Archive
Dictionary
(ingiliscə - Shah Deniz - Şahdəniz) Azərbaycan Respublikasına məxsus, Xəzər dənizinin şelfində Bakı şəhərindən 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi hissədə yerləşən iri qaz-kondensat yatağı. “Şahdəniz”in ehtiyatları 1,2 trilyon m3 qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir və təbii resus potensialına görə dünyanın dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kondensat yataqlarından biri hesab edilir. Yatağın kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu Xəzər dənizi üçün rekord - 7300 metrdən çox dərinliyə çatmışdır. “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi 17 oktyabr 1996-cı il tarixində ratifikasiya olunmuşdur və müvafiq pay bölgüsündə onun tərəfdaşları - BP operator (28,8%), TPAO (19%), SOCAR (16,7%), Statoyl (15,5%), LUKOyl (10%), NICO (10%) şirkətlədir. Yatağın potensialı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və böyük həcmdə ixraca imkan verir. İstismarda olan “Şahdəniz-1” mərhələsinin hasilat gücü ildə 9 milyard m3 təbii qaz təşkil edir. “Şahdəniz-2” və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. “Faza-2” çərçivəsində onun illik hasilatının minimum 16 milyard m3-ə yüksəldilməsi nəzərdə tutulur. Layihə üzrə hasil ediləcək qaz Yunanıstan, İtaliya və Cənub-şərqi Avropaya Transadriatik Boru Kəməri - TAP vasitəsi ilə çatdırılacaq və o, Avropa bazarlarının qaz təchizatını və qitənin enerji təhlükəsizliyini artıracaqdır.