gototop gototop

Dictionary

AZƏRBAYCANIN MAGİSTRAL QAZ BORU KƏMƏRLƏRİ

ingilscə - Major gas pipelines of Azerbaijan - Azərbaycanın magistral qaz boru kəmərləri) Azərbaycanda hasil edilən yanar qazları çıxarılan yerdən işlədici (paylayıcı) məntəqələrə və habelə regionda yerləşən ölkələrin enerji bazarlarına nəqlini təmin edən magistral boru kəmərləri və köməkçi qurğular kompleksi: Hacıqabul-Astara, Hacıqabul-Qazax, Hacıqabul-Şirvanovka, Bakı-Tbilisi (Gürcüstan)-Ərzurum (Türkiyə). “Şahdəniz”, Azəri-Çıraq Günəşli Əməliyyat Şirkətləri və SOCAR-a məxsus yataqlardan hasil olunan qazın qəbulu, nəqli, daxili və xarici bazarlara satışı əsasən Magistral Qaz Kəmərləri vasitəsi ilə təmin edilir (Şahdəniz qaz-kondensat yatağından hasil edilən qazın Gürcüstana və Türkiyəyə nəqli Cənubi Qafqaz Boru Kəmər ilə) Ölkə sərhədlərindən kənara qazın nəqli Qərb, Şimal və Cənubdan olmaqla 3 istiqamətdən həyata keçirilir. Hər 3 istiqamətdəki magistral kəmərlər Hacıqabul rayonu ərazisindəki eyni məntəqədən başlanğıc alır. Şimal istiqaməti ilə Azərbaycan və Rusiya Federasiyasından təbii qazın idxalı və ixracı təmin olunur. Bu istiqamətdə qazın nəqli “Hacıqabul-Şirvanovka” magistral qaz kəməri vasitəsi ilə həyata keçirilir (Hacıqabul-Şirvanovka-Mozdok Qaz Boru Kəmərinin Azərbaycan hissəsi). 1983-ci ildə istismara verilib. Uzunluğu 224 km, boru diametri 1220 mm, layihə gücü illik 27 mln.m3/gün. Xızı rayonu ərazisindən 1988-ci ildə istismara verilmiş (uzunluğu 75,7 km, boru diametri 1220 mm, layihə gücü illik 23 mln.m3/gün) “AltıAğac-Ağsu” və 2019-cu ildə istismara verilmiş “Ağdərə (Xızı) - Sumqayıt” (uzunluğu 60,4 km, boru diametri 1020 mm, layihə gücü illik 10 mln.m3/gün) magistral qaz kəmərləri olan qollara malikdir. Qərb istiqaməti ilə Gürcüstana təbii qazın və ixracı təmin olunur. Bu istiqamətdə qazın nəqli “Hacıqabul-Qazax” magistral qaz kəməri vasitəsi ilə həyata keçirilir (Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəmərinin Azərbaycan hissəsi). 1978-ci ildə istismara verilib, uzunluğu 378,4 km, boru diametri 1220/1020 mm, layihə gücü illik 24 mln.m3/gün. Cənub istiqaməti ilə Azərbaycan və İran İslam Respublikası ilə təbii qazın idxalı və ixracı təmin olunur. Həmçinin svop əməliyyatları ilə Naxçıvan Müxtar Respublikasına qaz nəql edir (2004-cü ildə Naxçıvan MR-nin qaza olan tələbatını təmin etmək məqsədilə İran Milli Qaz İxracı Şirkəti ilə müddəti 20 il olmaqla 2025-ci ilə qədər “Təbii qazın mübadiləsi müqaviləsi” - swap imzalanmışdır. Şərtlərinə uyğun olaraq, illik təqribən 402 mln.m³ Azərbaycan mənşəli təbii qaz İran İslam Respublikasına təchiz olunur ki, bunun da 350 mln.m³ həcmi sonradan Culfa rayonunda Naxçıvan MR-yə çatdırılır. Bu məqsədlə təchiz olunan təbii qazın tam həcminin dəyəri ödənişsiz və maliyyə əməliyyatları olmadan beynəlxalq “swap” şərtləri əsasında həyata keçirilir). Bu istiqamətdə qazın nəqli “Hacıqabul-Astara (Azərbaycan)” magistral qaz kəməri vasitəsi ilə həyata keçirilir. 1970-ci ildə istismara verilib. Uzunluğu 210 km, boru diametri 1220/1020 mm, layihə gücü illik 10 mln.m3/gün. Astara rayonu ərazisində, İran-Azərbaycan sərhədi yaxınlığında kəmərin üzərində 2005-ci ildə istismara verilmiş, çıxış təzyiqi 55 atmosfer qədər olan qazturbinli və 2010-cu ildə istismara verilmiş çıxış təzyiqi 76 atmosferə qədər olan qazmühərrikli 2 kompressor stansiyası fəaliyyət göstərir.