək haqlarında və sosial şəraitində mütərəqqi dəyişikliklər baş vermişdir. Əmək haqları total iqtisadiyyatın prinsiplərinə uyğun olaraq yeni sistemdə və formada inkişaf tapmışdır. Əməyin ödənilməsində müxtəlif mükafatlandırma sistemləri tətbiq edilmiş, ilin yekunlarına və fasiləsiz iş stacjna görə əlavə əmək haqları ödənilmişdir. Neft sənayesində əldə olunan mənfəət hesabına müxtəlif fondlar, iqtisadi həvəsləndirmə, sabitləşmə, sosial iqtisadi inkişaf və digər fondlar yaranmışdır. Əməyin mühafizəsi sayəsində tərəqqi əldə edilmişdir. 1925-26-ci illərdə Bakı neft rayonunda və Donbasda məhsulun maya dəyəri aşağıdakı kimi səciyyələnmişdir. Bakı rayonunda 1 ton neftin maya dəyəri 19 rubl 20 qəp, Donbasda 1 ton neftin maya dəyəri 9,77 qəpik, Bakı rayonunda əmək haqqı 1 ton neftə 2 rubl 70 qəp. - maya dəyərinin 14%-i həcmində, Donbasda əmək haqqı 1 ton kömürdə 4 rubl 82 qəp və ya maya dəyərinin 49,4%-i həcmində. Qeyd etmək lazımdır ki, 30-cu illərdə Rusiyada kömür sənayesində istehsal xərcləri yüksək həddə olmuşdur. Sovet hökuməti bu iqtisadi gərginliyi azaltmaq məqsədilə o zamanlar məşhur olan «Staxanov hərəkatı»nı «səhnəyə» çıxarmışdır ki, burada da Almaniyanın RUR mədənlərinin kömürçülərinin iş təcrübəsindən geniş istifadə edilmişdir. 1951-ci ildə neft hasilatında maya dəyərində sabitləşmə əldə edilmiş, 1954-cü ildə isə yenidən kəskin aşağı düşməyə başlamışdır. Bu illərdə kömür sənayesində əmək haqqı xərcləri ümumi maya dəyərinin 60%-i həcmində olmuşdur. 1950-60-cı illərdə neft sənayesində əmək məhsuldarlığının daş kömür sənayesindən yüksək olmasına baxmayaraq müqayisəli ölçüdə yenə də aşağı həddə olmuşdur.1968-ci ildə neft və qaz sənayesində əmək haqqı xərcləri neftin maya dəyərinin 3,1, qazın isə 2,6% faizi, kömür sənayesində 60, 70-ci illərin sonunda isə 50 faizi həcmində olmuşdur. II dünya müharibəsindən sonra Sovetlər İttifaqının digər regionlarında yeni neft yataqlarının kəşfi və istismarı ilə əlaqədar olaraq Azərbaycan neft sənayesində öz mövqelərini itirmiş respublikada əmək haqqı səviyyəsi ümumittifaq göstəricisindən aşağı həddə enmişdir. Xüsusən 1970-80-co illərdə «Azneft» İB qeyri rentabelli işlədiyi dövrlərdə orta əmək haqqı səviyyəsi ümumittifaq göstəricisindən 10-20% aşağı olmuşdur. 70-ci illərdə «Azneft» İB ölkənin 30 neftqazçıxarma birliyi arasında işçilərin orta sayına görə ən yüksək, əmək məhsuldarlığı səviyyəsinə görə isə son hədd göstəricilərinə malik olmuşdur. Konkret olaraq 1970-ci ildə «Azneft» İB-də çalışan 50302 nəfərin orta əmək haqqı 131,4, «Xəzərdənizneftqaz» İB-nin 26293 işçinin orta aylıq əmək haqqı 150,3 rubl, SSRİ neft sənayesində işçilərin ümumi sayı 584605 nəfər, orta aylıq əmək haqqı isə 150,3 rubl təşkil etmişdir. Bu dövrdə Azərbaycan neftçilərinin əmək haqları işçilərinin orta sayı 400-nəfərdən bir qədər çox olan «Qırqızneft» və 2201 nəfər işçi sayı olan «Tacikneft» istehsalat birliklərindəki orta əmək haqqı səviyyəsindən də aşağı olmuşdur. SSRİ-də müəyyən edilmiş siyasətə görə neftqazçıxarma sənayesində orta əmək haqqı digər sahələrə nisbətən yüksək müəyyən edilirdi. Araşdırmalar göstərir ki, 1920-1985-ci illərdə neftqazçıxarma səmayesində əmək haqqı bütünlükdə respublika üzrə olan göstəricidən yuxarı olmuşdur. Yalnız metallurgiyada, sonralar kimya və neft kimyası, maşınqayırma sənayesində orta əmək haqqı yanacaq sahəsi üzrə səviyyənin kömür sənayesində istehsal xərclərinin yarıdan çoxunu təşkil edir. Lakin okeanın o tayında Amerikada neftin maya dəyərində əmək haqqı xərcləri kommersiya sirri kimi bağlı saxlanılır.
