gototop gototop

Dictionary

BMT-nin SƏNAYE İNKİŞAFI TƏŞKİLATI, UNIDO

(ingiliscə - United Nations Industrial Development Organization, UNIDO - Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı) - inkişaf etməkdə olan ölkələrdə sənayeləşmənin sürətlənməsinə, sənayenin inkişafına və müvafiq sahədə yeni beynəlxalq iqtisadi qaydaların yaradılmasına kömək edən BMT-nin ixtisaslaşmış təşkilatı. 1966-cı ildə təsis edilmiş, 1985-ci ildə BMT-nin ixtisaslaşmış təsisatı statusunu almışdır. 171 dövlət təşkilatın üzvüdür. UNIDO-nun məqsədlərinə BMT sistemində sənaye əməkdaşlığı sahəsində koordinasiya rolunun həyata keçirilməsi, üzv ölkələrin sənaye inkişafına və əməkdaşlığına yardım, inkişaf etməkdə olan ölkələrə və keçid iqtisadiyyatlı ölkələrə sənayenin restrukturizasiyasında və özəlləşdirilməsində kömək göstərilməsi kimi missiyalar aiddir. UNIDO-nun maliyyə resursları mənbələri üzvlük haqları, BMT sisteminin başqa beynəlxalq təşkilatlarının yardım layihələrinin icrası üçün komissiya haqları və donor ölkələrin əlavə könüllü ödəmələridir. Təşkilatın mərkəzi təsisatları Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir.