gototop gototop

Dictionary

PETKİM

 (ingiliscə - Petkim Petrokimya Holding A.S - Petkim Neft-kimya Holdinq A.S) Türkiyədə neft-kimya məhsulları - aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi istehsal edən şirkət. 15 zavod və 6 köməkçi infrastruktura və illik 3,6 milyon ton istehsal gücünə malikdir. Türkiyənin neft-kimya sektorunun yeganə istehsalçısı “Petkim” 1965-ci ildə təsis edilmişdir, 2008-ci ildən SOCAR-ın idarəçiliyindədir. Səhmlər paketinin 61,32%-i SOCAR-in törəmə müəssisəsi olan “Socar Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG”-yə və qalan 38,68-i İstanbul Fond birjasında sərbəst döriyyədədir. Müasir zamanda “Petkim” Azərbaycanın Türkiyədəki ən böyük aktivi kimi çıxış edir və bu qurum ölkənin neft-kimya məhsulları bazarında 30%-ə yaxın paya malikdir. SOCAR qarşıdakı illərdə həyata keçirəcəyi layihələr və qoyacağı investisiyalar hesabına həmin göstəricinin 40%-dən yuxarı qaldırılmasını nəzərdə tutur. Bunun üçün neft emalı, neft kimyası, enerji və logistika sahələrinin inkişaf perspektivlərini əhatə edən inteqrativ “Value-site 2023” layihəsi tətbiq olunur. Layihəyə artıq istismara verilmiş, illik gücü 10 milyon ton təşkil edən Star Neft Emalı Zavodunu, Egey bölgəsində ən böyük yük limanı olacaq (1,5 milyon TEU həcmində konteyner terminalı) Petkim Konteyner Limanının tikintisini və 51 MVt gücündə Külək Enerji Stansiyasının qurulmasını əhatə edir. 2023-cü ildən sonra “Petkim” yalnız Türkiyənin deyil, bütövlükdə regionun ən böyük neft-kimya, logistika və liman mərkəzinə çevriləcəkdir.