Statistik dinamika və aparılan təhlil son yüz ildə neft və daş kömür sənayesində belə bir fərqin olduğunu bir daha təsdiqləyir ki, həmişə rentabelli olan neft sənayesində əmək haqqı daş kömür sənayesinə nisbətdə çox aşağı həddə olmuşdur. Məhz bu aspektləri nəzərə alaraq, yeni iqtisadi münasibətlərin qurulduğu və inkişaf etdiyi, xüsusi ilə də yanacaq sənayesində iqtisadi islahatların yeni keyfiyyət aldığı bir şəraitdə kompleksdə əməyə münasibət əsaslı dəyişiliklərə məruz qalmalı, əmək haqlarının yüksəldilməsinə diqqət artırılmalıdır. Neftçilərin bütün yanacaq sənayesində işləyənlərin əmək haqlarının vaxtı-vaxtında verilməsi tezliklə səhmanlanmalı, bu mənfi praktikanı yaşadan amillər zərərləşdirilməmişdir.
Hazırda neftqazçıxarma kompleksində 1 ton neftin hasilatı üzrə xərclərin yalnız 1%-i əmək haqqının payına düşür. Bu, qeyri-normal bir göstəricidir. Müqayisə üçün göstərək ki, uzun bir dövr ərzində neftqazçıxarma sənayesində əmək haqqı istehsal xərclərinin 15-20%-ni təşkil etmişdir. Heç şübhəsiz ki, bu cür uyğunsuzluq materialların, avadanlıqların qiymətlərinin xeyli dərəcədə bahalaşması, müasir şəraitdə qiymət siyasətindəki nöqsanlarla da bağlıdır. Ona görə də, belə bir vəziyyətdə qiymətlə bağlı göstəricilərin struktur təhlilinə tənqidi yanaşılmalıdır və bu, elmi, əməli baxımdan narahatlıq doğurmalıdır. Son illərdə bazar münasibətlərinə keçid ilə bağlı çətinliklər arasında əmək haqlarının qaldırılması problemləri də qalmaqdadır. Azərbaycanda yanacaq sənayesində və ümumilikdə bütün iqtisadiyyatda əmək haqlarının aşağı səviyyəsi və vaxtlı-vaxtında verilməməsi qismən də monotarist siyasətlə əlaqədardır. Bu proses təkrar istehsal və tədavül prosesinə ciddi təsir göstərməkdə və yeni borclar şəbəkəsini genişləndirməkdədir. İndi Azərbaycan iqtisadiyyatında, xüsusən də yanacaq sənayesində debitor və kreditor borclarının həddi «astronomik» səviyyəyə çatmışdır. Analoji vəziyyət nisbətən aşağı səviyyədə yeni müstəqil dövlətlər arasında da mövcuddur. Neft sənayesində çeşidli vergi nomenklaturası, büdcə təxsisatlarının ilk növbədə ödənişi, kompleksin maliyyə səmərəsizliyində yeni amil deyildir. Uçot mühasibat və maliyyə işinin qeyri-səmərəli təşkili əmək haqlarının verilməsində başlıca maneə olaraq qalır.
Yanacaq sənayesinin spesifik xüsusiyyətləri əmək məhsuldarlığı göstəricilərinə də öz təsirini göstərir. Müasir mərhələdə bu göstəriciyə biganəliyi iqtisadi inkişafa mane olan bir baxış kimi qiymətləndirmək olar. Bununla yanaşı, mülkiyyət münasibətlərinin köklü surətdə təkmilləşdiyi, sahibkarlığın inkişaf etdirilməsinin zəruri olduğu bir şəraitdə əmək və onun məhsuldarlığı probleminin aktuallığı xüsusi xarakter alır. Xüsusilə vurğulamaq lazımdır ki, yanacaq sənayesində, xüsusən də neftqazçıxarmada əmək məhsuldarlığının istər natural, istərsə də dəyər göstəricilərinin səviyyəsi təkcə əməyin nəticəsi kimi formalaşmır, burada təbii amillərin, yataqların məhsuldarlığı xüsusi əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, əhalinin sosial müdafiəsi məsələləri dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir və bu sahədə ardıcıl səmərəli iş aparılmalıdır. Araşdırmalar göstərir ki, yanacaq sənayesində bazar münasibətləri şəraiti ilə bağlı sosioloji tədqiqatların aparılmasına ciddi ehtiyac vardır. İş yerlərinin ixtisarı ağır məsələ olsa da, belə proses bazar iqtisadiyyatının tələblərindən doğur. Bundan başqa, elmi-texniki tərəqqi inkişaf etdikcə, yeni aztutumlu texnologiyalar yarandıqca, kompüterləşmə şəbəkəsi genişləndikcə fiziki əməkdən istifadə də azalmağa meyl edir.
Kompleks amillərin təhlili göstərir ki, əmək məhsuldarlığı problemi qarşıdakı dövrün, iqtisadi islahatların həyata keçirilməsi prosesində çətin problemlərdən biri olacaqdır. Buna görə də problemin həllinə kömək edən bütün imkanlardan istifadə edilməlidir.
Bazar iqtisadiyyatının inkişaf etdiyi müasir mərhələdə əməyə münasibət köklü dəyişiliklərə məruz qalmalıdır. Bu sahədə həmkarlar ittifaqları xüsusilə fərqlənməli, əməyin təşkili, mühafizəsi, iş rejimi, işçilərin istismarının yolverilməzliyi, istirahət, əmək haqqı və ümumiyyətlə bütün sosial müdafiə məsələlərinin həllində aktiv iştirak etməlidirlər. Həmkarlar ittifaqı müəssisə və təşkilatın rəhbərliyinin bir şöbəsinə çevrilməməli, klassik bazar ölkələrinədə mövcud tələblərə standartlara uyğun sosial müdafiəni təşkil etməlidirlər.
Hazırda iş yerlərinin təşkili, müasir texnika və texnologiya ilə təchizatında dövlət strukturları ilə kommersiya təşkilatları arasında kəskin fərqlər müşahidə olunmaqdadır. Əsasən dövlət təşkilatlarından qidalanan maliyyə mənbəyinin əsasını dövlətin inhisarında olan təşkilatlarından əldə edən firma və şirkətlərdə iş yerləri əksərən müasir tələblər səviyyəsində təşkil edilmiş, texniki nailiyyətlərindən geniş istifadə edilmiş, iş prosesi müasir avadanlıq, rabitə, çap texnologiyası və kompüterlərlə, xüsusən də, neftqazçıxarma kompleksində iş yerləri 60-70-ci illərdəki vəziyyəti xatırladır. Belə müəssisələrə struktur bölmələrin funksiyalarını əks etdirən əsasnamələrin, işçilərin vəzifə təlimatlarının tərtibatının aşağı səviyyəliliyi və bəzən də tamamilə olmaması xarakterikdir. Çox müəsisələrdə əməyin mühafizəsi, tibb xidməti, fəhlələrin sığortalanması simvolik xarakter daşıyır. Xarici kapitalın hökmran olduğu müəssisələrdə isə müvafiq sahədə müəyyən üstünlüklər olsa da, qərb ölkələrindəki vəziyyətlə müqayisədə yenə də aşağı səviyyədədir.
Elmi-texniki tərəqqinin yüksək inkişaf etdiyi bir mərhələdə əmək məsələsinə xüsusi diqqət yetirilməlidir. İşçilərin təhsil və ixtisas attestasiyalarının keçirilməsinə diqqət artırılmalıdır. İerarxiya pilləsində yüksəliş proteksionizmə deyil, professionallığa söykənməlidir.
Yeni iqtisadi münasibətlərə uyğun idarəetmə strukturlarının yaradılması, əməyin səmərəli, elmi təşkili respublika iqtisadiyyatının dirçəlməsi üçün mühüm şərtlərdən biridir. Buna görə də yanacaq sənayesində iqtisadi islahatların aparılması dərinləşdikcə, əməyin səmərəli təşkilinə, sosial müdafiə məsələlərinə münasibət köklü dəyişikliklərlə müşayiət olunmalıdır.
[1] Журнал «Нефть России» №1 1998 год. «Кому, за что и почему»
14.Problems of the organization of work during historical development of a fuel industry of Azerbaijan. «The Basic tendencies of social and economic development in the present stage of Azerbaijan». Institute of Economy National Аcademy of Sciences of Azerbaijan/the collection of clauses/. I volume.Baku: Science. 1999. 0,6 p.sh.